Məhkəmə qərarları › İş №2-1(103)-895/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-895/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-895/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11391/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı məhkəməyə müraciət edərək ona qanunla müəyyən edilmiş pensiya yaşına çatdıqda, yəni 2021-ci ilin 27 sentyabrından etibarən (62 yaş 6 ay olduğuna görə) yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx/xx/1976-cı il tarixdən xx/xx/1978-ci il tarixədək, xx/xx/1984-cü il tarixdən xx/xx/1998-ci il tarixədək və xx/xx/1998-ci il tarixdən xx/xx/2003-cü il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1984-ci il tarixədək Azərbaycan Texniki Universitetində ali təhsil almışdır. Əmək fəaliyyəti ilə məşğul olduğu dövr eləcə də, təhsil aldığı müddət də daxil olmaqla ümumi sığorta stajı 26 il 3 ay 22 gün təşkil edir. Hesab edir ki, 25 ildən artıq sığorta stajına malik olduğundan yaşa görə əmək pensiya hüququ vardır. İddiaçıya pensiya təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq SÖTMFdən aldığı 02 iyun 2023-cü il tarixli 3-17-1/2- S-125032/2023 nömrəli məktubu ilə ona pensiya təyin edilməkdən imtina edilmişdir. Həmin cavab məktubunda qeyd edilir ki, əmək fəaliyyəti dövrü o cümlədən, xx/xx/1979-u il tarixdən xx/xx/1984-cü il tarixədək təhsil aldığı dövr, eləcə də əmək kitabçasında olan digər dövrlər nəzərə alınmaqla sığorta stajı 21 il, 7 ay, 15 gün təşkil edir. Lakin faktiki olaraq əmək kitabçasında olan dövrlərin çəmi 21 il 7 ay 15 gün yox, 26 il 3 ay 22 gün təşkil edir. Beləliklə də əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlərin (yaş və 25 illik staj şərtləri) mövcud olmasına baxmayaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən 02 iyun 2023-cü il tarixli 3-17- 1/2-S-125032/2023 nömrəli məktubu ilə ona pensiya təyin edilməkdən imtina edildi. Həmçinin cavab məktubunda göstərilmişdir ki, xx/xx/1998-ci il tarixdən xx/xx/2003-cü il tarixədək Bakı şəhər Kino Xidməti İdarəsində “təlimatçı” vəzifəsində çalışmağı ilə bağlı araşdırma aparılmış və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, onun Bakı şəhər Kino Xidməti İdarəsində işləməsinə dair heç bir fakt aşkar edilməmişdir. Bununla bağlı məlumatların Filial tərəfindən əldə edilə bilməməsi onun pensiya təminatı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki, əmək fəaliyyətini təsdiq edən və sosial sığorta stajını sübüt edən sənəddə, yəni əmək kitabçasında bu barədə qeydlər aparılmış və möhürlədə təsdiq edilmişdir. Hesab edir ki, əmək kitabçasında öz əksini tapan əmək fəaliyyətinin arxiv sənədlərində öz əksini tapmaması onun iradəsindən asılı olmayan haldır və burada onun heç bir təqsiri yoxdur. Bu səbəbdən də göstərilən əsasdan irəli gələrək pensiya hüququnun məhdudlaşdırılması qanunsuz və qanunvericilik tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Cavab məktubunda qeyd edilən digər bir məsələ isə xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasıdır. Bu hal isə bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam həcmdə silinmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qanunun bu normasından göründüyü kimi ona pensiya təyin edilməsi üçün pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, ya da 25 il sığorta stajına malik olmalıdır. İddiaçının əmək kitabçasında təhsil aldığı müddət də nəzərə alınmaqla 25 ildən artıq stajı vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədə xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11391/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında iddiaçıya məxsus olan xx.xx.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının və 048599 nömrəli diplomun surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sığorta stajı 21 il 07 ay 15 gün təşkil edir. İddiaçı əmək kitabçasında xx.xx.1998-xx.xx.2003-cü illərdə Bakı şəhər Kino Xidməti İdarəsində işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yoxlanılması zəruri hesab edilmişdir. Lakin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 7-5862/17 nömrəli məktubuna əsasən, Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədlərində iddiaçınn sözügedən müəssisədə işləmə faktı aşkar edilməmiş və həmin dövr (05 il 01 ay 25 gün) əmək kitabçasında qeyd olunmasına baxmayaraq tərəfimizdən mübahisələndirilmiş, ümumi əmək stajına daxil edilməmişdir. Eyni zamanda, iddiaçının adına xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (112)- 11391/2023 nömrəli qərarı ilə mübahisələndirilən dövrlərin iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan halların müəyyən edilmədiyi qeyd olunmuşdur. Lakin iş materiallarında mövcud olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının, xx.xx.2021-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə, xx.xx.2023-cü il tarixdə Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanladığı hər 3 (üç) məktubda Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədləri arasında vətəndaş X2 həmin idarədə işləməsinin aşkar edilmədiyi qeyd olunmuşdur. Bildiririk ki, həmin məktublarda sənədlərin saxlanılmadığı deyil, saxlanılan sənədlər arasında iddiaçının adının olmadığı göstərilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 11391/2023 nömrəli Qərarında iddiaçı X6 gızına 62 yaş 06 ay yaşının tamam olduğu xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə goyulmuşdur. Lakin iddiaçının yaşa görə əmək pensiyası hüququ qanunvericiliyin tələblərinə cavab verdiyi halda xx.xx.2021-ci il tarixdə yaranır və iddiaçıya xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənildiyindən, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması qeyri-mümkündür. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Tərəflərin izahatları : Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 64-dür. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı 21 il 07 ay 15 gündür. İddiaçı əmək kitabçası qeydlərinə əsasən xx.xx.1979-xx.xx.1984-cü il tarixlərdə ali təhsil almış, xx.xx.1976-xx.xx.1978, xx.xx.1984-xx.xx.1998, xx.xx.1998- xx.xx.2003-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək olan müddət ərzində əmək kitabçasındakı qeydə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsində əmək fəaliyyətinə cəlb edildiyini bildirir. İddiaçı ona pensiya təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq SÖTMFdən aldığı 02 iyun 2023-cü il tarixli 3-17-1/2- S-125032/2023 nömrəli məktubu ilə ona pensiya təyin edilməkdən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının təqdim etdiyi sübutlar – əmək kitabçası və diplomu iddiaçının ona pensiya təyin etmək üçün tələb olunan sığorta stajının olmasını təsdiq edir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamış, iddianən təmin edilməsi ilə yalnış nəticəyə gəlinmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. Göründüyü kimi, iddiaçı 2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Kollegiya qeyd edir ki, iddiaçı ona pensiya təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatsada, 25 il sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. Birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasındakı qeydləri mötəbər hesab etsə də, Kollegiya məhkəmənin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşin hallarından aydın olur ki, iddiaçıya məxsus olan xx.xx.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının və 048599 nömrəli diplomun surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sığorta stajının 21 il 07 ay 15 günü cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin mötəbər hesab etməyərək qəbul etmədiyi dövrlər iddiaçının əmək kitabçasına əsasən xx.xx.1998-xx.xx.2003-cü illərdə Bakı şəhər Kino Xidməti İdarəsində işlədiyi dövrlərdir. Cavabdeh bu qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 7-5862/17 nömrəli məktubuna əsasən, Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədlərində iddiaçınn sözügedən müəssisədə işləmə faktı aşkar edilməmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədləri arasında vətəndaş İddiaçı həmin idarədə işləməsi aşkar edilməmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1998-ci il tarixində Bakı Şəhər Kino Xidməti İdarəsinə xx.xx.1998-ci il tarixli, 12 nömrəli əmrlə təlimatçı vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixində, öz xahişi ilə xx.xx.2003-cü il tarixli, 18 nömrəli əmr əsasında azad olunmuşdur. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 3-52/2-2013/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədləri arasında sorğuda qeyd edilən qeydiyyat nömrəli və tarixli əmrlər aşkar edilməmişdir. İşin obyektiv araşdırılması məqsədi ilə Kollegiya tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təkrar sorğu verilərək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədləri arasında xx.xx.1998-ci il tarixli, 12 nömrəli və xx.xx.2000-cü il tarixli 18 nömrəli əmrlərinin hansı şəxsə aid olması barədə məlumatın və həmin əmrlərin surətlərinin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Kino Xidməti İdarəsinin 1998-2003-cü illərə dair sənədləri arasında məhkəmənin qeyd etdiyi (xx.xx.1998-ci il tarixli, 12 nömrəli və xx.xx.2003-cü il tarixli 18 nömrəli) qeydiyyat nömrəli və tarixli əmrlər aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, 1998-ci ilə dair 12 nömrəli əmr xx.xx.1998-ci il tarixlidir, 2003-cü ilə dair 18 nömrəli əmr isə aşkar olunmamışdır. Məktuba qoşma kimi əlavə edilmiş xx.xx.1998-ci il, 12 nömrəli əmrdən görünür ki, həmin əmr Bakı Şəhər Kino Xidməti İdarəsinin mühəndisi olan X3 məzuniyyətə buraxılması ilə bağlı əmrdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Kino Xidməti İdarəsində işlədiyi qeyd edilən dövrlər (1998-2003-cü il) məhkəmə araşdırması zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığından, məhkəmə həmin dövrlərin cavabdeh tərəfindən iddiaçının ümumi stajına nəzərə alınmaması ilə bağlı mövqeyini haqlı hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, əmək kitabçasında qeyd edilən mübahisəli dövrlərin mötəbərliyini şübhə altına alacaq kifayət qədər əsas olduğundan həmin dövrlər iddiaçının ümumi stajına hesablana bilməz. Belə olduğu halda isə iddiaçının ümumi stajı 25 ilə çatmadığından və iddiaçının adına xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv ediməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11391/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar