Məhkəmə qərarları › İş №2-1(103)-898/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-898/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-898/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının, nümayəndəsi X3, cavabdehin nümayəndəsi Süleymanzadə Rövşən Şamil oğlunun iştirakları ilə, İddiaçı (xx.xx.1993-cü il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olmuş, ünvan 1 H/Ş ünvanında qeydiyyatdadır, faktiki olaraq ünvan 2 ünvanında yaşayır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2404/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə yenidən apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) qapalı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək hərbi xidmətdən ehtiyata buraxılması haqqında Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 069 “əç” nömrəli, xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilməsi və onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 1395/2018 saylı qərardadı ilə (hakim-A.Abdullayeva) İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi” barədə iddia tələbinə dair 2-1(81)-1395/2018 saylı inzibati iş aiddiyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ilin aprel ayından “Hərbi bilik jurnalında” operator vəzifəsində mülki işçi kimi çalışmağa başlamış və xx xxxx 2015ci il tarixdə Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 017 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi (əsgər hərbi rütbəsində) operator vəzifəsinə təyin olunmuş, xx xxxxxx 2017- ci il tarixdə Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 069 əç” nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən ştatların ixtisarına görə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmasını qeyri-qanuni hesab edir. Ehtiyata buraxılması haqqında yalnız dekabr ayında baş idarənin qərargahına çağırılaraq məlumat verilmişdir. Bir gündə hər iki söhbətləşmə vərəqəsinə qol çəkdirmişlər bu isə Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Ehtiyata buraxılması haqqında əmrlə qanunla qorunan hüquqları və maraqları pozulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2404/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim-Z.Tağıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2404/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan onu “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən ştatların ixtisarına görə ehtiyata buraxılmağı Müdafiə Nazirliyinin tərkibində olan Təşkilat-Səfərbərlik İdarəsinin səlahiyyətlərindədir. Bu məsələ işə baxan məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Müdafiə Nazirliyinə aid hər hansı idarəyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hər hansı səbəbdən lazım olmadığı halda yəni, vakant vəzifə olmadığı halda, o, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin sərəncamına çıxarılmalıdır və ancaq o idarə tərəfindən ehtiyata buraxılmalıdır. Bu barədə müvafiq əmr mövcuddur, lakin məxfidir. Bu səbəbdən də həmin əmr yalnız məhkəmə tərəfindən tələb oluna bilərdi. Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Lakin ona bu barədə heç bir rəsmi xəbərdarlıq olunmamışdır. Bundan başqa Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Göründüyü kimi, bu halda da əsasnamənin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş söhbət vərəqəsindən görünür ki, nə baş idarə rəisi, nə də ki, baş idarə rəisinin müavini onunla fərdi söhbətləşmə aparmadan əmr çıxarılan gün hər iki söhbət vərəqəsi eyni gündə ona imzalatdırılmışdır. Həmçinin qeyd etmək istəyir ki, cavabdeh tərəfindən ona başqa xidmət yeri təklif olunduğunu və onun imtina etməyini qeyd etsə də, lakin tərəfindən imtina olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-399/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər-A.Nuriyeva, V.Ağayev və C.Yusifov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2404/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılaraq apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçının kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1667/19 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər-Z.Quliyev, N.Rəsulbəyova və İ.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-399/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1677/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər-İ.Əhmədov, S.Seyidova və V.Məmmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2404/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılaraq iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3368/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər-İ.Dadaşov, K.Bədəlov və Ə.Rüstəmov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1677/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə apellyasiya qaydasında təkrar baxılarkən məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi N.Abbasova apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Əlavə olaraq, iddiaçı 2015-ci ildə işə daxil olduğunu, 2017-ci ilin dekabrına kimi işlədiyini, hər iki söhbətləşmənin dekabr ayının 5-də olduğunu, ona başqa iş təklif edilmədiyini, eyni zamanda əmrin ona təqdim edilmədiyini, hal-hazırda təhsil aldığını, Dağıstan Dövlət X1 fakültəsində oxuduğunu bildirdi. Əlavə olaraq, iddiaçının nümayəndəsi söhbətləşmələrin iki ay fasilə ilə edilməli olsa da, eyni tarixdə edildiyini, iddiaçıya heç bir iş təklif olunmadığını, indi iş təklif olunsa gedəcəyini qeyd etdi. İşə apellyasiya qaydasında təkrar baxılarkən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini və apellyasiya şikayətini qəbul etməmiş, iş üzrə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ehtiyata buraxılması onun vəzifəsinin ixtisarı ilə deyil, məhz Müdafiə nazirinin xx xxxxxx 2017-ci il tarixli “Müdafiə Nazirliyinin Hərbi bilik jurnalının redaksiyasının ləğv edilməsi haqqında” 388 nömrəli əmri ilə “Hərbi bilik” jurnalının redaksiyasının ləğv edilməsi ilə əlaqədar olmuşdur, yəni ləğv olunduqdan sonra heç bir hərbi və ya mülki vəzifə qalmamışdır. Müdafiə nazirinin xx xxxxxx 2017-ci il tarixli “Müdafiə Nazirliyin hərbi bilik jurnalının redaksiyasının ləğv edilməsi haqqında 388 nömrəli əmri ilə “hərbi bilik” jurnalının redaksiyasının ləğv edilməsi ilə əlaqədar Təqdimata əsasən komanda üzrə vəsatət qaldırılmış və nəticədə iddiaçı Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin xx.xx.2017-ci il tarixli 069 “əç” nömrəli əmri ilə “hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.4-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmazdan əvvəl iddiaçı ilə söhbətləşmə aparılmış və İddiaçı ilə aparılan söhbət zamanı onun rayonlardan birində yerləşən hərbi hissələrə təyin olunması haqda təklif edilmiş, lakin o, yalnız Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasını tələb etmiş və bu haqda söhbət vərəqində qeydiyyat aparılmışdır. Hazırda iddiaçının rayonlardan birində yerləşən hərbi hissələrə təyin olunmasına razılıq verməsinə baxmayaraq, artıq həmin vəzifə komplektləşdirildiyindən hərbi hissədə müddətdən artıq qadın hərbi qulluqçu ilə komplektləşdirilməsinə icazə verilmiş vakant vəzifə yoxdur. Əlavə olaraq, o, iddiaçıya işdən çıxarılan zaman bölgələrdə iş təklifi edildiyini, hətta işin birinci instansiya icraatı zamanı Gəncədə hərbi hissədə eyni vəzifəyə iş təklifi edildiyini, iddiaçının anasının vaxt istədiyini və hakimin də iclası təxirə saldığını, qarşı tərəfin bir ay ərzində razılıq vermədiyini, 2018-ci ildə vakant vəzifə olsa da, indi olmadığını, iddiaçının bölgələrdə deyil, Bakı və ətrafında işləmək istədiyini, iddiaçıya iş təklifinin sübutu kimi söhbətləşmə vərəqinin olduğunu, hazırda iddiaçının işlədiyi müəssisənin ləğv olunaraq, Müdafiə Nazirinin əmri ilə “ Milli Təhlükəsizlik” jurnalına birləşdirildiyini, 6 nəfərin işdən çıxarıldığını, mülki şəxslərin işdən azad olunduğunu, iddiaçının vəzifəsinin operator olduğunu, Nazirliyin əmrinin müəssisə rəhbərinə təqdim edildiyini qeyd etdi. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən iddiaçının vəkili olmuş X2 da (Bakı şəhəri 16 saylı Vəkil Bürosu) məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2404/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. İş materiallarından görünür ki, İddiaçı 2015-ci ilin aprel ayından “Hərbi bilik jurnalında” operator vəzifəsində mülki işçi kimi çalışmağa başlamış və xx xxxx 2015-ci il tarixdə Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 017 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi (əsgər hərbi rütbəsində) operator vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli, 388 nömrəli əmrinə əsasən “hərbi bilik” jurnalının elmi-praktiki cəhətdən daha keyfiyyətli nəşrlərinin dərc edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştatında nəzərdə tutulmuş redaksiya bölməsində müvafiq təşkilati-ştat dəyişiklikləri aparılmışdır. Dəyişikliklər nəticəsində Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının gələcəkdə müstəqil fəaliyyətinə ehtiyac olmadığını nəzərə alaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 5.7.9-cu və 5.7.15-ci yarımbəndlərini rəhbər tutaraq 1/1 №-li ştata görə saxlanılan Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyası xx xxxxxx 2017-ci il tarixədək ləğv edilsin. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştatında yeni açılmış vəzifələr komplektləşdirilərkən ləğv edilmişdir, Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının hərbi qulluqçularının və mülki işçilərinin yerləşdirilməsi nəzərə alınması, xx xxxxxx 2017-ci il tarixdən 1/1 №-li ştat qüvvədən düşmüş hesab edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş əsgər İddiaçı ilə “Hərbi bilik” jurnalı redaksiyasının baş redaktoru vəzifəsini icra edən polkovnik-leytenant İsmayıl Abdullayev arasında olmuş 1-ci söhbət vərəqəsinə əsasən İddiaçı “hərbi vəzifə və hərbi xidmət haqqında “ Azərbaycan Respublikasının Qanununun 41.0.4-cü maddəsinə ( ştatların ixtisarına görə) müvafiq olarq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunduğu qeyd edilmişdir. İddiaçı Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Növbəti məzuniyyətdən 10 gün istifadə etdiyini, müayinə üçün HHK-na göndərilməsinə ehtiyac olmadığını bildirmişdir. Həmçinin Əsgər İddiaçı ilə “Hərbi bilik” jurnalı redaksiyasının baş redaktoru vəzifəsini icra edən polkovnik-leytenant İsmayıl Abdullayev arasında olmuş 2 ci söhbət vərəqəsinə əsasən İddiaçı birinci söhbət zamanı xahiş və suallarının yerinə yetirilməsinə müsbət münasibət, HHK-nın rəyi nəzərə alınaraq buraxılmanın əsaslarının dəqiqləşdirilməsinin zəruriliyinə ehtiyac olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli 069əç nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli, 388 nömrəli əmrinə əsasən hərbi bilik” jurnalı redaksiyasının ləğv edilməsi ilə əlaqədar, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.4-cü maddəsinə (ştatların ixtisarına görə) uyğun olaraq, “Hərbi bilik” jurnalı redaksiyasının operatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Məxfi qriflə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 20/0165 saylı məktubla Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2017-ci il tarixli 388 nömrəli əmrinin surəti (məktuba əsasən qeyri-məxfi) və onun verilməsinə əsas olmuş sənəddən çıxarış məhkəməyə göndərilmişdir. Məktuba qoşma olaraq əlavə edilmiş Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinə ünvanlanmış raport məxfi qrifi ilə qeyd edilmişdir. (Təşkilat-Səfərbərlik İdarəsinin rəisi R.Babayev) İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1677/19 saylı qərardadı ilə (hakimlər İ.Əhmədov, S.Seyidova, V.Məmmədov) 069 “əç” nömrəli, xx.xx.2017-ci il tarixli əmrdən çıxarışın Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehndən baxış keçirilməsi üçün götürülməsi qərara alınmış və Qərardadın icra edilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə həvalə edilmişdir. Baş Qərargah rəisinin müavini – Cavabdeh rəisinin 069 “əç” nömrəli, xx.xx.2017-ci il tarixli əmrinin surəti məxfi qrifi ilə təqdim edilmişdir. (Səfərbərlik və şəxsi heyət üzrə şöbə rəisi – Baş İdarə rəisinin köməkçisi R.İbrahimov) Kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qərarda qeyd edilmişdir ki, iddiaçı apellyasiya şikayətində cavabdehin ona başqa xidmət yerinin təklif olunmasını və onun tərəfindən imtina olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini qeyd etsə də, məhkəmə tərəfindən iddiaçıya konkret olaraq hansı rayonda və hansı iş yerlərinin təklif edildiyi müəyyən edilməmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-162-ci maddələrinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməli olduqları halda iş materiallarında buna dair mötəbər sübutların olmadığı düzgün qiymətləndirilməmiş, məhkəmə öz qərarında barışıq üçün verilmiş müddət ərzində, həmçinin 1-ci söhbət vərəqəsinə görə cavabdeh inzibati orqan hər iki halda iddiaçının tutduğu vəzifəsinə və ixtisasına uyğun boş vəzifə olmadığından, onun rayonlardan birində yerləşən hərbi hissələrə təyin olunması barədə təkliflərin edildiyini, lakin o, yalnız Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasını tələb etdiyini, Bakı ərazisində müvafiq vakansiya olmadığından, iddiaçının Bakı şəhəri ərazisində hərbi hissələrə təyin edilməsinin mümkün olmaması barədə cavabdehin konkret sübutlarla təsdiq olunmayan izahatı ilə kifayətlənmişdir. Azərbaycan Respublikası İnibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası tərəfindən cavabdeh orqandan iddiaçıya başqa xidmət yerinin təklif olunması və onun tərəfindən imtina olunmasını təsdiq edən hər hansı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdeh orqan tərəfindən məhkəməyə xx.xx.2017-ci il tarixli 1-ci və 2-ci söhbət vərəqələri təqdim edilmişdir. 1-ci söhbət vərəqindən görünür ki, iddiaçı Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən məhkəməyə ünvanlamış xx.xx.2020-ci il tarixli 272 nömrəli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli 388 nömrəli əmri ilə ləğv edilmiş “Hərbi bilik” jurnalı redaksiyasının ləğv edildiyi tarixdə Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsində, həmçinin Hərbi Akademiyanın digər şöbə və bölmələrində müddətdən artıq qadın hərbi qulluqçu təyin olunmasına icazə verilən vakant vəzifə olmamışdır və hal-hazırda da yoxdur. Həmçinin məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq Müdafiə Nazirliyi 288 saylı Hərbi Hissə (Gəncə) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020ci il tarixli 426 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh tabeliyindəki N nömrəli hərbi hissədə müddətdən artıq qadın hərbi qulluqçu vəzifələrindən komplektləşdirilməsinə icazə verilmiş vəzifələrdən 2018-ci ilin sentyabr-dekabr ayları ərzində vakant vəzifə olduğu üçün müddətdən artıq qadın hərbi qulluqçuları ilə komplektləşdirilməsinə icazə verilmiş qərargah və təchizat taqımının telefonçu vəzifəsinə qadın hərbi qulluqçu təyin edilməsi mümkün olmuşdur. Həmin vəzifə komplektləşdirildiyindən hal-hazırda hərbi hissədə müddətdən artıq qadın hərbi qulluqçu ilə komplektləşdirilməsinə icazə verilmiş vakant vəzifə yoxdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 156-cı maddəsinə əsasən hərbi qulluqçular: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin qanunun 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, “Hərbi bilik” jurnalının redaksiyasının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 388 nömrəli əmri xx.xx.2017-ci il tarixdə imzalanmış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 5.7.9-cu və 5.7.15-ci yarımbəndlərini rəhbər tutaraq 1/1 №-li ştata görə saxlanılan Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyası xx xxxxxx 2017-ci il tarixədək ləğv edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştatında yeni açılmış vəzifələr komplektləşdirilərkən ləğv edilmişdir, Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının hərbi qulluqçularının və mülki işçilərinin yerləşdirilməsi nəzərə alınması, xx xxxxxx 2017-ci il tarixdən 1/1 №-li ştat qüvvədən düşmüş hesab edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qanunun 162-ci maddəsində nəzərdə tutulmuş ştatların ixtisarına görə buraxılan iddiaçı ilə 2 ay qabaq söhbət aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası iddiaçıya başqa xidmət yerinin təklif olunması və onun tərəfindən imtina olunması ilə bağlı qeyd edir ki, Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli 388 nömrəli əmri ilə ləğv edilmiş “Hərbi bilik” jurnalı redaksiyasının ləğv edildiyi tarixdə Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsində, həmçinin Hərbi Akademiyanın digər şöbə və bölmələrində müddətdən artıq qadın hərbi qulluqçu təyin olunmasına icazə verilən vakant vəzifə olmamışdır. Həmçinin Cavabdeh tabeliyindəki N nömrəli hərbi hissədə (Gəncə) müddətdən artıq qadın hərbi qulluqçu vəzifələrindən komplektləşdirilməsinə icazə verilmiş vəzifələrdən 2018-ci ilin sentyabr-dekabr ayları ərzində vakant vəzifə olduğu üçün müddətdən artıq qadın hərbi qulluqçuları ilə komplektləşdirilməsinə icazə verilmiş qərargah və təchizat taqımının telefonçu vəzifəsinə qadın hərbi qulluqçu təyin edilməsi mümkün olmuşdur. Həmin vəzifə komplektləşdirildiyindən hal-hazırda hərbi hissədə müddətdən artıq qadın hərbi qulluqçu ilə komplektləşdirilməsinə icazə verilmiş vakant vəzifə yoxdur. İş materiallarından görünür ki, işin birinci instansiya icraatı zamanı xx.xx.2018-ci il tarixli məhkəmə iclas protokolunda cavabdehin nümayəndəsi döyüş bölgələrində yer varsa, iddiaçıya şərait yaradıla biləcəyini qeyd etmiş, sədrlik edən hakim tərəfindən hər iki tərəfə barışıq üçün bir ay vaxt verilmişdir. xx.xx.2018-ci il tarixli məhkəmə iclas protokolunda cavabdehin nümayəndəsi məhkəmə tərəfindən təyin olunmuş barışıq müddəti ərzində, idarə rəisinin göstərişi ilə iddiaçını tutduğu vəzifəyə uyğun Azərbaycan Respublikasının rayonlarında Müdafiə Nazirliyinə tabe olan müəssisələrdə başqa bir işə yerləşdirməsi üçün onunla əlaqə saxlanıldığını, lakin iddiaçının bundan imtina etdiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi isə cavabdehin nümayəndəsinin onlarla əlaqə saxladığını, iddiaçıya tutduğu vəzifəyə uyğun Azərbaycan Respublikasının rayonlarında iş təklif edildiyini, lakin iddiaçının barışığa inanmadığını, iddiaçının Müdafiə Nazirliyinin rayondakı idarələrinə təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olmadığını, iddiaçının bir il işsiz qaldığını bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddiaçıya işin birinci instansiya icraatı zamanı cavabdeh orqan tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun Azərbaycan Respublikasının rayonlarında Müdafiə Nazirliyinə tabe olan müəssisələrdə başqa bir işə yerləşdirməsi ilə bağlı təklif edilmiş, bu səbəbdən məhkəmə tərəfindən bir aylıq barışıq müddəti verilmiş, lakin iddiaçı barışığa inanmadığından cavabdehin təklifini qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normaların tətbiqi baxımından düzgün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olduğundan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2404/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2404/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar