Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-893/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “maddi və mənəvi ziyanının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9748/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlillik dərəcəsinin təyin edilməsi”nə dair iddiası rədd edilmişdir. Qərarda müəyyən edilən hallardan görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək “əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona İİ dərəcə əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının sağlamlıq vəziyyətinin obyektivliyinin hərtərəfli qiymətləndirilməsi məqsədilə cavabdeh tərəfindən əyani müayinə olunaraq əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi məqsədilə cavabdehə məhkəmə tərəfindən müddət təyin edilmiş və məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq iddiaçının əlillik vəziyyəti əyani müayinə olunmaqla yenidən qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə (xx.xx.2024-cü ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə, yəni iddiaçıya üçüncü dərəcəli əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1812/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun fevral 2023-cü ildən noyabr 2023-cü ilədək pensiya almamasına və həmin müddət üçün ona maddi və mənəvi ziyan vurulduğuna istinad edərək bu barədə xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, lakin onun tələbi cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək təmin olunmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən maddi və mənəvi təzminat olaraq vurulmuş 10.000 (on min) manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-xx.xx.2023-cü illər müddətində İİ qrup üzrə əlillik dərəcəsi ilə pensiya almışdır. 23 mart 2023-cü il tarixdə əlillik müddətinin uzadılması üçün xəstəlik sənədlərini cavabdehə göndərmiş, sonuncu tərəfindən imtina edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixdə əyani müayinə keçməsi barədə qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İİİ qrup əlillik dərəcəsinin müddəti uzadılmışdır. xx.xx.2023-cü il tarixdə müayinə sənədlərinin ona təqdim edilməsi üçün cavabdehə müraciəti cavablandırılmamışdır. xx.xx.2023-cü ildə cavabdehə müraciət edərək, almalı olduğu pensiyanı vaxtında ala bilmədiyi üçün keçən 9 ay ərzində gündəlik dərmanlarını almaq və digər ehtiyaclarını qarşılamaq üçün şəxsi adamlardan borc aldığını, bankdan kredit götürdüyünü və sairəni əsas gətirərək, sarsıntılar yaşadığını və ona 10.000 manat maddi və mənəvi təzminatın ödənilməsini xahiş etmiş, lakin müraciətinə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9748/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “cavabdeh tərəfindən ona maddi və mənəvi zərər olaraq vurulmuş 10.000 (on min) manat pulun ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1100-cü maddəsində deyilir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin faktiki hallarına görə, iddiaçıya xx.xx.2018-ci ildə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti fevral 2023-cü ildə bitdikdən sonra onun mart 2023-cü ildə “ikinci dərəcə əlilliyin yenidən təyin edilməsi” ilə bağlı müraciətinə münasibətdə imtina verilmiş, bu imtinadan narazı qalan iddiaçının müraciəti ilə bağlı məhkəmə araşdırması aparılmış və bunun nəticəsi olaraq iddiaçının tələbi təmin edildiyindən ona cavabdeh qurumun xx.xx.2023-cü il tarixli qərarı ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2024-cü ilədək) orqanizmin funksiyalarının 50% pozulması (İİİ dərəcə əlillik) barədə qərar qəbul edilmişdir. Lakin iddiaçı həmin qərarla razılaşmadığı üçün onu məhkəmə qaydasında mübahisələndirmiş, iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə rədd edilmiş və həmin qərar apellyasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı 2023-cü ilin fevral ayından, yəni əlillik müddəti bitdikdən sonra ona cavabdeh tərəfindən yenidən əlillik təyin edilməsindən imtina edildiyi- 2023-cü ilin oktyabr ayına kimi əlilliyə görə pensiya almadığından və bu müddət ərzində ayrı-ayrı şəxslərdən borc aldığı, bu hala görə gərginlik və sarsıntı keçirdiyi, eləcə də qeyd olunan dövr ərzində 1532,82 manat dəyərində kredit borcu yarandığına, kommunal xidmətdən istifadəyə görə 404,14 manat məbləğində borc məbləğinin yığılmasına istinad edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin xeyrinə tutulmasını istəyir. Aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2018-ci ildə 5 il müddətinə təyin edilən əlilliyin müddəti bitdikdən- 2023-cü ilin fevral ayından sonra ona yeni (İİİ dərəcə) əlilliyin təyin edildiyi xx.xx.2023-cü il tarixədək pensiya almamasının səbəbləri cavabdeh qurumun təqsirliliyi ilə bağlı olmamışdır. Belə ki, xx.xx.2018-ci ildə 5 il müddətinə təyin edilmiş müvafiq əlilliyin müddəti başa çatdıqdan sonra iddiaçının yeni müraciəti əsasında cavabdeh qurum inzibati icraat aparmış və bu icraatın yekunu olaraq mart 2023-cü il tarixdə “imtina” vermişdir ki, iddiaçı da həmin imtinanı mübahisələndirmiş və məhkəmə qərarının icrası ilə bağlı ona xx.xx.2023-cü il tarixli qərarla İİİ dərəcə əlillik 1 il müddətinə, yəni (xx.xx.2024-cü il tarixədək) təyin edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçının pozulmuş hüquqları bərpa edilərək, əlilliyinin müddəti fevral 2023-cü ildən 1 il müddətinə- xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir ki, bununla da həmin dövr üzrə əlilliyə görə pensiyasını sonradan almışdır. Bu fakt məhkəmə icraatı dövründə iddiaçının özü tərəfindən də təsdiq olunmuşdur. Kollegiya onu da nəzərə alır ki, iddiaçının fevral 2023-cü ildən noyabr 2023-cü ilədək pensiyanı almamasının səbəbi həmin dövrdə həm inzibati icraat, həm də məhkəmə icraatının davam etməsi ilə bağlı olmuşdur ki, buna görə də təqsirlilik məsələsi cavabdeh qurumun üzərinə qoyula bilməz. Belə ki, istər “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə, istərsə də İnzibati Prosessual Məcəllənin müddəalarına görə inzibati icraat və məhkəmə icraatı qanunla tənzimlənir və hər iki icraatın aparılması “həqiqətə nail olmaq” prinsipinə də xidmət etdiyindən pozulmuş hüquqların bərpası məhz məhkəmənin yekun qərarı ilə qiymətləndirildiyindən, ötən dövr üzrə (fevral 2023- noyabr 2023) iddiaçının əlilliyi hələ müəyyən edilmədiyindən onun pensiya almamasına görə məsuliyyət cavabdeh qurumun üzərinə qoyula bilməz. Bu məsələdə əlilliyə görə pensiyanın məhz fevral 2023-cü ildən noyabr 2023-cü ilədək olan dövrdə alınmaması səbəbinin cavabdeh qurumun qanunsuz hərəkətləri ilə bağlı olduğu sübuta yetirilmir. Buna görə də iddiaçının istinad etdiyi, lakin təsdiqini tapmayancavabdehin qanunsuz hərəkətləri mövcud olmadığından, buna görə iddiaçının ona vurulmuş maddi və mənəvi ziyana görə 10000 manat pul vəsaiti tələb etməsi qanunsuz və əsassızdır, odur ki, həmin tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9748/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9748/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-893/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-893/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver