Məhkəmə qərarları › İş №2-1(103)-896/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-896/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-896/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, iddiaçı X4 vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə ödənilmiş pulun qaytarılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin X5 İMEİ qeydiyyatı üçün əsassız olaraq köçürülmüş 181.175,70 manat məbləğin geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 12.08.2016-cı il tarixdən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 oktyabr tarixli 266s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair X8”nın 10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən 212 saylı Qərar ilə 28 dekabr 2011-ci il tarixdə “X6ının aparılması Qaydaları” təsdiq edilmişdir. Qaydalar Azərbaycan Respublikasına gətirilən X6a alınmasını tənzimləyir və mobil cihazlar barədə məlumatların vahid bazada toplanmasına şərait yaradır. Qaydaların 2.1-ci bəndində qeyd edilmişdir ki, MCQS (X6 sistemi) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Qaydalara 2018-ci ildə dəyişiklik edilərək aşağıdakı bənd əlavə edilmişdi: 4.4-1. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X6a alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Belə ki, normalardan göründüyü kimi, X6a alınması üçün dövlət rüsumunun alınması yalnız bu Qaydalara müvafiq əlavə və dəyişiklik edildikdən sonra həyata keçirilməyə başlanılmışdır. Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri azaddırlar. Buna baxmayaraq Nazirliyin X7 tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən İMEİ qeydiyyatı üçün müvafiq xidmət haqqı alınmaqdadır. MHM yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndini rəhbər tutaraq bu xidmət haqqının alınmasını əsaslı hesab edir. Halbuki, həmin Qaydaların 2.1-ci bəndində MHM-in fəaliyyətinin maliyyələşdirilməsini təmin etmək üçün qanunvericilikdə göstərilən mənbələr mütləq şərt kimi qeyd olunub. Bakı İnzibati Məhkəməsinin 01.12.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarın əsaslarına görə, “... iş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 Nizamnaməsinin 5-ci maddəsinə 2006-cı ildə edilmiş dəyişikliyə görə “öz məhsullarına (iş, xidmət, mal) qiymətlərin, tariflərin və ödəmə qaydasının, qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilməsi” Mərkəzin hüquqlarına aiddir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.22-ci maddəsinə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X6a alınması üçün dövlət rüsumu ödənilir. Qanunun normasına əsasən Məhkəmə hesab edir ki, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazların istehlakında dövlət rüsumunun ödənilməsinin istisna hal təşkil etməsi həmin cihazların qeydiyyatı məqsədilə xidmət haqqının tutula bilməməsi kimi qiymətləndirilə bilməz. Dövlət rüsumunun tətbiq olunmamasına baxmayaraq satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə idxal edilən X6ı xidmət haqqı tətbiq edilməklə həyata keçirilə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçi tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X3 mobil cihazların İMEİ qeydiyyatının aparılması ücün ödənilmiş 181.175,70 (bir yüz səksən bir min yüz yetmiş beş manat yetmiş qəpik) manat pulun geri qaytarılması məqsədilə istinad etdiyi halların əsasını sübut edə bilməmişdir.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə həmin iddianın rədd edilməsi üzrə əsasını aşağıdaki iki abzas ilə təsbit etmişdir: 1. Qanunun normasına əsasən Məhkəmə hesab edir ki, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazların istehlakında dövlət rüsumunun ödənilməsinin istisna hal təşkil etməsi həmin cihazların qeydiyyatı məqsədilə xidmət haqqının tutula bilməməsi kimi qiymətləndirilə bilməz; 2. Dövlət rüsumunun tətbiq olunmamasına baxmayaraq satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə idxal edilən X6ı xidmət haqqı tətbiq edilməklə həyata keçirilə bilər. Məhkəmənin qərarı aşağıda göstərilənlərə görə, əsassız və qanuna zidddir. Belə ki, cavabdeh tərəfindən təqdim olunan Nizamnaməyə edilən dəyişikliklərin 8-ci bəndində qeyd olunub ki, X7 öz məhsullarına (iş, xidmət, mal) qiymətlərin, tariflərin və ödəmə qaydasının, qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa Nazirliklə razılaşdırmaqla müəyyən edə bilər. Bu bənd ilə bağlı qeyd edir ki, mərkəz hazırda fiziki və hüquqi şəxslərə bir sıra xidmətlər göstərir. Bunların sırasında, e-imza, smartPay, AZDATACOM, Smartcall, Billinq sistemi kimi xidmətləri qeyd etmək olar. Bütün bu xidmətlər Mərkəzin öz xidməti kimi qəbul olunur və nizamnaməsinin müvafiq bəndinə uyğundur. Lakin mərkəz tərəfindən qanunvericiliklə müəyyən olunmuş məcburi göstərişin icrası zamanı əlavə daxili əmr ilə hər hansı haqq müəyyən etmək səlahiyyəti yoxdur. Həmçinin, mərkəzə aid olmayan xidməti həyata keçirilməsi və bu xidmət üzrə haqqın müəyyən edilməsi həm qanunvericiliyə, həm də mərkəzin nizamnaməsinə ziddir. Nazirlik X6ını mərkəzə həvalə etsə də, bütün bu proses qanunvericiliyə əsasən təşkil olunmalı idi. Buna baxmayaraq Məhkəmə bu halı nəzərə almamışdır. Halbuki, öz qərarında qeyd etmişdir ki, bu xidmətin həyata keçirilməsi qanunvericilik ilə məhz Nazirliyə həvalə olunub. Cavabdehin 12.08.2018-ci il tarixli daxili əmrinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli Qaydalarının 2.1-ci bəndinə bir daha nəzər yetirilməlidir. Belə ki, Qaydaların 2.1-ci bəndinə MCQS Nazirlik tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Üçüncü hissədə qeyd olunur ki, göstərilən xidmətlər qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Lakin, Mərkəz maliyyəşməni birbaşa olaraq bu bəndə istinad edərək qanunvericilikdə müəyyən edilməyən və normativ akt hesab olunmayan daxili əmr ilə müəyyən etmişdir və maliyyələşməni qanunvericiliklə nəzərdə tutulmayan mənbə hesabına formalaşdırmışdır (halbuki müvafiq normativ akt hüquqi şəxsləri bu cür haqqdan azad etmişdir). Qeyd edilən bənd Nazirliyə bu xidmət üçün əlavə haqq almağa əsas vermir. Lakin bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddianın rədd edilməsinin əsasını təşkil edən abzas ümumiyyətlə Azərbaycan Respublikası Konstitusiyasına ziddir. Belə ki, məhkəmə hesab edir ki, nazirliklər “Dövlət rüsumu haqqında” Qanun ilə müəyyən olunmadığı təqdirdə də hər hansı xidmətlər üçün daxili əmr ilə fiziki və hüquqi şəxslərdən xidmət haqqı tuta bilər. Daxili əmrlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə müəyyən edilən aktların siyahısında nəzərdə tutulmadığından, yalnız daxili məsələləri nizama salmaq üçün qəbul edilə və yalnız öz əməkdaşları üçün məcburi xarakter daşıya bilər. Belə ki, hər hansı qurum tərəfindən qəbul edilən aktın hüquqi əsası qanundan irəli gəldiyi halda və müvafiq reyestrə daxil edildiyi halda, o, müəyyən subyektlər dairəsi üçün məcburi xarakter daşıyan tələblər müəyyən edə bilər. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, iddiaçı İMEİ-lərin qeydiyyatı ilə əlaqədar olaraq cavabdehin X5 ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə Nazirliyə müraciət etmiş, müraciəti təmin edilməmiş, imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X6ının aparılması Qaydaları”nın 2.1-ci bəndinə istinad edilmişdir. İddiaçı cavabdehdən mobil cihazların İMEİ qeydiyyatının həyata keçirilməsi üçün ödədiyi 181.175,70 manat pulun geri qaytarılmasını tələb edir və tələbin əsası kimi ona istinad edir ki, bu xidmət haqqının ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-in 34.1-ci maddəsinin ikinci cümləsi). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi, habelə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi yaxud həmin aktların etibarsızlığının tanınması (qanunsuz sayılması) barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu mənada, hazırkı iddianın əsaslı sayılması üçün hərəkətləri inzibati orqan kimi ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozması, iddiaçının hüquqi vəziyyətinin sonuncunun öz vəzifələrini pozması ilə pisləşmiş olması iş materialları sübut olunmalıdır. Belə bir araşdırma apardıqda müəyyən olunur ki, X6ı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6ının aparılması Qaydası”na əsasən həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə əsasən X6 Sistemi (MCQS) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Nazirlik tərəfindən qurulmuş MCQS xüsusi texniki-texnoloji infrastruktura malikdir. Həmin infrastruktura mürəkkəb proqram-avadanlıq kompleksi, telekommunikasiya kanalları, məlumat bazası və internet saytı daxildir. MCQS Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X6ının aparılması Qaydası”nda nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi ilə bərabər həmin məlumatların saxlanılmasını və emalını həyata keçirir. MCQS-in fəaliyyətinin təmin edilməsi və infrastrukturunun saxlanılması xərc tələb edir ki, buraya infrastruktura daimi texniki xidmət və dəstəyin göstərilməsi, sistemin mürəkkəb xarakterinə uyğun olaraq yüksək ixtisaslı işçi heyətinin saxlanılması, proqram təminatının lisenziyalarının, infrastruktur elementlərinin vaxtaşırı yenilənməsi və s. xərcləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X6ının aparılması Qaydası”nın 2.1-ci bəndinə uyğun olaraq MCQS-in dayanıqlı və fasiləsiz fəaliyyəti, saxlanılması, təhlükəsizliyin təmin edilməsi, texniki dəstək tərəfindən nəzarət edilməsi və məlumatların mühafizəsinin təşkili məqsədilə göstərilən xidmətlər və qanunvericiliklə qadağan edilməyən mənbələr hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında” Əsasnamənin 3.0.47-ci yarımbəndinə əsasən X6ını aparılması xidməti Nazirliyin yuxarıda adıçəkilən Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyən edilmiş vəzifələrindən biridir. Həmin Əsasnamənin 5.1-ci yarımbəndinə əsasən Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın İİİ hissəsinin 14-cü bəndinə əsasən X7 Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarına aiddir. X6ı xidməti qanunvericiliyə əsasən Nazirliyin fəaliyyət istiqamətlərinə aiddir və Nazirlik bu fəaliyyət istiqamətini X7 vasitəsilə həyata keçirir. Nazirliyin bu fəaliyyət istiqamətini X7 vasitəsilə həyata keçirməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, xidmət X7 tərəfindən göstərildiyi üçün onun məhsullarına (xidmətlərinə) aid edilməlidir. X7 Nazirlər Kabinetinin 212 nömrəli qərarına və Nizamnaməsinə uyğun olaraq göstərdiyi xidmətə Nazirliyin razılığı ilə qəbul etdiyi 69 nömrəli 12 avqust 2018-ci il tarixli “X6ının aparılması” haqqında əmri ilə 15 avqust 2018-ci il tarixdən satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən X6a alınması üçün xidmət haqqının məbləği ƏDV xaric hər bir mobil cihazın hər bir İMEİ nömrəsi üzrə 1,60 manat miqdarında müəyyən edilmişdir. İddiaçı MCQS-in maliyyələşməsi barədə mülahizəsində “və” bağlayıcısını diqqətə almadan, MCQS-in “göstərdiyi xidmətlərin qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyyələşdirildiyini” Qaydaların 2.1-ci bəndində təsbit edildiyini irəli sürür. Halbuki, Qaydaların 2.1-ci bəndində göstərilmişdir ki, “MCQS Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.” MCQS-in həmin xidmətin hesabına maliyyələşməsi Nazirlər Kabineti qərarı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə həvalə edilmişdir. X6ının aparılması istiqamətində “Dövlət rüsumu haqqında” AR Qanununun 2.0.22ci yarımbəndinə əsasən fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən cihazlar üçün dövlət rüsumu nəzərdə tutulmuşdur. X7 tərəfindən göstərilən xidmət müqabilində müəyyən olunan xidmət haqqı isə dövlət rüsumu deyil. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin iddiaçıya pul ödənilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-cü maddəsi), cavabdehin imtinası qanunazidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayəti qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar