Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-9/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə; X4 qızının katibliyi, İddiaçı Bayram oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı «bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-80/2017 saylı iş üzrə 18 yanvar 2017-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bayram oğlu cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı Şəhər icra Hakimiyyəti başçısının 12 oktyabr 1992-ci il tarixli, 1633 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində 0.12 hektar torpaq sahəsi olan 12/1 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-80/2017 saylı 18 yanvar 2017-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışında dəfələrlə onun torpaq sahəsinin kimə verilməsini tələb etsə də, məhkəmə həmin torpaq sahəsinin 13.04.2012ci il tarixli kadastr əsasında torpaq sahəsi 4,5256 ha olan "xxxx" Firmasına ayrılmasını müəyyən etsə də, həmin firmanın hüquqi ünvanını müəyyən etməmiş, "xxxx" firmasını işə cəlb etməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətlərinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin Bilgəh bağlar sahəsindəki 38 nömrəli kooperativin 1 nömrəli orderindən göründüyü kimi Bakı Şəhər icra Hakimiyyətinin 12 oktyabr 1992-ci il tarixli 1633 nömrəli qərarına əsasən Bilgəh bağlar sahəsindəki 38 nömrəli ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 12/1 nömrəli bağ sahəsi İddiaçı Bayram oğluna ayrılmışdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının Ə-128-112 saylı, 12.08.2015-ci il tarixli arxiv arayışına əsasən X2 Bilgəh ərazisində təşkil olunmuş 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin **********34 saylı, 18.05.2016-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, 38 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında X1 adı göstərilməmişdir. Həmçinin arxiv qovluğunda saxlanılan, 38 saylı bağ tikinti kooperativində ayrılmış bağ sahələrinin yerləşmə sxemində 12/1 saylı bağ sahəsi göstərilməmişdir. Cavabdeh Azərbayan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin **********97 saylı, 25.12.2015-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsinin hasarlanma və mərzçəkmə işləri tam aparılmamışdır. Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsi digər hüquqi şəxsin istifadəsində olan ərazi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********85 saylı, 11.11.2016-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının iddia etdlyi və naturada göstərdiyi torpaq sahəsi 13.04.2012-ci il tarixə kadastr nömrəsi **********0283 sahəsi 4.5256 hektar olan "xxxx" firmasına daimi istifadə üçün verilmiş kadastr planı ilə üst-üstə düşür. Dövlət mülkiyyəti toraqlarına aiddir. Cavabdehin yuxarıda qeyd edilən imtinasından sonra, iddiaçı ona ayrılmış bağ sahəsinə dair çıxarışın verilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsilə razılaşaraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının İdarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0.7-ci maddəsinə əsaəsən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Torpaq Məcəlləsinin 48-ci maddəsinin 1-ci hissəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci hissəsinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5-ci hissəsinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6-cı hissəsinə görə Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7-ci hissəsinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 66-cı maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin Bilgəh bağlar sahəsindəki 38 nömrəli kooperativin 1 nömrəli orderinə əsasən Bakı Şəhər icra Hakimiyyətinin 12 oktyabr 1992-ci il tarixli 1633 nömrəli qərarına əsasən Вilgəh bağlar sahəsindəki 38 nömrəli ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 12/1 nömrəli bağ sahəsi İddiaçı Bayram oğluna ayrılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin **********34 saylı, 18.05.2016-cı il tarixli məktubuna əsasən 38 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında X1 adı göstərilməmişdir. Həmçinin arxiv qovluğunda saxlanılan, 38 saylı bağ tikinti kooperativi nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxemində 12/1 saylı bağ sahəsi göstərilməmişdir. Həmçinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyin görünür ki, iddiaçının iddia etdlyi və naturada göstərdiyi torpaq sahəsi digər hüquqi şəxsə, "xxxx" firmasına daimi istifadə üçün verilmiş kadastr planı ilə üst-üstə düşür. Dövlət mülkiyyəti toraqlarına aiddir. Birinci instansiya məhkəməsi yekun qərarını onunla əsaslandırmışdır ki. “... daşınmaz əmlakın dövlət reyestrində eyni ünvanda yerləşən daşınmaz əmlakın eyni bölgüləri üzərində ayrı-ayrı şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınması Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir və icra olunması mümkün deyil.” İşin faktiki hallarını nəzərə alaraq kollegiya hesab edir ki, işin bu cür ziddiyyətli hallarına münasibətdə birinci instansiya məhkəməsi iddanın rədd edilməsilə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı məhkəməyə yalnız order təqdim etmiş, qeyd edilən ziddiyyətli halları aradan qaldıracaq hər hansı digər sübutu (icarə müqaviləsi, ona ayrılmış bağ sahəsinin koordinatlarına dair hər hansı sənəd, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə araşdırması zamanı təqdim etməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, hazırki iş üzrə İddiaçı Bayram oğlunun Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxs:"xxxx" firması) torpaq sahəsinin plan-ölçüsünün və digər müvafiq sənədlərin etibarsız hesab edilməsi tələbilə 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-1745/17 saylı, 23.11.2017-ci il tarixli qərardadı ilə İddiaçı Bayram oğlunun Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş, qərardadın ləğv edilərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 07.01.2018-ci il tarixli, 2-1(103)-437/2018 saylı qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilərək, 2-1(82)-1745/17 saylı, 23.11.2017-ci il tarixli qərardad ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra işə yenidən birinci instansiya qaydasında baxılarkən məhkəmə iddiaçının tələbində “və digər müvafiq sənədlərin” ifadəsinin qeyri-müəyyən olduğunu nəzərə alaraq onu formal xəta hesab etmiş və iddia tələbini aşağıdakı kimi qəbul etmişdir: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13 aprel 2012-ci il tarixli **********0283 kadastr nömrəsi ilə "xxxx" fondunun daimi istifadə üçün verilmiş, dövlət torpaq kadastr kitabında 12 aprel 2012-ci il tarixdə 18791 nömrə ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12.10.1992-ci il tarixli 1633 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində 0,12 ha torpaq sahəsi olan 12/1 nömrəli bağ sahəsi ilə üst-üstə düşdüyündən etibarsız sayılması” Məhkəmənin 2-1(103)-131/2019 saylı, 07.05.2019-cu il tarixli qərarı ilə İddiaçı Bayram oğlunun torpaq sahəsinin planı və ölçüsünun etibarsız sayılması barədə iddia tələbi rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, 2-1(103)- 131/2019 saylı, 07.05.2019-cu il tarixli qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2-1(103)-27/2021 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2-1(103)- 131/2019 saylı, 07.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə yekun qərarında qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. ... iddiaçı ona Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1633 saylı 12.10.1992-ci il tarixli Sərəncamı ilə ayrılmış bağ sahəsinin ayrıc aktının olmadığı, ona görə də onun yerinin dəqiq müəyyən edilməsi mümkün olmadığı halda naturada faktiki olaraq göstərdiyi torpaq sahəsinin isə "xxxx" firmasının plan və ölçü sənədində əksini tapan 435256 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyünə istinad etməklə sonuncunun adına Kadastrda uçota alınmış və həqiqiliyi şübhə doğurmayan (bunu təkzib edən halları iddiaçı sübuta yetirə bilmir) plan və ölçü sənədinin etibarsız hesab edilməsini tələb edə bilməz. Nəzərə alınmalıdır ki, bu zaman iddiaçı mübahisələndirdiyi inzibati aktın doğruluğunu, başqa sözlə onun həqiqiliyi və tamamlığını şübhə altına alan və onun qanunsuz verildiyini təsdiq edən halları əsaslandıra bilmir və bu barədə müvafiq sübutları da məhkəməyə təqdim edə bilməmişdir.” İşin hallarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2-1(103)-27/2021 saylı qərarından kassasiya şikayəti verilmədiyindən apelyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Beləliklə, işin faktiki hallarına əsasən, hazırki iş üzrə İddiaçı ona ayrıldığını iddia etdiyi bağ sahəsinə dair ayrıc aktı mövcud deyildir. İddiaçı hər hansı mötəbər hüquqmüəyyənedici sənədi olmadan tələb etdiyi torpaq sahəsinin yerini yalnız naturada göstərməklə həmin torpaq sahəsinə dair adına çıxarışın verilməsini tələb edir. Eyni zamanda onun yerini naturada göstərək tələb etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan digər hüquqi şəxsin ("xxxx" firması) daimi istifadəsinə verilən torpaq sahəsilə üst-üstə düşməsi də işin mübahisəsiz halıdır. Yekunda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sərhədlərini yalnız naturada göstərə bildiyi və işin faktiki hallarına əsasən, digər hüquqi şəxsin qanuni istifadəsində olan, lazımi qaydada dövlət qeydiyyatına alınmış torpaq sahəsinin sərhədləri daxilində olan torpaq sahəsinə dair adına çıxarışın verilməsini tələb edə bilməz. Odur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi isə sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın verilməsi tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apelyasiya şikayəti hər hansı mötəbər dəlillə əsaslandırılmadığından təmin olunmamalı, məhkəmənin mübahisələndirilən qərarı qüvvədə saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bayram oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin təzələnmiş iş üzrə 2-1(82)-80/2017 saylı 18 yanvar 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Həmid Həmidov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-9/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-9/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver