Məhkəmə qərarları › İş №2-1(103)-897/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-897/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-897/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ‘‘Yapsan’’ MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-923/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanının 5 noyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin 2017 – 2018-ci illərdə fəaliyyəti üzrə 6 noyabr 2018-ci il tarixdən 6 dekabr 2019-cu il tarixədək növbəti səyyar vergi yoxlaması aparılmışdır. 24 yanvar 2020-ci il tarixdə yoxlama aktı tərtib edilmiş və həmin akt əsasında müəssisəyə cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixli qərar qəbul edilərək müəssisəyə 244.509,76 manat vergi borcu və 156.449,67 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərarla 2017ci il üzrə mənfəət vergisi üzrə 195.050,45 manat əsas borc və 97.525,23 manat maliyyə sanksiyası, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 144,70 manat və 72,35 manat maliyyə sanksiyası, 2017-ci il ƏDV üzrə 17.031,28 manat əsas borc və 18.600,35 manat maliyyə sanksiyası, 2018-ci il ƏDV üzrə 32.283,33 manat əsas borc və 20.111,12 manat maliyyə sanksiyası, 2017-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 19.399,38 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 741,24 manat maliyyə sanksiyası, cəmi 244.509,76 manat əsas vergi borcu və 156.449,67 manat maliyyə sanksiyası hesablanmışdır. Hesab edir ki, vergi orqanının həmin qərarı əsassızdır və ləğv edilməlidir. Həmçinin qərarın qəbuluna əsas olmuş 24 yanvar 2020-ci il tarixli akt əsassızdır, yoxlamanın keçirilməsi və aktın, qərarın tərtib edilməsi zamanı Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə vergi orqanının 16 may 2019-cu il tarixli məktubuna əsasən «Azərekspertiza» Birliyinin müətəxəssisi cəlb edilmiş və müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV hesabatlarının düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat bildirişi almışdır. Bildiriş 14 fevral 2002-ci il tarixdən qüvvəyə minmişdir. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 4.918.759,39 manat, ondan hesablanmış ƏDV 885.376,69 manat, əvəzləşdirilən ƏDV 895.255,19 manat və büdcədən ödənilməli ƏDV 9.878,50 manat. 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyi ilə 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin «Xammal-material xərcləri» adlı 221.3-cü sətrində 2.132.422,69 manat məbləğində xammal-material xərci göstərildiyi halda, mütəxəssis rəyinə əsasən mal-material xərci 1.157.046,00 manat və ya 975.376.69 manat məbləğində xammal-material xərclərin artıq göstərilməsi müəyyən edilmişdir. Hesab edirlər ki, mütəxəssis rəyi əsassızdır, reallığı əks etdirmir və yoxlamaya təqdim edilmiş materiallar və sənədlərlə təkzib edilir. İddiaçınən sübutları düzgün tədqiq edildiyi halda, ona mənfəət və ƏDV üzrə borc hesablana bilməzdi. Yoxlamaya təqdim edilmiş xərc sənədləri qanunazidd olaraq yoxlayıcı və mütəxəssis tərəfindən qəbul edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, əməliyyatlar üzrə ƏDV-lər ƏDV depozit hesabı ilə dövlət büdcəsinə köçürülmüşdür və bu əməliyyatlardan dövlət büdcəsi heç bir ziyan görməmişdir. Bundan başqa, AR Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr 219 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4-cü bəndində əsasən malları (işləri, xidmətləri) alan şəxs tərəfindən vergi hesab-fakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləği isə depozit hesabına köçürülməlidir. Həmin Qaydaların 1.4-cü bəndində şəxsin sözündən sonra “bank” sözü AR Nazirlər Kabinetinin 16 fevral 2008-ci il tarixli 47 nömrəli qərarı ilə çıxarılmışdır. Şəxsin hesabı dedikdə həm bank, həm də xəzinə hesabı onun hesabı deməkdir. Yəni qanunvericiliklə iddiaçının 2017–2018-ci illərdə əməliyyat apardığı müəssisələrin bank hesablarına köçürmə yolu ilə pul köçürülməsi qanuni olmuş və həmin əməliyyatlar üzrə aparılan əvəzləşdirmələr də qanunidir. İddiaçı tərəfindən yuxarıda adıçəkilən hüquqi şəxslərə xidmətlərin haqqı bank vasitəsilə köçürmə yolu ilə ödənilsə də, əvəzləşmələr həmin ödənişləri təsdiq edən elektron vergi hesabfakturaları və ƏDV sub-uçot hesabından çıxarışlar əsasında aparılmışdır. Adıçəkilən elektron vergi hesab-fakturaları Vergi Məcəlləsinin 176.2-ci maddəsinə uyğun doldurulmuşdur və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. İddiaçı tərəfindən isə, əsas məbləğin müqavilə tərəfinə bank hesabı vasitəsilə köçürmə ilə ödənilməsi verginin dövlət büdcəsindən yayınmasına səbəb olmamışdır. Qeyd edildiyi kimi, mübahisə predmeti olan vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh qeyd olunan halları nəzərə almadan qeyriobyektiv qərar qəbul etmişdir. Vergi orqanının əvəzləşdirilməyə dair istinadı tamamilə əsassızdır. Belə ki, MMC-nin əvəzləşdirmə hüququ AR Vergi Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulduğundan, əvəzləşdirmə aparılmış, lakin vergi orqanı tərəfindən hansı əsasla qəbul edilmədiy göstərilməmişdir. Hesab edilir ki, mübahisələndirilən ƏDV məbləği ƏDV depozit hesabı ilə dövlət büdcəsinə ödənildiyindən, müqavilə tərəflərinin arasında hesablaşmanın nağd qaydada aparılmasının verginin dövlət büdcəsindən yayınmasına səbəb olmadığından, həmçinin həmin dövrdə qüvvədə olmuş qanunvericilik aktlarına uyğun olduğundan, cavabdehin qəbul etdiyi qərarı əsassızdır. Bundan əlavə hesab edilir ki, cavabdehin qərarı və aktı iddiaçıya mənfəət vergisi hesablanması hissəsində də əsassızdır. Yoxlama aktında əsassız olaraq qeyd edilmişdir ki, müəssisə yoxlamaya ilkin sənədləri təqdim etməmişdir. Guya müəssisə tərəfindən yoxlamaya xərc sənədləri, tam təqdim edilmədiyindən yoxlama ilə 2017 – 2018-ci illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunur ki, iddiaçı tərəfindən səyyar vergi yoxlaması keçirilərkən yoxlayıcıya ilkin sənədlər təqdim edilmişdir. Müəssisə tərəfindən yoxlamaya xərc sənədləri tam təqdim edilmişdir, xammal və materialların alınması ilə bağlı sənədlər, istehsal olunan məhsulların kalkulyasiyası üzrə sənədlər təqdim edilmişdir. Yoxlayıcı və inzibati orqan isə, həmin sənədləri heç bır səbəb olmadan nəzərə almamışdır, yoxlama ilə 2017 – 2018-ci illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün idi. Ümumiyyətlə iddiaçının 2017 – 2018-ci illər üzrə xərc sənədləri, bunu təsdiq edən sənədlər və hesabat yoxlayıcıya təqdim edilmişdir. Vergi Məcəlləsinin 36.2, 3.8-ci maddələri də tətbiq olunmalıdır. Lakin vergi orqanı göstərilənləri nəzərə almadan əsassız olaraq mənfəət vergi borcu hesablamışdır. Vergi orqanı vergi borcunun ilkin mühasibat sənədləri əsasında müəyyən olunduğunu qeyd etsə də, həmin sənədlərin hansı sənədlərdən ibarət olduğunu, həmin sənədlər əsasına nəyin müəyyən olunduğunu, vergidən yayınma faktının hansı sənədlərlə əsaslandırdığını aktda qeyd etməmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Aktdan göründüyü kimi, səyyar vergi yoxlaması vergi orqanının qərarı ilə təyin edildiyi və yoxlama həmin idarə tərəfindən aparıldığı halda, səyyar vergi yoxlamasının müddəti də həmin İdarənin qərarları ilə, yəni vergi yoxlamasını aparan vergi orqanının özü tərəfindən qanunazidd olaraq 9 dəfə dayandırılmışdır. Qanunda yoxlamanın aparılmasının müvəqqəti dayandırılması anlayışı yoxdur, müddətin artırılması, həm də yuxarı vergi orqanı tərəfindən artırılması mümkündür. Bununla da, vergi orqanı Vergi Məcəlləsinin 38.2-ci maddəsini pozmuşdur. Həmin qərarlarda da qərarın Vergi Məcəlləsinin hansı maddəsinə əsasən qəbul edildiyi göstərilməmişdir. Hesab edilir ki, qanunun tələbləri pozulmaqla aparılmış yoxlama nəticəsində tərtib edilmiş akt əsasında qəbul edilmiş qərar ləğv edilməlidir. Bundan əlavə, cavabdeh iddiaçı barəsində kameral qaydada 17 mart 2020-ci il tarixli **********012000 və **********021000 saylı qərarlar qəbul etmiş, həmin qərarlarla müvafiq olaraq iddiaçıya kameral qaydada 2019-cu ilin avqust ayı üzrə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə 518,61 manat ƏDV üzrə borc hesablamışdır. Həmin qərarlar əsassızdır və ləğv edilməlidir. Həmin dövrlər üzrə iddiaçının digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrini təsdiq edən sənədlər əsasında dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği düzgün olaraq ödənilmişdir, əlavə vergi borcunun hesablaması qanuna ziddir. Vergi Məcəlləsinin tələblərinə görə vergi orqanı hesabat dövrü qurtardığı vaxtdan 30 gün müddətində kameral qaydada vergi borcu hesablaya bilər. Lakin vergi orqanı iddiaçıya 2019-cu ilin avqust ayı üzrə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə 518,61 manat ƏDV hesablanması barədə 30 günlük müddətə də riayət etməmişdir. Cavabdehin qərarındakı rəqəmlər reallığı əks etdirmir, iddiaçının fəaliyyətinin dayandırlmasına gətirib çıxaracaq. Göstərilənlərə və İPM-in 2, 8-ci maddələrinə, AR Vergi Məcəlləsinin 1, 3, 38, 53, 67, 104.1, 105.1, 121.1, 175.1, 175.2, 176.4-cü maddələrinə, AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı və 2007-ci il 30 dekabr 219 saylı qərarları ilə təsdiq edilmiş qaydaların müddəalarına əsaslanaraq, məhkəmədən cavabdehin 13 mart 2020-ci il tarixli **********199308 saylı, 17 mart 2020-ci il tarixli **********012000 saylı və həmin tarixli **********021000 saylı qərarlarının ləğv edilməsi xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 24 avqust 2020-ci il tarixli məktubunda (etirazında) iddia ilə bağlı aşağıdakılar bildirilmişdir: - İddiaçının fəaliyyəti üzrə (fevral 2017 – sentyabr 2018) keçirilmiş vergi yoxlaması 6 noyabr 2018-ci il tarixdən 6 dekabr 2019-cu il tarixədək aparılmış və 24 yanvar 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında qərar çıxarılaraq ümumilkdə büdcəyə çatası 400.959,43 manat vəsait hesablanmışdır. İddiaçı Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərini pozmüşdur. Təqdim edilmiş sənədlərə və mütəxəssis rəyinə əsasən həmin normaların tələblərinə müvafiq olaraq mənfəət vergisi yenidən hesablanmışdır. Yoxlama ilə 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən gəlir və xərclərin hesablama metodu ilə əks etdirilməsi göstərilmişdir. Yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatında göstərilməli olan məbləği ilə müqayisə edilərkən həmin maddələrin tələblərinin pozulması səbəbindən 2017-ci il üzrə 195.050.45 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. İddaçının təqdim etdiyi bəyannamədə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: 2017-ci il üzrə təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 3.206.598.05 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2.565.278.45 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 641.319.60 manat olmaqla 20% dərəcə ilə 128.263.92 vergi məbləği hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə Departamentin 16 may 2019-cu il tarixli məktubu ilə Vergi Məcəlləsinin 45-ci maddəsinə əsaslanaraq, “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Birlik tərəfindən təqdim edilmiş 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Xammal-material xərcləri” adlı 221.3-cü sətrində 2.132.422.69 manat məbləğində xammal-material xərci göstərildiyi halda, mütəxəssis rəyinə əsasən xammalmaterial xərci 1.157.046 manat və ya 975.376.69 manat məbləğində xammal-material xərcləri artıq göstərilməsi müəyyən edilmişdir. Bundan əlavə, yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı 124,44 manat məbləğində real digər xərcləri olmuş, mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində göstərilməmişdir. Beləliklə, yoxlama ilə həmin xərclərin təsdiqedici sənədlər təqdim olunduğundan, mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinə bərpa edilmişdir. Nəticədə, 2017-ci il üzrə vergiyə cəlb olunan mənfəət məbləği 1.616.571,85 manat müəyyən edilmiş və büdcəyə əlavə olaraq 195.050.45 (1.616.571,85 x 20% = 323.314,37 – 128.263.92) manat mənfəət vergisi hesablanmış, həmin məbləğin 50 faiz həcmində, yəni 97.525.23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV üzrə – ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni 31 may 2017-ci il tarixdə vergi orqanına təqdim edilmiş və quruma **********3 saylı qeydiyyat bildirişi verilmiş, bildiriş 1 iyun 2017-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının təqdim etdiyi ƏDV bəyannamələrinin düzgünlüyü 1 fevral 2017-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək yoxlanılmış və müəyyən olunmuşdur ki, vergi ödəyicisinin təqdim etdiyi mal-materialın hərəkəti barəsində dövriyyə cədvəlində yoxlanılan dövrün əvvəlinə 0.00 manat mal qalığı, yoxlanılan dövr ərzində 2.145.156.18 manat mal mədaxil olmuş, 2.093.345.95 manat mal-material silinmişdir. Yoxlanılan dövrün sonuna 51.810.23 mal qalığı olduğu qeyd edilmişdir. İlkin mühasibat sənədlərinə əsasən 2017-ci il üzrə 1.345.620.17 (ƏDV-siz) manat məbləğində mal-material silgisi qeyd edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə Departamentin 16 may 2019-cu il tarixli **********183176 nömrəli məktubuna əsasən “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Birlik tərəfindən təqdim edilmiş 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. MMC tərəfindən yoxlamaya təqdim edilmiş mal-material hərəkəti barədə cədvəldə 2017-ci il ərzində 1.345.620.17 manat material istifadə edildiyi və ya görülmüş iş və xidmətə sərf edildiyi göstərildiyi halda mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə faktiki olaraq 1.157.046 manat müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, görülmüş iş və xidmətlərə sərf olunan material ilə anbardan məxaric silgisi arasında 188.574,17 (1.345.620,17 – 1.157.046,00) manat fərq müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə həmin fərq əskik gəlmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyatı ƏDV-yə cəlb edilmiş edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 159.5 və 67.15-ci maddələrinin tələblərinə əsasən mütəxəssis rəyi nəzərə alınmaqla 33.943,35 (188.574,17 x 18%) manat məbləğində ƏDV hesablanmış, verginin azaldılmasına görə 50% həcmində, 16.971.67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175 və 166-cı maddələrinin tələblərinə müvafiq olaraq 43.479,58 manat ƏDV məbləğinin azaldılması və 28.108,32 manat artıq ƏDV məbləği hesablanması müəyyən edilmişdir. Nəticədə 15.371,26 (43.479,58 – 28.108,32) manat əlavə olaraq ƏDV hesablanmış və 50% həcmində 21.739,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qeyd edir ki, mübahisələndirilən ƏDV məbləği ƏDV depozit hesabı ilə dövlət büdcəsinə ödənildiyindən müqavilə tərəflərinin arasında hesablaşmanın nağd qaydada aparılmasının verginin dövlət büdcəsindən yayınmasına səbəb olmadığından cavabdehin qərarı əsassızdır. Lakin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 175.2-ci maddəsində birmənalı olaraq müəyyən edilmişdir ki, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. İddiaçı tərəfindən 40.281,24 manat ƏDV məbləğinin malların (iş və xidmətlərin) dəyərindən gec ödənilməsi müəyyən olunmuşdur. Həmin məbləğin 50% miqdarında 20.140.62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. İddiaçı tərəfindən 2019-cu ilin avqust ayı ƏDV üzrə iddiaçı tərəfindən 7 fevral 2020-ci il tarixdə bəyannamə təqdim edilmişdir. Həmin dövr üzrə kameral vergi yoxlaması aparılmış və 17 mart 2020-ci il tarixdə əlavə vergi məbləğinin hesablanması barədə qərar qəbul edilmişdir. Həmçinin 2019-cu ilin oktyabr ayı ƏDV üzrə iddiaçı tərəfindən 7 fevral 2020-ci il tarixdə bəyannamə təqdim edilmiş və həmin dövr üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində 17 mart 2020-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin tələbləri gözlənilmiş və yoxlamanın aparılması üçün nəzərdə tutulmuş 30 iş günü ötürülməmişdir. Göstərilənlərə və İPM-in 12.1-ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmənin iş üzrə qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə həvalə edilmişdir: 1)-Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 13 mart 2020-ci il tarixli və 17 mart 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları əsasında İddiaçı MMC-yə 2017-ci il üzrə mənfəət vergisi, 2017 – 2018-ci illər üzrə ƏDV borcları düzgün hesablanmışdırmı? 2)-İddiaçı MMC-nin xərc sənədini nəzərə almaqla 2017-ci il üzrə mənfəət vergisi, 2017–2018-ci illər üzrə ƏDV borcları hansı məbləği təşkil edir? AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli 9/3646 nömrəli rəyində bildirilmişdir ki, təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin: Mənfəət vergisi üzrə - 2017-ci il üzrə ümumi gəliri – 3.206.598,05 manat, cəmi xərclər – 2.365.278,45 manat; balans mənfəəti (zərəri) – 641.319,60 manatdır. Göstərilənlərə əsasən İddiaçı MMC-nin 2017-ci il üzrə apardığı əməliyyatlara görə 319,60 manat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müəyyən edilir. Vergi Məcəlləsinin 105-ci maddəsinin tələbinə uyğun olarag müəssisə üzrə 2017-ci ilin yekunlarına görə 641.319,60 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir. Həmin mənfəətdən 20% dərəcəsi ilə 128.263,92 manat məbləğində mənfəət vergisi hesablanır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 128.263,92 manat məbləğində mənfəət vergisi nəzərə alındıqda, son nəticədə müəssisə tərəfindən 2017-ci il üzrə aparılmış əməliyyatlara görə mənfəət vergisinin az hesablanması müəyyən edilmir. ƏDV üzrə - təqdim edilmiş iş materiallarından göründüyü kimi, müəssisə ƏDV-nin ödəyicisi olmuş və bu haqda vergi orqanına bəyannamələr təqdim edilmişdir. Lakin yoxlama ilə müəssisəyə əlavə olaraq 49.314,61 manat məbləğində ƏDV hesablanmışdır. Həmin az hesablanma səyyar vergi yoxlaması aktında aşağıdakı kimi göstərilmişdir: Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə “Azərekspertiza” Birliyindən dəvət edilmiş mütəxəssisin 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Yuxanda da qeyd edildiyi kimi, təmir-tikinti və quraşdırma işlərinin faktiki həcmi həmin sahə üzrə mütəxəssis tərəfindən nəzarət ölçüsünün nəticələrinə görə müəyyən edilməlidir. Lakin iş materiallarında olan mütəxəssis rəyində müəssisə tərəfindən yerinə yetirilən işlər üzrə ümumilikdə 1.230.996 manat məbləğində material xərci çəkilməsi hesablansa da, həmin hesablamaların mənbəyi, yəni müəssisə tərəfindən görülmüş işlərin mütəxəssis tərəfindən nəzarət ölçüsünün aparılması nəticəsində müəyyən olunması götünmür. Bundan başqa, mütəxəssis rəyində göstərilən işlərin dəyərinin hansı normativlərə müvafiq hesablanması göstərilməmişdir. Müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, vergi hesab-faktualarında, qaimələr və bank sənədlərində malların həcmi, ölçüsü barədə məlumatlar var. Vergi hesablanarkən tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə bazar qiymətindən nə də digər fiziki həcm, say və s. istifadə etməklə vergi hesablanmamışdır. Ona görə hazırkı ekspertiza zamanı həmin mütəxəssis rəyində aparılan hesablamaların, yəni görülən işlərə çəkilən xərcin düzgünlüyü müəyyən olunmur. Belə olan halda iş materiallarında olan sənədlərə və yuxarıda qeyd olunanlara əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDV məbləği müəyyən olunmur. Yəni səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq hesablanmış 49.314,61 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən edilmir. Beləliklə, hazırkı ekspertiza tədqiqatı zamanı müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin (mənfəət, ƏDV) düzgünlüyü müəyyən edilmir. Yəni, tədqiqatla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə az hesablanmış vergi məbləği müəyyən olunmamışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ekspert rəyi ilə məhkəməyə təqdim olunmuş yazılı mülahizəsində bildirilmişdir ki, cavabdeh MEMin ekspert rəyi ilə razılaşmır və rəyin mötəbər sübut qismində qəbul edilməməli olduğunu hesab edir. Ekspert qarşısında qoyulmuş birinci sual üzrə cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixli və 17 mart 2020-ci tarixli qərarlar üzrə iddiaçıya 2017-ci il üzrə mənfəət vergisi və 2017 – 2018-ci illər üzrə ƏDV vergisinin düzgün hesablanılıb-hesablanılmaması müəyyən edilməli idi. Ekspert həmin sual üzrə vergi orqanı tərəfindən həyata keçirilmiş hesablamanın doğruluğunun müəyyən olunmadığını bildirmiş və öz mövqeyini əsaslandırarkən tikinti-təmir və quraşdırma işlərinin faktiki həcmi həmin sahə üzrə mütəxəssis tərəfindən nəzarət ölçüsünün nəticələrinə görə müəyyən edilməli olduğunu bildirmişdir. Belə ki, ekspert rəyində bildirilmişdir ki, iş materiallarında olan mütəxəssis rəyində müəssisə tərəfindən yerinə yetirilən işlər üzrə ümumilikdə, 1.230.996,00 manat məbləğində material xərcinin çəkilməsi hesablansa da, həmin hesablamaların mənbəyi, yəni müəssisə tərəfindən görülmüş işlərin mütəxəssis tərəfindən nəzarət ölçüsünün aparılması nəticəsində müəyyən olunması görünmür. Ekspert tərəfindən qarşıda qoyulmuş sual üzrə mahiyyətə uyğun tədqiqat aparılmadan formal və əsassız rəy verilmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin əsas məqsədi xüsusi bilik tələb edən hal üzrə ekspertizaya təqdim edilmiş materiallar əsasında hesablamanın həyata keçirilərək mübahisələndirilən hesablamanın düzgünlüyünün müəyyən edilməsidir. Halbuki, ekspert nəinki ekspertizaya təqdim edilmiş materiallar əsasında heç bir hesablama həyata keçirməmiş, həm də məhkəmənin səlahiyyətinə aid olan sübutun əsaslılığına qiymət vermişdir. Ekspert xüsusi bilik tələb edilə məsələlərlə bağlı rəy vermək üçün cəlb edilir, hüquq normalarının tətbiqi barədə nəticə ekspertin rəyinin əsasını təşkil edə bilməz. Digər tərəfdən, ekspert mütəxəssis rəyində göstərilən dəyərinin hansı normativə uyğun hesablanmasının müəyyən edilmədiyi bildirilmiş, həmçinin tikinti layihə və smeta sənədlərindən, əlaqəli məlumatlardan və bazar qiymətindən istifadə edilmədiyi qeyd edilmişdir. Ekspertin qeyd edilən mövqeyinə münasibətdə yuxarıda qeyd edilənlərlə yanaşı həmçinin bildirilir ki, mütəxəssis rəyinə əsasən görülmüş işlərə çəkilmiş material xərclərinin “Forma 2” aktlarına əsasən müəyyən edildiyi və rəyə əlavə edilmiş qiymətləndirmə cədvəlində hər bir malın (material) göstəricilərinin aydın şəkildə qeyd edildiyi aydın olur. Ekspert qeyd edilən göstəricilərin hər hansı biri ilə razılaşmadığı halda rəyində onu əsaslandırmalı və əsaslı hesab etdiyi göstəricilərə əsasən yenidən hesablama aparmalı idi. Halbuki, ekspert qanunvericiliyin normalarını ekspert rəyinə köçürməklə kifayətlənərək, heç bir tədqiqat həyata keçirməmişdir. Odur ki, vergi orqanı tərəfindən həyata keçirilmiş hesablamanın əsasını təşkil edən mütəxəssis rəyinin əsaslılığının qiymətləndirilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsinə heç bir zərurət mövcud deyildir. Qeyd edilən hala qiymət verilməsi məhkəmə tərəfindən həyata keçirilir. Başqa sözlə desək, hesablama həyata keçirilməklə rəy verilməsi tələb edilən birinci sual üzrə ekspertin gəldiyi nəticə absurd olmaqla, iş üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Ekspert həmçinin rəyin sonrakı hissəsində Vergi Məcəlləsinin gəlir və mənfəət vergisinə aid olan normalarını rəyə köçürərək, heç bir sənədə və hesablamaya istinad etmədən vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamə göstəricilərini təsdiqləyərək, 2017-ci ilin mənfəət üzrə vergi ödəyicisinin gəlirlərinin 3.206.598,05 manat, gəlirdən çıxılan xərclərinin 2.565.278,60 manat, vergiyə cəlb edilən mənfəətinin isə 641.319,60 manat olduğunu və 2017-ci il üzrə 128.263,92 manat vergi hesablanmalı olduğunu bildirmişdir. Ekspertin ekspertizaya təqdim edilmiş hər hansı ciddi hesabat blankını və digər mühasibatlıq sənədini tədqiq etmədən hansı əsasla yuxarıda qeyd edilən göstəriciləri əldə etdiyi sual doğurur. Odur ki, heç bir tədqiqata və hesablanmaya əsaslanmayan yuxarıda qeyd edilən nəticə yalnız ekspertin təxəyyülünün məhsulu ola bilər. Qeyd edilənlərə əsasən ekspert rəyinin tamamilə absurd, iş üçün əhəmiyyətli olan heç bir halı müəyyən etməyən əsassız rəy olduğu birmənalı şəkildə öz təsdiqini tapır. Eyni zamanda qeyd olunmalıdır ki, MMC-də vergidən yayınma faktına görə 2 mart 2021-ci il tarixli qərarla CMin 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Həmin cinayət işinin istintaqı çərçivəsində də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə ekspertizası mərkəzi tərəfindən təqdim edilən 23 fevral 2021-ci il tarixli 9/4811 nömrəli ekspert rəyinə əsasən vergi orqanının hesablaması təsdiqini tapmışdır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən 18 iyun 2021-ci il tarixli 9/3646 saylı ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-923/2021 saylı, 08.10.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarı ləğv edilmiş, 17 may 2020-ci il tarixli, **********012000 və **********021000 saylı qərarlarının ləğv hissəsində iddia təmin edilməmişdir. İddiaçı və cavabdeh qərardan apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətini etirazına uygun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, yoxlama zamanı müəssisə tərəfindən təqdim olunmuş sənədlərə (mühasibat sənədlərinə,müqavilələrə,vergi-hesab fakturalara, elektron qaimə fakturalara, təhvil- təslim aktlara, ƏDVDH çıxarışlara, ödəniş sənədlərinə, bank hesablarından çıxarışlara və sair sənədlərə) əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələbləri pozulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə və mütəxəssis tərəfindən verilmiş rəyə əsasən Vergi Məcəlləsinin 108-ci və 130-cu maddaərinin tələblərinə müvafiq olaraq mənfəət vergisi yenidən hesablanməşdır. Yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş 2017-ci ilin “Mənfəət vergisi” bəyannaməsinin düzgünlüyü yoxlanılmış və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatında göstərilməli olan məbləği ilə müqayisə edilərkən Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinin pozulması səbəbindən 2017- ci il üzrə 195050.45 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 3 206 598.05 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2 565 278.45 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 641 319.60 manat olmaqla 20% dərəcə ilə 128 263.92 vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən cəlb edilmiş mütəxəssis rəyinə əsəsən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1157046.00 manat müəyyən edilmişdir. Bundan əlavə yoxlama zamanı müəyyən edildi ki, vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsiylə bağlı 124.44 manat məbləğində real digər xərcləri olmuş, mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində göstərilməmişdir. Beləliklə, yoxlama ilə həmin xərclərin təsdiqedici sənədləri təqdim olunduğundan mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinə bərpa edilmişdir. Nəticədə 2017-ci il üzrə vergiyə cəlb olunan mənfəət məbləği 1 616 571.85 manat müəyyən edilmiş və büdcəyə əlavə olaraq 195050.45 (1 616 571.85 x 20%=323314.37- 128263.92) manat mənfəət vergisi hesablanmışdır və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 97525.23 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Əlavə dəyər vergisinin hesablanması üzrə: yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə cəlb edilmiş mütəxəssis tərəfindən tərtib edilmiş rəyə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə malmaterial xərci 1157046.00 manat müəyyən edilmişdir. Cəmiyyət tərəfindən yoxlamaya təqdim edilmiş mal-material hərəkəti barədə cədvəldə 2017-ci il ərzində 1345620.17 manat material istifadə edildiyi və ya görülmüş iş və xidmətə sərf edildiyi göstərildiyi halda mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə faktiki olaraq 1157046.00 manat müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi görülmüş iş və xidmətlərə sərf olunan material ilə anbardan məxaric silgisi arasında 188574.17 (1345620.17 -1157046.00 ) manat fərq müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə həmin fərq əksik gəlmə kimi qiymətləndirilərək VM-nin 159.5-ci maddəsinə əsasən Vergi ödəyicisı malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətiərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyatı ƏDV-yə cəlb edilmiş edilmişdir. Nəticədə Məcəllənin 159.5-ci və 67.15 maddələrinin tələblərinə əsasən mütəxəssis rəyi nəzərə alınmaqla 33943.35 (188574.17 * 18%) manat məbləğində ƏDV hesablanmışdır.Yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175-ci və 166-cı maddələrinin tələblərinə müvafiq olaraq 43479.58 manat ƏDV məbləğinin azaldılması və 28108.32 manat artıq ƏDV məbləği hesablanması müəyyən edildi. Nəticədə 15371.26 (43479.58-28108.32) manat əlavə olaraq ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə 50% həcmində, yəni, 21739.80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə riayət olunmamaqla aparmışdır. Məhkəmə hər hansı bir sübut təqdim etmədən yuxarıda qeyd olunan qərarların qəbulu əsaslarını şübhə altına almışdır. Lakin məhkəmənin barəsində şikayət olunan qərarında sözügedən qərarların qəbulu əsasları şərh edilməmiş, cavabdeh tərəfindən təqdim edilmiş dəlillərin rədd edilməsi əsaslandırılmamışdır. Belə olan halda məhkəmənin iş üzrə “yoxlamanın müddətinin asassız olaraq uzadılması qənaəti” təsdiqini tapmır. Çünki məhkəmə qərarında vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının dayandırılması və uzadılması barədə qərarlar qəbul edilərkən hansı formallığın tətbiq edilməsi və müddətlərin uzadılmasının əsassızlığının nədən ibarət olması müəyyən olunmur.Digər tərəfdən məhkəmə iş üzrə sübutların araşdırılması zamanı səyyar vergi yoxlaması zamanı istifadə edilən mütəxəssis rəyinin əsaslılığını şübhə altına alaraq, məhkəmə gedişində təyin edilmiş ekspert rəyi ilə mütəxəssis rəyinin nəticələrini təkzib edildiyini əsas gətirərək mütəxəssis rəyini mötəbər sübut kimi qiymətləndirməmişdir. Məhkəmənin ekspert rəyini qoyulan məsələlər üzrə tam əhatəli əsaslandırılmış qəbul etməsi isə onu sübut edir ki, cavabdehin ekspert rəyinə münasibətdə təqdim etdiyi mülahizəni məhkəmə ümumiyyətlə nəzərə almamışdır. Cavabdehin mülahizədə qeyd etdiyi hallara baxmayaraq etdiyi təqdirdə cavabdehin arqumentlərinin qəbul edilməməsi əsaslandırılmalı idi. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 923/2021 saylı, 08.10.2021-ci il tarixli qərarı, qismən, yəni “iddianın qalan hissədə təmin edilməməsi” hissəsində ləğv edilməli, həmin hissələrdə də iddiaçının iddia tələbi tam təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın həmin hissəsində belə qənaətə gəlmişdir ki, "Mübahisə predmeti olan "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 mart 2020-ci il tarixli **********012000 saylı və **********021000 saylı qərarlara aid hissə əsaslı deyildir. Bu qənaət ondan irəli gəlir ki, cavabdeh həmin qərarların qəbulu üzrə inzibati icraat zamanı vergi qanunvericiliyinin normalarına (o cümlədən Vergi Məcəlləsinin 37-ci maddəsinə) və qanunvericiliyin inzibati icraatla bağlı ümumi müddəalarına (o cümlədən, «İnzibati icraat haqqında» AR Qanununun 11, 17 və 58-ci maddələrinə) riayət etmiş və müvafiq qənaətə əsaslı olaraq gəlmişdir. Belə ki, vergi ödəyicisi kimi hazırkı iddiaçının təqdim etdiyi müvafiq bəyannamə məlumatlarında görünən ziddiyyətli məqamlar "kənarlaşma” kimi qiymətləndirməni istisna etmir və iddiaçı cavabdehin həyata keçirdiyi kameral vergi yoxlamaları zamanı müəyyən olunmuş müddətlərdə hər hansı açıqlama, izahat və digər zəruri sənədləri həmin orqana təqdim etməmişdir. Belə olan halda, məhkəmə cavabdehin 17 mart 2020-ci il tarixli **********012000 saylı və **********021000 saylı qərarlarını qanunsuz qiymətləndirmir. Odur ki, iddia həmin qərarların mübahisələndirilməsi hissəsində əsassızdır”. Halbuki, hazırki iş üzrə məhkəmənin mövqeyi həmin hissədə əsassızdır. Belə ki, cavabdeh iddiaçı barəsində kameral qaydada 17 mart 2020-ci il tarixli **********012000 və **********021000 saylı qərarlar qəbul etmiş, həmin qərarlarla müvafiq olaraq iddiaçıya kameral qaydada 2019-cu ilin avqust ayı üzrə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə 518,61 manat ƏDV üzrə borc hesablamışdır. Həmin qərarlar əsassızdır və ləğv edilməlidir. Lakin birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə iddiaçının hüquqlarını pozmuşdur. Həmin dövrlər üzrə iddiaçının digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrini təsdiq edən sənədlər əsasında dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği iddiaçı tərəfindən düzgün olaraq hesablanmış və ödənilmişdir, ona görə də iddiaçıya həmin dövrə görə cavabdeh tərəfindən əlavə vergi borcunun hesablaması qanuna ziddir. Vergi Məcəlləsinin tələblərinə görə vergi orqanı hesabat dövrü qurtardığı vaxtdan 30 gün müddətində kameral qaydada vergi borcu hesablaya bilər. Lakin vergi orqanı iddiaçıya 2019-cu ilin avqust ayı üzıə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə 518,61 manat ƏDV hesablanması barədə 30 günlük müddətə də riayət etməmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 18.06.2021-ci il tarixli, 9/3646 saylı rəyi ilə də müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 17.03.2019-cu il tarixli qərarla ƏDV borcu hesablanması əsassızdır, həmin dövrə görə iddiaçı tərəfindən ƏDV dövlət büdcəsinə ödənilsə də azaldılma baş verməyibdir. Göründüyü kimi, vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən AR Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozulmuş, qanunvericilikdə göstərilmiş müddətə riayət edilməmiş, bununla da əsassız olaraq vergi borcu hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkil-nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-923/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, vergi orqanı tərəfindən iddiaçının 2017 – 2018-ci illər üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 13 ay aparılmış və 24 yanvar 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixli **********199308 saylı qərar qəbul edilərək iddiaçıya 2017-ci il üzrə mənfəət vergisi üzrə 195.050,45 manat əsas borc və 97.525,23 manat maliyyə sanksiyası, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 144,70 manat və 72,35 manat maliyyə sanksiyası, 2017-ci il ƏDV üzrə 17.031,28 manat əsas borc və 18.600,35 manat maliyyə sanksiyası, 2018-ci il ƏDV üzrə 32.283,33 manat əsas borc və 20.111,12 manat maliyyə sanksiyası, 2017-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 19.399,38 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 741,24 manat maliyyə sanksiyası, cəmi 244.509,76 manat əsas vergi borcu və 156.449,67 manat maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh həmin qərarın qəbulunu belə əsaslandırır: 1) yoxlama zamanı təqdim olunmuş sənədlərə əsasən iddiaçı tərəfindən Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinin pozulması müəyyən edilmiş və bu səbəbdən həmin sənədlərə və yoxlamanın gedişində alınmış mütəxəssis rəyinə əsaslanaraq qeyd olunan normaların tələblərinə müvafiq olaraq ona mənfəət vergisi yenidən hesablanmış, müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir; 2) yoxlama zamanı alınmış mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 159.5 və 67.15-ci maddələrinin tələblərinə əsasən mütəxəssis rəyi nəzərə alınmaqla 33.943,35 (188.574,17 x 18%) manat məbləğində ƏDV hesablanmışdır. ƏDV-nin azaldılmasına görə 50% həcmində 16.971.67 manat maliyyə sanksiyası tətbiq edilmişdir; 3) yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175 və 166-cı maddələrinin tələblərinə müvafiq olaraq 43.479,58 manat ƏDV məbləğinin azaldılması və 28.108,32 manat artıq ƏDV məbləği hesablanması müəyyən edilmişdir. Bununla da 15.371,26 manat əlavə olaraq ƏDV hesablanmış və ƏDVnin azaldılmasına görə 50% həcmində 21.739,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nəticədə malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən vaxtında ödənilməmiş 40.281.24 manat ƏDV (2017-ci il üzrə 38.798,76 manat və 2018-ci il üzrə 1.482,48 manat) məbləğinin 50% miqdarında 20.140.62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Bundan başqa, iddiaçının fəaliyyəti üzrə kameral qaydada vergi yoxlaması da keçirilərək, 17 mart 2020-ci il tarixli **********012000 nömrəli və həmin tarixli **********021000 nömrəli qərarlar qəbul edilmişdir. Qərarların qəbulu onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi bəyannamələr üzrə üzrə ƏDV tutulan əməliyyatların dövriyyəsi az göstərildiyindən, kənarlaşma müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə müvafiq uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 30.639,60 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17 mart 2020-ci il tarixli **********012000 nömrəli qərar göndərilmişdir. Eləcə də iddiaçının ƏDV qeydiyyatının qüvvəyə minmə tarixindən 31 oktyabr 2019-cu il tarixədək olan dövr ərzində digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrinin təhlili nəticəsində bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV məbləğində 518,61 manat kənarlaşma yaranmışdır. Bununla bağlı da iddiaçıya müvafiq uyğunsuzluq məktubu göndərilmiş və məktubdakı müddətdə əsaslandırılmış izahat, aparılan əməliyyatlar barədə məlumat təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 518,61 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17 mart 2020-ci il tarixli **********021000 nömrəli qərar göndərilmişdir. İddiaçı hazırda 13 mart 2020-ci il və 17 mart 2020-ci il tarixli həmin qərarları (3 qərar) mübahisələndirmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, cavabdeh 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarın qəbulunu yoxlama zamanı vergi ödəyicisi kimi iddiaçının təqdim etdiyi sənədlərdə AR Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinin pozulmasının müəyyən edilməsi və müvafiq mütəxəssis rəyi ilə əsaslandırsa da alınmış ekspertiza rəyi ilə inzibati orqanın gəldiyi bu nəticə təkzib olunmuşdur. Həmin rəy ilə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən hesablanmış əlavə mənfəət və ƏDV vergisinin düzgünlüyü müəyyən edilməmişdir. Yəni, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi məbləğlərinin azaldılması halları olmamışdır. Bundan əlavə, səyyar vergi yoxlaması aparılarkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, vergi yoxlaması 24 ay davam etmiş, 9 dəfə yoxlamanın aparılması ilə bağlı qərarlar qəbul olunsa da, həmin qərarların zəruriliyi əsaslandırılmamış, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarda həmin tədbirlərin nədən ibarət olması və hansı əlavə halların aydınlaşdırılması açıqlanmamışdır. Bununla da, «İnzibati icraat haqqında» AR Qanununun 48.1 maddəsinin tələbləri pozulmuşdur. Mübahisə predmeti olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 mart 2020-ci il tarixli **********012000 saylı və **********021000 saylı qərarlara münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh həmin qərarların qəbulu üzrə inzibati icraat zamanı vergi qanunvericiliyinin normalarına (o cümlədən Vergi Məcəlləsinin 37-ci maddəsinə) və qanunvericiliyin inzibati icraatla bağlı ümumi müddəalarına (o cümlədən, «İnzibati icraat haqqında» AR Qanununun 11, 17 və 58-ci maddələrinə) riayət etmiş və haqlı olaraq əsaslı qənaətə gəlmişdir. Belə ki, vergi ödəyicisi kimi hazırkı iddiaçının təqdim etdiyi müvafiq bəyannamə məlumatlarında görünən ziddiyyətli məqamlar “kənarlaşma” kimi qiymətləndirməni istisna etmir və iddiaçı cavabdehin həyata keçirdiyi kameral vergi yoxlamaları zamanı müəyyən olunmuş müddətlərdə hər hansı açıqlama, izahat və digər zəruri sənədləri həmin orqana təqdim etməmişdir. Odur ki, iddia həmin qərarların mübahisələndirilməsi hissəsində əsassız olduğundan məhkəmə haqlı olaraq iddianı həmin hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırki mübahisənin hüquqi aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 175.2-ci maddəsinə görə bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsinə gərə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması ilə bağlı məhkəmə koiiegiyası aşagıdakıları qeyd edir: Hazırkı işin məhkəmə icraatında mübahisə predmeti kimi cavabdeh inzibati orqanın 3 inzibati aktı çıxış etmişdir: səyyar vergi yoxmasının nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” 13 mart 2020-ci il tarixli **********199308 saylı qərar və kameral vergi yoxlamalarının nəticələri üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 mart 2020-ci il tarixli **********012000 saylı və həmin tarixli **********021000 saylı qərarlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarın qəbulunu yoxlama zamanı vergi ödəyicisi kimi iddiaçının təqdim etdiyi sənədlərdə Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinin pozulmasının müəyyən edilməsi və alınmış müvafiq mütəxəssis rəyi ilə əsaslandırsa da, işə baxan hakim məhkəmə icraatında alınmış ekspertiza rəyini daha mötəbər sübut kimi qəbul edərək inzibati orqanın bu qənaətini təkzib etmiş və səyyar vergi yoxmasının nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarını ləgv etmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, ƏDV üzrə – yoxlama ilə müəssisəyə əlavə olaraq 49.314,61 manat məbləğində ƏDV hesablanmışdır. Həmin az hesablanma səyyar vergi yoxlaması aktında aşağıdakı kimi göstərilmişdir: Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə “Azərekspertiza” Birliyindən dəvət edilmiş mütəxəssisin 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. İş materiallarında olan mütəxəssis rəyində müəssisə tərəfindən yerinə yetirilən işlər üzrə ümumilikdə 1.230.996 manat məbləğində material xərci çəkilməsi hesablansa da, həmin hesablamaların mənbəyi, yəni müəssisə tərəfindən görülmüş işlərin mütəxəssis tərəfindən nəzarət ölçüsünün aparılması nəticəsində müəyyən olunması götünmür. Bundan başqa, mütəxəssis rəyində göstərilən işlərin dəyərinin hansı normativlərə müvafiq hesablanması göstərilməmişdir. Müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, vergi hesab-faktorlarında, qaimələr və bank sənədlərində malların həcmi, ölçüsü barədə məlumatlar var. Vergi hesablanarkən tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə bazar qiymətindən nə də digər fiziki həcm, say və s. istifadə etməklə vergi hesablanmamışdır. Ona görə həzırki ekspertiza zamanı həmin mütəxəssis rəyində aparılan hesablamaların, yəni görülən işlərə çəkilən xərcin düzgünlüyü müəyyən olunmur. Belə olan halda iş materiallarında olan sənədlərə və yuxarıda qeyd olunanlara əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDV məbləği müəyyən olunmur. Yəni səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq hesablanmış 49.314,61 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən edilmir. Beləliklə, hazırkı ekspertiza tədqiqatı zamanı müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin (mənfəət, ƏDV) düzgünlüyü müəyyən edilmir. Yəni, tədqiqatla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə az hesablanmış vergi məbləği müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə alınmış 18 iyun 2021-ci il tarixli 9/3646 saylı ekspertiza rəyi ilə razılaşmamaq ücün hər hansı əsas yoxdur, rəydə qoyulan məsələlər üzrə tam əhatəli əsaslandırılmış və məhkəmə tərəfindən qiymətləndirilmişdir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Tədqiq edilmiş ekspert rəyində isə, səyyar vergi yoxlamasının əhatə etdiy dövr üzrə vergi ödəyicisi kimi hazırkı İddiaçı MMCnin müvafiq xərc sənədini nəzərə almaqla 2017-ci il üzrə mənfəət vergisi, 2017 – 2018-ci illər üzrə ƏDV borclarının mövcud olmaması, habelə cavabdeh inzibati orqan tərəfindən 13 mart 2020-ci il tarixli və qərar əsasında iddiaçıya mənfəət vergisi və ƏDV-nin düzgün hesablanmaması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın da apardığı inzibati icraatdakı əsas dəlili kimi “təqdim edilmiş sənədlər və mütəxəssis rəyi” çıxış etmişdir. Bundan başqa, səyyar vergi yoxlaması 24 ay davam etmiş və bu müddət ərzində bir dəfə “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə dair” və 9 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, həmin qərarların zəruriliyi əsaslandırılmamış (6 dəfə mütəxəssis-ekspert dəvət olunması göstərilmişdir), eləcə də əlavə yoxlama tədbirlərinin nədən ibarət olması və sonradan hansısa haların əlavə tədbirlərlə aydınlaşdırıldığı açıqlanmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan səyyar vergi yoxlamasını AR Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət kriteriyasına formal əməl olunmaqla aparmış və həmin normanın, eləcə də «İnzibati icraat haqqında» AR Qanununun 48.1-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab etmişdir ki, cavabdehin 13 mart 2020ci il tarixli **********199308 saylı qərarı qanuna zidd olmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən hüquqi şəxslərə xidmətlərin haqqı bank vasitəsilə köçürülmə yolu ilə ödənilsə də, əvəzləşmələr həmin ödənişləri təsdiq edən elektron vergi hesab fakturaları və ƏDV sub-uçot hesabdan çıxarışlar əsasında aparılmışdır. Adı çəkilən elektron hesab fakturalara Vergi Məcəlləsinin 176.2-ci maddəsinə əsasən doldurulmuşdur və cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. İddiaçı tərəfindən əsas məbləğin müqavilə tərəfindən bank hesabı vasitəsilə köçürülmə yolu ilə ödənilməsi verginin dövlət büdcəsindən yayınmasına səbəb olmamışdır. Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası onu da qeyd edir ki, müəssisə tərəfindən yoxlamaya xərc sənədlərinin tam təqdim edilməməsinə dair dəlillər də əsassızdır. İş materiallarından görünür ki, müəssisə tərəfindən xammal və materialların alınması ilə bağlı sənədlər, istehsal olunun məhsulların kalkulyasiyası üzrə sənədlər təqdim edilmişdir. İnzibati orqan həmin sənədləri nəzərə almamışdır. Lakin, məhkəmə icraatında aparılmış ekspertiza rəyi ilə həmin sənədlər əsasında vergi orqanı tərəfindən 2017-2018-ci illər üzrə hesablanmış ƏDV və mənfəət vergisinin az hesablanması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (13 mart 2020ci il tarixli **********199308 saylı qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaratmışdır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın 13 mart 2020-cin il tarixli **********199308 saylı qərarın ləğv edilməsi hissəsində məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinin ekspertiza rəyi ilə baglı dəlilləri formal mülahizə xarakteri daşıdıgından təmin eddilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mübahisələləndirilən həmin qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. İddiaçının apellyasiya şikayətindən göründüyü kimi iddiaçı vergi orqanın kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş 17 may 2020-ci il tarixli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Mübahisə predmeti olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 mart 2020-ci il tarixli **********012000 saylı və **********021000 saylı qərarlara münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh həmin qərarların qəbulu üzrə inzibati icraat zamanı vergi qanunvericiliyinin normalarına (o cümlədən Vergi Məcəlləsinin 37-ci maddəsinə) və qanunvericiliyin inzibati icraatla bağlı ümumi müddəalarına (o cümlədən, «İnzibati icraat haqqında» AR Qanununun 11, 17 və 58-ci maddələrinə) riayət etmiş və haqlı olaraq əsaslı qənaətə gəlmişdir. Belə ki, vergi ödəyicisi kimi hazırkı iddiaçının təqdim etdiyi müvafiq bəyannamə məlumatlarında görünən ziddiyyətli məqamlar “kənarlaşma” kimi qiymətləndirməni istisna etmir və iddiaçı cavabdehin həyata keçirdiyi kameral vergi yoxlamaları zamanı müəyyən olunmuş müddətlərdə hər hansı açıqlama, izahat və digər zəruri sənədləri həmin orqana təqdim etməmişdir. Odur ki, iddia həmin qərarların mübahisələndirilməsi hissəsində əsassız olduğundan məhkəmə haqlı olaraq iddianı həmin hissədə təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-923/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 22-1(112)-923/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar