Məhkəmə qərarları › İş №2-1(103)-899/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-899/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-899/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsiX6nun, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Bayramova (Gülalıyeva) Gülər Çingiz qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2441/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə apellyasiya qaydasında Bаkı Аpеllyаsiyа Məhкəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küç., 540-cı məhəllə) аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona Bakı İslam Universitetinin “İlahiyyətçi-İslamşünas” ixtisası üzrə tam kursu bitirməyinə dair xx.xx.2013-cü il tarixində verilmiş 2914 №-li diplomun qanuni hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olaraq 5 il əyani təhsil aldıqdan sonra 2013-cü ildə Universiteti bitirmişdir. Bu barədə BİU tərəfindən “İlahiyyətçi- İslamşünas” ixtisası üzrə tam kursu bitirməyi barədə ona xx xxxx 2013-cü il tarixli, 2914 №-li diplom verilmişdir. Təşkilatlar tərəfindən BİU tərəfindən onun adına yazılmış 2914 №-li diplom ciddi təhsil sənədi kimi qəbul olunmur və tanınmır. BİU-nun məzunu olaraq ayrı-seçkiliyə məruz qalır və vətəndaş olaraq hüquqları pozulur. Bütün bunlar da onunla əlaqəlidir ki, BİU tərəfindən adına yazılmış 2914 №-li diplom blankı dövlət nümunəli təhsil sənədi deyil. İddiaçı bununla razılaşmır. Çünki, Azərbaycan Respublikasında bütün hüquqi proseduraları keçərək dövlət tərəfindən qeydiyyata alınmış BİU-nu bitirmişdir. Bununla bağlı BİU-nun keçdiyi şərəfli tarixi inkişaf yolunu məhkəmənin nəzərinə çatdırmaq istəyir. Ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti SSRİ Nazirlər Soveti yanında X15 xx xxxxxx 1989-cu il tarixli 2 №-li protokoluna əsasən X2 nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlamışdır. QMİ-nin xx xxxxxx 1991-ci il tarixli 2 №-li əmrinə əsasən bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaranmışdır. QMİ-nin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxxxx 1994-cü il tarixli qərarına əsasən Bakı İslam İnstitutunun adı dəyişdirilərək X8 adlandırılmışdır. X8 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxx 1997-ci il tarixli qərarı ilə BİU kimi yenidən dövlət qeydiyyatından keçmişdir. X17 üzrə Dövlət Komitəsinin xx xxxx 2002-ci il tarixli 163 №-li sərəncamına əsasən BİU 135 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Bu məlumatlar X2 rəsmi veb saytından götürülmüşdür. Rəsmi veb saytda yer almış məlumatlardan da göründüyü kimi BİU qanuni olaraq yaradılmış və qanuni olaraq fəaliyyət göstərmişdir. 2009-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanuni olaraq yaradılmış və qanuni olaraq fəaliyyət göstərən BİU-nun fəaliyyətinə xüsusi razılıq vermişdir. Lisenziya verilərkən Universitetdə təhsil alan bütün tələbələr, o cümlədən onun barəsində məlumat Təhsil Nazirliyinə təqdim edilmişdir. Buna baxmayaraq Təhsil Nazirliyi ona dövlət nümunəli təhsil sənədi verməmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixində BİU tərəfindən adına verilmiş 2914 №-li diplomun tanınması barədə Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Təhsil Nazirliyi ərizəni xx xxxxxx 2019-cu il tarixli G-l 161/31-24 məktubla cavablandırmışdır. Həmin məktubda bildirilir ki, adına yazılmış 2914 №-li diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. BİU-nun “İlahiyyətçi- İslamşünas”ixtisası üzrə tam kursu bitirməyinə dair xx xxxx 2013-cü il tarixində verilmiş 2914 №-li diplomun qanuni hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. xx.xx.2019-cu il tarixində iddiaçının nümayəndəsi X6 tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş, ərizədə İddiaçı Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2441/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2020-ci il tarixində cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2441/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktub qanuni və əsaslıdır. İddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 143 nömrəli Fərmanına və Təhsil Nazirinin xx.xx.2002-ci il tarixli, 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2009-cu il tarixli, 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standarlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq, magistr pilləsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. Bu səbəbdən də 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. İddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış xx.xx.2014-cü il tarixli, 003173 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Bunun da səbəbi iddiaçının 2008-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə də Təhsil Nazirliyinə müraciət edə bilərdi. xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə vəsatət daxil olmuşdur, vəsatətdə iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət məktubunun surətini çıxarmadığı üçün hal-hazırda məhkəməyə təqdim edə bilmədiyi qeyd olunmuşdur. İddiaçı məhkəmədən Təhsil Nazirliyinə müraciəti ilə inzibati icraat materiallarının məhkəməyə təqdim olunması ilə bağlı sorğu göndərməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi, atası (xx.xx.2019-cu il tarixdə verilmiş, AR-İ № 834157 seriya və nömrəli etibarnamə xx.xx.2049-cu ilədək etibarlıdır. 3 saylı Bakı”ASAN xidmət” mərkəzi) apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızının hazırkı soyadı Bayramovadır, lakin diplomda Gülalıyeva qeyd olunduğu üçün birinci instansiya məhkəməsinə o soyadla müraciət etmişlər. Eyni zamanda, iddiaçının məhkəmə iclası barədə məlumatı olduğunu, lakin üzrlü səbəbdən iştirak edə bilmədiyini qeyd etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə dair rəy verərək, rəyi müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Digər üçüncü şəxsin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi (işin apellyasiya icraatı zamanı) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 9-1161/31-24 nömrəli cavab məktubuna əsasən qeyd olunmuşdur ki, iddiaçının adına yazılmış 2914 №-li diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. İş materiallarında olan üçüncü şəxs Bakı İslam Universiteti tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş iddiaya qarşı təqdim olunmuş yazılı müraciətində etirazında aşağıdakılar bildirilmişdir: - Ali dini təhsil müəssisəsi olan hazırkı BİU keçmiş SSRİ Nazirlər Soveti yanında X15 xx xxxxxx 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən, X2 nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlamışdır. X2 xx xxxxxx 1991-ci il tarixli 02 nömrəli əmrinə əsasən, bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılmışdır. X2 təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxx 1994cu il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilərək, X8 adlandırılmış və onun Nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. X8 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxx 1997-ci il tarixli 738855 № li qərarı ilə X2 BİU kimi yenidən dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası X16 üzrə Dövlət Komitəsi yaradılmış və dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri həmin Komitəyə verilmişdir. Komitənin xx xxxx 2002-ci il tarixli 163 № li Sərəncamına əsasən, BİU 135 saylı Şəhadətnamə ilə yenidən dövlət qeydiyyatına alınmışdır.Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, BİU yarandığı gündən bütün fəaliyyəti dövründə respublikada dini təhsillə bağlı mövcud olan qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumlarından qeydiyyatdan keçməklə fəaliyyət göstərmişdir. (Dövlət qeydiyyatı ilə bağlı sənədlər müraciətə əlavə olunur). Təhsil Nazirliyi tərəfindən 2009-cu ildə BİUnin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların3.1-1 bəndinə əsasən “Təhsil fəaliyyətinə (dini təhsil müəssisələrinin fəaliyyəti istisna olmaqla) verilən lisenziyanın müddəti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir”. Qaydalardan göründüyü kimi 2009-cu ilədək dini təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi nəzərdə tutulmayıb. Həmin dövrdə mövcud qanunvericilikdə ali dini tədris müəssisələrinin lisenziyalaşdırılması nəzərdə tutulmadığından Təhsil Nazirliyi tərəfindən BİU-nin fəaliyətinə lisenziya verilməmişdir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə xx xxx 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanununa, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2009-cu il tarixli, 97 nömrəli Fərmanına və “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli, 143 nömrəli Fərmanına uyğun olaraq ali dini və dini orta ixtisas tədris müəssisələrinin lisenziyalaşdırılması zəruri hesab edilmişdir. Həmin Fərmanla xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına dini orta ixtisas tədris müəssisələri(Sıra №-si 17.4) və ali dini tədris müəssisələri(Sıra №-si 17.5) əlavə edilmiş və lisenziya alınması üçün ödənilən dövlət rüsumların məbləği müəyyən edilmişdir. Göstərilən qanunvericilik aktlarına uyğun olaraq, BİU-nun təsisçisi QMİ-nin müraciəti əsasında universitetin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xx xxxxxx 2009-cu il tarixli, 031991 nömrəli lisenziya verilmişdir. 2010/2011 tədris ilindən başlayaraq BİU-ya tələbə qəbulu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır. Lisenziya verilənə qədər universitetə qəbul BİU-nin Nizamnaməsinə uyğun olaraq aparılmışdır. 2002-ci ildə X16 üzrə Dövlət Komitəsində qeydiyyata alınan həmin Nizamnamənin 4.3 bəndinə əsasən “Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Müsabiqə, iştirakçıların biliklərinin, düşüncə qabiliyyətlərinin və yaradıcı təfəkkür imkanlarının müsahibə, imtahan və xüsusi metodika yolu ilə yoxlanılmasına əsaslanır”.BİU 2002-ci ildə X16 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınarkən Nizamnaməsinin təsdiqi zamanı Komitə tərəfindən lisenziya alınması və Universitetə qəbulun TQDK (hazırkı DİM) tərəfindən test üsulu aparılması barədə heç bir tələb irəli sürülməmişdir. BİU-nun tələbə və məzunları universitetin bütün fəaliyyəti dövründə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun dini təhsillə bağlı 10- cu maddəsində göstərilən imtiyazlardan istifadə etmişlər. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul ediləndən (1992-ci ilin avqust ayı ) bugünədək həmin maddə qüvvədədir. Həmin maddəyə əsasən: “Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər”. BİU-da lisenziyadan əvvəl təhsil alanlar həmin Qanuna müvafiq olaraq təhsil aldıqları müddətdə hərbi xidmətdən möhlət, sosial müavinətlər almaq, məzun olduqdan sonra isə universitet tərəfindən verilmiş diplomlarla ali təhsilli şəxslər kimi birillik hərbi xidmət çəkmək və doktoranturada təhsillərini davam etdirmək kimi hüquq və güzəştlərdən istifadə etmişlər. Universitetin Nizamnaməsinə uyğun olaraq lisenziya verilənə qədər qəbul edilmiş tələbələrdən Təhsil Nazirliyinin razılıq məktubu ilə müxtəlif ali təhsil müəssisələrinə köçürülənlər vardır. AR Təhsil Nazirliyi tərəfindən heç bir fərq qoyulmadan TQDK (indiki DİM) xətti ilə daxil olmuş tələbələrlə bərabər həmin köçürülən tələbələrə də dövlət nümunəli akademik arayış blankları verilmişdir. Lakin Universitetə həmin tələbələrlə eyni ildə daxil olan məzunlara dövlət nümunəli diplom blankları almaq mümkün olmamışdır. Hətta təhsilinin cox hissəsini Universitetin lisenziyalı fəaliyyəti dövründə alan məzunlara da dövlət nümunəli diplomlar verilməmişdir. Bu səbəbdən universitet, məzunlarına öz diplomlarını vermək məcburiyyətində qalmışdır. Təhsil Nazirliyi 2014-cü ildən başlayaraq, yalnız TQDK-nın (indiki DİM) xətti ilə qəbul olunmuş məzunlara dövlət nümunəli diplomlar vermişdir. BİU-nun təhsildə fərqlənən tələbələri 1995-ci ildən başlayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və X16 üzrə Dövlət Komitəsinin razılığı əsasında müxtəlif ərəb ölkələrində fəaliyyət göstərən universitetlər tərəfindən Azərbaycan Respublikasına ayrılan təqaüdlərə uyğun olaraq təhsillərini həmin ölkələrdə davam etdirmişlər. (AR Xarici İşlər Nazirliyinin və X16 üzrə Dövlət Komitəsinin məktublarının surəti müraciətə əlavə edilir) Məzunlar həmin diplomlarla AMTA-nın institutlarında elmi iş götürərək müdafiə etmişlər, Azərbaycan Respublikası Prezidenti X11 Komissiyası tərəfindən həmin məzunlara fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı verilmişdir. Lakin BİU-nun məzunları magistraturaya və dövlət qulluğuna qəbulla bağlı müsabiqələrdə iştirak etmək, ixtisas dəyişmək və yaxud ikinci (əlavə) təhsil almaq məqsədi ilə müvafiq qurumlara müraciət etdikdə Universitet tərəfindən verilən diplomların dövlət nıımünəli olmadığı əsas gətirilərək, onları həmin qurumlara qəbul etməkdən imtina edirlər. Bu isə məzunların, valideynlərin narazılıqlarına və onların müxtəlif dövlət qurumlarına, məhkəmələrə çox saylı müraciətlərinə səbəb olur. 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsində BİU-nin məzunlarının diplomlarının tanınması ilə bağlı bir neçə məhkəmə iclasları keçirilmişdir. Bu məsələ çoxlu sayda (3550 nəfərdən artıq) məzunun problemi olduğundan universitetin təsisçisi X2 sədri xx xxxxx 2016-cı il tarixli, 244 saylı məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etmişdir. Nazirlər Kabineti tərəfindən məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Təhsil Nazirliyinə və X16 üzrə Dövlət Komitəsinə sorğular göndərilmiş və həmin təşkilatların bu məsələyə münasibəti öyrənilmişdir. Adıçəkilən təşkilatlar məzunların probleminin həllinə etiraz etmədiklərini bildirmişlər. Təhsil Nazirliyinin cavab məktubunda bildirilir ki, BİU tərəfindən məzunlara 2014-cü ilədək verilən diplomların tanınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olarsa, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onun icrası təmin ediləcəkdir. Həmin qurumların cavab məktubları məlumat üçün X3 də göndərilmişdir. Sözügedən məktubların göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq, AR Nazirlər Kabinetində bu problemin həlli üçün hələlik bir qərar qəbul edilməmişdir. BİU-nun məzunu X12, qızının Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsi xahiş edilir. İş materiallarında olan iddiaçıya məxsus AZE******** seriyalı, xx.xx.2015-ci il tarixində ASAN3 tərəfindən iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsinin surətində iddiaçının soyadı Gülalıyeva göstərilmişdir. Lakin daha sonra iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş AZE19100658 seriyalı, xx.xx.2018-ci il tarixində ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətində iddiaçının soyadı Bayramova göstərilmişdir. Yəni iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən qüvvədə olmayan şəxsiyyət vəsiqəsi ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZT 028559 nömrəli nikah haqqında şəhadətnamənin (nikah xx.xx.2018-ci ildə bağlanmışdır, nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin aprel ayının 15-ci günündə 1126 № ilə qeyd edilmişdir, qeyd edilən yer 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi) surətinə əsasən iddiaçının xx.xx.2018-ci il tarixindən soyadı dəyişdirilərək Bayramova olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək, iddiaçının şəxsiyyətinin müəyyənləşdirilməsini qüvvədə olmayan şəxsiyyət vəsiqəsinə əsasən aparmışdır. (xx.xx.2019-cu il tarixli məhkəmə iclası protokolu) Azərbaycan Respublikası MPM-nin 179.2-ci maddəsinə əsasən Sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin, nümayəndələrin və vəkillərin səlahiyyətlərini yoxlayır. İş materiallarından olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Şeyxülislam Hacı A.Paşazadəyə ünvanlanmış xx.xx.1995-ci il tarixli, 1675/9 nömrəli məktuba (məktub nazir H.Həsənov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, Küveytin Əl-Babteyn adına xeyriyyə Təşkilatı Misirin dini təmayüllü əl-Əzhər universitetində təhsil almaq məqsədilə Azərbaycan üçün 1995-1996-cı tədris ilində 15 yer ayırması haqqında X1 aldığımız məktubu sizə göndərir, şərtlərə əsasən 12 tələbənin sənədlərinin (ingilis dilində) Səfirliyə çatdırılması məqsədilə XİN-ə verilməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən X2 rəisi Şeyxülislam Hacı A.Paşazadəyə ünvanlanmış xx.xx.1997-ci il tarixli, 1845/9 nömrəli məktuba əsasən İraqın Azərbaycandakı Səfirliyindən alınmış X9 adına X7 təhsil almaq üçün həmin hökümət tərəfindən stipendiya ayrılması barədə məktub göndərilmişdir. (Nazir müavini A.Salamov) İş materiallarından olan Azərbaycan Respublikasının X16 üzrə Dövlət Komitəsinin Sədri tərəfindən Bakı İslam Universitetinin rektoru S.Həsənliyə ünvanlanmış xx.xx.2006-cı il tarixli, DK-60d nömrəli məktuba (məktub R.Əliyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının X16 üzrə Dövlət Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəsilə Misir Ərəb Respublikasının Bakıdakı səfirliyindən aldığı məlumata əsasən bildirir ki, Əl-Əzhər universitetində 2006/2007-ci tədris illəri üçün Azərbaycan Respublikası 15 təqaüd ayrılmışdır. Namizədlikləri qəbul olunmuş tələbələr Qahirəyə gəldikdən sonra Əl-Əzhər universiteti tərəfindən təşkil olunacaq imtahanlardan keçməlidirlər. İmtahanlardan məqsəd tələbələrin akademik bazalarının və səviyyələrinin yoxlanılması olacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi qənaət səhvdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona Bakı İslam Universitetinin “İlahiyyətçi-İslamşünas” ixtisası üzrə tam kursu bitirməyinə dair xx.xx.2013-cü il tarixində verilmiş 2914 №-li diplomun qanuni hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2019-cu il tarixində iddiaçının nümayəndəsi X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçının Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edərək, İddiaçı Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını qərara almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçının və cavabdehin nümayəndələrinə iddiaçının cavabdehə ünvanladığı müraciətlərin surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilmiş və bu səbəblə məhkəmə iclası təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə daxil olmuş vəsatətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət məktubunun surətini çıxarmadığı üçün hal-hazırda məhkəməyə təqdim edə bilmədiyi qeyd olunmuşdur. İddiaçı məhkəmədən Təhsil Nazirliyinə müraciəti ilə inzibati icraat materiallarının məhkəməyə təqdim olunması ilə bağlı sorğu göndərməsini xahiş etmişdir. Sonuncu məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi tərəfindən iddiaçının cavabdehə orqana ünvanladığı müraciətlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə onun № 2914 nömrəli diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verildiyinin təsdiq edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixli ərizəsində diplomunun tanınması barədə ona köməklik göstərilməsini , xx.xx.2018-ci il tarixli müraciətində isə Bakı İslam Universiteti tərəfindən verilmiş 2914 saylı diplomun tanınması haqqında arayış verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh orqana müraciətinin surətini məhkəməyə təqdim etməmiş, cavabdeh orqan tərəfindən təqdim edilmiş müraciətlərdə isə iddiaçının hazırkı iddia tələbi ilə bağlı inzibati orqana müraciətinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh orqana müraciəti olmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35,82, 87 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2441/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı Bayramova (Gülalıyeva) Gülər Çingiz qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddiaçının Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar