Məhkəmə qərarları › İş №2-1(103)-896/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-896/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-896/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə olunması haqqında” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə verərək məhkəmədən, onun, yəni İddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının “Şəhid ailəsi İddiaçı mənzil növbəsinə qəbul edilməsi haqqında” 1-1/68 №-li xx.xx.2021-ci il tarixli Sərəncamı ilə şəhid ailəsi kimi imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla mənzillə təmin olunmağı öhdəliyinin cavabdeh Agentliyə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 2-ci Qarabağ müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixində gedən döyüşlərin birində şəhid olmudur. O, yəni X3, 2021-ci ilin aprel ayında Nizami Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməklə əlaqədar müraciət etmişdir. Nizami Rayon İcra Hakimiyyəti onun sənədlərini hazırladıqdan sonra sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Agentliyə təhvil veriləcəyi bildirilmişdir. Sənədləri 2021-ci ilin may ayında təhvil vermişdir. Lakin onlar 2 il müddətində ona ehtiyacı olan şəhid ailələrinə ev verdiklərini bildirmişdilər. Daha sonra isə 2023-cü ildə də onun sənədlərinə baxıb evlə təmin edəcəklərini bildirdilər. 2023-cü ilin aprel ayında Agentliyin işçiləri onu çağırıb ərizə yazdırmışdır. Agentlik xx.xx.2023-cü il tarixli məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 15 may 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Nizami Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 05 may 2021-ci il tarixindən 2 nəfər ailə tərkibi ilə (özü və qızı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində ünvan 1 ünvanında yaşayış sahəsi 44.01 kvadratmetr olan üçotaqlı mənzilin olduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 9962/2023 saylı iş üzrə qərarını ləğv edib, müvafiq qərar qəbul edərək işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin iş üzrə gəlmiş olduğu hüquqi nəticələrin əsası olmadığından mövcud qərar ləğv olunmalıdır. Hakim aidiyyəti olan və olmayan bütün qanunları öz qərarında əks etdirsə də, qanunların tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, hakimin istinad etdiyi qanunların işin faktiki həllinə birbaşa aidiyyəti yoxdur. O və qızı hal-hazırda mülkiyyətində olan mənzildə yaşayırlar, həmin mənzil qızı ailə qurandan sonra ona qalacaq. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçının oğlu X5 2-ci Qarabağ müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixində gedən döyüşlərin birində şəhid olmudur. İddiaçı şəhid ailəsi üzvü kimi cavabdehə müraciət edərək onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzillə təmin edilməsini tələb etmiş, lakin cavabdeh tərəfindən iddiaçının mülkiyyətində ünvan 1 ünvanında yaşayış sahəsi 44.01 kvadratmetr olan üçotaqlı mənzil olduğundan tələbin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi də işin qeyd olunan halına, yəni iddiaçının mülkiyyətində ünvan 1 ünvanında yaşayış sahəsi 44.01 kvadratmetr olan üçotaqlı mənzilin olmasına istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili hakimin istinad etdiyi qanunların işin faktiki həllinə birbaşa aidiyyətinin olmamasından ibarətdir. İş materiallarında olan: - AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş “Atalığın müəyyən edilməsi haqqında” AZ-İ seriyalı, 006779 №-li, xx.xx.2002-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2002-ci ildə doğulmuş X1 atası X6, anası İddiaçı qeyd olunmuşdur. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2002-ci ilin avqust ayının 20 günündə 183 № ilə qeyd edilmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 148044 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2020-ci il tarixdə “Hərbi əməliyyat nəticəsində digər növ partl. və ya qəlpə. törən. zədələnmələr səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 01 ayının 05 günündə 09 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsi tərəfindən verilmiş 751 №-li xx.xx.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı mərhum oğlu 2002-ci il təvəllüdlü əsgər X5 xx.xx.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş, döyüş meydanında döyüş tapşırığı yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə həlak olmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq Şəhid hesab olunur. Agentlik tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı 002537 №-li Şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********18 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 159 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına Azərbaycan Respublikasının ərazilərində qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Məktuba AN-İ seriyalı, ******* №-li, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əlavə olunmuşdur. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 516/1-786/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş “Şəhid ailəsi İddiaçı mənzil növbəsinə qəbul edilməsi haqqında” Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/68 №li, xx.xx.2021-ci il tarixli sərəncamından müəyyən olunur ki, şəhid ailəsi İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, qızı) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Məktuba əlavə olunmuş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,3628 ha torpaq sahəsində yerləşən 61 nömrəli, 9 mərtəbəli binada, 57,18 kv.m ümumi, 44,01 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 159 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 661 nömrəli kitabının 60668 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Asan 5” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li, xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2008- ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda həmin ünvanda xx.xx.2008-ci il təvəllüdlü X7 qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş **********9 saylı xx.xx.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialından şəhid ailə üzvü kimi aylıq 500 (beş yüz) manat məbləğində Prezident təqaüdü alır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-cı illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alıb, apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddiaçının mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi yaşayış sahəsi ilə birinci növbədə təmin olunması, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olmaqla yanaşı, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi halına gətirib çıxarmış olacaq. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki qərarında iddiaçının tələbinin hüquqi əsasının olmaması mövqeyini və dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Qərardan da göründüyü kimi, məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab etməklə, iş üçün əhəmiyyəti olan digər məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9962/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar