Məhkəmə qərarları › İş №2-1(103)-90/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-90/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-90/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi 1991-ci ildə Çöl Şüvəlan ərazisində 190 nömrəli kooperativ 0.12 ha torpaq sahəsi olan 21 “o” nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-ci il tarixli, 2-1(82)-2493/2019 saylı qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-ci il tarixli, 2-1(82)- 2493/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi 1991-ci ildə Çöl Şüvəlan ərazisində 190 nömrəli kooperativ 0.12 ha torpaq sahəsi olan 21 “O” nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsi qonşu bağ sahələri ilə ümumi hasar daxilindədir və ara sərhədləri şərtidir. Müvafiq bağ sahəsinin ayrılması barədə bağ sahibləri tərəfindən imzalanmış və notarial qaydada təsdiq eidlmiş bölgü sxemi təqdim edilməmişdir. Bundan başqa, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, “210” nömrəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Həmçinin İdarənin arxivində orderin nüsxəsi aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinə etiraz edərək qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 3/75 saylı, 01.03.1991-ci il tarixli qərarı ilə İddiaçı Şüvəlan bağ massivində yerləşən 190 saylı kooperativindən torpaq sahəsi ayrılmışdır. İşin materiallarında olan 190 nömrəli kooperativə aid 26 saylı orderə görə, iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin 3/75 saylı, 01.03.1991-ci il tarixli qərarına əsasən Çöl Şüvəlan bağlar sahəsində 190 saylı BTK nəzdində 0,12 ha hektar torpaq sahəsi olan 21 “o” saylı bağ sahəsi ayrılmışdır. 10.05.2019-cu il tarixdə iddiaçı müvafiq ərizə ilə cavabdeh İdarəyə müraciət edərək, bağ sahəsinin dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Lakin, həmin inzibati orqanın iddiaçıya ünvanladığı 02.05.2019-cu il tarixli cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmiş və göstərilmişdir ki, bağ sahəsi qonşu bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir və notarial qaydada təasdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmcinin göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, “210” nömrəsinin bu əraziyə aidiyyatı yoxdur. Eyni zamanda idarənin arxivində orderin nüsxəsi aşkar olunmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2021-cı il tarixli 10/2282 rəyindən müəyyən olunur ki, iddia olunan bağ sahəsi ilə Bakı şəhəri İcraiyyə Komitəsinin 375 saylı, 01.03.1991-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 21”Q” nömrəli baş sahəsi eynilik təşkil etmir.(sxematik xəritəyə əsasən iddia olunan bağ sahəsi 43”ü”, 43”m”, 43 “ç” saylı bağların ərazisinə uyğun ğəlir. Həmcinin elektron baza məlumatlarına əsasən iddia olunan sahə Bakı şəhəri, Xəzər rayonu, Cöl-Şüvəlan bağ massivinin ərazi hüdudlarında yerləşir. Araşdırılan qərardan göründüyü kimi, birinci instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının iddiası "öhdəliyin icrası haqqında" iddia növünə aid olduğundan, ona münasibətdə Azərbaycan Respublikası İPM ilə iddia müddəti də nəzərdə tutulmamışdır, iddiaçının subyektiv hüququ mövcuddur və cavabdeh inzibati orqanı müvafiq səlahiyyətli qurum olduğundan iddia mümkün iddiadır. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq bağ sahəsinin iddiaçıya ayrılması Bakı şəhəri İcraiyyə Komitəsinin 3/75 saylı, 01.03.1991-ci il tarixli qərarı, ondakı məlumatların (qeydlərin) həqiqətə uyğun olmadığı cavabdeh İdarə tərəfindən sübuta yetirilmədiyindən, hər hansı şəxs tərəfindən mübahisələndirilmədiyindən, həmin inzibati orqanın özu tərəfindən və ya məhkəmə qaydasında ləğv olunmadığından, etibarsız sayılmadığından, subut kimi mötəbər qiymətləndirilməlidir. Həmin qərar isə iddiaçının Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində 190 saylı BTK nəzdində 0,12 ha hektar torpaq sahəsi olan 21 “o” saylı (cavabdeh imtuna məktubunda, məhkəməyə ünvanlanmış məktublarında və apelyasiya şikayətində ya 210, ya da 21”o” kimi göstərir) bağ sahəsinin qanuni istifadəçisi olduğunu sübut edir. Cavabdeh İdarənin imtinasının "bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi” məsələsinə gəldikdə isə, bu dəlil iddiaçının iradəsindən asılı olan hal deyil və nəzərə alınmalıdır ki, vətəndaşların qanuni istifadəsində olmuş bağçılıq təsərrüfatının torpaqlarının rəsmiləşdirilməsi zamanı mövcud uyğunsuzluqların aradan qaldırılması müvafiq (DƏDRX haqqında) Əsasnamə ilə hazırkı cavabdeh İdarənin vəzifələrindən biridir. Odur ki, belə hal hüququ olan şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına heç bır halda əsas vermir. Əvvəla, imtinanın verilməsinə əsas olan “sxematik xəritə” cavabdeh orqanın sahə mühəndisləri tərəfindən tərtib edilmiş, təsdiq olunmamış, qeydiyyatdan kecməmiş bağların bölgüsünə dair cizgi olub kifayət qədər mötəbər sübut deyildir. İkincisi, həmin sxematik xəritə sübut kimi qəbul olunacağı təqdirdə belə iddiaçıya aid 21 “o” saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xərityə uyğun gəlməməsi və həmin nömrəli bağın bu əraziyə aid olmamasına dair cavabdehi imtinasında və apelyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə təkzib olunur. Belə ki, yuxarıda qeyd edilən ekspertiza rəyindən məlum olur ki, elektron kadastr baza məlumatlarına əsasən iddia olunan Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivinin ərazi hüdudlarında yerləşir. Bundan əlavə, iş materialların əlavə edilmiş, vət. X3 aid 21 o/13 nömrəli bağ sahəsi Bakı şəhəri, Xəzər rayonu, Cöl-Şüvəlan bağ massivində olmaqla dövlət reyestrində qeydə alınmışdır. Bundan əlavə, 190 saylı BTK nəzdində Çöl Şüvəlan bağlar sahəsində yerləşən 21 “o” saylı bağ sahəsinə dair sənədin (order) İdarənin arxivində aşkar olunmaması da iddiaçının iradəsindən asılı olmayıb, cavabdehə aid olan məsələdir. Bağ sahəsinin qonşu bağ sahələri ilə ümumi hasar daxilində yerləşməsi, bağ sahələrinin ayrılmasına dair bağ sahibləri tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş bölgü sxeminin təqdim edilməməsinə dair apelyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki iş materiallarında olan cavabdehin 25,10.2019-cu il tarixli **********20 saylı məktubundan aydın olur ki, tədqiqat obyektinə baxış keçirilmiş, sözügedən bağ sahəsinin qonşu bağlarla ümumi hasar daxilində yerləşməsi, ara sərhədlərin 2 sıra mişar daşı düzülərək ayrıldığı müəyyən olunmuşdur. Beləliklə, iddiaçının Bakı şəhəri, Çöl-Şüvəlan bağlar massivində yerləşən 0,12 ha ölçüdə 21 “o” saylı bağ sahəsinin 0,12 ha hissəsinə mülkiyyət hüquqlarının qeydiyyatı üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas mövcud olduğundan, cavabdeh İdarənin imtinası qismən qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də, iddiaçının iddia tələbi qismən əsaslı və qanuni olduğundan, həmin tələb birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunün 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtinar edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariata qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildiksə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-cı bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması uçun əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11) hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayş evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli 13 yanvar 2015 ci il tarixli Fərmanının 1 -ci bəndi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 2.5-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların, altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yemdən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri nəzərdə tutulmuşdur. Həmin Fərmanın 2-cı bəndi ilə müəyyən edilmişdir kı, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Bu əsasdan kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, ekspert və mütəxəssis rəyləri üçün xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli, 2-1(82)- 2493/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) AZN İddiaçı tutularaq dövlət nəfinə (X2, Kod 21005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə verilmiş mütəxəssis rəyinə görə 311 (üç yüz on bir) AZN İddiaçı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (Benefisiar Bankı: "xxxx" ASC, Xətai filialı; Filialın kodu: 200071; VÖEN: **********; SWİFT kod: AİİBAZ2X; Müxbir hesab: AZ37NABZ013501**********1944; Benefisiarın adı: }KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR; Benefisiarın hesabı: AZ23AİİB********************; VÖEN: **********) ödənilsin. Qərardan, təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Səadət Bəktaşi Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar