Məhkəmə qərarları › İş №2-1(103)-898/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-898/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-898/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləği bərpa edərək onun hesabına köçürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 saylı, 17 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453.94 manat məbləği bərpa edərək hesabına köçürməyi, 2013-cü il 1 dekabr tarixdən 2018-ci il 30 aprel tarixədək pensiyanın düzgün hesablanmaması nəticəsində 13624 manat məbləğində fərqin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “iddiaçının pensiyasından qeyriqanuni tutulmuş 24453,94 manat məbləği bərpa edərək onun hesabına köçürməyi, eyni zamanda ona pensiya hesablanarkən ixtisas dərəcəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyması barədə qərar qəbul edilməsi”nə dair iddia ərizəsinə əlavə icraata qəbul edilmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, 2020-ci ilin oktyabr ayında heç bır xəbərdarlıq edilmədən cavabdeh tərəfindən pensiya köçürülmədiyi üçün iddiaçı tərəfdən ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 2021-ci il 5 yanvar tarixli ********** nömrəli məktubla onun pensiyasından tutulma barədə cavab məktubu göndərmişdir. Hesablama düzgün aparılmadığından 2021-ci il 1 fevral tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiyanın düzgün hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiya məbləği xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilə qədər düzgün hesablanmamışdır. “Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikasının Təsərrüfat Prosessual Məcəlləsinin qüvvəyə minməsi qaydası haqqında" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarına (1992-ci il 25 fevral tarixli 78 nömrəli) uyğun olaraq Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədrinin, onun müavinlərinin və hakimlərinin maddi təminatı, tibbi və məişət xidmətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq vəzifəli şəxsləri üçün müəyyən edilən qaydada həyata keçirilirdi. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə (1997-ci il 10 iyun tarixli 310-İQ nömrəli) əsasən Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı həcmində vəzifə maaşı təyin edilmişdir. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa (2013-cü il 17 dekabr tarixli 841- İVQD nömrəli) görə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı 2250 manat həcmində müəyyən edilmişdir. Beləliklə iddiaçının vəzifə maaşı 1800 manat təşkil edir (2250 manatın 80% = 1800 manat). Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2013-cü il 1 dekabr tarixindən etibarən hər 5 il üçün 15% məbləğində vəzifə maaşıma 45% artıq olmamaqla 810 manat, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vergidən azad olunan 25% miqdarında 450 manat əlavə verilməlidir. Beləliklə əmək haqqının cəmi 3060 manat təşkil edir. Əlavə olaraq ona Mərkəzi Filial tərəfindən 13624 manat qaytarılmalıdır (262manat x 52 ay = 13642 manat). Hakimlərin məzuniyyətə çıxarkən və müalicə olunmaları üçün verilən müavinətlər Mərkəzi Filial tərəfindən hesablanmamışdır. Ərizəsinə cavab məktubunda Mərkəzi Filialın göstərdiyi hesablanma qaydası məlum deyil. Həmin məbləğ 1033 manat təşkil etməlidir (3101 x 4 = 12404 : 12 = 1033). İddiaçının pensiya məbləği 3307 manat təşkil etməlidir. Mərkəzi Filialın 2019-cu il 1 sentyabr tarixindən 2020-ci il 30 noyabr tarixədək apardığı hesabat da həqiqətə uyğun deyil. Belə ki, 1980 manat vəzifə maaşının 45% 891 manat, 25% isə 495 manat edir. Ümumi əmək haqqı 3366 manat təşkil edir. Məzuniyyətə çıxarkən verilən müavinət və müalicə üçün verilən məbləğ 1122 manatdır (3366 x 4 12 = 1122). Orta əmək haqqı 4488 manat onun 80 % isə 3590 manatdır. Mərkəzi Filial tərəfindən ona məxsus pensiya 132 manat əskik hesablanmışdır (3590 - 3458 = 132). Göstərilən müddət ərzində 1980 manat qeyri-qanuni tutulmuşdur. Tərəflər arasında mübahisə yaranmasının əsas səbəbləri Mərkəzi Filial tərəfindən bəzi hüquqi aktların nəzərə alınmaması, onların düzgün tətbiq edilməməsi və hesab səhvlərinə yol verilməsidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 iyul tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə, Azərbaycan Respublikası Alı Arbitraj Məhkəməsinin hakimlərinə ali, birinci və ikinci ixtisas dərəcələri verilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir. “Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 6 dekabr tarixli 766 nömrəli qərarı ilə ona ikinci ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqa verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 4 noyabr tarixli 364 nömrəli qərarının 1 -ci bəndinə görə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğındə üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, alı ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilir. “Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli 1160 nömrəli Sərəncamının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Alı Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə müəyyən edilmişdir. Yuxarıda qeyd edilən hüquqi aktların tələblərinə görə hakimlərə məzuniyyət və müalicə üçün müavinət onların iki aylıq əmək haqqı məbləğində verilir. Göründüyü kimi həmin məbləğlər vəzifə maaşı məbləğində deyil əmək haqqı məbləğindən hesablanır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən etibarən onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1490,20 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə-670,59 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vergidən azad olunan vəzifə maaşının 25 faizi miqdarında əlavə-372,55 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinət və hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı 720,26 manat olmaqla orta aylıq əmək haqqı 3253,60 manat təşkil etmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1824,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə-820,80 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vergidən azad olunan vəzifə maaşının 25 faizi miqdarında əlavə-456,00 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinət və hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı 881,60 manat olmaqla orta aylıq əmək haqqı 3982,40 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 19 il 5 ay 22 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3982,40 manat) 80 faizi-3185,92 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 3307,52 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 1945,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 19 il 5 ay 22 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4323,00 manat) 80 faizi- 3458,40 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-30.11,2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 51876,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 53184,34 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 1308,34 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2013-30.11,2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24453,94 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsait iddiaçıya Fondun Xəzər rayon şöbəsi tərəfindən keçmiş dövr üzrə hesablanmış fərq məbləğindən çıxılmışdır. Qalan 8621,26 manat fərq məbləği 2020-ci ilin dekabr ayından etibarən hissəhissə pensiyasının (3458,40 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı ilə (hakim F.Mədətli) iddia tələbinin “iddiaçıya pensiya hesablanarkən ixtisas dərəcəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun yenidən hesablanması” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Həmçinin, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qalan hissədə təmin edilmiş, İddiaçı pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləğin bərpa edilərək onun hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24453,94 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsait ona Fondun Xəzər rayon şöbəsi tərəfindən keçmiş dövr üzrə hesablanmış fərq məbləğindən çıxılmışdır. Qalan 8621,26 manat fərq məbləği 2020-ci ilin dekabr ayından etibarən hissə-hissə pensiyasının (3458,40 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən 31 yanvar 2012-ci il tarixində hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçıya xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24453,94 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsait iddiaçıya Fondun Xəzər rayon şöbəsi tərəfindən keçmiş dövr üzrə hesablanmış fərq məbləğindən çıxılmışdır. Qalan 8621,26 manat fərq məbləği 2020-ci ilin dekabr ayından etibarən hissə-hissə pensiyasının (3458,40 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, əmək pensiyaçısının razılığı olmadan cavabdehin öz təşəbbüsü ilə iddiaçıdan artıq ödənilmiş pensiya məbləğinin tutulması həyata keçirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə iddiaçıya artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavə tutulmamışdan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətəbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsini, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində deyilir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. İş üzrə araşdırmanın nəticəsi olaraq, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar