Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-895/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3369/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 28.04.1976-cı il tarixli hərbi biletin surətindən görünür ki, o, 28.04.1976-cı il tarixdən 23.04.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İT seriyalı ******* saylı 26.03.1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 18.05.1978-ci idən 06.05.1996-cı ilədək “xxxx” Firmasında 3-cü dərəcəli elektroqaynaqçı, 4-cü dərəcəli elektro-qaynaqçı, 5-ci dərəcəli elektro-qaynaqçı və 6-cı dərəcəli elektro-qaynaqçı, 01.07.1996-30.01.2002-ci il tarixədək Abşeron Quraşdırma İdarəsində (01.10.2001-ci il tarixdə Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək Energiquraşdırma KEM ATSC adlandırılmışdır) 6-cı dərəcəli elektro-qaynaqçı, 20.07.2002- 06.01.2007-ci il tarixədək, 06.01.2007-16.10.2007-ci il tarixədək “xxxx” Birgə Müəssisəsində qaynaq ustası, 24.10.2007-21.11.2008-ci il tarixədək, 05.01.2010- 23.08.2010-ci il tarixədək “xxxx” Birgə Müəssisəsində usta, 23.08.2010-25.04.2013-cü il tarixədək, 24.12.2013-13.06.2014-cü il tarixədək, 23.06.2014-09.06.2016-cı il tarixədək, 28.06.2016-12.03.2018-ci il tarixədək, 22.08.2019-cu il tarixdən hal-hazıradək “xxxx” Birgə Müəssisəsində qaynaq ustası vəzifəsində çalışır. “xxxx” ASC-nin 010/k №-li, 28.10.2019-cu il tarixli arayışından görünür ki, X6 04.08.1978-ci il tarixində “xxxx” quraşdırma idarəsində 3-cü dərəcəli əl ilə el.qaynaqçısı işinə qəbul edilmişdir (əmr 131 Ak 4.08.1978). 27.10.1980-cı il tarixində “xxxx” quraşdırma idarəsinin bazasında Abşeron quraşdırma idarəsi yaradılıb (əmr. 445. 27.10.1980) İxtisas artırma kurslarında müxtəlif illərdə ixtisas dərəcəsini artırıb. 21.06.1985-ci il 5-ci dərəcə el. qaynaqçısı (əmr. 180\k 21.06.1985). 05.01.1987-ci il 6-cı dərəcəli el.qaynaqçısı (əmr 5\k 12.01.1987). Azərbaycan Respublikası ƏM 37-ci bəndinə əsasən işdən azad edilmişdir. Öz ərizəsinə əsasən (əmr 23\k 06.05.1996). Əl ilə el.qaynaqçısı qapalı şəraitdə zərərli peşə sənətinə aid olduğu üçün İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Abşeron quraşdırma idarəsinin adı dəyişdirilərək xxxx ASC adlanmışdır (əmr 24/k 01.10.2001). 114034 saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçı ilk dəfə 176 saylı 05.12.2014-cü il tarixli qərarla yaşa görə pensiya təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında **********6 saylı 12.12.2019-cu il tarixli qərara əsasən İddiaçı 01.12.2019-cu ildən ömürlük 583.24 manat pensiya təyin edilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya 30.11.2019-cu il tarixədək 583.24 manat məbləğində yaşa görə əmək pensiyası ödənilmiş, əmək pensiyasının ödənişi 01.12.2019-cu il tarixdən dayandırılmışdır. İddiaçı 22.12.2014-cü il tarixdən 30.11.2019-cu il tarixədək cəmi 18041.19 manat məbləğində pensiya vəsaiti ödənilmişdir. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********0 saylı 06.02.2020-ci il tarixli məktubda qeyd olunmuşdu ki, ərizədə qeyd edilən məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə sorğu verilmiş, cavab olaraq pensiya işi İdarəyə göndərilmişdir. Pensiya işinə aid sənədlərdə onun həmin şöbə tərəfindən 22 iyun 2010-ci il tarixində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 li 6 ayini güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar ona 57 yaşdan əmək pensiyası təyin edilərək ödənilir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Ümumi peşələr” bölməsində (23) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş əmək kitabçasının surətində şəxsin 04.08.1978-06.05.1996-ci il tarixləri arasındakı dövr ərzində “Abşeron quraşdırma idarəsi”ndə elektrik qaynaqçısı peşesində işlədiyi qeyd olunmuşdur. Əmək fəaliyyəti ilə məşğul olduğu elektrik qaynaqçısı peşəsi yuxarıda qeyd olunan Siyahının 23-cü bölməsində göstərilən rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə aid deyil. Bu səbəbdən də ona 52 yaşdan əmək pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan, yəni 22.12.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1957-ci ildə anadan olmuş, hazırda 62 yaşı vardır. O, qapalı şəraitdə əl ilə elektrik qaynaqçısı kimi 25 ildən artıq müddətdə zərərli iş sahəsində işləmişdir. 22.12.2014-cü il tarixdən 57 yaşından yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin onun pensiyası düzgün hesablanmamışdır. Belə ki, 04.08.1978-ci il tarixdə “xxxx” quraşdırma idarəsində 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. 27.10.1980-cı il tarixdə “xxxx” quraşdırma idarəsinin bazasında Abşeron quraşdırma idarəsi yaradılmışdır. 2001-ci ildə Abşeron quraşdırma idarəsinin adı dəyişdirilərək xxxx ASC adlanmışdır. O, uzun müddət qapalı şəraitdə əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə 52 yaşından pensiya hüququ vardır. Onun işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda XXİİİ. Ümumi peşələr bölməsinin (********), Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları bəndinə aiddir (12100000-19905). xxxx ASC 28.10.2019-cu il tarixli arayışına əsasən işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi qapalı şəaritdə zərərli peşə sənətinə aid olduğu üçün onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə pensiya hüququna malikdir. O, bununla əlaqədar olaraq 52 yaşının tamam olan vaxtdan, həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və hesablanması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçıya 2014-cü il tarixdən 57 yaşdan Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensişa hüququna malikdirlər. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçının işləmiş olduğu peşə (elektrik qaynaqçı) ilə Nazirlər Kabinetinin Qərarındakı 1 nömrəli siyahıdakı peşə (12100000-19906 rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl qaynaq elektrik qaynaqçıları) peşəsinə aid deyildir. Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlanmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3369/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, iddiaçıya 22.12.2009-cu il tarixdən 52 yaşdan 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin 19.11.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının 52 yaşdan güzəştrli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Belə ki, iddianın təmin edilməyən hissəsi ilə bağlı iddiaçı apellyasiya şikayəti verməmişdir. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı “xxxx” quraşdırma idarəsində 18.05.1978-ci ildən 06.05.1996-cı ilə qədər elektro-qaynaqçı, 01.07.1996-30.01.2002-ci il tarixədək Abşeron Quraşdırma İdarəsində (01.10.2001-ci il tarixdə Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək Energiquraşdırma KEM ATSC adlandırılmışdır) elektroqaynaqçı, 20.07.2002-06.01.2007-ci il tarixədək “xxxx” Birgə Müəssisəsində qaynaq ustası işlədiyi peşələr nəzərə alınmaqla, 01.01.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən, güzəştli iş stajının isə 10 ildən artıq təşkil etməsinə əsaslanaraq ona 52 yaşdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”in 1 №-li Siyahısı üzrə pensiya təyin edilməsini tələb edir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun işlədiyi elektrik qaynaqçısı peşesinin yuxarıda qeyd olunan Siyahının 23-cü bölməsində göstərilən “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifələrinə aid olmadığına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə onun iddiasının qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən- iddianın təmin edildiyi hissədə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına və güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Qanunun tələbinə görə Qanunun 9.8-ci maddəsinin tətbiqi həmin Qanunun 9.1-ci maddəsinin tətbiqini istisna edir. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş yerindən arayışları təqdim etmişdir. Hazırki işdə iddiaçının iddiasının əsası kimi təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq əmək stajının olduğu müəyyən olunur və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Güzəştli iş stajı ilə bağlı qeyd olunur ki, “xxxx” ASC-nin 010/k №-li 28.10.2019-cu il tarixli arayışına əsasən X6 04.08.1978-ci il tarixində “xxxx” quraşdırma idarəsində 3-cü dərəcəli əl ilə el.qaynaqçısı işinə qəbul edilmişdir (əmr 131 Ak 4.08.1978). 27.10.1980-cı il tarixində “xxxx” quraşdırma idarəsinin bazasında Abşeron quraşdırma idarəsi yaradılıb (əmr. 445. 27.10.1980) İxtisas artırma kurslarında müxtəlif illərdə ixtisas dərəcəsini artırıb. 21.06.1985-ci il 5-ci dərəcə el. qaynaqçısı (əmr. 180\k 21.06.1985). 05.01.1987-ci il 6-cı dərəcəli el.qaynaqçısı (əmr 5\k 12.01.1987). Azərbaycan Respublikası ƏM 37-ci bəndinə əsasən işdən azad edilmişdir. Öz ərizəsinə əsasən (əmr 23\k 06.05.1996). Əl ilə el.qaynaqçısı qapalı şəraitdə zərərli peşə sənətinə aid olduğu üçün İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Abşeron quraşdırma idarəsinin adı dəyişdirilərək xxxx ASC adlanmışdır (əmr 24/k 01.10.2001). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bu məqsədlə apellyasiya baxışı zamanı İddiaçı Nəsim oğlunun “xxxx” quraşdırma idarəsində 18.05.1978-ci ildən 26.06.1980-ci ilə qədər işlədiyi 3-cü dərəcəli əl ilə elektroqaynaqçı, 26.06.1980-ci ildən 21.06.1985-ci ilə qədər işlədiyi 4-cü dərəcəli elektroqaynaqçı, 21.06.1985-ci ildən 05.01.1987-ci ilə qədər işlədiyi 5-ci dərəcəli elektroqaynaqçı, 05.01.1987-ci ildən 06.05.1996-cı ilə qədər işlədiyi 6-cı dərəcəli elektroqaynaqçı peşələrinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının “XXİİİ. Ümumi peşələr” bəndinin 12100000—19906 (Rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) kod altında göstərilən peşələrin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil edirsə, həmin peşə vəzifəsini hansı yerdə (rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxilində) icra edib-etməməsi barədə məhkəməyə məlumat verilməsi, eyni zamanda İddiaçı həmin müəssisədə işlədiyi əl ilə elektroqaynaqçı, elektro-qaynaqçı peşələrinin adıçəkilən siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası “xxxx” ASC-yə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq “xxxx” ASC tərəfindən təqdim edilmiş 05.05.2021-ci və 24 iyun 2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı 18.05.1978-ci ildə Qafqazxxxx trestinin Sumqayıt İES-də yerləşən quraşdırma sahəsində 26/K saylı əmrlə 3-cü dərəcəli elektrik qaynaqçısı qəbul olunmuş, 02.08.1978-ci ildə Sumqayıt Quraşdırma sahəsində 63/K saylı əmrə əsasən Bakı İES-də “Qırmızı Ulduz” quraşdırma sahəsinə 3-cü dərəcə qaynaqçı kimi göndərilmiş, 04.04.1978-ci ildə “Qırmızı-Ulduz” quraşdırma sahəsinə 131/K saylı əmrə əsasən 3-cü dərəcə əl ilə elektrik qaynaqçısı qəbul edilmiş, 26.06.1980-cı ildə dərəcəsini artırmaq üçün elektrik qaynaq kursuna göndərilmiş və 90/K saylı əmrə əsasən 4-cü dərəcə elektrik qaynaqçısı almışdır. 27.10.1980-cı ildə “Qırmızı Ulduz” quraşdırma sahəsi trestinin adı 445 saylı əmrə əsasən Abşeron Quraşdırma idarəsi adlandırılmışdır. 21.06.1985-ci ildə qaynaq kursuna 180/k saylı əmrə əsasən 5-ci dərəcə qaynaqçı almış, 05.01.1987-ci ildə qaynaq kursuna göndərilmişdir. 12.01.1987-ci ildə 8/K saylı əmrə əsasən 6-cı dərəcə qaynaqçı peşəsinə yiyələnmiş, 15.01.1987-ci ildən 06.05.1996-cı ilə kimi 6-cı dərəcə elektrik qaynaqçısı işləmiş, 06.05.1996-ildə 23/K saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 01.07.1996-cı ildə 45/K saylı əmrə əsasən 6-cı dərəcə elektrik qaynaqçısı kimi Abşeron Quraşdırma İdarəsinə qəbul edilmiş, 30.01.2002-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə 02/K saylı əmrə əsasən işdən azad olunmuşdur. 24/K saylı 2001-ci il tarixli əmrə əsasən Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək “xxxx” KEM ASC adlandırılmışdır. Sözügedən arayışlarda qeyd olunmuşdu ki, Əliyev X2 terminalında Neft Rezervuarlarının qaynaq olunması, Mazut və Neft çənlərinin daxilində təmir işlərində qaynaq işlərinin görülməsi Şimal və Bayramzadə adına Elektrik stansiyasında qazanxaların, qapalı kondensatorun daxilində zərərli şəraitdə qaynaq işləri aparmışdır. İddiaçı tam iş günü ərzində qapalı iş şəraitində əl ilə qaynaqçı peşəsində işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarına əsasən (bölmə XXİİİ: kod 12100000-19906) 1 saylı Siyahı üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə işlədiyi adı çəkilən müəssisənin fəaliyyət istiqaməti zərərli sahəyə aid olmaqla yanaşı, onun icra etdiyi “əl ilə qaynaq elektrik qaynaqçısı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahının XXİİİ Ümumi peşələr bölməsinin 12100000-19906 şifrəsinə (Rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 10 ildən artıq təşkil edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 22.12.2009-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. İddiaçının “əmək haqqının 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanması” barədə tələbinə münasibətdə qeyd olunur ki, bu tələb də əsaslıdır və düzgün olaraq təmin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 22.12.2009-cu ildə (iddiaçıya pensiya təyin olunmalı tarixə) qüvvədə olmuş 26.2-ci maddəsində nəzərdə tutulmuşdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun 22.12.2009-cu il tarixdən yarandığını, əmək pensiyasının təyin olunması üçün inzibati orqana isə həmin tarixdən sonra, yəni 19.11.2019-cu ildə müraciət etdiyini (i.v-76), “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə verilməmiş pensiya iddiaçıya onun inzibati orqana müraciət etdiyi 19.11.2019-cu il tarixdən əvvəlki üç il üzrə, yəni 19.11.2016-cı il tarixdən başlayaraq nəzərə alınmaqla hesablanaraq ödənilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və onları qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3369/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı mübahisələndirilən hissədə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3369/2020 saylı 30 oktyabr 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-895/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-895/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver