Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-897/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X1 iştirakı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-764/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1830/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-3379/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edib, iddiaçının pensiya işini təqdim edərək, izahatında göstərmişdir ki, sonuncu hazırda əlilliyə görə əmək pensiyası aldığından, ona yenidən əmək pensiyası təyin edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət birinci instansiya məhkəməsinin qərarının ləğvi hissədə əsaslıdır. Belə ki, iddiaçıya məxsus pensiya işindən göründüyü kimi, DSMF Xətai rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 688 nömrəli qərarına əsasən ona üçüncü qrup əlilliyə görə xx.xx.2018-ci il tarixdən ömürlük 2.469,52 manat məbləğdə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə məcburetmə haqqında iddianın mümkün sayılması üçün ilkin şərt tərəflər arasında ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisənin yaranmasıdır. Lakin qeyd edilən başlıca mümkünlük şərtinə iş üzrə əməl olunmur. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdə birinci instansiya məhkəməsinə ona əmək pensiyasının təyin olunması ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyi tarixdə o, artıq əmək pensiyaçısı idi. Bu da o deməkdir ki, həmin vaxt iddiaçı ilə pensiya orqanı arasında əmək pensiyasının təyin edilməsi ilə bağlı mübahisə mövcud deyildi. Bu kontekstdə iddiaçının əlilliyə görə əmək pensiyası alması, hazırkı iddianın isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqəli olması hər hansı əhəmiyyət kəsb etmir. Çünki, “Əmək pensiyaları haqqında” AR Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası; 34-cü maddəsinə görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır; 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Məhkəmə kollegiyası bildirir ki, əgər iddiaçı aldığı əlilliyə görə əmək pensiyasından (bir növdən) yaşa görə (o cümlədən, güzəştli şərtlərlə yaşa görə) əmək pensiyasına (baş növə) keçməyi arzu edirdisə, o halda bu barədə ərizə ilə cavabdehə rəsmi müraciət etməli, sonuncu bundan imtina etdikdə isə pozulduğunu güman etdiyi hüquqlarının təmin olunması tələbi ilə məhkəmədə iddia qaldırmalı idi. Lakin, işdən müəyyən edildiyi kimi, bu belə olmamışdır. Yəni, iddiaçı ərizə ilə xx.xx.2018-ci il tarixdə cavabdehə əlilliyə görə əmək pensiyasından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçmək üçün deyil, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir (iş vərəqi-13). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı məhkəmədə iddia qaldırdığı anda artıq əmək pensiyaçısı olduğundan və həmin vaxt onunla cavabdeh arasında əmək pensiyasının təyin edilməsi predmeti ilə bağlı hər hansı mübahisə mövcud olmadığından, onun hazırkı tələbə dair iddiasının mümkünlük şərtləri iş üzrə yerinə yetirilmir. Lakin, şikayət verilən qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarını düzgün araşdırmamış və hüquqi qiymət verməmiş, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, prosessual hüquq normalarını pozmaqla, səhv qərar qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qərarın ləğvi hissədə qismən razılaşır. Yekunda, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli (İPM-87.6), iddia mümkün sayılmamalı (İPM-35.1), apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-764/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona 52 yaşının tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-897/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-897/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver