Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-9/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki sənədin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2021 saylı 27 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Torpaqların alqı-satqısına dair” xx.xx.2004-cü il tarixli akta əsasən ünvan 3 ünvanında yaşayan İddiaçı xx.xx.2004-cü ildə M.Ə.Rəsulzadə Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyəsi ərazisində 0,1 ha torpaq sahəsinin satılması barədə 276 nömrəli, xx.xx.2004-cü il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 276 nömrəli, 05 avqust 2004-cü il tarixli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” qərarına əsasən ünvan 3-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən və faktiki istifadəsində olan 1000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2004-cü il tarixli ərizəsinə, bələdiyyənin yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 169 nömrəli, 09 avqust 2006-cı il tarixli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” qərarına əsasən ünvan 4-də yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2006-cı il tarixli ərizəsinə, bələdiyyənin yerli büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2006-cı il tarixli, 05 saylı iclas protokolunun qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akta əsasən, ünvan 4 ünvanında yaşayan İddiaçı, xx.xx.2006-cı ildə M.Ə.Rəsulzadə Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,02 ha torpaq sahəsinin satılması barədə 169 nömrəli, xx.xx.2006-cı il tarixli qərar qəbul edilmişdir. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsini xahiş etmiş və sonuncu xx.xx.2019-cu il tarixli, **********23 saylı imtina məktubunda bildirmişdir ki, poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən təqdim etdiyi alqı-satqısına dair aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli, 276 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən faktiki istifadəsində olan 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə hər kv.m üçün 16.000 manat, ümumi məbləğ 16.000.000 manat ödəmək şərtilə İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, çirkab suların sızması nəticəsində bataqlığa çevrilmiş və ekoloji cəhətdən antisanitariya vəziyyətinə düşmüş ərazidən 200 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə hər kv.m üçün 4 manat 16 qəpik ödəmək şərtilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin ərazidə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə üzrə qeyri-yaşayış sahəsi tikilmişdir. İddiaçı ona məxsus olan, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv.m torpaq sahələrinə və onun üzərində olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqları ilə qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi xahiş etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli məktubunda imtinanın əsası kimi qeyd olunmuşdur ki, poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyri-yaşayış binası barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 757/2018 saylı qərardadı daxil olub, lakin onun qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yazılı etiraz təqdim olunaraq bildirilmişdir ki, İddiaçı idarəyə ünvanladığı ərizəyə əlavə olunan torpağın alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən qeyri-yaşayış binası ilə bağlı idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bununla yanaşı qeyri-yaşayış binası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-757/2018 saylı qərardadı daxil olmuşdur, lakin qərardadın qanuni qüvvəyə minməsi barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********23 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-141/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən torpağın iddiaçıya satılması barədə 04 avqust 2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli “Torpağın alqısatqısına dair aktlarının” müvafiq (rayon, şəhər) torpaq şöbəsi tərəfindən imzalanması və qeydiyyata alınması məcburi şərt kimi aktın tərtib edildiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş olsa da, həmin dövrdə qanunvericiliyin bu tələbi icra edilməmiş, torpaq şöbəsi tərəfindən iddiaçının istinad etdiyi aktlar imzalanmamışlar və qeydiyyata alınmamışlar. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqların ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılma qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Göründüyü kimi, bu bənd bələdiyyə ilə İcra Hakimiyyəti orqanı arasında olan münasibətləri tənzimləyən bir normadır. Bu hərəkətlər bələdiyyə tərəfindən torpaq sahəsinin vətəndaşın mülkiyyətinə ayrılmasından əvvəl görülməli və vətəndaşın İcra Hakimiyyətindən rəyin alınması barədə göstəriş yoxdur. Bəndə əsasən bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Yəni, İcra Hakimiyyətindən rəyin alınması imperativ norma deyil, sadəcə müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mülkiyyətin üç elementi var: sahiblik, istifadə və sərəncam vermək hüququndan ibarətdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarlarına və alqı-satqı aktlarına əsasən onun sahiblik, istifadə və mülkiyyətinə (reyestrdə qeydə alınmamış) verilmişdir. Yəni, X3 öz daşınmaz əmlakı barəsində potensial mülkiyyətçiyə çevrilmişdir. İkincisi, bildirir ki, torpaq sahəsinə cavabdehin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmış və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış №**********9, xx.xx.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən sözügedən qeyri yaşayış sahəsi yaxınlıqdan keçən Böyükşor gölünün, neft kəməri və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin bildirir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid deyil və bu səbəblərdən ərizənin icrası mümkün deyil. Bununla bağlı qeyd edir ki, “X2” MMC-nin 19 mart 2021-ci il tarixli, 437 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən təqdim olunmuş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı və 09 avqust 2006-cı il tarixli 169 saylı qərarları ilə iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol konfiqurasiyası, faktiki ölçüləri müəyyən edilərək, torpaqların sahələrinin (ölçüləri) qeyd olunan qərarlarda göstərilən ölçülərə uyğun olduğu, torpaq sahələrinin “Böyük Şor” gölünün sahilindən xeyli aralıda yerləşməsi və ərazidən keçən 150 kv-luq yüksək gərginlikli elektrik xəttinin 25 metrlik mühafizə zolağına düşmədiyi müəyyən edilir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin 107,0 kv.metrlik hissəsi və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 200,0 kv.metr torpaq sahəsi ərazidən keçən 500 mm-lik “Şirvan- Böyükşor” neft boru kəmərinin 50 metrlik mühafizə zolağından kənarda yerləşir. “Böyük Şor” gölünün xəritəsində gölün mühafizə zolağının konkret olaraq hansı məsafəni təşkil etməsi göstərilməmişdir. Lakin, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı müəyyən edilmişdir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahələri ilə “Böyük Şor” gölünün sahilinə ən yaxın məsafə 70 metrdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə, iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərindən 20 metr aralıda yerləşməsi, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəmərindən 5-6 metr məsafədə fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin olması, iddiaçının mülkiyyətinə verilmiş 1200,0 kv.metr torpaq sahələri ilə qonşuluqda, o cümlədən ətrafdakı ərazidə yerləşən bəzi qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsi və qeyri yaşayış sahəsi dövlət mülkiyyəti deyil və “Böyük Şor” gölünün, Böyükşor” neft borunun və ərazidən keçən 150 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında kənarda yerləşir. Üçüncüsü, cavabdeh qeyd edir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid deyil. Buda həqiqətə uyğun deyil. Belə ki, əgər cavabdehin qeyd etdiyi həqiqətə uyğun olmuş olsaydı, onda həmin torpaq sahəsində tikilmiş qeyri yaşayış sahəsinin layihəsinin razılaşdırılması zamanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti imtina etmiş olardı və bələdiyyənin vəzifə səlahiyyətlərini aşaraq qanunsuz olaraq müqavilə bağlaması ilə əlaqədar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat vermiş olardı. Digər tərəfdən isə belə məlumatı cavabdeh orqanda verə bilərdi ki, bunu da etməmişdir. Xüsusi ilə qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi iddiaçıya məxsus torpaq sahəsi bələdiyyə torpaqlarına aid olmayan torpaq sahəsi olsaydı, onda həmin torpaq dövlət mülkiyyəti olmaqla həmin torpaq sahəsinin ayrılması səlahiyyəti Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə aid olardı və bu zaman həmin torpaq sahəsində bələdiyyə ilə müqavilə əsasında torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsinin tikilməsi ilə əlaqədar razılaşma zamanı bu məsələyə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən münasibət bildirilmiş olardı. Göründüyü kimi bu hal mövcud deyil. Buda ona dəlalət edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə olan halda iddiaçının iddiası əsaslı olmaqla təmin olunmalıdır. Qeyd olunanlar onu ehtiva edir ki, məhkəmə iddia tələbi üzrə qərəzli olaraq tam və hərtərəfli araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 02 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-390/2022 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-141/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2022ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş kasssasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2252/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2-1(103)- 390/2022 saylı qərarının ləğv edilərək, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətini müdafiə etmiş və onların məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 200 kv metr torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa o, İddiaçı ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Ərizədə iddiaçı iddia tələbinin torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi hissəsində iddiadan imtina etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi icraata qəbul edilmiş və iddia tələbinin-“torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və və texniki sənədlərin verilməsi hissəsində” iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyasının həmin tarixli digər qərardadı ilə iş üzrə 3-cü şəxslər Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətininin 3-cü şəxs statusu ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin-“torpaq sahəsinin üzərində olan qeyri-yaşayış sahələrinə aid daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi hissəsində” iş üzrə icraata xitam verildiyindən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-141/2021 saylı qərarının qanuniliyi və əsaslılığı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və 200 kv metr torpaq sahələri üzərində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi” tələbinin rədd olunduğu hissədə yoxlanılır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilkin imtina məktubu xx.xx.2019-cu il tarixdə olmuşdur. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və 200 kv metr torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsinin mövqeyi qərarında fərqli olmuşdur. İşin təkrar apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində məhkəmə kollegiyası iddianın qeyd olunan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Hazırki işdən görünür ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi hər iki torpaq sahəsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədləri mövcuddur. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə, müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmadan bələdiyyə tərəfindən qəbul edilmiş qərarlar qanunauyğun sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmaması məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən rəylər alınmadan və razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasının əsası əvvəlcə yuxarıda qeyd olunan- DTXK tərəfindən müvafiq rəy alınmadan bələdiyyə tərəfindən qərar qəbul edilməsi ilə bağlı olsa da, sonradan məhkəmə icraatı dövründə “torpaq sahəsinin bütövlüklə Böyükşor gölünün və neft kəmərinin mühafizə zolaqlarında, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşdiyini” bildirmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya bir torpaq sahəsi Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 276 nömrəli, 05 avqust 2004-cü il tarixli qərarı, digəri isə 169 nömrəli, 09 avqust 2006-cı il tarixli qərarı əsasında ayrılmışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 5 ünvanladığı xx.xx.2019-cu il tarixli **********95 nömrəli məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir, bələdiyyə qərarı ilə ayrılan torpaq sahələri 1000,0 kv metr və 200,0 kv m olsa da, faktiki sahəsi 1235,8 kv metrdir. Torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin yaxınlığından 500 mm-lik neft kəməri və 150 kV-lıq yüksək gərginlikli elektrik xətti keçir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağı olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017- ci il tarixli, 221 nömrəli Qərarı ilə təsdiqlənmiş Böyükşor gölünün mühafizə zonasında yerləşir. Bundan əlavə olaraq yaxınlığından keçən neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasıdır. “X2” MMC-nin 19 mart 2021-ci il tarixli, 437 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən təqdim olunmuş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı və 09 avqust 2006-cı il tarixli 169 saylı qərarları ilə iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol konfiqurasiyası, faktiki ölçüləri müəyyən edilərək, torpaqların sahələrinin (olçüləri) qeyd olunan qərarlarda göstərilən ölçülərə uyğun olduğu, torpaq sahələrinin “Böyük Şor” gölünün sahilindən xeyli aralıda yerləşməsi və ərazidən keçən 150 kv-luq yüksək gərginlikli elektrik xəttinin 25 metrlik mühafizə zolağına düşmədiyi müəyyən edilir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin 107,0 kv.metrlik hissəsi və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 09 avqust 2006-cı il tarixli 169 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 200,0 kv.metr torpaq sahəsi ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərinin 50 metrlik mühafizə zolağından kənarda yerləşir. “Böyük Şor” gölünün xəritəsində gölün muhafizə zolağının konkret olaraq hansı məsafəni təşkil etməsi göstərilməmişdir. Lakin, Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı müəyyən edilmişdir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahələri ilə “Böyük Şor” gölünün sahilinə ən yaxın məsafə 70 metrdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 05 avqust 2004-cü il tarixli 276 saylı qərarı ilə, iddiaçının mülkiyyətinə verilmiş 1000,0 kv.metr torpaq sahəsinin ərazidən keçən 500 mm-lik “Şirvan-Böyükşor” neft boru kəmərindən 20 metr aralıda yerləşməsi, neft boru kəməri ilə iddiaçıya məxsus torpaq sahəsi arasında avtomobil yolu, neft boru kəmərindən 5-6 metr məsafədə fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin olması, iddiaçının mülkiyyətinə verilmiş 1200,0 kv.metr torpaq sahələri ilə qonşuluqda, o cümlədən ətrafdakı ərazidə yerləşən bəzi qeyriyaşayış sahələrinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2252/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 5 ünvanladığı xx.xx.2019-cu il tarixli **********95 nömrəli məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir, bələdiyyə qərarı ilə ayrılan torpaq sahələri 1000,0 kv metr və 200,0 kv m olsa da faktiki sahəsi 1235,8 kv metrdir. Torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin yaxınlığından 500 mm-lik neft kəməri və 150 kv-lıq yüksək gərginlik elektrik xətti keçir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağı olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017- ci il tarixli, 221 nömrəli Qərarı ilə təsdiqlənmiş Böyükşor gölünün mühafizə zonasında yerləşir. Bundan əlavə olaraq yaxınlığından keçən neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasıdır”. Eyni zamanda “X2” MMC-nin 19 mart 2021-ci il tarixli, 437 nömrəli ekspert rəyinə də yer vermişdir, halbuki həmin rəyin nəticələri DƏDRX-nin 1 saylı ünvan 5 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun məzmunu ilə ziddiyyət təşkil edir. Yuxarıda göstərilmiş məktubdan və “X2” MMC-nin rəyindən göründüyü kimi, həmin sənədlərdə “Böyük şor” gölü ilə ərazidən keçən 500 mm-lik “ Şirvan-Böyükşor” neft boru kəməri ilə, həmçinin 150 kv-luq yüksək gərginlikli elektrik xətti ilə bağlı mövqelər tamamilə fərqlidir. Halbuki yuxarıda artıq göstərilmiş və ziddiyyətli məqamlarla dolu olan iki sənəd (məktub və rəy ) iş üzrə mühüm olan halların, o cümlədən sözügedən torpağın həqiqi sxemi, torpağın hazırda yerləşməsi, adıçəkilən gölə, boru kəmərlərinə, yüksək gərginlikli elektrik xəttlərinə münasibətdə xüsusilə də iddiaçıya torpaq verildiyi zaman yəni 2004-cü və 2006-cı illərdə hansı məsafədə olmasının iş üzrə ekspertiza təyin edilməklə doğrudürüst müəyyən edilməsi mütləqdir. Bununla yanaşı həmin torpaq sahəsində mövcud olan tikilinin inşa edilməsinə əsas olmuş sənədlər (qərar, sərəncam, müqavilə və.s ) də apellyasiya məhkəməsində dəqiq araşdırma predmeti olmalı və buna da qanuni və əsaslı hüquqi qiymət verilməlidir.” Bununla bağlı adıçəkilən qərarda göstərilənlərlə əlaqədar və hazırki işə təkrar apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə kollegiyasının 2-1(103)- 1483/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə torpağın həqiqi sxemi, torpağın hazırda yerləşməsi, adıçəkilən gölə, boru kəmərlərinə, yüksək gərginlikli elektrik xəttlərinə münasibətdə, xüsusilə də iddiaçıya torpaq verildiyi zaman yəni 2004-cü və 2006-cı illərdə hansı məsafədə olmasının müəyyən edilməsi məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8496 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin ekspert rəyində göstərilmişdir ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-37890/2023 nömrəli mütəxəssis rəyinə əsasən faktiki olaraq göstərilən 1000,0 kv.m torpaq sahəsinin, qeyd olunan 200,0 kv.m torpaq sahəsi ilə ümumi sərhəd daxilində olduğu, ara sərhədləri üzərindəki mövcud tikilinin çöl divarı və mişar daş hasarla sərhədləndiyi, sözügedən 200,0 kv.m torpaq sahəsinin bir tərəfdən blok daşlar düzülərək, digər tərəfləri mişar daş hasar və digər sahə üzərindəki mövcud tikilinin və üzərindəki mövcud tikilinin çöl divarları ilə sərhədləndiyi və vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin bütövlüklə Böyükşor gölünün və neft kəmərinin mühafizə zolaqlarında, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşdiyi, sahənin dövlət mülkiyyətində olduğu müəyyən olunmuş, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmiş və təqdim edilmiş cizgilərdə heç bir dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, məhkəmə qərardadına əsasən ekspert və mütəxəssis qarşısıda qoyulmuş suallara tam olaraq cavab verilmədiyindən məhkəmə kollegiyası xx.xx.2024-cü il qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5053 saylı ekspert rəyi daxil olmuş və rəyin nəticə hissəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin yuxarıda qeyd olunan rəyi ilə eyni məzmunlu olan xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-37890/2023 nömrəli mütəxəssis rəyinə istinad olunmuşdur. İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 9 aprel 2025 -cü il tarixli cavab məktubunda göstərilmişdi ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m və 200 kv.m torpaq sahələrinə bitişik, onun yanında və ya qonşuluğunda yerləşən ayrı-ayrı şəxslərin mülkiyyət hüquqlarının qeydi ilə bağlı çıxarışların və bu çıxarışların verilməsi üçün əsas olan sənədlərin surətlərinin təqdim edilməsi barədə sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. İddia olunan torpaq sahəsinə bitişik və yaxınlıqda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-37890/2023 nömrəli mütəxəssis rəyində qeyd olunan iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin bütövlüklə Böyükşor gölünün və neft kəmərinin mühafizə zolaqlarında, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşməsi dəlilinə münasibətdə qeyd edir ki, əvvəla, Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 23 may 2017-ci il tarixdə qəbul olunmuşdur. İş materiallarından görünür ki, iddiaçıya sözügedən hər iki torpaq sahəsi bundan (2017-ci ildən) illər öncə (2004 və 2006-cı illərdə) bələdiyyə qərarı ilə ayrılmışdır. Belə olan halda bələdiyyə tərəfindən iddiaçıya müvafiq torpaq sahələri ayrılan zaman hansı qanun pozuntusuna yol verildiyi cavabdeh qurum tərəfindən sübuta yetirilmir. Başqa sözlə desək, cavabdeh qurumun yuxarıda göstərdiyi dəlil iddiaçıya 2004 və 2006-cı illərdə hələ torpaq sahələri ona bələdiyyə tərəfindən ayrılan zaman nəzərə alına bilməzdi, odur ki, bu hal da onu deməyə əsas verir ki, bələdiyyə tərəfindən torpaq ayrılan zaman qeyd olunan məsələ ilə bağlı qanun pozuntusuna yol verilməmişdir. İddiaçıya ayrılmış torpaq sahələrinin yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşməsi barədə cavabdeh qurumun dəlilinə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Həmin Qaydaların 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa müəyyən olunmamışdır. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 1695/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşməsi barədə cavabdeh qurumun gətirdiyi dəlilə münasibətdə isə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd edilmişdir ki, həmin Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İşin təkrar apelyasiya baxışı zamanı cavabdeh qurumun mütəxəssis rəyi əsasında verilmiş ekspert rəyində torpaq sahələrinin bütövlüklə Böyükşor gölünün və neft kəmərinin mühafizə zolaqlarında yerləşdiyi qeyd olunsa da, məhkəmə kollegiyası nəzərə alır ki, iddia olunan torpaq sahəsi magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmir, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququn qeydiyyata alınması təşkil edir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır ( 2-1(102)- 448/2025 saylı xx.xx.2025-ci il tarixli qərar). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi göstərdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçının əsaslı tələbinin təmin olunmasından imtina edilməsi üçün əsas sayıla bilməz. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan 1000 kv.m. və 200 kv.m. torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və ona əlavə olunan plan və ölçünün verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2021 saylı 27 avqust 2021-ci il tarixli qərarı qismən, “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və 200 kv metr torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədin verilməsi” tələbinin rədd edildiyi hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-141/2021 saylı 27 avqust 2021-ci il tarixli qərarı qismən, “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və 200 kv metr torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədin verilməsi” tələbinin rədd edildiyi hissədə ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv metr və 200 kv metr torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüquqları qeydə alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-9/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-9/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver