Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-897/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxslər X11 və X3, üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X4, X33, X11, X7, X12, X22, X19, X14) “yaşayış sahəsindən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-12202/2024 nömrəli qərarından üçüncü şəxslər X11, X7, X14, X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1-dən ailə üzvləri olmayan X4 (xx.xx.1989-cu il təvəllüdlü), onun azyaşlı övladı X33 (xx.xx.2023-cü il təvəllüdlü), X11 (xx.xx.1966), X7 (xx.xx.1986-ci il təvəllüdlü), X12 (xx.xx.1988- ci il təvəllüdlü), onun azyaşlı övladları X22 (xx.xx.2015-ci il təvəllüdlü), X19 (xx.xx.2012-ci il təvəllüdlü), X3 (xx.xx.1985ci il təvəllüdlü) qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, ünvan 1 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Üçüncü şəxslərin faktiki yaşayış yeri onun mülkiyyətində olan ev deyildir. Onların qeydiyyatda qalmaları onun ev üzərində sərəncam vermək hüququnu pozur, belə ki, evə onların razılığı olmadan sərəncam verə bilmir. Üçüncü şəxslərin onun mülkiyyətində olan evdən istifadə hüquqlarının olmaması, onların başqa evdə yaşamaları, onun evində yaşamamaları qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-12202/2024 nömrəli qərarı ilə (hakim B.Calalov) iddianın təmin edilməsi, X4, X33, X11, X7, X12, X22, X19 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxslər X11, X7, X14, X4 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-12202/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, 45 kv.m mənzilə dair verilmiş orderdə adı olan X8 ailə üzvləridirlər. Məmmədov Yaşarın ailəsi böyük olduğundan və həmin yaşayış sahəsinə yerləşmədiyinə görə eyni həyətdə ara məsəfəsi cəmi 1-2 metr olan daha 3 mənzil inşa edilərək ailə yerləşdirilmişdir. Bu o deməkdir ki, ailə üzvləri başqa yerə getməmiş və başqa yerə köçməmişlər, eyni ünvanda qalmışlar. 2024-cü ildə sadəcə olaraq order əsasında istifadə olunan 45 kv.m olan mənzil özəlləşdirilmişdir. Yerdə qalan əlavə tikililər özbaşına tikili olduğuna görə özəlləşdirilə bilməmişdir. Qərardan görünür ki, məhkəmə gəldiyi nəticəni əsaslandırarkən 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad edərək göstərmişdir ki, cavabdehlər mübahisəli mənzildən çıxaraq başqa yerə köçdüyünə və 6 aydan artıq mənzildən istifadə etmədiklərinə görə isitfadə hüquqlarını itirmişlər. Ona görə də qeydiyyatdan çıxarılmalıdırlar. Məhkəmənin gəldiyi nəticə səhvdir və qanunun tələblərinə uyğun gəlmir. Belə ki, köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi vətəndaşın başqa yerə köçməsini deyil, başqa yerə getməsini göstərmişdir. Odur ki, başqa yerə getməklə, başqa evə köçmək arasında ciddi fərq vardır. Yəni başqa yerə getmək, bir ünvandan başqa bir ünvana getməsini ehtiva edir. İşin hallarından görünür ki, cavabdehlərin ailə başçısı, habelə özləri 45 kv.m mənzilin icarədarı olmuşlar. Başqa bir yerə getmədən, həmin ünvanda zərurətdən doğan əlavə tikililər inşa etmişlər və orada yaşamağa davam etmişlər. Bu hal onların köhnə MM-nin 60cı maddəsində göstərilən başqa yerə getmə anlamına gəlmir. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində şəxsin yaşayış yerindən çıxarılması əsasları göstərilmişdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi qeyd olunan əsaslardan heç biri cavabdehlərin qeydiyyatdan çıxarılması üçün əsas ola bilməz. Əgər məhkəmə iddianı təmin edərkən göstərilən Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə əsaslanmışdırsa bu səhvdir. Belə ki, həmin Qanunun həmin hissəsində şəxsin yaşayış yerini dəyişməsi nəzərdə tutulur. İşin faktiki hallarından görünür ki, cavabdehlər nə olduğu yeri, nə də yaşayış yerini dəyişməmişlər. Onlara ilk dəfə pasport verilərkən onlar həmin ünvanda yaşamışlar və bugünədək yaşamağa davam edirlər. Sözügedən Qanun 3-cü maddəsinə əsasən vətəndaşın yaşayış yeri yalnız onun Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi əsasında müəyyən olunur. Cavabdehlərin isə hər birinin pasport qeydiyyatı onların daimi olduqları və yaşadıqları ünvan 3 ünvanıdır. Bu səbəblərdən onların yaşayış yerindən qeydiyyatdan çıxarılması haqqında məhkəmənin çıxarmış olduğu qərar əsassız və qanunsuzdur. Ev order əsasında mərhum Yaşar Məmmədova məxsus olmuşdur. Lakin məhkəmə qeyd etməmişdir ki, həmin mərhum Yaşar Məmmədov cavabdehlərin ailə başçısı mərhum X8 atası olmuşdur. Həm də Məmmədov Etibarın adı Yaşarla birgə orderdə yazıımışdır. Buna baxmayaraq cavabdehlər hər hansı bir formada həmin mənzildən yararlana bilməmişlər. Məhkəmə gəldiyi nəticəni qanunun normaları ilə əsaslandıran zaman xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etmişdir. Lakin həmin maddədə nəzərdə tutulmuş "başqa yerə getdikdə" müddəasını təhrif edərək "başqa yerə köçdükdə" sözləri ilə əvəzləşdirərək iş üzrə səhv nəticəyə gəlmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, azərbaycan dilinin izahlı lüğətində başqa yerə getmək – “başqa yerə varmaq üçün olduğu yerdən ayrılma, yola düşmək, istiqamət almaq" kimi izah olunur. Başqa yerə köçmək" yaşayış yerini dəyişmək, başqa yerə gəlmək, daşınmaq, başqa bir mənzilə köçmək kimi izah olunur. Göründüyü kimi qətnamə ikinci hal üzərində, yəni başqa yerə köçmə termini üzərində əsaslandırılmışdır ki, bu da başqa yerə getmə anlamına heç bir qaydada uyğun gəlmir. Məhkəmənin köhnə Mənzil Məcəlləsinin 60-maddəsinə istinad etməsi uğursuz olmuşdur. Ona görə də məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Əslində isə cavabdehlər heç bir yerə getməmişlər. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-55/2-M-21219 nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən qanunda göstərilən sənədlərin hər-hansı birinin təqdim olunduğu halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. - Mübahisə predmeti Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində (keçmiş 4-cü Kolsevaya küçəsi) yerləşən sahəsi 45 kv.metr olan 3 otaqlı mənzildir. Həmin mənzil order əsasında X8, X2, İddiaçı və X13 atası mərhum X9 məxsus olmuşdur. X15 xx.xx.2007-ci ildə ölmüşdür. - Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, 51 saylı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən X4, X33, X11, X7, X12, X22, X19, X14 həmin mənzildə qeydiyyatdadır. - X11 iddiaçının mərhum qardaşının arvadı, X4, X7, X14, X12 isə iddiaçının mərhum qardaşı Etibar Məmmədovun övladlarıdır. Hazırkı iş üzrə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Yuxarıda qeyd olunduğu kimi üçüncü şəxslər mənzildə faktiki yaşamırlar. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, ayrıca tikilmiş özbaşına tikilidə yaşayırlar və iddiaçıya məxsus evə dair istifadə hüquqları yoxdur. Üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan rekvizitləri isə, üçüncü şəxslərin ayrıca yaşadığı özbaşına tikiliyə deyil, iddiaçının mülkiyyətində olan vaxtı ilə order əsasında mərhum Yaşar Məmmədova məxsus olmuş evə məxsus olmuşdur ki, həmin ev də hazırda iddiaçının mülkiyyətindədir. Yəni üçüncü şəxslər özbaşına tikili inşa edərək, həmin tikiliyə qeydyyata düşməmişlər. Üçüncü şəxslərin qeydiyyata alındıqları ünvan 2013-cü ilə qədər yaşadıqları order əsasında mərhum Yaşar Məmmədova məxsus olmuş evə olmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsləri iddiaçının qanunsuz yolla çıxarış aldığını bildirmişlər ki, qeyd edilən hallar hazırkı məhkəmə baxışının predmeti deyildir. İddiaçı mülkiyyətçi kimi ona məxsus olan mənzildən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. İddiaçının bu hüququ Mülki Məcəllənin 157.4-cü maddəsindən irəli gəlir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)-3039/21 nömrəli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar X20, X11, X14, X7 və X12 cavabdehlər X5, X16, İddiaçı, X17 və X10 qarşı iddiaçıların yaşadıqları, qeydiyyatda olduqları və yaşamalarına imkan verilməyən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsi (keçmiş 4-cü Kolsevaya küçəsi) ev 51-ə köçürülmələri, evin 1 otağının, yəni yaşadıqları otağın ayrılıb istifadələrinə verilməsi və həmin otaqla bağlı iddiaçılar ilə icarə müqaviləsinin bağlanılmasının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-7862/2021 nömrəli qətnaməsi ilə iddiaçı Etibar Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)- 3039/21 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2086/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə X1 şikayəti təmin ediməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)- 7862/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxanılmışdır. Həmin qərarın 39-cu bəndində qeyd olunmuşdur ki, iddiaçıların uzun müddət mübahisəli yaşayış sahəsindən çıxaraq həmin həyətdə inşa etdiyi başqa evdə yaşaması onların mübahisəli evdən istifadə hüquqlarının itirilməsinə səbəb olmuşdur. Bundan başqa, İddiaçı iddia tələbinə dair iş üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12819/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində (keçmiş 4-cü Kolsevaya küçəsi) yerləşən sahəsi 45 kv.metr olan 3 otaqlı mənzilə çıxarışın verilməsi ilə bağlı İddiaçı iddia tələbi təmin edilmişdir. Qərarda qeyd edilir ki, mübahisə predmetini təşkil edən mənzil iddiaçının atasına verilərkən orderdə onun ailə üzvlərinin adları da qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, həmin şəxslər müvafiq notarial qaydada təsdiq edilmiş ərizələr ilə mənzilin iddiaçının adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirdilər. Orderdə adı olan E.Məmmədov və onun hüquqlarının mövcud olduğu halda ailə üzvlərinin razılıqlarının alınıb-alınmamasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına surəti əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, həmin şəxslərin mənzil istifadə hüquqlarının mövcud olmadığı öz əksini tapmışdır. Hüquq mövcud olmadığından həmin şəxslərin razılıq ərizəsinin təqdim edilməsi zərurəti də mövcud deyildir. Belə ki, Qanunun tələindən də göründüyü kimi mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizəsi tələb edilir. Məhkəmə qərarlarında isə həmin şəxslərin istifadə hüquqlarının olmadığı birbaşa öz əksini tapmış, həmin şəxslərin iddiası isə rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adı çəkilən məhkəmə qərarlarının hazırki iş üzrə preyudisial əhəmiyyəti vardır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Həmçinin qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzil üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxslərin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxslər X11, X7, X14, X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-12202/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-897/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-897/2025
29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver