Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-896/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi-hakim), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 (25.02.1965-ci il tarixində Lerik rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021ci il tarixli, 2-1(112)-2265/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı X2 22.10.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ticarət obyektinə çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2004-cü il tarixdə Nizami rayonu ərazisində sökülmüş ticarət obyektinin əvəzi olaraq Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, aeroport yolunun yaxınlığında yerləşən ticarət obyektinin tikintisi ilə bağlı göstəriş verilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2004-cü ildə iddiaçıya torpaq sahəsi ayrılmış, həmin ildən Suraxanı rayon, Yeni Suraxanı qəsəbəsi aeroport yolunun yaxınlığında yerləşən ticarət obyektində fəaliyyət başlanmış və bu gün də davam edir. İddiaçı həmin ildən vergi ödəyicisi-sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O zaman o ərazidə obyekt tikəndə, ətrafda heç bir tikili olmamışdır. İndi dörd bir tərəfi qanunsuz və ya sənədləşdirilməsi yekunlaşdırılan tikililərdir. Dəfələrlə rayon və şəhər İcra Hakimiyyəti başçılarına ticarət obyektinin çıxarışının verilməsi üçün müraciətin və sənədləri rəsmi qaydada təqdim etsə də hər dəfə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmədiyi bildirmişlər. Sonuncu dəfə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, lakin müracəti təmin edilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7276/2020 nömrəli, 23.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 25 fevral 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev mərkəzi küçə 9 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasına və torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25.02.2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2265/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26.08.2020-ci il tarixli, ********** saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt əraziləridir və yerləşmə sxemi təqdim edilməmişdir. Bundan başqa 434 nömrəli, 11.06.2004-cü il tarixli Suraxanı RİHB-ı tərəfindən verilmiş sərəncamda ayrılmış torpaq sahəsi 220.0 kv.m göstərilsə də, faktiki 742.5 kv.m təşkil etdiyindən əlavə sahə ilə bağlı sənəd əlavə olunmamışdır. Həmçinin qeyd edilən qeyri yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Qanunvericiliyə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacaqdır. Bildirişdə həmçinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə istinad olunaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dən) inşa edilən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 8.0.10.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şərh olunan qanunvericilyin müddəalarının tələblərindən göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2- ci maddəsində və ya 8.0.10.1-ci maddəsində qeyd olunan sənədlər təqdim edilməlidir. O cümlədən, iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi olmalıdır Hazırkı iş üzrə iddiaçının tələbinin əsası Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 434 saylı, 11.06.2004-cü il tarixli “torpaq sahəsinin ayrılması haqqında” Sərəncamının mövcudluğu təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının 10 mart 2021-ci il tarixli məktubu ilə Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 11.06.2004-cü il tarixli, 434 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilsə də, məktubda sərəncama heç bir sənədin əlavə edilmədiyi qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının ticarət obyektinin tikilməsi üçün ayrılmış 11.06.2004-cü il tarixli 434 nömrəli sərəncamından görünür ki, iddiaçının müraciəti əsasında, həmçinin Bakı şəhər İcra Hakimiyyəti Baçşısının F-1/1 saylı 26 aprel 2004-cü il tarixli məktubunu nəzərə alaraq Bakı-Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120,00 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin müvafiq məktubu ilə rayon icra hakimiyyətlərinin arxivlərinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verildiyindən qeyd olunan sərəncamın hazırda qüvvədə olub-olmaması barədə məlumatın verilməsinin imkan xaricində olduğu bildirilmişdir. Eyni zamanda cavabdehin 27 avqust 2021-ci il tarixdə məhkəməyə təqdim olunan yerli baxışın keçirilməsi haqqında məktubunda elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu və yerləşmə sxeminin təqdim edilmədiyi, bundan başqa 434 nömrəli, 11 iyun 2004-cü il tarixli Suraxanı İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş sərəncamda ayrılmış torpaq sahəsinin 220.0 kv.metr göstərilsə də, faktiki 742.5 kv.metr təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi qeyri-yaşayış sahəsi ilə bağlı obyektin tikintisinə icazə sənədinin və razılaşdırılmış eskiz layihəsinin olmadığı da müəyyən edilmişdir . Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 11.06.2004-cü il tarixli 434 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı- Aeroport yolu ətrafında yeni tikilmiş məktəbin şimal hissəsində ticarət obyektinin tikilməsi üçün 120,00 kv.metr torpaq sahəsi ayrılsa da, qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd olunan torpaq sahəsinin koordinatları müəyyən edilməməklə yanaşı, həmçinin iddiaçı tərəfindən məhkəməyə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə dair icazə barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Həmçinin qeyd olunan ticarət obyektinin sahəsinin istinad olunan sərəncamda əks olunan 120,00 kv.metr deyil, 742.5 kv.metr sahəni əhatə etdiyi, o cümlədən elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmiş, «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa və «Təhlükə potensiallı obyektlərin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 saylı qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlərin kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmunundan göründüyü kimi isə sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri yaşayış və ictimai tikililər üçün ayrılması qadağandır və bu cür torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız kənd təsərrüfatı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Həmin normada əks olunan əsaslardan isə hər hansı biri ilə bağlı müvafiq sənədlər iddiaçı tərəfindən nə cavabdehə, nə də birinci instansiya və apellyasiya icraatları zamanı məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2265/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-896/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-896/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver