Məhkəmə qərarları › İş №2-1(103)-894/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-894/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-894/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı (26.09.1953-cü il tarixində Ermənistanın Spitak rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 3likası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)- 6875/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 02.10.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evinə X2 adına tərtib edilmiş 17.08.2017-ci il tarixli **********96-10302 reyestr nömrəli texniki pasportun və qeydiyyat nömrəsi ********** olan, 18.08.2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 48 saylı fərdi yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir və şəxsi mülkiyyətindədir. X2 yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evi evinin onun mülkiyyətində olan fərdi yaşayış evinə tərəf olan hissəsində, evinin 1 və 2-ci mərtəbəsinə, məhəllə daxili yola tərəf hissəsində pəncərə olmamışdır və 25 il ərzində həmin vəziyyətdə yaşamışdır. Bu fərdi yaşayış evlərinin arasından 1,5 metr enində ümumi məhəllə daxili yol keçir. Ona məxsus fərdi yaşayış evinin həmin məhəllə daxili yola 1 və 2-ci mərtəbələrdə pəncərələr mövcuddur. Həmin fərdi yaşayış evinin əvvəlki texniki pasportunda hal-hazırda açılmış pəncərə yeri və pəncərə olmamışdır. Üçüncü şəxs 2016-cı ildə Binəqədi rayon İcra hakimiyyətinin şifahi razılığı ilə evi sökərək yenidən tikmişdir və həmin vaxt ona məxsus fərdi yaşayış evində yerləşən pəncərə ilə üzbəüz hissədə pəncərə yeri açmışdır və pəncərə quraşdırmışdır. Həmin vaxt o, bu barədə Binəqədi rayon İcra hakimiyyətinə müraciət etmiş, M.Ə.Rəsulzadə qəsəbə nümayəndəliyinin əməkdaşları baxış keçirmiş, pəncərə yeri bağlatdırılmışdır. X3 məxsus M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evinə dair texniki pasportu 17.08.2017-ci il tarixdə işlənib hazırlanmışdır, texniki pasport hazırlanarkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, şəhərsalma və tikinti qaydalarına riayət edilməmişdir. Belə ki, fərdi yaşayış evinin əvvəlki texniki göstəricilərində ona məxsus hissəsində pəncərə nəzərdə tutulmadığı halda pəncərə qəfəsi göstərilmişdir, fərdi yaşayış evi arasındakı məsafə, pəncərənin bir mülkiyyətçi kimi ona maneçilik törətməsi, hüquqlarını pozacağı və digər hallar nəzərə alınmamışdır. Halbuki texniki pasport hazırlanarkən bu amillər nəzərə alınmalı idi. X1 verilmiş ******* nömrəli, 394 nömrəli reyestr kitabının 36908 nömrəli vərəqində qeydiyyata alınmış 18.08.2017-ci il tarixli çıxarış da qanunvericiliyin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, bu çıxarışın verilməsi üçün əsaslar, sərəncam, order və yaxud digər hüquqmüəyyənedici sənəd olmadığı halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır, həmçinin texniki göstəricilər qanunsuz olaraq tərtib edildiyindən bu çıxarış da özlüyündə qanuni qüvvəsini itirmiş olur. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-6875/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evinə dair üçüncü şəxs X2 adına tərtib edilmiş 17.08.2017-ci il tarixli **********96-10302 reyestr nömrəli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-6875/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evinə dair üçüncü şəxs X2 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 18.08.2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində təmin edilməmişdir. 08.01.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-6875/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-6875/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı 18546928 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 26.09.1953-cü ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 03.01.2000-ci il tarixli 3 saylı sərəncamından müəyyən edilir ki, qeyd olunan sərəncamla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən şəxsi mülkiyyət kimi vətəndaş İddiaçı məxsus 48 saylı fərdi yaşayış evinin həyətində sonradan əlavə inşa edilmiş, sahəsi 54,6 kv. metr olan 4 yaşayış otağından, sahəsi 51,3 kv. metr olan zaldan, sahəsi 13,2 kv. metr olan mətbəxdən, sahəsi 10,4 kv. metr olan giriş otağından və sahəsi 5,7 kv. metr olan hamam–ayaqyolundan ibarət yaşayış evinin qanuniləşdirilməsi qərara alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 018410 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində, 2 otaqdan ibarət, yaşayış sahəsi 32,7 kv. metr, ümumi sahəsi 41,9 kv. metr olan 54 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 25.02.2003-cü il tarixdə X2 adına qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində 47,6 kv. metr ümumi sahəsi olan 54 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X2 adına 18.08.2017-ci il tarixdə qeydə alınmış və 17.08.2017-ci il tarixdə sonuncunun adına əmlakın **********96-10302 reyestr nömrəli texniki pasportu tərtib olunmuşdur. - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(001)- 5412/2019 №li qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsi 54 saylı fərdi yaşayış evində ona aid evn 1-ci mərtəbəsindəki məhəllə daxili yola tərəfdə inşa edilmiş pəncərənin sökülməsinə və pəncərə yerinin mişar daşı ilə cavabdehin hesabına hörülməsinə dair iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2516/2020 №li 11.03.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(001)- 5412/2019 №li qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Həmin iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18.11.2019-cu il tarixli 17968 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspert belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 54 saylı evin İddiaçı tərəfindən mübahisələndirilən pəncərəsi Mövlud Talıbovun mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport üzrə nəzərdə tutularaq sahəsi 17,6 kv. m olan 3 saylı yaşayış otağının pəncərəsi olduğu müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 54 saylı evin İddiaçı tərəfindən mübahisələndirilən pəncərəsi cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport üzrə nəzərdə tutulduğuna görə, həmin pəncərənin iddiaçının mülkiyyətində olan evdən istifadə edilməsində maneə yaradıbyaratmaması məsələsi son nəticədə məhkəmə tərəfindən həll oluna bilər. “İnşaat Norma və Qaydalarının” 2.08.01.89*-un 1.3* bəndinin tələbinə əsasən, ictimai təyinatlı otaqlar, dəhliz tipli yaşayış binalarında, yataqxanalarda, yaşayış evlərində, həmçinin qocalar üçün, əlil olan ailələrin yaşayış otaqları, mətbəx, ayaqyolu, pilləkən qəfəsi, ümumi dəhlizləri təbii işıqla işıqlanmalıdır. Odur ki, mübahisəli pəncərə bağlanılacağı təqdirdə, M.Ə.Talıbovun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsi 54 saylı evdən istifadə edilməsində məhdudiyyətlər yarana bilər. Mübahisəli pəncərənin yerləşdiyi yaşayış otağının digər yaşayış otağı (texniki pasport üzrə sahəsi 19,4 m2 olan 4 saylı yaşayış otağı) və evin köməkçi sahələri ilə əhatə olunduğunu, eyni zamanda həmin otağın mübahisəli pəncərənin yerləşdiyi divar ilə üzbəüz olan divarın qonşunun həyətyanı sahəsi ilə bitişik vəziyyətdə olduğunu nəzərə alaraq, mübahisəli pəncərənin yerinin dəyişməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov (Aydınbəyov) küçəsi, 54 saylı fərdi yaşayış evinə X2 adına tərtib edilmiş 17.08.2017-ci il tarixli **********96-10302 reyestr nömrəli texniki pasportun və qeydiyyat nömrəsi ********** olan, 18.08.2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(001)-5412/2019 №li qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsi 54 saylı fərdi yaşayış evində ona aid evn 1-ci mərtəbəsindəki məhəllə daxili yola tərəfdə inşa edilmiş pəncərənin sökülməsinə və pəncərə yerinin mişar daşı ilə cavabdehin hesabına hörülməsinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2516/2020 №li 11.03.2020-ci il tarixli qətnaməsi ilə göstərilən qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin hüquqları qeydiyyata alınarkən, iddiaçının hər hansı hüquqlarının pozulmasına səbəb olacaq hər hansı bir hərəkətə (və ya hərəkətsizliyə) yol verilməsi iş materialları ilə müəyyən edilməmiş və iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-6875/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-6875/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar