Məhkəmə qərarları › İş №2-1(103)-899/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-899/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-899/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı (xx.xx.1961-ci il tarixdə Oğuz rayonunun Baş Daşağıl kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 11.03.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.05.1986-cı ildən hal-hazıradək “xxxx”ində kran maşinisti peşəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona 57 yaşından 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuşdur. İlk əmək fəaliyyətinə 14.02.1980-ci ildə 5 zolaqlı ötürücü kəmərlər sexində təmir üzrə 2-ci dərəcəli növbətçi çilingər kimi başlamışdır. 05.05.1980-ci il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə çağrılması ilə əlaqədar işdən azad edilmişdir. 16.06.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 28.07.1982-ci ildə 5 zolaqlı ötürücü kəmərlər sexinə 3-cü dərəcəli növbətçi təmirçi çilingər kimi işə qəbul olunmuş, 15.12.1982-ci ildə Mexaniki sexə 4-cü dərəcəli ehtiyat qülləli kran krançısı vəzifəsinə qəbul edilmiş və 10.01.1983-cü il tarixdə 2-ci dərəcəli qəlibçi qismində 2-ci sexə köçürülmüş, 04.04.1983-cü il tarixdə isə öz istəyi ilə işdən azad edilmişdir. 25.04.1983-cü il tarixdə 1 saylı mexanikləşdirilmiş ev tikintisi kolonu Mingəçevir y/s, 4 dərəcəli Q/kranının krançısı vəzifəsinə təyin edilmişdir. 1984-cü ildə qeyd edilən işdən ərizəsi ilə azad edilmişdir. 02.06.1986-cı ildə xxxx Mərkəzləşdirilmiş təmir sexinə 4-cü dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilmiş və həmin sexdə 01.03.1989-cu il tarixdə tutduğu vəzifədə 5-ci dərəcə verilmişdir. 18.04.1994-cü ildə isə kran maşinisti vəzifəsində 6-cı dərəcə verilmişdir. İşlədiyi “xxxx" MMC yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC adlandırılmışdır. Hazırda X3 sexində kran maşinisti vəzifəsində işləyir. İşlədiyi iş yeri və vəzifələr güzəştli şərtlərlə ona 2018-ci ildən pensiya təyin edilməsinə əsas verməsinə baxmayaraq, hazırda bu hüququndan istifadə edə bilmir. 28.11.2019-cu il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin 28.11.2019-cu il tarixli ərizəsinə verilmiş Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 10 dekabr 2019-cu il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində qazanxanaturbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. “xxxx” MMC-nin işin xarakteri haqqında arayışında işlədiyi iş şəraitinin ağır və zərərli olmasına görə İddiaçı 26.05.1986cı il tarixdən bu günə kimi hər ay aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənildiyi, əmək qanunvericiliyinə əsasən əlavə məzuniyyət günü verildiyi, o cümlədən zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələrlə, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarının mövcud olması qeyd edilmişdir. Həmin arayışa əsasən 26.05.1986-cı il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 24 bölməsinin «a» bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 13.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 13.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 22.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını, işin xarakteri haqqında arayış və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. İddiaçının əmək kitabçası və arayışdan göründüyü kimi, iddiaçı “xxxx”-nin Mərkəzləşdirilmiş Təmir Sexində 26.05.1986-cı ildən 01.10.1993cü ildə müxtəlif dərəcəli kran maşinisti vəzifəsində işləmişdir. 01.10.1993-cü il tarixdən halhazıradək isə həmin müəssisənin X3 və Təmiri Sexin “X5 istismarı briqadasında” kran maşınisti işləmişdir. İddiaçının işlədiyi müəssisənin verdiyi arayışdan bəlli olur ki, həmin müəssisə “xxxx” ASC-nin tərkibindədir. Həmin ASC-nin adından da bəlli olduğu kimi, qeyd edilən ASC-nin işçilərin güzəşltli pensiya hüququ verən peşələr həmin ASC-nin fəaliyyət sahəsinə uyğun olaraq qeyd edilmiş həmin Siyahının 24-cü bölməsində nəzərdə tutulmuş Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aiddir. Qeyd edilən sahədə isə kran maşinistləri peşəsindən ancaq “qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar)” nəzərdə tutulmuş, iddiaçının işlədiyi peşə, yəni “X3 və Təmiri Sexin “X5 istismarı briqadasında” kran maşınist” peşəsi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi peşə həmçinin hal-hazırda güvvədən düşmüş Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə qəbul edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Qərarda da nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvələr güvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd edilən əmək kitabçası və arayışdan göründüyü kimi, iddiaçının 05.05.1980-ci ildən 01.01.2006-cı il tarixədək ümumi iş stajı, hərbi xidmətdə olduğu müddət ilə birlikdə 24 il 03 ay 11 gündür, yəni 25 ildən azdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti təmin olunmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13.09.2019-cu il tarixli **********6 saylı məktubdan görünür ki, onun təqdim etdiyi sənədlərdə qeyd olunan 26.05.1986-cı il tarixdən bugünədək “xxxx”-ində işlədiyi kran maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10.12.2019-cu il tarixli **********1 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya huququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz «xxxx» MMC-nin Sizə dair 22 avqust 2019-cu il tarixli 205-17 nömrəli arayışında 26.05.1986-cı il tarixindən bugünədək «xxxx»-nin Mərkəzləşdirilmiş Təmir sexində və X2 və Təmir sexinin «Yükqaldırıcı mexinizmlərin istismarı biriqadası»nda kran maşinisti vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə sözügedən Qararda qeyd olunan sahəyə aid deyil. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin 22.08.2019-cu il tarixli 205- 17 nömrəli işin xarakteri haqqında arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X8 26.05.1986-cı il tarixdən 21.02.1989-cu il tarixədək “xxxx”-nın Mərkəzləşdirilmiş Təmir sexində, 4-cü dərəcəli kran maşinisti vəzifəsində (Əmr № 444 02.06.1986), 21.02.1989-cu il tarixdən 01.10.1993-cü il tarixədək həmin sexdə 5-ci dərəcəli kran maşinisti vəzifəsində (Əmr № 40/K 01.03.1989), 01.10.1993-cü il tarixdən 08.04.1994-cü il tarixədək X3 və Təmiri sexinin “X5 istismarı briqadasında” 5-ci dərəcəli kran maşinisti vəzifəsində (Əmr № il tarixədək 224/K 13.10.1993), 08.04.1994-cü il tarixdən hal-hazıradək həmin sexin “X5 istismarı briqadasında” 6-cı dərəcəli kran maşinisti vəzifəsində (Əmr № 83/K 18.04.1994) işləyir. 01.04.2009-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq X3 və Təmiri X1 sexi adlandırılmışdır. Əmr № 28, 30.03.2009). İddiaçı 26.05.1986-cı il tarixdən halhazıradək Qazan turbin sexinin avadanlıqları təmiri ilə məşğul olan (125/20 tonluq) körpülü kranda 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir. İddiaçı işlədiyi müddət ərzində 26.05.1986-cı il tarixdən halhazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mr/m3təhlükəlilik sinfi 3-4, səsküy, titrəmə, iş yerində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 26.05.1986-cı il tarixdən halhazıradək hər ay aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. Əmək şəraiti zərərli olduğu ücün İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. “xxxx” ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx" - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxx” ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda onun müraciətində qeyd etdiyi peşənin nəzərdə tutulmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin 19.08.2019-cu il tarixli 299 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 05.05.1980-ci il tarixdən 16.06.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir (əsas hərbi bilet NZ № 4247340). - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Oğuz rayon İcra Hakimiyyəti Oğuz rayon Dövlət Arvivi tərəfindən verilmiş 15.08.2019-cu il tarixli 152 saylı arxiv arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Oğuz rayon “Əzizbəyov” adına kolxozda (şəxsi hesab 169) 1984-cü ildə kolxozçu (minimum norma 250, iş günü 29, əmək haqqı 184), 1985-ci ildə çoban (minimum norma 250, iş günü 264, əmək haqqı 2135), 1986-cı ildə çoban (minimum norma 250, iş günü 89, əmək haqqı 517) vəzifəsində işləmişdir. - Mingəçevir Peşə Məktəbinin 08.06.2020-ci il tarixli 06 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 1978-1979-cu il tarixlərdə Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbinin (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) 1 illik əyani 6 saylı qrup üzrə «Avtomobil təmiri çilingəri» ixtisasına daxil olmuş və həmin kursu tam bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona 4-cü dərəcəli avtomobil təmiri çilingəri ixtisası üzrə attestat verilmişdir. Adlar kitabında qeydiyyat №-si 3627. - iddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 18.02.1980-cı il tarixdə Mingəçevir şəhər «Azrezintexnika» zavodunda 5 zolaqlı ötürücü kəmərlər sexinə təmir üzrə 2-ci dərəcəli növbətçi çilingər vəzifəsinə qəbul edilmiş, 05.05.1980-ci il tarixdə Azərbaycan SSR ƏHQ 37 maddəsinə əsasən azad edilmiş, 05.05.1980-16.06.1982-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuş, 29.07.1982-ci il tarixdə Mingəçevir şəhər «Azrezintexnika» zavodunda 5 zolaqlı ötürücü kəmərlər 3-cü dərəcəli növbətçi çilingər vəzifəsinə qəbul edilmiş, 01.11.1982-ci il tarixdə Azərbaycan SSRƏHQM 37 maddəsinə əsasən şəhərdən getməsi ilə əlaqədar işdən azad edilmiş, 20.12.1982-ci il tarixdə DBM Zavodunda mexaniki sexə 4-cü dərəcəli ehtiyat qülləli kran krançısı vəzifəsinə qəbul edilmiş, 11.01.1983-cü il tarixdə 2-ci dərəcəli qəlibçi qismində 2-ci sexə köçürülmüş, 01.04.1983-cü il tarixdə öz istəyi ilə işdən azad edilmiş, 25.04.1983-cü il tarixdə 1 saylı mexanikləşdirilmiş ev tikintisi kolonunda Mingəçevir y/s, 4-cü dərəcəli Q/kranının krançısı vəzifəsinə təyin edilmiş, 23.11.1984-cü il tarixdə verilən ərizəyə əsasən işdən azad edilmiş, 26.05.1986-cı il tarixdə xxxx-də mərkəzləşdirilmiş təmir sexinə 4-cü dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilmiş, 21.02.1989-cu il tarixdə həmin sexdə tutduğu vəzifədə 5-ci dərəcə verilmiş, 01.10.1993-cü il tarixdə X3 və təmiri sexinə 5-ci dərəcəli kran maşinisti keçirilmiş, 08.04.1994-cü il tarixdə mərkəzi komissiyada imtahan verdikdən sonra kran maşinisti vəzifəsində 6-cı dərəcə verilmiş, 25.04.2003-cü il tarixdə “xxxx” ASCnin yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx”“xxxx” MMC adlandırılmış, 05.01.2006-cı il tarixdə “xxxx” ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilşməsi ilə əlaqədar “xxxx” MMC – “xxxx” MMC adlandırılmış, 01.04.2009-cu il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq X3 və Təmiri X1 sexi adlandırılmış, hal hazırda orada işləyir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajı mövcud deyildir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, iddiaçı “xxxx”-nin Mərkəzləşdirilmiş Təmir Sexində 26.05.1986-cı ildən 01.10.1993-cü ilə qədər müxtəli dərəcəli kran maşinisti vəzifəsində, 01.10.1993-cü il tarixdən halhazıradək isə həmin müəssisənin X3 və Təmiri Sexin “X5 istismarı briqadasında” kran maşınisti işləmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, onun işlədiyi müəssisə “xxxx” ASC-nin tərkibində olduğundan, onun çalışdığı peşələr Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahının 24-cü bölməsində nəzərdə tutulmuş Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid olmalıdır. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) kran maşinistləri peşəsindən yalnız “qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar)” nəzərdə tutulmuş, iddiaçının işlədiyi peşə, yəni “X3 və Təmiri Sexin “X5 istismarı briqadasında” kran maşınist” peşəsi nəzərdə tutulmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçının işlədiyi peşə həmçinin hal-hazırda güvvədən düşmüş Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə qəbul edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Qərarının Xİİİ bölməsinin (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) kran maşinisti peşəsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan Mingəçevir Peşə Məktəbinin 08.06.2020-ci il tarixli 06 nömrəli arayışı surətdir. Həmçinin, iş materiallarında olan Oğuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 avqust 2019-cu il tarixli, 152№-li arayışda Oğuz rayon “Əzizbəyov” adına kolxozda 1984, 1985,1986-cı illər üzrə minimum normanın 250 gün olmasına baxmayaraq, iddiaçının 1984-cü il üzrə 29 gün, 1985-ci il üzrə 264 gün, 1986-cı il üzrə 89 gün çalışdığı görünür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 04 noyabr 2020-ci il tarixli ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı “ona 57 yaşının tamam olduğu 13.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar