Məhkəmə qərarları › İş №2-1(103)-896/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-896/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-896/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “şəxsi evinin tam bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2-1(112)-4079/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, xüsusi ilə başçının müavini Etibar Əhmədovun və 66 saylı MİS-in rəisi Füzulinin ona, ailəsinə və mülkiyyətinə edilən təhdidlərinin qarşısını almaq üçün qərar çıxarılmasını, onun mülkiyyətinə dəyən zərərin Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Əhmədov Etibar və 66 saylı MİS-in rəisi Fizulinin şəxsi vəsaitləri hesabına bərpa etmələri üçün qərar çıxarılmasını, söküntü zamanı 66 saylı MİS-in rəisi Fizulinin ana Nəsirova Rubabə və 6 yaşlı qız uşağı İsmayılova Ruqiyyənin qətlinə təşəbbüsünə hüquqi qiymət verilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan talan və viran edilmiş şəxsi evinin tam bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4079/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-257/2022 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2-1(112)-4079/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-257/2022 nömrəli qərarının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 1646/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli 2-1(103)-257/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə yaşayış şəraitini yaxşılaşdırmaq üçün ərizə ilə Xətai RİH-yə müraciət etmişdir ki, şəxsi ev tikmək üçün ona torpaq sahəsi ayırsınlar. O, tikinti üçün nəzərdə tutulan və qüvvədə olan bütün qanunlara əməl edərək şəxsi evini inşa edib, 2005-ci il 16 fevralda mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsini almışdır. Ağ Şəhərdə, daha dəqiq 2010-cu ilin sonuna qədər “Qara Şəhər”də təmizlənmə işləri bitməli idi. Dövlətin ayırdığı vəsait-pul hər 2 mərhələnin işini görmək üçün yetərli idi. Təəssüflər olsun ki, pul “xərcləndi”, lakin bu günə qədər də nə əhali tam köçürülməyib, nə də çirklənmiş ərazi tam təmizlənməyib. O və ailə üzvləri də Xətai RİH-nin qeyri-qanuni basqısı altında idi. Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-4898/17 №-li işin qərarı ilə ədalət öz yerini tapdı. Onun həyat yoldaşı Xətai RİH-nin insana yaraşmayan basqıları nəticəsində “şəkərli diabet və xərçəng“ xəstəliyinə tutuldu, onun vəziyyəti pisləşdiyi üçün 2017-ci ilin oktyabr ayında məcbur olub öz şəxsi evini tərk etib, başqa yerdə kirayə ev tutub, orada yaşamalı oldu. Bundan istifadə edən Xətai RİH əməkdaşları evində silsilə oğurluq və talan təşkil etdilər. Dəfələrlə polis və prokurorluq orqanlarına müraciət etməyinə baxmayaraq, Xətai RİH-nin qorxusundan heç bir müsbət reaksiya olmadı, hətta Xəzər Rayon Məhkəməsi də bu işə Xətai RİH-nin marağı çərçivəsində yanaşdı və apellyasiya şikayətinin verilməsinə hər vəclə maneə törətdi. O, həyat yoldaşını 2017-ci ilin yayında İran İslam Respublikasına həkimə müalicəyə aparmışdı, bundan istifadə edən Xətai RİH-nin rəhbərliyi onun Xətai rayonu, Babək pr., 2210-cu məhəllədə olan evini ev əşyaları ilə birlikdə məhv etmişlər. O, xaricdən gələndən sonra etiraz etdi. Xətai rayon MKTB dedi ki, narahat olma, o biri evini sökəndə ikisinin də pulunu bir yerdə verəcəyik. İndi isə deyirlər ki, sənin evin sökülməyib, yerindədir! xx.xx.2021-ci il tarixdə onun Xətai rayonu, Turşu küçəsi, ev 23 V-də yerləşən xüsusi mülkü olan evi (həmin vaxt evdə 2 azyaşlı qız uşağı və gənc ana var idi) qeyri-qanuni olaraq Xətai RİH başçısının müavini Etibar Əhmədovun komandasının (10-a yaxin aparatın işçisi, 10-larla polis zabiti, Xətai RPİ-nin rəis müavini, 66 saylı MİS-in rəsi Füzuli Ələskərov bütun işçiləri ilə və nəhəng texnika - 10 L430 №-li VOLVO ekskvatoru) terror hərəkətinə məruz qaldı, evin hasarı, yardımçı hissə (içərisində kombi və suqızdırıcı aparatı), 2-ci mərtəbənin 1 otağı dağıdıldı. Gənc ananın harayına gələn qonşular Etibar Əhmədovun rəhbərlik etdiyi terror dəstəsini hadisə yerindən uzaqlaşdırdılar. Onun şəxsi mülkünü xx.xx.2021-ci il tarixdə talan və viran ediblər, Xətai RİH-nin adından onun adına hesab açılmadan onun adına pul xx.xx.2021-ci il tarixdə köçürülüb. Göstərilənlərə əsasən Baki İnzibati Məhkəməsinin 2-1(112)-4079/2021 №-li qərarını ləğv edib, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan talan və viran edilmiş şəxsi evinin tam bərpa olunması vəzifəsinin cavabdeh Xətai RİH-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və məhkəmə tərkibinin suallarına cavabında əlavə olaraq bildirdi ki, o, iddia tələbini kompensasiyanın ödənilməsi tələbinə dəyişmək istəmir, onun iddia tələbi evinin bərpa edilməsidir, kompensasiyanın ödənilməsi deyil. O, evinin bərpa edilməsini istəyir, apellyasiya şikayətini müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 312.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Razılaşma aktının, ödəniş tapşırıqlarının və kassa məxaric orderinin surətindən görünür ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsinə zərurət yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.m-üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 1000 (bir min) manat, həyət tikilisi sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, qazanxana sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 200 (iki yüz) manat, mansard sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 500 (beş yüz) manat, talvar sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 100 (bir yüz) manat, torpaq sahəsinin 1 sotunun alqı-satqı orta bazar qiyməti 15000 (on beş min) manat müəyyənləşdirilərək İddiaçı ünvan 2 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 618.0 kv.m tikilisi və 2.5 sot torpaq sahəsi üçün cəmi alacağı təzminat məbləği - 278530 manat təklif edilmişdir. Həmin pul vəsaiti cavabdeh tərəfindən "xxxx" ASC-nin Xətai Filialında olan bank hesabına köçürülmüşdür. Ödəniş tapşırığında, ödənişin təyinatı - “Ağ şəhər” layihəsi çərçivəsində əhalinin köçürülməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı 278530.00 AZN məbləğində vəsaiti təhvil almışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 544 nömrəli, xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Bakı Ağ Şəhər Layihəsi ilə əlaqədar BŞİH Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturun daha da inkişaf etdirilməsi üçün bir çox küçə və prospektləri birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən sərəncamın icrası ilə əlaqədar köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixdə, 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" Qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin yaşayış sahəsinin bir kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750.0 manat, əlavə tikililərin 1 kv.m üçün 50.0-350 manat ödənilmişdir. İddiaçı yuxarıda qeyd olunan şərtlər əsasında komissiyaya dəvət olunmuş və fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X2 filialına köçürülmüş və həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 171 №li cavab məktubda qeyd edilir: Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar BŞİH Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərində sosial infrastrukturunun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonunda da yolların, kommunikasiya xəttlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində xx.xx.2017-ci il tarixində 52/1 saylı məktubla Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" qiymətləndirmə MMC-nin 53/M saylı, 24 fevral 2017-ci il tarixli cavabında qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunmuşdur - yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750,0 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0-350 manat. Vət.İddiaçı yuxarıda qeyd edilən şərtlər əsasında komissiyaya dəvət olunmuş və onun fərdi yaşayış evi 278.530 (iki yüz yetmiş səkkiz min beş yüz otuz) manat dəyərində qiymətləndirilərək pul vəsaiti X2 filialına köçürülmüş və İddiaçı həmin vəsaiti müvafiq sənədlərə imza ataraq qəbul etmişdir. İşin faktiki hallarında görünür ki, Bakı Ağ Şəhər layihəsi ilə əlaqədar aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq qeyd olunan ünvanda yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən tikili və torpaq sahəsi 278530,00 manat məbləğində qiymətləndirilmiş və həmin pul vəsaiti "xxxx" ASC-nin Xətai filialına köçürülmüş və iddiaçı həmin vəsaiti qəbul etmişdir. Hazırda iddiaçı evinin tam bərpa edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(102)-1646/2022 nömrəli qərarında qeyd olunur ki, iş materiallarında olan 29 yanvar 2021-ci il tarixli razılaşma aktından görünür ki, həmin akt əsasında ünvan 6 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan 312,9 kv.m tikili və 2,5 sot torpaq sahəsi üçün 278.530 manat kompensasiya müəyyən edilsə də, iddiaçı həmin aktı imzalamamış, bununla da həmin məbləğlə razı olmadığına dair iradə ifadəsini bildirmişdir. Eyni zamanda, iş materiallarına iddiaçının müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət və ərizələri əlavə edilmişdir ki, həmin şikayət və ərizələrin məzmunundan da görünür ki, iddiaçı onun əmlakının qiymətləndirilməsi ilə razı olmadığını bildirmişdir. "xxxx" ASC vasitəsilə iddiaçıya 278.530 manat məbləğin ödənilməsi faktına gəldikdə, bu, iddiaçının əmlakının sökülməsinə görə cavabdeh tərəfindən ödənilən kompensasiyanın məbləği ilə razı olduğunu özü-özlüyündə təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbini şəxsi evin tam bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1646/2022 nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilərək kompensasiyanın ödənilməsi tələbi kimi irəli sürülməsi təklif edilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirməkdən imtina etmiş, iddia tələbini şəxsi evin tam bərpa olunması kimi müdafiə etdiyini bildirmişdir. İddia tələbi şəxsi evin tam bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi olduğundan və iddiaçı tərəfindən iddia tələbi dəyişdirilmədiyi üçün iddiaçının əmlakının sökülməsinə görə cavabdeh tərəfindən ödənilən kompensasiyanın məbləğinin araşdırılması iddia tələbindən kənara çıxma halının yaranmasına səbəb olar. Belə ki, iddia tələbi yazılı formada, konkret və aydın olmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 52ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar qeyd edir ki, Bakı şəhərində sosial infrastrukturunun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan ünvanda yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən iddiaçıya məxsus tikili sökülmüş, abadlıq və yenidənqurma işləri görülmüşdür. Hazırki vəziyyətdə yaşayış evinin bərpası mümkün deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Həmçinin o da qeyd olunmalıdır ki, iddiaçı əmlakının sökülməsinə görə ona ödənilmiş kompensasiya məbləği ilə razılaşmadığı halda, iddia etdiyi kompensasiya məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 71.3-cü maddəsinə əsasən inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-4079/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar