Məhkəmə qərarları › İş №2-1(103)-90/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-90/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-90/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, üçüncü şəxs X11 və üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X11, X12 və X6) “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2021 nömrəli 28 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X11, X12 və X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11, X12 və X2 Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2021 nömrəli 28 dekabr 2021-ci il tarixli tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7896/2021 nömrəli 28 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı inzibati işin araşdırılmasına formal yanaşmış, tətbiq etdiyi qanunun təfsirində səhvə yol vermişdir, inzibati iş üzrə məhkəmənin gəldiyi nəticə özünün formal mülahizələrinə əsaslanmışdır. Cavabdeh Xətai RPİ-nin 3-cü şəxsləri yuxarıda qeyd edilən mənzildə qeydiyyatdan çıxarmaması haqqında imtinanı qanuni hesab etməklə məhkəmə inzibati prosessual, inzibati icraat və yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericilik normalarının tələblərini pozmuşdur. Cavabdeh polis idarəsinə adı çəkilən 3cü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətində bildirmişdir ki, 3-cü şəxs X11 təxminən 1995-ci ildən etibarən ünvan 1 ünvanda inşa etdiyi 22 saylı yaşayış evinə həyat yoldaşı ilə daimi yaşamaq üçün köçmüşdür. Buna görə də onun özünün və iki həddibüluğa çatmış uşağının qeydiyyatdan çıxarılmasını cavabdehdən xahiş etmişdir. Yazılı müraciətinə cavab olaraq cavabdeh özünün xx.xx.2021-ci il tarixli imtina cavabında bildirmişdir ki, iddiaçı tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası qanunun 9-cu maddəsində göstərilmiş əsaslar təqdim edilmədiyindən həmin şəxslərin qeydiyyatdan çıxarılması mümkünsüzdür. İşə baxan birinci instansiya məhkəməsi inzibati işin bu hissəsində hər hansı araşdırma aparmamışdır. Məhkəmənin istinad etdiyi qanunun 9-cu maddəsinin birinci bəndi şəxsin yaşayış yerini dəyişməsi və yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyətin məlumatı olduqda şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılmasına əsasdır. Məhkəmə bu hissədə cavabdeh orqanın ona verdiyi cavabında göstərdiyi əsasa uyğun mübahisəni həll edib qərar çıxarmışdır. Məhkəmə “araşdırma aparmamışdır" kimi dəlili belə əsaslandırır ki, iddia üzrə qeyd edilən 3-cü şəxslər Xətai rayonun ərazisində, yəni cavabdehlə bir olan inzibati ərazidə tikdiyi evə köçmüşdür və 25 ildən çox olan bir müddətdə həmin evdə yaşayırlar. 3-cü şəxslərin özlərinə məxsus evdə uzun müddətə yaşamaları faktını onların nümayəndəsi məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 3cü şəxslər həqiqətən İnqilab İsmayılov küçəsi 22 saylı ünvanda kirayəçi qismində yaşayırlar. Məhkəmə iclasında 3-cü şəxslərin köçdüyü və İnqilab İsmayılov küçəsində özlərinə məxsus evin təbii qazla təmin edilməsi və 3-cü şəxs İlqar İbrahimovun qaz sərfıyyatçısı kimi 2012-ci il tarixdən hazırkı vaxta qədər abonent olması barədə arayış təqdim etmişlər. Həmin arayışla təsdiq edilmişdir ki, 3-cü şəxs X11 2012-ci il tarixdən X1 Sistemində ünvan 2 ünvan üzrə ona məxsus **********00200 nömrəli istehlakçı hesabı açılaraq qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyat işinin təşkili ilə bağlı məsələləri həll etdiyindən yuxarıda qeyd edilən qanunun 9-cu maddəsində qeyd edilən müvafiq icra hakimiyyəti orqanı cavabdehin özüdür, özünün xidmət etdiyi ərazidə qeydiyyat yeri üzrə işlərin aparılması və məlumatların əldə edilməsi və verilməsi ilə bağlı məsələlər onun özünə, yəni iddiaçıya aid olan məsələlərdir. Belə halda 3-cü şəxsin başqa yaşayış yerinə köçməsi faktı və qeydiyyatla bağlı özünə aid olan məsələ ilə bağlı məlumatı iddiaçıdan tələb etmişdir. Bu baxımdan qeydiyyatdan çıxarılma ilə bağlı müracətinə cavab olaraq 3-cü çəxslərin yaşayış yerini dəyişməsi və yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyətinin məlumatı olmadığından onların qeydiyyatdan çıxarılması mümükünsüzdür kimi imtina cavabı formal xarakter daşımışdır. Məhkəmə tərəfindən digər formal yanaşma onda ifadə olunur ki, cavabdeh 3cü şəxslərin hansı əsasla, yəni mənzildən istifadə hüququ verən əsasla, əksinə sadə icazə xarakterli ərizə əsasında mənzilinə qeydiyyata düşməsini araşdırmamışdır. 3-cü şəxs oğlu İlqar İbrahimovun mənzilinə qeydiyyata düşməsi sadə icazə xarakterli ərizə əsasında olmuşdur, dəqiq xatırlamır, hansısa kredit alma ilə əlaqədar qeydiyyata aldırmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi cavabdeh imtina cavabını qanundan irəli gələn bu tələblə əsaslandırmamışdır. İşə baxan inzibati məhkəmə isə hazırda bu şikayətində qeyd etdiyi sübutları çıxartdığı qərarının obyektivliyini təmin etmək üçün araşdırmamış və hüquqi cəhətdən qiymət verməmişdir. Birinci instansiya məhkəməsi inzibati iş üzrə qərar çıxararkən istinad etdiyi qanun normalarının tələblərini pozmuşdur. Belə ki, iddia tələbi üzrə 3-cü şəxslərin daimi yaşadığı yer özlərinə məxsus Xətai rayonu İnqilab İsmayılov küçəsindəki evin olması sübut edilsə də onların həmin evə qeydiyyata alınmamasını, 3-cü şəxslərin həmin evə qeydiyyat üçün iddiaçıya müraciət etməməsi ilə bağlı halları araşdırmamışdır, yəni başqa ünvanda daimi yaşamaq üçün qanuni əsaslarla yaşayış yeri və qeydiyyat yeri olduğu halda hansı əsasla həmin yaşayış sahəsinə qeydiyyat üçün cavabdehə müraciət etməməsini, özgəsinin xüsusi mülkiyyətində olan yaşayış sahəsində həmin mənzilin mülkiyyətçisinin hüquq və mənafelərinə zidd olaraq qalmasını araşdırmamışdır, əksinə məhkəmə cavabdehin və 3-cü şəxslərin mülkiyyətçinin qanunla qorunan hüquq və mənafelərinə zidd davranışlarını məqbul hesab edərək mübahisəli qərarı çıxarmışdır. Məhkəmə həmçinin yuxarıda istinad edilən «Yaşayış yeri və oldguğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsində 3-cü şəxslərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmasını mümkün hesab edərkən həmin qanunda nəzərdə tutulan qeydiyatın məqsədlərinə cavab verməsini araşdırıb hüquqi qiymət verməmişdir. Qanunda göstərildiyi kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 3-cü şəxslərdən İlqar İbrahimov xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ev 68, mənzil 97-də həddi-buluğa çatana qədər yaşamışdır, hərbi xidməti başa vurduqdan sonra o, hazırda mülkiyyətində olan mənzilə qayıtmamışdır, bundan sonra ailə qurub həmin rayonun ərazisində olan İnqilab İsmayılov küçəsində inşa etdiyi yaşayış sahəsinə köçmüşdür, digər 3-cü şəxslər Vüqar və Xədicə İbrahimovalar ataları İlqar İbrahimovun fərdi evində anadan olmuş və orada yaşamaqda davam edirlər, mülkiyyətində olan mənzilə qeydiyyata düşməsi məhz ataları İlqarın İbrahimovun mənzilində qeydiyyatda olmasına görə olmuşdur. Onların, yəni 3-cü şəxslərin iddiaçının mənzilində qeydiyyatda olması və qalması vətəndaş olaraq qanunda nəzərdə tutulduğu kimi qeydiyyatın məqsədlərinə cavab vermir, qanundan irəli gələn vəzifələrin icrasına xidmət etmir, əksinə qeydiyyatdan çıxmamaqla iddiaçının mülkiyyətçi olaraq əmlaka sərəncam verməklə bağlı olan konstitision hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 və üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü X11 xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68, mənzil 96-da yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2015-ci il tarixdən ünvan 4-də; - xx.xx.2001-ci il təvəllüdlü X12 xx.xx.2015-ci il tarixdən ünvan 4-də; xx.xx.2005-ci il təvəllüdlü X6 xx.xx.2015-ci il tarixdən ünvan 4-də yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68, 97 saylı mənzilində üçüncü şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzilinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2014-cü il tarixli ərizələrin surətindən görünür ki, X7 və X8 Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi ev 68, 97 saylı mənzilin İddiaçı adına özəlləşməsinə etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan Xətai rayon MKTB-nin 99 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4-də X11, X12, X6 qeydiyyatdadırlar. İş materiallarında olan Xətai rayon MKTB-nin 99 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının oğlu X11 xx.xx.1982-ci ildən xx.xx.1997-ci ilədək ünvan 4 ünvanında qeydiyyatda olmuş, xx.xx.1997-ci ildə qeydiyyatdan çıxamış, xx.xx.2015-ci ildən həmin ünvana təkrar qeydiyyata düşmüş və halhazırda qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3196/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X11, X12 və X3 cavabdeh İddiaçı qarşı iddiaçıların (yetkinlik yaşına çatmayan X9 ilə birlikdə) Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzilinə köçürülməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzildən istifadəyə İddiaçı və digər şəxslər tərəfindən olan maneənin aradan qaldırılması barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-582/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X11, X12 və X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3196/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzilinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. Üçüncü şəxslər X11 iddiaçının oğlu, X12 və X6 isə iddiaçının nəvələridir. X11 xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68, mənzil 96-da yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. X11, X12 və X6 iddiaçıya məxsus ünvan 4-də isə xx.xx.2015-ci il tarixdən qeydiyyatdadırlar. Həmin mənzil iddiaçının adına qeydiyyata alınarkən (özəlləşdirilərkən) İbrahimov İlqar həmin ünvanda qeydiyyatda olmamışdır. Hazırda üçüncü şəxslər həmin ünvanda qeydiyyatda olsalar da orada yaşamırlar. X12 və X6 isə həmin ünvanda ümumiyyətlə yaşamamışlar, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə əsasən atalarının qeydiyyat ünvanı üzrə həmin ünvana qeydiyyata alınmışlar. Göründüyü kimi, üçüncü şəxslər hazırda həmin ünvanda qeydiyyatda olsalar da, orada yaşamırlar. Üçüncü şəxslər iddiaçıya məxsus ünvanda formal qeydiyyatdadırlar. Həmçinin üçüncü şəxslərin mübahisələndirilən ünvana istifadə hüququ qeydiyyata alınmamışdır. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3196/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X11, X12 və X3 cavabdeh İddiaçı qarşı iddiaçıların (yetkinlik yaşına çatmayan X9 ilə birlikdə) Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzilinə köçürülməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi və mənzildən istifadəyə İddiaçı və digər şəxslər tərəfindən olan maneənin aradan qaldırılması barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-582/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrlə müəyyən edilmişdir ki, üçüncü şəxslərin qeyd olunan ünvana istifadə hüquqları yoxdur. Məhz bu əsasa görə iddia tələbi təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2021 nömrəli 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanından X4, X5 və X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar