Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-897/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “əmək kitabçasında olan qeydlərin etibarlı hesab edilərək həmin dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşdan, yəni 1 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3625/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı 25 fevral 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus AT-İ seriyalı ******* saylı əmək kitabçasının 6-cı və 7-ci səhifələrində olan 8 və 9 saylı qeydlərin etibarlı hesab edilərək həmin dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşı olan tarixdən, yəni 1 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3625/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat: Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-564/2021 saylı, 3 mart 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır. İddiaçı 8 aprel 2021-ci il tarixdə qərarın surətini almış, 6 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2-1(102)-1166/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiyası Məhkəməsi İnzibati Kollegiyasının 3 mart 2021-ci il tarixli, 2- 1(103)-564/2021 nömrəli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2022-ci il tarixli, 2- 1(103)-232/2022 nömrəli qərarı ilə (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, Q.Babayev və C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, İddiaçı hüququn yarandığı 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki üç il üzrə hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1717/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiyası Məhkəməsi İnzibati Kollegiyasının 3 mart 2021-ci il tarixli, 2- 1(103)-564/2021 nömrəli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh isə apelyasiya şikayətinin əsassız olduğunu və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan: - . İddiaçıya məxsus əmək kitabçasına əsasən: - xx.xx.1974- xx.xx.1976-cı illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, keçmiş, - xx.xx.1977-xx.xx.1978-ci illərdə F.E.Dzerjinski adına Volqoqrad Traktor zavodunda frez-maşinisti peşəsində (1 il 03 ay 29 gün), - xx.xx.1978-xx.xx.1987-ci illərdə “TO-17" Armtuneltikinti müəssisəsində betonqarışdıran və tələbə (9 il 3 ay 28 gün), - xx.xx.1987-xx.xx.1989-cü il tarixədək İndjevan Stansiyasında quraşdırıcı peşəsində (1 il 6 ay 27 gün), - xx.xx.1989-xx.xx.1997-ci illərdə “Azər boru” Azərbaycan Boru Yayma təmirçiçilingər (7 il 9 ay 19 gün), - xx.xx.1997-xx.xx.2005-ci il tarixədək 5-ci dərəcəli elektrikçilingər vəzifələrində işləmişdir (8 il 8 ay 3 gün). 2. Əmək kitabçasının 6-7-ci səhifələrində olan 8 və 9-cu qeydlərdə xx.xx.1987- ci il və xx.xx.1987-ci illərdə əmək fəaliyyəti ilə bağlı düzəliş edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 3 fevral 2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən 9 iyun 1977-ci il tarixli, AT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlərdə sonradan düzəliş edilərək ümumi iş stajının artıq göstərilməsi aşkar görünür. Bu səbəbdən də həmin dövrləri ümumi iş stajına aid etmək mümkün olmadığı üçün iddiaçının ümumi iş stajı 25 il və ya daha çox təşkil etdiyi qənaətində olmaq mümkün deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/1445 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, “1. Tədqiqata təqdim edilmiş İddiaçı adına AT-İ ******* nömrəli əmək kitabçasında olan 8 və 9-cu qeydlərdəki “1987” rəqəmlərdən “87” rəqəmlərin, “15.09.87r” və “27.10.87r” yazılardakı “87r” rəqəmlərin yerində mexaniki üsulla pozma aparılaraq və əlavə cizgilər artırılaraq indiki rəqəmlər icra edilmişdir. Həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmlərini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş İddiaçı adına AT-İ ******* nömrəli əmək kitabçasının 6-cı səhifədə olan “8 15 09 1987” yazıların altındakı eyni “8 15 09 1987” yazılar sonradan əlavə edilmişdir. 2. Tədqiqata təqdim edilmiş İddiaçı adına AT-l ******* nömrəli Əmək kitabçasında olan 8 və 9-cu qeydlərində olan tarix göstəricilərdəki “87” rəqəmlər ekspertizaya təqdim edilmiş işinin 80-ci və 95-ci vərəqlərində olan əmək kitabçasının 8 və 9-cu qeydlərin surətində olan tarix göstəricilərdəki “87” rəqəmləri ilə eynilik təşkil etmir.” Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına dair düzgün qiymət verilmədən yanlış nəticəyə gəlinmişdir. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajını müəyyən edən əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, bununla da iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan iş stajı tamamlanmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur. Məhkəmənin mövqeyi ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd edir. Hazırki inzibati iş materialları araşdırılan zaman müəyyən olur ki, iddiaçının əmək kitabçasında iddia edilən düzəlişlərin əhatə etdiyi dövr nəzərə alınmasa belə, onun xx.xx.2006-cı il tarixə zəruri olan 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı mövcuddur. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən, o , xx.xx.1974-xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuş (02 il 25 gün), xx.xx.1977xx.xx.1978-ci il tarixədək F.E.Dzerjinski adına Volqaqrad Traktor zavodunda frez-maşinisti (01 il 03 ay 28 gün), xx.xx.1978-xx.xx.1984-cü ilədək qazmaçı (06 il 02 ay 14 gün), xx.xx.1989--xx.xx.1997-ci il tarixədək “Azər boru” Azərbaycan Boru Yaymada təmirçiçilingər ( 07 il 10 ay 19 gün), xx.xx.1997-xx.xx.2005-ci il tarixədək 5-ci dərəcəli elektrikçilingər (08 il 08 ay 03 gün) vəzifələrində işləmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan ekspert rəyi ilə əmək kitabçasının yalnız 8 və 9-cu qrafalarında olan qeydlərə düzəliş edildiyi müəyyən edildiyindən, digər qeydlərin düzgünlüyü nə cavabdeh tərəfindən, nə də iş materiallarında olan sübutlarla təkzib edilmədiyindən, əmək kitabçasının digər qeydləri mötəbər hesab edilir. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət dövrü də nəzərə alınmaqla, 26 il 1 ay 29 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştl iş stajı ilə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, “Azərboru” Azərbaycan Boru Yayma Zavodunun xx.xx.2019-cu il tarixli 43 nömrəli arayışına apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı nəticəyə gələrək iddiaçının xx.xx.1989-cu il tarixindən xx.xx.1997-ci il tarixinədək Mettallurgiya avadanlıqlarının təmiri üzrə təmirçi çilingər peşəsində işləməsi faktı müəyyən edilmişdir, hansı ki, iddiaçının işlədiyi həmin peşə AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən təsdiq etdiyi 2 №- li Siyahının İİİ bölməsində “Metallurgiya istehsalatı” 2040400a—18559 kod altında nəzərdə tutulmuşdur. Qeyd edilən dövrdə iddiaçının güzəştli iş stajı 7 il 10 ay 20 gün təşkil etmişdir. İddiaçının qeyd edilən 7 il 10 ay 20 gün xüsusi iş stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mövqeyini əsaslandırdığı məqam iddiaçının adına təqdim edilmiş müvafiq arayışda xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilə qədər işlədiyi elektrik çilingər vəzifəsinin müvafiq 2 nömrəli siyahının XXVİİİ bölməsində qeyd edilməməsi olmuşdur. Azərbaycan Respublikasının Rayonlararası Təmir- Tikinti İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş 2.02.2023-cü il tarixli, 450 saylı arayışda qeyd edilmişdir ki, “... İddiaçı həqiqətən 234№li Əmrlə xx.xx.1997-ci ildən Bakı şəhər Rayonlararası Təmir- Tikinti İstehsalat Birliyində beşinci dərəcəli Elektrik Çilingər peşəsində işləmişdir. 314 №li əmrlə xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Ştat cədvəli üzrə çıxarışla 480 manat əmək haqqı almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2№-lİ əlavə olaraq "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlarn, işlərin, peşələrin, vəzifələrin və göstərişçilərin "2№li Siyahısının XVİİ bölməsinə ("Tikinti materialları istehsalı" kod ********) əsasən, elektrik avandanlığının (texnoloji və tozsuzlaşdırıcı) təmiri və xidməti üzrə elektrik montyorları (kod ******* a—19861) kimi vət. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir. Bundan başqa, vət. İddiaçı işlədiyi elektrik çilingər peşəsi ilə elektrik montyorlaru peşəsi eyni funksiyanı daşıyırlar. Qeyd: xx.xx.2022-ci il tarixində 352 saylı arayış verilən zaman məlumatlarda texniki səhvə yol verilməsinə görə XVİİ bölməsi əvəzinə XVİİİ bölməsi qeyd edilmişdir.” Beləliklə qeyd edilənlərdən aydın olduğu kimi, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilə qədər işlədiyi elektrik çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2№-lİ əlavə olaraq "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatlarn, işlərin, peşələrin, vəzifələrin və göstərişçilərin "2№li Siyahısının XVİİ bölməsinə ("Tikinti materialları istehsalı" kod ********) əsasən, elektrik avandanlığının (texnoloji və tozsuzlaşdırıcı) təmiri və xidməti üzrə elektrik montyorları (kod ******* a—19861) peşəsinə uyğun gəlir. Belə olanda sadalananlara əsasən, İddiaçı xx.xx.2006-cı ilə qədər 16 il 04 ay 23 gün ((2.01.1997-xx.xx.1989= 7 il 10 ay 20 gün) + (xx.xx.2005-xx.xx.1997=8 il 08 ay 03 gün) = 16 il 04 ay 23 gün)) xüsusi iş satjı vardır. Beləliklə işin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixə qədər zəruri olan azı 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajının toplanmış olması iş materialları ilə öz təsdiqini tapır. AR “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyası almaq hüququ xx.xx.2013-cü il tarixdən yarandığından və cavabdeh orqana müraciəti isə xx.xx.2020-ci il tarixdə edildiyindən, iddiaçıya əmək pensiyası həmin tarixdən 3 il əvvəldən, yəni xx.xx.2017-ci il tarixdən hesablanmaqla ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadan mübahisəli məsələ üzrə yalnış nəticəyə gəlindiyindən mübahisələndirilən məhkəmə qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli və mübahisələndirilən 2-1(112)-1647/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərar ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3625/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı hüququn yarandığı 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki üç il (xx.xx.2017-ci il tarixdən) üzrə hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamrən Əkbərov Aytən Oruczadə