Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-898/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5540/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 35.1 kv.m qeyri-yaşayış sahəsinə əmlak hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5540/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası X4 ilə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti arasında 21.10.2008-ci ildə notariat qaydasında təsdiq edilmiş ilkin müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindən Bakı şəhəri, Biləcəri qəsəbəsi, “Xəzri" mehmanxanasının həyətində yerləşən, həmin cəmiyyətin balansında olan 35,1 kv metr sahəsi olan mağazanı satıcı 27.02.2008-ci il tarixli 02 nömrəli protokoluna əsasən gələcəkdə alıcının (X2) adına sənədləşdirilməsi, adına keçirilməsi barədə müqavilə bağlayacağını öz öhdəsinə götürmüş, alıcı isə satıcıya mağazanın tam həcminin dəyəri olaraq müəyyən edilmiş 6200 manatı tam həcmdə ödəmişdir. İlkin müqaviləyə dair notariat işindən də aydın görünür ki, sözügedən əmlak (mağaza) satıcının istifadəsində olmuş, satıcı mağazaya dair nəzərdə tutulmuş sənədlər hazır olduqdan sonra alıcının adına sənədləşdirilməsini öhdəsinə götürmüşdür. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına Əmlak hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi idarəsinə 22.11.2020-ci il tarixdə müraciət etmişdir. Əvvəllər "Xəzri" mehmanxanasının balansında olan 35.1 kv.m sahəsi olan yardımçı binanın dəyəri 6200 manat, 14.03.2008-ci il tarixdə 223120 nömrəli kassa mədaxil orderi ilə tam ödənilmişdir. Cavabdeh orqanın arayış verməməsi üçün heç bir hüquqi əsası olmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki: - “Ölüm haqqında AZ-İ seriyalı, 422298 nömrəli,şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 25.04.2010-cu ildə xəstəlikdən ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhərinin notariusu X1 cavabdehə ünvanlanmış 1883 nömrəli, 06.09.2018-ci il tarixli məktubuna əsasən 25.04.2010-cu ildə vəfat etmiş X2 vərəsəlik işi ilə əlaqədar vərəsəsi İddiaçı notariat kontoruna müraciət etmişdir. Bununla əlaqədar müəyyən edilmişdir ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, “Xəzri” Mehmanxanasının həyətində yerləşən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin balansında olan 35,1 kv metr sahədən ibarət mağaza X2 adınadır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar X2 adına olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, “Xəzri” mehmanxanasının həyətində yerləşən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin balansında olan 35,1 kv metr sahədən ibarət mağazaya dair çıxarışın vərəsəsi İddiaçı verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının 11 nömrəli, 12.03.2018-ci il tarixli vəkalətnaməsinə əsasən həmin Cəmiyyətin “Xəzri” mehmanxanasının direktoru X6 Dövlət Notariat Kontorunda qeyd edilən cəmiyyətin nümayəndəsi kimi iştirak etmək səlahiyyəti verilmişdir. - 21.10.2008-ci ildə notariat qaydasında təsdiq edilmiş ilkin müqaviləyə əsasən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti 27.02.2008-ci il tarixli, 02 nömrəli protokola əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, “Xəzri” mehmanxanasının həyətində yerləşən, həmin cəmiyyətin balansında olan 35,1 kv metr sahəsi olan mağazanı X2 adına sənədləşdirməyi, sonuncu isə 6200 manat məbləğini cəmiyyətə ödəməyi öhdəsinə görtürmüşdür. - 12.03.2008-ci il tarixli akta əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 1-də yerləşən “Xəzri” mehmanxanasının balansında olan mağazanın balans dəyəri 6200 manat olması təsdiq edilmişdir, alqı-satqı müqabilində razılaşdırılmış 6200 manat məbləğinin “Xəzri” mehmanxanasının hesabına köçürülməsi qərara alınmışdır. - 223120 nömrəli, 14.03.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən 6200 manat məbləği X4 tərəfindən “Xəzri” mehmanxanasına ödənilmişdir. - X3, X7 notariat qaydasında təsdiq edilmiş ərizələrinə əsasən onlar ataları X2 Bakı şəhəri, Biləcəri qəsəbəsi, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin balansında olan “Xəzri” mehmanxanasının həyətində yerləşən 35,1 kv metr qeyri-yaşayış sahəsindən çatan paydan imtina etmişlər və İddiaçı adına sənədləşməsinə etiraz etmədiklərini bildirmişlər. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış imtina məktubundan görünür ki, qeyri-yaşayış binasının və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayca Respublikasının qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət balansında olan ərazilərdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol,8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış veririr. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Göründüyü kimi, Qanunun 8-ci maddəsində daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas olan zəruri sənədlər sadalanmışdır. Ölən şəxsin adına arayış verilməsini tələb edən Təlimatın mətnindən də aydındır ki, arayışın verilməsi üçün həmin zəruri sənədlər təqdim edilməlidir. Lakin işin hallarından aydındır ki, iddiaçı müvafiq sənədləri inzibati orqana və ya məhkəməyə təqdim etməmişdir. Apelyasiya şikayətində istinad edilən İddiaçı atası X4 (alıcı) ilə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (satıcı) arasında 21.10.2008-ci il tarixli müqaviləyə münasibətdə kollegiya qeyd edir ki, həmin müqavilə alqı-satqı müqaviləsi olmaqla satıcı hazırki mübahisə predmeti olan qeyri-yaşayış sahəsini alıcının adına sənədləşdirməyi, onun adına keçirməyi öhdəsinə götürmüşdür. Lakin, işin hallarına əsasən, mübahisəli qeyri-yaşayış sahəsi ilkin müqavilə üzrə satıcının- Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin “Xəzri” mehmanxanasının sadəcə istifadəsində olmuşdur, həmin əmlakın onun mülkiyyətində olması halı isə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Beləliklə iddiaçının istinad etdiyi müqavilə ilkin satıcının mülkiyyətində olmayan əmlakın digər şəxsin adına keçirilməsinə dair müqavilə olmaqla, məhkəmə kollegiyası tərəfindən əmlaka dair hüquqların dövlət qeydiyyatına əsas olan hal kimi qiymətləndirilmir. Həmçinin, işin hallarından müqavilə üzrə satıcının öhdəliyini yerinə yetirərək, müvafiq əmlakı iddiaçının mərhum atasının adına sənədləşdirmədiyi görünür. Eyni zamanda iş materiallarından həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dövlət balansında olan torpaq sahələrinə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 10-cu maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. - 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Sadalanan qanunvericilik normalarının da təhlilindən görünür ki, dövlət mülkiyyətinə aid olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanın qərarı ilə vətəndaşların istifadəsinə, icarəsinə verilməsinin mümkünlüyü göstərilmişdir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Lakin, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin təyinatının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişdirilməsi də işin hallarından müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atası sağlığında qeyri-yaşayış sahəsi barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sahiblik və istifadə hüququ əldə etməmişdir. Belə olan halda, daşınmaz əmlakın mərhuma məxsus olması barədə arayışın verilməsinə dair iddia əsaslı sayıla bilməz. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5540/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Vahid Sadıqov Hakim: İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-898/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-898/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver