Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-898/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət dövrü ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2417/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası daxili İşlər orqanlarında xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək xidmət dövrü ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə (1990-cı il üçün 5 gün, 1991-ci il üçün 30 gün, 1992-ci il üçün 30 gün, 1993-cü il üçün 30 gün, 1994-cü il üçün 30 gün, 1995-ci il üçün 30 gün, 1996-cı il üçün 30 gün, 1997-ci il üçün 30 gün, 1998-ci il üçün 30 gün, cəmi 245 gün üçün (1999-cu ildə DİO-dan xaric olunarkən tutduğu sonuncu vəzifənin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-2417/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, inzibati orqanın mübahisələndirilən hərəkəti (hərəkətsizliyi) 1990-1999-cı illərdə, yəni xx.xx.2011-ci ilədək baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəsilinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ona daxili işlər orqanlarında çalışarkən ödənilməyən, hazırda tələb etdiyi məzuniyyət pulunun ödənilmədiyini elə işlədiyi dövrdə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı, iddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir”. İddiaçının iddiası mübahisələndirməyə dair iddia növünə aid deyil, inzibati orqanın faktiki hərəkətsizliyi nəticəsində ona verilməyən məzuniyyətə dair kompensasiya tələbinə dairdir. Həmin normalarda isə inzibati akta qarşı yeni hüquqi müdafiə imkanının olmamasından söhbət gedir. Məhkəmə qeyd edilən normanın tətbiqində səhvə yol vermişdir. Göründüyü kimi mübahisələndirilən inzibati orqanın hərəkətsizliyinin edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində inzibati orqanın hərəkətsizliyinin mübahisələndirilməsinə dair müddət nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçı istinad edilən inzibati orqanın hərəkətsizliyinin mübahisələndirilməsi imkanını 30 iyun 2011-ci il tarixədək itirməmişdir. Odur ki, bu əsasa görə məhkəmənin iddia müddətinin ötürülməsi barədə dəlili əsaslı sayıla bilməz. Bundan başqa, iddia müddətinin ötürülmədiyi və iddianın mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq öz təsdiqini tapmışdır. Cavabdeh iddia müddətinin keçməsi ilə bağlı da ümumiyyətlə birinci instansiya məhkəməsində heç bir iradını bildirməmişdir. Cavabdeh iddiaya dair etirazını yalnız onunla əsaslandırmışdır ki, iddiaçının DİN-də xidmətdən xaric etdiyi dövrdən uzun müddət keçdiyinə görə onun xidmət etdiyi müddətdə əsas məzuniyyətlərdən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir. Həmçinin iddiaçının xidmət etdiyi illərə aid maliyyə sənədləri müvafiq qaydalara uyğun olaraq məhv edilmişdir. Eyni zamanda, analoji iddiaların, yəni İPM qanuni qüvvəyə minməmişdən əvvəl məzuniyyətə çıxmamış çox saylı daxili işlər orqanlarının əməkdaşlarının hüquqları bərpa edilərək onlara istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilmişdir. Hazırkı iddiaçı ilə eyni statusa malik olan şəxslərin iddialarının təmin olunmasına dair qanuni qüvvəyə minmiş kifayət qədər məhkəmə aktları mövcuddur. Eyni zamanda cavabdeh inzibati orqanlar tərəfindən də məhkəmədən kənar şəkildə kompensasiyanın ödənilməsinə dair faktlar var. Məhkəmə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. Həmçinin, iddiaçının inzibati orqandan səlahiyyətlərinin düzgün həyata keçirilməsini tələb etmək hüququ müddətlə məhdudlaşdıra bilməz. Eyni zamanda müddət, vətəndaşı verilməyən növbəti əmək məzuniyyətinə görə kompensasiya verilməsi hüququndan məhrum etməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki hallarından görünür ki, İddiaçı daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası daxili İşlər orqanlarında xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək xidmət dövrü ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə 1990-cı il üçün 5 gün, 1991-ci il üçün 30 gün, 1992-ci il üçün 30 gün, 1993-cü il üçün 30 gün, 1994-cü il üçün 30 gün, 1995-ci il üçün 30 gün, 1996-cı il üçün 30 gün, 1997-ci il üçün 30 gün, 1998-ci il üçün 30 gün, cəmi 245 gün üçün pul kompensasiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, DİN-in sabiq əməkdaşı İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan xidmət dövründə istifadə edilməmiş məzuniyyətə görə kompensaisyanın ödənilibdöənilməməsinin araşdırılması, qeyd edilən tarixlərə aid maliyyə sənədlərinin müvafiq qaydalara uyğun olaraq məhv edildiyi baxımından mümkün deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 48.2. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsindən də göründüyü kimi, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin buraxılmış müddət üçün yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona daxili işlər orqanlarında çalışarkən ödənilməyən, hazırda tələb etdiyi məzuniyyət pulunun ödənilmədiyini elə işlədiyi dövrdə bilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Hazırki işin hallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən həm qeyd olunan dövrdə qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddəti buraxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 410/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 30-cu bəndində qeyd edilmişdir ki, “məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz; belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2417/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-898/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-898/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver