Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-899/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı «doğum akt qeydində dəyişiklik edilməsi barədə» inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-10114/2021 saylı 19.10.2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə və ona əlavə edilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı 09 fevral 2010cu ildə aparılmış 363 saylı akt qeydində dəyişiklik edilməsi və həmin akt qeydinin ata qrafasında “məlumat təqdim edilməyib” sözlərinin yerinə “yəhudi” sözünün yazılması öhdəliyinin Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-10114/2021 saylı 19.10.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayətini də əlavə etməklə, prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati-Məhkəməsinin 19.10.2021-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edərək onun bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərardadı 23 noyabr 2021-ci il tarixində əldə etmiş, lakin işi və səhhəti ilə əlaqədar üzrlü səbəbdən qanunla müəyən edilmiş müddət ərzində apellyasiya şikayəti verə bilməmişdir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 81.3-cü və 24-cü maddəsinə istinad edilir). Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizədə göstərilənlərə uyğun izahat verərək təmin ediliməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. Belə ki, İPM-in 85.1-ci maddəsinin tələbinə əsasən isə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İddiaçının ərizəsindən görünür ki, birinci instansiya məhkəməsinin qərarını 23 noyabr 2021-ci il tarixində əldə etdiyini təsdiq edir. İş materiallarından isə görünür ki, o, məhkəmənin qərardadını 22 noyabr 2021-i il tarixində məhkəmə qəbzinə imza edərək almışdır. Hər bir halda, iddiaçı qərardadı istər 22 noyabr, istərsə də 23 noyabr 2021-ci il tarixində almış olsun, hər iki halda onun tərəfindən qərardaddan İPM-in 85.1-ci maddəsi ilə müəyyən edilən 10 günlük şikayət vermə müddəti (8 gün) buraxılmış olur. Ərizəsində iddiaçı müddətin buraxılmasının üzrlü səbəbi kimi işi və səhhəti ilə əlaqədar olduğunu bildirsə də, həmin halları təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. İPM-in 24.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin qeyd edilən normasının mənasından göründüyü kimi, buraxılmış prosesual müddəti məhkəmə o halda berpa edir ki, proses iştirakçısının təqsiri olmadan buraxılmış olsun. Lakin konkret halda, iddiaçı tərəfindən məhkəməyə müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edə bilən sübutlar təqdim edilməmiş, müddəti işi və səhhəti əlaqədar buraxdığını bildirsə də, həmin səbəblərin konkret nədən olmasına hazırkı məhkəmə iclasında da aydınlıq gətirə bilməmiş, müvafiq təsdiqedici sənədlərlə sübuta yetirə bilməmişdir. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də, məhkəmə kollegiyası iddiaçının müddətin buraxılmasının üzrlü səbəbləri kimi istinad etdiyi halları, sübutlarla təsdiq olunmadığına və formal xarakterli sözlərdən ibarət olduğuna görə, müddətin bərpasına əsas ola bilən üzrlü səbəblər kimi qiymətlənirilməsini mümkün hesab etmir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, müddətin bərpa edilməsindən imtina olunmalı, bu səbəbdən də onun apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalı, şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 24, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Müddətin bərpa edilməsindən imtina olunsun və onun Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-10114/2021 saylı 19.10.2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-899/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-899/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver