Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-90/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “Tural-İ-91” şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-1124/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı “Tural-İ-91” şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ-nin xx.xx.2020-ci il tarixli, **********199902 №li qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, “Tural-İ-91” şirkəti (VÖEN **********) vasitəsilə ölkəyə qida məhsulları idxal edirlər. Bakı şəhəri LGBİ-nin xx.xx.2018-ci il tarixli **********173052 saylı qərarına əsasən 2015-ci ilin 1 noyabr tarixindən 2018-ci ilin 31 oktyabr tarixinə qədər olan dövr üzrə növbədənkənar Səyyar Vergi yoxlaması keçirilmiş, xx.xx.2019-cu il tarixində növbədənkənar Səyyar vergi yoxlmasının nəticələrinə dair **********174253 saylı akt tərtib edilmişdir. Hələ yoxlama dövründə tələb olunan hər bir sənəd yoxlamaya təqdim edilmiş, bunlarla yanaşı, tələb olunan bütün sənədlər onlayn qaydada cavabdeh inzibati orqana göndərilmişdir. Sözügedən, xx.xx.2019-cu il tarixində tərtib edilmiş **********174253 saylı aktın surəti müəssisəyə 2020-ci ilin fevral ayının əvvəllərində təqdim edilmiş, aktla tanış olaraq, göstərilənlərlə razı olmadıqlarına dair aktda qeydlər etmişlər. xx.xx.2020-ci il tarixində onlara xx.xx.2020-ci il tarixli, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********197582 nömrəli qərar təqdim olunmuş və qərara alınmışdır ki, 1) xx.xx.2019-cu il tarixli **********174253 nömrəli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən araşdırılsın. 2) Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti (otuz) iş günü müəyyən edilsin. xx.xx.2020-ci il tarixində Elektron poçt vasitəsilə Baş idarənin rəis müavini X3 “Səyyar vergi yoxlaması” Aktının təqdim edilməsi barədə məktubunu və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli, **********174253 saylı yeni aktını almışlar. Bunlarla yanaşı, xx.xx.2020-ci il tarixində Bakı şəhəri LGBİ-nin onlara verilməyən qərarın əsasında təmin edilmiş, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********691700 saylı, tarixsiz, üzərində tarix yazılmayan tələbnaməni elektron poçt vasitəsilə almışlar. Bundan sonra da xx.xx.2020-ci il tarixində, vergi orqanının əməkdaşları tərəfindən Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı qərarını və **********691700 saylı, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə” müəssisəyə təqdim edilmişdir. Bakı LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, “TURAL-İ-91” şirkəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli **********174253 nömrəli aktına və xx.xx.2020-ci il tarixli **********109400 nömrəli sənədə baxaraq, vergi ödəyicisi tərəfindən 2015-ci, 2016-cı, 2017-ci illər üzrə mənfəət vergisinin azaldılması və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmaqla faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halı istisna olmaqla) digər ayırmaları 2017-ci və 2018-ci il tarixdə nağd qaydada ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan qərarla “TURAL-İ- 91” şirkətinin (VÖEN **********) vergi məsuliyyətinə cəlb edilməsi (Vergi məsuliyyətinin nədən ibarət olduğuna aydınlıq gətirilməmişdir) qərara alınmışdır. Qərarın 3-cü bəndində, digər qeydlərdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli **********174253 saylı “Səyyar vergi yoxlaması aktı”nın əsassızlığı barədə vergi ödəyicisinin şikayət ərizələrində göstərilənlər yoxlama zamanı əldə edilmiş digər sənədlərlə birlikdə araşdırılmış və araşdırma zamanı vergi ödəyicisinin şikayət ərizələrində göstərilənlər öz təsdiqini tapmamışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199902 saylı qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əsasında hazırkı, əsassız və qanunsuz “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199902 saylı qərar qəbul edilmiş **********174253 saylı səyyar vergi yoxlaması aktı, xx.xx.2020-ci il tarixli deyil, xx.xx.2019-cu il tarixli **********174253 saylı “Səyyar vergi yoxlaması” aktıdır. xx.xx.2020-ci il tarixli, **********174253 saylı “Səyyar vergi yoxlaması Aktı”nın əsasında tərtib edildiyi “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********197582 saylı qərarı” da Bakı İnzibati Məhkəməsində şirkət tərəfindən mübahisələndirilmişdir. Səyyar vergi yoxlaması 30 gün müddətində keçirilməli olduğu halda, Akt-dan görünür ki, yoxlama 304 gün dayandırılmış və 30 iş günü (yəni 51 gün) müddət artırılmış, bununla da yoxlama 355 gün müddətində aparılmışdır. Akt-ın 2.6-cı bəndində Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.7-1-ci maddəsinin tələblərinin pozulmasına görə, yəni faizsiz pul vəsaitlərinin (Vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların həmin vəsaitləri verənlər tərəfindən nağd qaydada verilməsi və qəbul edilməsi halına görə nağd qaydada qaytarılmış (qanunun tələbləri pozulmaqla aparılmış əməliyyatın məbləği) 2.719.830,54 manat dəyərində pul vəsaitinə tətbiq olunacaq 10 faizi həcmində, yəni 271.983,05 manat maliyyə sanksiyası təklif edilmişdir. 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.6-cı maddəsində, faizsiz pul vəsaitlərinin (Vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsindən və qaytarılmasından bəhs edilir. Hazrki halda isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi şəxs olan “TURAL-İ-91” şirkətinin işləməsi üçün onun hesabına təsisçi tərəfindən qoyulmuş pul vəsaiti faizli pul olmaqla, nəyinsə ödənilməsinə, sonradan da qaytarılmasına xidmət etməmişdir. Təsisçi tərəfindən, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə təsis etmiş olduğu hüquqi şəxsin hesabına qoymuş olduğu vəsait, harasa, kiməsə ödəniş üçün nəzərdə tutulmamışdır. Aktda göstərilmişdir ki, “Yoxlama zamanı vergi ödəyicisinin gəliri müəyyən edilə bilmədiyindən mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 nömrəli qərarı əsasında vergi ödəyicisinin xərci əsasında hesablanmışdır. Belə ki, vergi ödəyicisinin 2015-ci ildə 289969,31 manat, 2016-cı ildə 892651,85 manat, 2017-ci ildə 2863354,33 manat xərc bəyan etmiş və qeyd edilən xərclər yoxlama ilə öz təsdiqini tapmışdır. Vergi ödəyicisi 2015, 2016-cı illərdə zərərlə işlədiyi 2017-ci ildə 8441,02 manat mənfəət vergisi bəyan etmişdir. Bundan əlavə 2014-cü ilin mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi 13307,56 manat zərər bəyan etmişdir. Yoxlama ilə 2015- ci il mənfəət üzrə 51421,13 manat mənfəət hesablanmış və 2014-cü ilin zərəri nəzərə alınmaqla (51421,13-13307,56) 38113,57 manat mənfəətdən 20 faiz dərəcə ilə 7622,71 manat (289969,31/100) 20%) 2016-cı il mənfəət üzrə 178530,37 manat mənfəətdən+29204,90 manat müsbət məzənnədən gəlir 20 faiz dərəcə ilə 41547,05 manat (892651,85/100) 20%), 2017-ci il mənfəət üzrə 572670,87 manat mənfəətdən 20 faiz dərəcə ilə 114534,17 manat (2863354, 33/100) 20%) vergi hesablandı və vergi ödəyicisinin bəyan etdiyi vergilər nəzərə alınmaqla yoxlama ilə 2015-ci il üzrə 7622, 71(7622,71-0,00) manta vergilərin, 2016-cı il 41547,05 (41547,05-0,00) manat vergi və VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50% miqdarında yəni 20773,26 manat M/S, 2017-ci il üzrə 106093,15 manat (114534,17-8441,02) vergi və VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50% miqdarında yəni 53046,58 manat m/s, ümumilikdə 154788,66 manat vergi və 77394,33 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir.” Hesab edirlər ki, aktda qeyd olunanlar əsassızdır. Daha sonra “Tural-İ-91” şirkəti məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri LGBİ-nin rəis müavini X3 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********197582 №li “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilməsi, Bakı şəhəri LGBİ-nin rəis müavini X3 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********199902 saylı qərarının ləğv edilməsi, Bakı şəhəri LGBİ-nin müvafiq vəzifəli şəxslərinin hazırkı, sahibkarlıq fəailiyyətlərinə maneə olan qərəzli, qanunazidd hərəkətləri etməkdən çəkinmələri, qanunazidd hərəkətləri etmiş vəzifəli şəxsləri barədə xüsusi qərardad çıxarmaqla, prokurora məlumat verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərardadı ilə iddiaçının iddiası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********197582 №li “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarının qanunsuz hesab edilməsi və həmin qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Tural-İ-91” şirkəti barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199902 saylı xx.xx.2020-ci il tarixli qərarının, şirkətə 154.788 (bir yüz əlli dörd min yeddi yüz səksən səkkiz) manat 66 (altmış altı) qəpik məbləğində əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52.809 (əlli iki min səkkiz yüz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı “Tural-İ-91” şirkətindən (VÖEN: **********) 100 (bir yüz) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın qismən-iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 518/2022 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-518/2022 nömrəli qərarı qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-518/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “İddiaçı apellyasiya şikayətində üç fərqli səyyar vergi yoxlaması aktının olmasına, vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın onlara təqdim edilməyən və məlumatlı olmadıqları 1 aprel 2020-ci il tarixli səyyar vergi yoxlaması aktına istinad etməsinə dair dəlillər gətirsə də, məhkəmə həmin dəlillərə münasibət bildirməmiş, işin hallarında qeyd olunan ziddiyyətlərin aradan qaldırılması üçün müfəssəl araşdırma aparmamışdır” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-518/2022 saylı qərarı ilə təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2- 1(103)-518/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda hazırkı iş üzrə apellyasiya icraatının predmetini birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbinin təmin edilməyən hissəsinin yoxlanılması təşkil edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmiş, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə ekspert rəyi əsasında iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının 21-dən sonra xx.xx.2017ci ilədək olan əməliyyatlarının həcmi 1.877.083,05 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 842.747,49 manat, ümumilikdə aparılan əməliyyatların həcmi 2.719.830,54 manat olduğu müəyyən olunmuş və nağd qaydada təsisçiyə qaytarılan məbləğin 10% miqdarında yəni 271.983,05 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmiş və bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarın həmin hissədə ləğv olunması hissəsində iddia əsassızdır və təmin oluna bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; ... 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. ... 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. ... 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. ... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. ... 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. ... “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. ... 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: ... 3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması; ... Hazırkı işin hallarından görünür ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27 dekabr 2018-ci il tarixli, **********173052 nömrəli qərarı qəbul edilmiş, iddiaçı üzrə 28 dekabr 2018-ci ildə növbədənkənar səyyar vergi yoxlaması başlamış və 24 dekabr 2019- cu ildə başa çatmışdır. Bununla bağlı cavabdeh tərəfindən 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Daha sonra, cavabdeh 24 dekabr 2019-cu il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması barədə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********197582 nömrəli qərarı qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilən və iddiaçının imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi 29 mart 2020-ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı” elektron qaydada iddiaçıya göndərilmişdir. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli qərarın qəbul edilməsinin əsasında isə iddiaçı şirkət üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 29 mart 2020-ci il tarixli deyil, 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli akt göstərilmişdir. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın iddiaçıya təqdim edilməsi və ya iddiaçının həmin aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 1 aprel 2020-ci il tarixli səyyar vergi yoxlaması aktının iddiaçıya təqdim edilməsi və iddiaçının həmin aktdan məlumatlı olub-olmaması Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi olmuş və işin təkrar apellyasiya icraatı zamanı göstərilən məsələ üzrə araşdırma aparılmışdır. Belə ki, işin təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən “Onlayn kargüzarlıq”dan müvafiq çıxarışlar təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 1 aprel 2020ci il tarixli səyyar vergi yoxlaması aktının iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Digər tərəfdən əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi aktın iddiaçı tərəfindən alınmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim ediləcəyini bildirsə də, təkrar apellyasiya baxışında həmin sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli qərarının qəbul edilmə əsası 1 aprel 2020-ci il tarixli, **********174253 nömrəli akt olmuşdur ki, göstərilən aktın iddiaçıya rəsmi qaydada təqdim edilməsi iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Həmin Məcəllənin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın mübahisələnidirilən qərarı vergi qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən, iddiaçının hüquqlarını pozan inzibati akt kimi qiymətləndirilməli və həmin qərar ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə kollegiyası iddiaçının Bakı şəhəri LGBİ-nin vəzifəli şəxsləri barədə xüsusi qərardad çıxarmaqla, prokurora məlumat verilməsi barədə tələbinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərilən tələbi təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən işə baxılarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxdıqda bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi məhkəmənin hüququ kimi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərarı qismən – iddia tələbinin təmin edilməyən (mübahisələndirilən) hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı “Tural-İ-91” şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1124/2021 saylı qərarı qismən – mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 may 2020-ci il tarixli, **********199902 nömrəli Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-90/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-90/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver