Məhkəmə qərarları › İş №2-1(103)-899/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-899/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-899/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçının nümayəndəsi Maraqlı şəxs Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5497/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 14-cü Cənub küçəsində yerləşən ümumi sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə işlədiyi Milli X5-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində olan “Neorqanik” bağçılıq-yoldaşlığına üzv qəbul edilmişdir və Əzizbəyov (indiki Pirallahı) rayonu Dübəndi bağ massivində 14-cü Cənub küçəsində, sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi ona daimi istifadə üçün verilmişdir. Həmin bağ sahəsi həmin vaxtdan 34 ildir onun sahibliyində və daimi istifadəsindədir. O həmin bağ sahəsinin faktiki mülkiyyətçisidir. Sahə onun tərəfindən mişar daşı ilə hasara alınmış, ev tikilmiş, ağac və kollar əkilmiş və s. işlər görülmüşdür. O ailəsi ilə birlikdə həmin bağ sahəsində yaşayır, istirahət edir. 74 nömrəli sahəni istifadəyə yararlı etmək üçün o, çoxlu vaxt, enerji və maliyyə vəsaiti sərf etmişdir. Bağ sahəsi onun istifadəsində olsa da, o həmin bağ sahəsini özəlləşdirə bilməmişdir. Həmin bağ sahəsini öz mülkiyətinə keçirmək istəyir, lakin cavabdeh ona verilmiş 74 nömrəli torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarənin arxivində mövcud olan “Neorqanik” bağçılıq-yoldaşlıq təsərrüfatının 2 nömrəli, xx.xx.1988ci il tarixli protokolundan görünür ki, iddiaçıya 74 nömrəli bağ sahəsinin əvəzinə 65 nömrəli bağ sahəsi ayrılmış və həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçı X4 adına qeydiyyata alınaraq sonradan X2 adına özgəninkiləşdirimişdir. Bundan əlavə iddiaçı tərəfindən göstərilən faktiki ərazi digər fiziki şəxslər olan X10 (73/366 nömrəli bağ sahəsi kimi) və X6 adına (72/368 nömrəli bağ sahəsi kimi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5497/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ masivində 14-cü Cənub küçəsində yerləşən ümumi sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən X8 üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin məzmunu birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinə etirazı ilə eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində qərarın maddi və prosessual hüquq normalarına zidd olmaqla qəbul edildiyi bildirmişdir. Belə ki, iddiaçıya 74 nömrəli bağ sahəsinin əvəzinə 65 nömrəli bağ sahəsi ayrılmış və həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçı X4 adına qeydiyyata alınaraq sonradan X2 adına özgəninkiləşdirimişdir. Bundan əlavə iddiaçı tərəfindən göstərilən faktiki ərazi digər fiziki şəxslər olan X10 (73/366 nömrəli bağ sahəsi kimi) və X6 adına (72/368 nömrəli bağ sahəsi kimi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq işin düzgün həlli üçün X10 və X8 məhkəmə tərəfindən üçüncü şəxs kimi işə cəlb edilməlidir. Qeyd edilənlərə əsasən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Cavabdehin nümayəndələri Nümayəndə və N.Rzazadə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələblərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmamasını və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5497/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir . İddiaçını nümayəndəsi, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən prosesə üçüncü şəxs kimi cəlb olunmuş Maraqlı şəxs iddiaçının mövqeyini təkrarlayaraq apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir, həmçinin alqı-satqı müqaviləsi və çıxarışın surətini də təqdim edərək bildirdi ki, X7 adına olan 73/366 nömrəli bağ sahəsini o, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır, hazırda həmin 73/366 bağ sahəsi ********** qeydiyyat nömrəsinə əsasən onun mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilən işə apellyasiya icraatı qaydasında baxılarkən üçüncü şəxs kimi cəlb edilmiş X8 məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində və məhkəmənin sorğularına cavab olaraq cavabdeh tərəfindən məhkəməyə iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1988-ci il tarixli protokolun notariat qaydasında təsdiq edilmiş surəti, bağın yerləşdiyi bağlar massivinin sxeminin, cavabdehin imtina məktublarının, mütəxəssis rəyindən götürülmüş sxemin, Kataliz və X3 xx.xx.2016-cı il tarixli arayışının, cavabdehin xx.xx.2020-ci il tarixli arayışının, bağçılıq yoldaşlığının sədrinin arayışının, bağçının kitabının, əmək kitabçasının, daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətləri, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 2 (094)-110/2016 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətləri, iddiaçının bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması haqqında ərizəsinin və cavabdehin imtina məktubunun, daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın, torpaq sahəsinin planının, daşınmaz əmlakın alqı-satqı müaviləsinin, ərizələrin, torpaq sahəsinin planı və ölçüsünün, bağçının kitabçasının, bağların yerləşmə sxeminin, Bakı Xalq Deputatları şəhər Sovetinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarının, ”Neorqanik” institutunun bağçılıq-yoldaşlığının kollektivinin üzvlərinin yığıncağının protokolunu, torpaq sahəsinin planının, xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokolunun təsdiq edilmiş surətləri, daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surəti təqdim edilmişdir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan SSR X5-X16 İnstitutunda müxtəlif vəzifələrdə işləmişdir, xx.xx.1987-ci ildə həmin instituta bağçılıq yoldaşlığının yaradılması üçün Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmışdır,həmin institutun kollektivinin üzvləri tərəfindən yaradılmış “Neorqanik” Bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli, 2 №li protokolu ilə iddiaçıya 74 nömrəli bağ sahəsi ayrılmışdır, iddiaçıya 74/358 nömrəli bağçının üzvlük kitabçası verilmişdir, iddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Neorqanik” bağçılıq yoldaşlığı tərəfindən Dübəndi bağ sahəsində sahəsi 500 kv metr olan 74 saylı bağ sahəsi iddiaçıya 1988-ci ildə ayrılması barədə protokol və bağçının üzvlük kitabçası mövcuddur, hər iki sənəddə bağın nömrəsi “74” göstərilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən bağ həqiqətən də iddiaçının istifadəsindədir, hasar ilə əhatə olunmuşdur, bağ sahəsində iddiaçının istifadəsində olan fərdi yaşayış evi də mövcuddur. Apellysasiya icraatı zamanı iddiaçını nümayəndəsi, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən prosesə üçüncü şəxs kimi cəlb olunmuş Maraqlı şəxs tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsi və çıxarışın surətindən müəyyən olnur ki, X7 adına olan 73/366 nömrəli bağ sahəsi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs satılmışdır, çıxarışdan məlum olur ki, hazırda həmin 73/366 bağ sahəsi ********** qeydiyyat nömrəsinə əsasən onun mülkiyyətindədir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən həqiqətən də “Neorqanik” bağçılıq yoldaşlığı tərəfindən Dübəndi bağ sahəsində sahəsi 500 kv metr olan 74 saylı bağ sahəsi iddiaçıya 1988-ci ildə ayrılmışdır, bu barədə protokol və bağçının üzvlük kitabçası mövcuddur, hər iki sənəddə bağın nömrəsi “74” göstərilmişdir. İddiaçı həmin sənədləri cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi isə göstərilmişdir ki, “Neorqanik” bağçılıq-yoldaşlıq təsərrüfatının 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolu ilə iddiaçıya “65” nömrəli bağ sahəsinin ayrılması və həmin bağ sahəsinin iddiaçı tərəfindən özgəninkiləşdirilməsi göstərilmişdir. Məhkəmə Kollegiyası cavabdehin qeyd edilən əsasla imtinasını əsassız hesab edir ki, çünki iddiaçının təqdim etdiyi 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolda iddiaçıya 74 nömrəli sahənin ayrılması göstərilir, habelə bağçının üzvlük kitabçasında da iddiaçının istifadəsində olan bağın nömrəsi 74 göstərilmişdir Cavabdehin imtinasında istinad etdiyi 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolda isə iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi 74 göstərilsə də sonradan “yetmiş dörd №li bağ əvəzinə 65 №li bağ” sözləri əlavə edilmişdir, eyni zamanda “74” rəqəmindən sonra kəsr xətti qoyulmuş və “65” rəqəmi yazılmışdır, lakin həmin sözlərin və rəqəmlərin kim tərəfindən və nə vaxt əlavə edilməsi qeyri-müəyyən olduğu üçün qeyd edilən sözlərin protokola əlavə edilməsi iddiaçıya 65 nömrəli bağ sahəsinin ayrılmasını təsdiq etmir. İddiaçının 65 nömrəli bağ sahəsini özəlləşdirməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması barədə cavabdehin bildirdiklərinə gəldikdə isə həmin 65 nömrəli bağ sahəsinin iddiaçı tərəfindən özəlləşdirilməsinin qanunauyğunluğunun müzakirə edilməsi hazırkı məhkəmə mübahisəsinin predmeti deyildir. Cavabdehin apellyasiya şikayətində iddiaçı tərəfindən göstərilən faktiki ərazinin digər fiziki şəxslər olan X7 (73/366 nömrəli bağ sahəsi kimi) və X6 adına (72/368 nömrəli bağ sahəsi kimi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə, həmçinin həmin şəxslərin üçüncü şəxs qismində prosesə cəlb edilməsinə dair göstərilənlərə əsasən kollegiya aşağıdakıları qeyd edir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən prosesə üçüncü şəxs kimi cəlb olunmuş Maraqlı şəxs tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsi və çıxarışın surətindən müəyyən olnur ki, X7 adına olan 73/366 nömrəli bağ sahəsi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs satılmışdır, çıxarışdan məlum olur ki, hazırda həmin 73/366 bağ sahəsi ********** qeydiyyat nömrəsinə əsasən onun mülkiyyətindədir. Apellyasiya icraatı zamanı X8 üçüncü şəxs qismində işə cəlb edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5497/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5497/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar