Məhkəmə qərarları › İş №2-1(103)-898/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-898/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-898/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5242/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. O, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin tarixdən ona cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş və halhazırda da ona yaşa görə əmək pensiyası ödənilir. xx.xx.2016-cı il tarixdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 1 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə isə əlilliyinin müddəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən daha 5 il uzadılmışdır. Əlilliyinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0001 saylı xx.xx.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatından görünür ki, **********0 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı yaşa görə 858,75 manat məbləğində pensiya alır. Pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 16/676 nömrəli, xx.xx.2016-ci il tarixli Qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə ömürlük 603.24 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş İddiaçı barəsində 04224 nömrəli Hərbi qulluqçu haqqında məlumat vərəqəsinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «b» bəndinə (yaşa görə) əsasən tərxis olunmuş, onun təqvim xidmət illəri 25 il 7 ay, güzəştli xidmət illəri 5 il 7 ay 2 gün, cəmi iş stajı və xidmət illəri 31 il 2 ay 2 gün təşkil edir. Pul təminatı (təminat xərcliyi) vəzifə maaşı 330 manat, rütbə maaşı 110 manat, xidmət illərinə görə əlavə 132 manat (30%), ərzaq payı əvəzinə kompensasiya 64 manat, 1-ci məharət dərəcəsinə görə 49,50 manat (15%), cəmi 685,50 manat təşkil edir. İddiaçı ona əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********7 saylı xx xxxx 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx xxxxxx 2016-cı il tarixli 04224 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada ona xx xxxxxx 2016-cı il tarixində İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla xx xxxxxxxx 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 515,00 manat, rütbə maaşı 127,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə-192,60 manat, 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-77,25 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 975,85 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 31 il 2 ay 2 gün xidmət müddətinə uyğun olaraq 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; 20 ildən artıq xidmət müddətinin (11 il) hər ili üçün 3 faiz tətbiq edilməklə (11x3) təminat xərcliyinin 33 faizi olmaqla təminat xərcliyinin (975,85 manat) 88 faizi-858,75 manat məbləğində əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və oana çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərdiyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 üdən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 858,75 manat məbləğində müəyyən edilmişdir: əmək pensiyasının sığorta hissəsi-253,91 manat; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə - 77,00 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 527,84 manat. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2006-cı il tarixdən bu günədək qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.2.1ci maddəsinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirilməklə bağlı xəstəlik nəticəsində əlil olan hərbi qulluqçular müharibə əlilləri hesab olunurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan 2-ci qrup əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanır. Lakin belə bir əlavə onun əmək pensiyasının üzərinə hesablanmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5242/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinə xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq 77 manat məbləğində əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti və ona əlavə verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, qərar ləğv edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. İddiaçıya qanunun tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Bundan başqa iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsi şamil oluna bilməz. Belə ki, əmək pensiyaları təyin olunmuş hərbi qulluqçuların əmək pensiyasına əlavələr edilməsi üçün müxtəlif meyarlar və həmin meyarlara mütənasib olaraq təminat xərcliyinin faiz nisbətləri müəyyən olunmuşdur. Müharibə əlili olan hərbi qulluqçulara belə imtiyazlar “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsində nəzərdə tutulmuşdur. Həmçinin xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv edilmiş və qanunvericilikdən həmin maddə çıxarılmışdır. Qanunun V fəslinə aid olan əmək pensiyasına əlavələr nəzərdə tutulmuş bölümü 19-cu maddədə əvvəlki redaksiyada baza hissəsinə əlavələr, sığorta hisssəinə əlavələr kimi qeyd olunduğu halda, 20-ci maddədə isə qulluq stajına görə əlavələr nəzərdə tutulmuşdur. Göründüyü kimi, hərbi qulluqçular sırasından olan əmək pensiyaçıları qulluq stajına görə əmək pensiyası hüququ qazanır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti və ona əlavənin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “onun əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədədir. Birinci instansiya məhkəməsi iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavənın hesablanmalı olmasına istinad edərək iddia tələbinin həmin hissədə təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və ona xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Hazırda iddiaçı qulluq illərinə görə onun əmək pensiyasına əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsini tələb edir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının müvafiq tələblə cavabdeh inzibati orqana müraciət edərkən və işə birinci instansiya qaydasında baxılarkən qüvvədə olmuş, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərə: 19.1.7.1. İ dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində; 19.1.7.2. İİ dərəcə əlilliyi olan şəxslərə 77 manat məbləğində. Qeyd olunan normanın məzmunundan görünür ki, iddia olunan əlavə o şəxs barəsində tətbiq olunur ki, həmin şəxs müharibə əlilidir və ona yaşa görə pensiya təyin edilmişdir; müharibə iştirakçısıdır, lakin onun əlilliyi müharibədə iştirakla bağlı deyil, yaşa görə pensiya alır. Hazırki işdə iddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya alır. İddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlillik də təyin olunmuşdur. Lakin ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş 19.1-ci maddəsi şamil oluna bilməzdi. Belə ki, bu kateqoriyadan olan şəxslərə əlilliklə bağlı güzəştlər (əmək pensiyasına əlavələr), “Əmək pensiyaları haqqında” Qanunun 20.16, 20.16.1-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin maddələrin məzmununa görə bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin- 100 faizi, İİ qrup müharibə əlillərinə- 80 faizi, İİİ qrup müharibə əlillərinə- 55 faizi. Hərbi qulluqçuların əmək pensiyasına əlavələr edilməsinin əsasları və qaydaları “Əmək pensiyaları haqqında” Qanunun 20.14-20.16-cı maddələrində tənzimlənir. Həmin normaların müqayisəli təhlilindən görünür ki, əmək pensiyası təyin olunmuş hərbi qulluqçuların əmək pensiyasına əlavələr edilməsi üçün müxtəlif meyarlar və həmin meyarlara mütənasib olaraq təminat xərcliyinin faiz nisbətləri müəyyən olunmuşdur. Digər kateqoriyalardan olan hərbi qulluqçuların pensiyalarına əlavələr daha az müəyyən olunduğu halda, müharibə əlilləri üçün təminat xərcliyinin daha yüksək faizini təşkil edən əlavələr hesablanır. Hərbi qulluqçunun müharibə əlili sayılması, onun sosial təminat hüququnda imtiyaz yaradan hüquqi fakt kimi qəbul olunur. Bu imtiyaz onda ifadə olunur ki, müharibə əlilinə başqa şəxslərə nisbətdə daha yüksək məbləğdə sosial ödəniş edilməsi yolu ilə əlilliyi kompensasiya edilir. Müharibə əlili olan hərbi qulluqçulara da bu cür imtiyazlar "Əmək pensiyaları haqqında" Qanunun 20.16-cı maddəsində nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı olmamış və birinci instansiya məhkəməsi də onun bu tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 240-VİQD saylı xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv edilmişdir. Bu hal da hazırki vəziyyətdə iddiaçının tələbinə “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinin tətbiq edilməsini qeyri-mümkün edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5242/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5242/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar