Məhkəmə qərarları › İş №2-1(103)-894/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-894/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-894/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1886/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə (VÖEN **********) 2021-ci il üzrə mənfəət vergisi olaraq 18.433,40 manat vergi hesablanmasına əsas olan kameral yoxlamanın nəticəsinə dair 28 iyun 2022-ci il tarixli **********679400 saylı qərarın ləğv edilməsi və qərara uyğun olaraq hesablanmış faiz və maliyyə sanksiyalarının əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ticarət ilə məşğul olan şirkətlərdən biridir. Şirkət müxtəlif vergi ödəyicilərindən mal alaraq satışı ilə məşğul olur. Cavabdeh tərəfindən 28 iyun 2022-ci il tarixli **********679400 saylı qərarla 2021-ci il üzrə mənfəət vergisi olaraq 18.433,40 manat vergi hesablanmışdır ki, bu məbləğin içərisində 11.925,28 manat əlavə hesablanmış məbləğ vardır. Bəyannamədə və hesabatda göstərilən məbləğdə düzəliş edilməsinin səbəbi olaraq cavabdeh 2021-ci il ərzində tərəflərindən bir sıra vergi ödəyiciləri ilə aparılmış 46.323,95 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış mallarının həcminin və çeşidinin onların vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərlə uzlaşmadığı və əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşma yaranmasına əsas göstərilmişdir. Cavabdeh apardığı araşdırma nəticəsində bəyannamənin xərclər hissəsində göstərilmiş 59.626,39 manat dəyərində uçot baza məlumatlarına əsasən təsdiqini tapmadığını bildirir. 29 iyun 2022-ci il tarixdə cavabdehə elektron kargüzarlıq vasitəsilə cavab müraciəti edərək 46.323,95 manatlıq əmtəəsiz kimi qeyd edilən əməliyyatla bağlı 2021-ci il üzrə mənfəət vergisi üzrə alınan mal-materiala görə sənədləri tələb etdikləri üçün əmtəəsiz mal adını qoyduqları malları aldıqları şirkətlərin adları, dövr və məbləğləri ayrı-ayrılıqda qeyd etmədikləri üçün bu siyahını istəmişdirlər ki, təsdiqedici sənədləri təqdim etsinlər. Həmin məktuba cavab olaraq cavabdeh yazılı bildirmişdir ki, AVİS qeydiyyat **********896200 nömrəli xx.xx.2022-ci il tarixli müraciətlərinə əlavə araşdırma aparıldığı üçün araşdırma müddəti uzadılmışdır. Nəticəsi barədə qanunla müəyyən edilmiş müddətdə cavab veriləcəkdir. Lakin həmin müraciətə cavab verilməmişdir. 04 iyul 2022-ci il tarixdə təkrar müraciət edərək 01 iyul 2022-ci il tarixdə bank hesabına heç bir əsas olmadan sərəncam qoyulmasını göstərməklə, məktublarına heç bir cavab verilmədiyi bildirilmişdir. Tərəflərindən şəxsi aparılan araşdırmalarla müəyyən edilmişdir ki, əməliyyat apardıqları müəssisələrdən - "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) vergi öhdəlikləri vardır və bu sənədləri də cavabdehə göndərərək qeyd etmişdirlər ki, onlar ödəmələri bank və köçürmə vasitəsilə aparmışdırlar, bütün zəruri sənədlər yerindədir və şirkətlərə köçürmə edən zaman riskli vergi ödəyicisi belə olmamışdırlar. Nəticədə, qeyd edilən inzibati aktın nəticəsində hazırda hesablarında olan pullar silinir, cavabdeh hesablama üçün əsas olan əməliyyatlar barədə məlumat vermir, araşdırmada iştirakları mümkün olmur və sübutetməyə şərait yaradılmır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 46.323,95 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanınında uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Aparılan araşdırma zamanı bəyannamənin xərclər hissəsində göstərilmiş 59.626,39 manat dəyərində xərcin uçot-baza məlumatlarına əsasən təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC-nin təqdim etdiyi 2021-ci il mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsinin 221.3-cü sətrində xammal və material xərcləri 232.645,77 manat göstərilsə də, vergi orqanının əldə etdiyi uçot-baza məlumatlarına və vergi ödəyicisinin əldə etdiyi elektronqaimə fakturalara əsasən xammal və material xərclərinin 173.019,18 manat olduğu müəyyən edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********472500 nömrəli və xx.xx.2022-ci il tarixli **********975000 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, dəqiqləşdirilmiş bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il mənfəət vergisi bəyannaməsi üçün Cəmiyyətə 11.925,28 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********679400 nömrəli "Vergilərin, sosial sığorta ve işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı MMC "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində elektron-qaimə faktura əsasında 13.632,80 manat, "xxxx" MMC-dən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 32.691,15 manat məbləğində, "xxxx" MMC-dən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 20.927,9 manat deyərində mal (iş, xidmət) almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********079800 saylı, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********048100 saylı, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********169000 saylı qərarlar qəbul edilmişdir. “AZTEXNİK AS" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********079800 saylı qərarda "xxxx" MMC tərəfindən xx.xx.2020- xx.xx.2021-ci il tarixlərində, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********048100 saylı qərarda “ASVA-AZ2020" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********169000 saylı qərarda "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində təqdim edilmiş elektron qaimə fakturalarda qeyd olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edildiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilənlərə nəzər salındıqda müəyyən olunur ki, riskli hesab edilən vergi ödəyiciləri riskli əməliyyat apardığı tarix aralıqlarında "xxxx" MMC-yə də mal (iş, xidmət) təqdim etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli məktublarla vergi orqanına müraciət edilmiş, 46323,95 manat məbləğində əmtəəsiz əməliyyat kimi qeyd edilən əməliyyatlarla bağlı məlumatların (mal alınan şirkətilərin adları, dövr və məbləğləri barədə) vergi ödəyicisinə göndərilməsi tələb edilmiş, lakin vergi orqanı tərəfindən müvafiq müraciətlər cavablandırılmamışdır. Müəssisə tərəfindən aparılan araşdırmalara əsasən əməliyyat aparılan müəssisələrin "xxxx" MMC və "xxxx" MMC olması müəyyən edilmişdir. Bu dəlilə münasibətdə bildirilir ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli məktub xx.xx.2022-ci il tarixli, **********162900 nömrəli, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublar isə xx.xx.2022-ci il tarixli **********761500 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, müvafiq məktubun qoşmasında riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş e-qaimə fakturalar barədə məlumatlar vergi ödəyicisinə təqdim edilmişdir (qoşma əlavə edilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən "xxxx" MMC-nin iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********679400 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1886/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********679400 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1886/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Halbuki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********679400 nömrəli qərar xx.xx.2022, 17:42:40-da vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilən qərar xx.xx.2022, 9:37:13-də oxunmuşdur. Lakin vergi ödəyicisi yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müvafiq qərarın ləğv edilməsi tələbi ilə müraciət etmiş, iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.” Məhkəmənin Vergi Məcəlləsinin 3.8-ci maddəsinə istinad etməsi anlaşılan deyil. Belə ki, mübahisələndirilən qərarla vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilən vergi qanunvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmiş, mahiyyətinə və məzmununa görə Vergi Məcəlləsinin tələblərinə uyğun qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin qeyd olunan müddəası ümumiyyətlə vergi orqanlarına və onların apardıqları yoxlamalara tətbiq edilmir. Həmin müddəa Vergi Məcəlləsini, eləcə də bu Məcəlləyə əlavə və dəyişiklikləri qəbul edən qanunverici orqana şamil olunur və qanunvericilik prosesində riayət olunması məcburi olan norma-prinsipdir. Göründüyü kimi məhkəmə tərəfindən qərar qəbul edilərkən yanlış maddi hüquq norması tətbiq edilmişdir. Məhkəmə qərarında qeyd olunur: “Vergi Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.” Kameral vergi yoxlamasının nəticəsi ilə bağlı vergi ödəyicisi üçün öhdəlik müəyyən edən inzibati akt (qərar) qəbul edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qaninvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir. Vergi orqanının qəbul etdiyi inzibati akt (qərar) ilə vergi ödəyicisinin təqsirliliyini müəyyən edir ki, bu da təqsirsizlik prezumpsiyasının mütləq hüquq olmadığı təsdiqini tapır. Avropa Məhkəməsi qəbul etdiyi qərarındakı hüquqi mövqeyə əsasən təsdiq edir ki, fakt və hüquq prezumpsiyası baxımından iddiaçının vergidən yayınma halı birmənalı şəkildə təsdiqini tapır. (Yanoseviç İsveçə qarşı, §100, obyektiv əsaslarla əlavə vergilərin təyin edilməsi və məhkəmə qərarından əvvəl icrası ilə əlaqədar). Məhkəmə qərarında qeyd olunur: “iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "ASVA-AZ2020 MMC, "xxxx" MMC, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır”. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği gəlirdən çıxılan xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının əməliyyat apardığı "ASVA-AZ2020 MMC, "xxxx" MMC, "xxxx" MMC-dən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlamaq kimi vəzifələri səlahiyyətləri mövcud deyil. Həmçinin, iddiaçının əməliyyat apardığı MMC-lərdən ona təqdim olunan malı idxal zamanı və ya eqaimə üzrə alışında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatını şübhə altına almamalı və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmamalıdır. Məhkəmənin qeyd olunan dəlili formal olmaqla yanaşı yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicilərinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Məhkəmə qərarının “iddiaçının riskli vergi ödəyicisi hesab edilən "ASVA AZ2020 MMC, "xxxx" MMC, "xxxx" MMC-dən aldığı malları digər ödəyicilərə təqdim etməsi, cavabdehin isə həmin malların digər müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməməsi barədə” dəlilinə münasibətdə bildirilir ki, məhz adları qeyd olunan vergi ödəyicilərinin iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bundan əlavə bildirilir ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri iddianın mümkün olmaması ilə bağlıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.15-ci maddəsinə görə informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur. İş materiallarında olan mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bundan başqa, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15). Həmin Qanunun 27-ci maddəsinə əsasən alan aşağıdakı hallarda elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.), elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın iddiaçının elektron kabinetinə göndərməklə həmin qərarın xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmasını iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanılması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh orqanın mövqeyinə görə İddiaçı MMC-nin təqdim etdiyi 2021-ci il mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsinin 221.3-cü sətrində xammal və material xərcləri 232.645,77 manat göstərilsə də, uçot-baza məlumatlarına və vergi ödəyicisinin əldə etdiyi elektron-qaimə fakturalara əsasən xammal və material xərclərinin 173.019,18 manat olduğu, bəyannamənin xərclər hissəsində göstərilmiş 59.626,39 manat dəyərində xərcin uçot-baza məlumatlarına əsasən təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində elektron-qaimə faktura əsasında 13632,80 manat, "xxxx" MMC-dən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 32691,15 manat məbləğində, "xxxx" MMC-dən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 20927,9 manat dəyərində mal (iş, xidmət) almış, lakin həmin qaimə-fakturalarda qeyd olunan malların həmin MMC-lərin elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən əldə etdikləri müəyyən edilməmişdir Başqa sözlə, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin əldə etdiyini təsdiq edən sənədlər olmadığından sonuncuların almadığı malları iddiaçıya satdıqları müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin MMC-lər ilə apardığı əməliyyat əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş və mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamış, nəticə etibarı ilə iddiaçıya 11925,28 manat olmaqla əlavə mənfəət vergisi hesablanmışdır. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********679400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2021-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 6.508,12 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 18.433,40 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 11.925,28 manat təşkil etmişdir. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********169000 nömrəli Qərarı ilə “DERBETON" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 95,6 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda "HDD- Saxlama üçün 6 Tb, C2000-HK ncn02- Təhlükəzlik həcimli elektronik ünvanlı detektor, HDD- Daxili server üçün 8 Tb, X3 Processor dualcore İ3, RAM 4GB, HDD-500, 220v/12v Accordtek+ daxili batareya 7000mlAmp və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaiməfaktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Nəticədə isə Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********079800 nömrəli Qərarı ilə “AZTEXNİK AS" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində cəmi 167,8 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda "kabel 4x4, Kondensasiya qurğusu WL 230 GUNT, Mişar daşı, SOYUDUCU, kübrə, Maye-maye ekstraksiya qurğ. CE 620 GUNT və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Nəticədə isə Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********048100 nömrəli Qərarı ilə “ASVA-AZ2020" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Təqdim edilən elektron qaimə-faktura məlumatlarına əsasən tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 111.964 manat dəyərdə "üz tanıma terminalı, detektor, skoç, zəncir, taxta, dəftərxana malları, streç" təqdim edilməsinə baxmayaraq, cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, vergi ödəyicisinin qeydiyyatda olan aktiv təsərrüfat subyekti müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci, 2.1.3-cü və 2.1.7-ci yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Nəticədə isə Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti əhatə edir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən (13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir). Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilə bilməsi üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: (bənd) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. (bənd) 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İş materiallarına əlavə edilmiş iddiaçının riskli vergi ödəyiciləri ilə apardığı riskli eqaimələri aşağıdakılardan ibarət olmuşdur: -"xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli, EBAW 115799, xx.xx.2021-ci il tarixli, EBAX 343567, xx.xx.2021-ci il tarixli, EBAW 859275, xx.xx.2021-ci il tarixli, EBAX 346924 -"xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli, EBBJ 305008 , xx.xx.2021-ci il tarixli, EBBK 773708 , xx.xx.2021-ci il tarixli, EBBL 39962, xx.xx.2021-ci il tarixli, EBBH 800871, xx.xx.2021-ci il tarixli, EBBJ 539130, xx.xx.2021-ci il tarixli, EBBK 88910, xx.xx.2021-ci il tarixli, EBBK 270566, xx.xx.2021-ci il tarixli, EBBK 621692, xx.xx.2021- ci il tarixli, EBBK 261129 -"xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli EBBN 440448, EBBN 442667, xx.xx.2021-ci il tarixli EBBN 507526, xx.xx.2021-ci il tarixli EBBO 446645, 449609. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2021-ci il, "xxxx" xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********169000 saylı qərarlar ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaiməfakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "ASVA-AZ2020 MMC, "xxxx" MMC, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə-fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əməliyyat apardığı "ASVA-AZ2020 MMC, "xxxx" MMC, "xxxx" MMC-dən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlamaq kimi vəzifələri səlahiyyətləri mövcud deyil. Həmçinin, iddiaçının əməliyyat apardığı MMC-lərdən ona təqdim olunan malı idxal zamanı və ya eqaimə üzrə alışında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatını şübhə altına almamalı və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmamalıdır. İddiaçının əməliyyat apardığı müəssisənin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin bununla bağlı dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, Vergi orqanı iddiaçının "ASVA-AZ2020 MMC, "xxxx" MMC, "xxxx" MMC-dən aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməməsi aydın deyildir. Bununla yanaşı vergi orqanı iddiaçının əmtəəsiz əməliyyat apardığını sübut edəcəksə belə bu zaman mənfəət vergisini hesablama qaydası riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydaya uyğun olmamışdır. Belə ki, vergi orqanı "həmin müəssisələrlə apardığı əməliyyatlar üzrə 59 626,39 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablanmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********679400 saylı qərarın ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1886/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar