Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-895/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, iddiaçının vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3819/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinə dair kirayə müqaviləsinin onun adına bağlanılması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3819/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3819/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslarla əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi isə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından, iddiaçı X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Cavabdeh 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb edilməklə “kirayə müqaviləsinin bağlanması” barədə iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 26 noyabr 2004-cü il tarixli MK-5340/2004 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh ARDNŞ “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, B.Nuriyev küçəsi, 42 saylı mənzilindən istifadə hüququnun tanınması və həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh ARDNŞ “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 avqust 2004-cü il tarixli 2-1029/2004 qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 26 noyabr 2004-cü il tarixli MK-5340/2004 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2004-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququnun tanınması, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Sosial Xidmətlər İdarəsinə tapşırılması, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 42 saylı evin 51 saylı mənzilinə dair X7 adına verilmiş 23 noyabr 1979-cu il tarixli 176435 saylı orderin etibarsız hesab edilməsi qət edilmişdir . İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X9” tərəfindən Sosial Xidmətlər İdarəsinə ünvanlanmış və surəti X3 göndərilmiş xx.xx.2005-ci il tarixli JC-017/1985 saylı məktubda Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 26 noyabr 2004-cü il tarixli iş- 1mk-5340 saylı qətnaməsinə əsaslanaraq B.Nuriyev küçəsində yerləşən 42 saylı evin, 51 saylı mənzilin (2 otaq,30,14 kv.m.) şəxsi hesabını X1 adına keçirib, onunla yaşayış sahəsinin kirayəsi üçün iki nəfər ailə üzvü ilə (onlardan özü X5 və X4) şəxsi hesab açıb müqavilə bağlanılması tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən X2 (vəkili Tural Şahbazova) ünvanlanmış 19 dekabr 2019-cu il tarixli **********30490089X00066 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri yaşayış sahələri, o cümlədən sorğuda qeyd edilmiş ünvanda yerləşən mənzil Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən X2 (vəkili Tural Şahbazova) ünvanlanmış: - 24 dekabr 2019-cu il tarixli 988 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 2 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Hal-hazırda qeyd edilən ünvanda yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı MKTB-nin balansındadır. - xx.xx.2020-ci il tarixli 87 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 26 noyabr 2004-cü il tarixli, 1MK-5340/2004 saylı qətnaməsinə əsasən ünvan 2 saylı evin 51 saylı mənzilinə dair iddiaçı X6 ilə icarə müqaviləsinin bağlanılması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinə tapışırlmışdır. "Azneft" İstehsalat Birliyinin "Şəxsi hesabın adını dəyişdirmək barədə" xx.xx.2005-ci il tarixli, YC-017/1985 saylı sənədi əsasında ünvan 2 saylı evin 51 saylı mənzilinə İddiaçı adına yaşayış sahəsinə kirayə müqaviləsi bağlamlmaqla adıçəkilən məhkəmə qərarının icrası təmin edilmişdir. - xx.xx.2020-ci il tarixli 696 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 26 noyabr 2004-cü il tarixli, 1MK-5340/2004 saylı qətnaməsinə əsasən ünvan 2 saylı evin 51 saylı mənzilinə dair iddiaçı X6 ilə icarə müqaviləsinin bağlanılması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin Sosial Xidmətlər İdarəsinə tapışırlmışdır. Qeyd edilən məhkəmə qərarının icrasının təmin edilməsi üçün "Azneft" İstehsalat Birliyinin "Şəxsi hesabın adını dəyişdirmək barədə" xx.xx.2005-ci il tarixli, YC-017/1985 saylı məktubu ilə Bəhruz Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinə İddiaçı adına yaşayış sahəsinə kirayə müqaviləsi bağlanılması Sosial Xidmətlər İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012- ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 3 ünvanda yerləşən yaşayış binası Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Qeyd edilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən sözügedən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verilməmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Apellyasiya Məhkəməsinin 26 noyabr 2004-cü il tarixli 1MK-5340/2004 saylı qətnaməsinə əsasən iddiaçı, qızının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinə dair onunla icarə müqaviləsinin bağlanması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Sosial Xidmətlər İdarəsinə tapşırılmışdır. İşin araşdırılan hallarından həmçinin o da müəyyən olunur ki, yuxarıda qeyd edilmiş qətnamə 1992-ci ildən qaçqın düşmüş iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamışlar. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 26 noyabr 2004-cü il tarixli MK-5340/2004 saylı qətnaməsi 26 noyabr 2004-cü il tarixdə qanuni qüvvəsini almışdır, 22 dekabr 2004-cü il tarixdə qətnamənin icrası ilə bağlı 1MK5340 saylı icra vərəqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanund ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51-ci macldəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə, bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq stifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində kirayə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, kirayədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kirayədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 66.3-cü maddəsini əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 66.3.2.yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. Həmin Məcəllənin 81.2-ci maddəsində qeyd edilmişdir ki, kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Məhkəmə kollegiyası qeyd etməyi zərur hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamasa da, yaşayış sahəsi kirayəçisinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 66.3-cü maddəsində göstərilən bütün vəzifələri yerinə yetirmişdir. Kollegiya, həmçinin bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə kollegiyası iddiaçı tərəfindən istinad olunan məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə dair onunla icarə müqaviləsinin bağlanması “Azneft” İstehsalat Birliyinin Sosial Xidmətlər İdarəsinə həvalə edilməsini, işdə qeyd olunan qətnamənin icra olunmasını, və həmin qətnamə hazırda həmin mənzilin balansaxlayıcısı olan cavabdehlə kirayə müqaviləsinin bağlanması üçün hüquqmüəyyənedici sənəd olduğunu əsas tutataraq vurğulayır ki, iddiaçının iddiası təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3819/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3819/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 51 saylı mənzilinə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanılması barədə sərəncam verilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-895/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-895/2022
10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver