Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-900/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş gömrük ödənişlərinin əlavə xərclərlə birlikdə geri qaytarılması, cavabdehin gələcəkdə belə hərəkətlərdən çəkinməsi və bu hərəkətlərin dayandırılması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(112)-4310/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.07.2019-cu il tarixli 160/160-24/015987 saylı imtina məktubunun qanunsuz hesab edilməsi, gömrük ödənişlərinin qaytarılması barədə qərar qəbul edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməsi və saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Azərbaycan Respublikasının Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarının əksinə olaraq iddiaçıdan dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, buxtalara sərbəst sıranmış çubuqlar: 7213 91 410 0 XİF MN üzrə kodu ilə, tərkibində kaerbonun miqdarı 0,06 kütlə % və ya daha az olan, 7231 91 490 XİF MN üzrə kodu ilə, tərkibində kaerbonun miqdarı 0,06 kütlə %-dən çox, lakin 0,25 kütlə %-dən az olan 6,5 mm dəmir məftil üçün 15 faiz gömrük rüsumunun ödətdirilməsindən gələcəkdə də çəkinməyə və cavabdehdən qanunsuz hərəkətlərin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini icraata qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(112)-4310/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh AR Dövlət Gömrük Komitəsinin imtinası qanunsuz sayılması, artıq ödənilmiş 17.426,22 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəy tərtib olunması öhdəliyi cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması, cavabdeh AR Dövlət Gömrük Komitəsi İddiaçı MMC tərəfindən gələcəkdə eyni malların idxalı zamanı müvafiq (həmin malın kodunun düzgün göstərilməməsi) hərəkətlərdən çəkinməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı "İddiaçı" MMC tərəfindən idxal olunan polad çubuqlar 24.05.2019-cu il tarixli **********8462 və 25.05.2019-cu il tarixli **********9602 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilərkən onlar xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodu altında bəyan edilmiş və gömrük dəyərinə görə 5 faiz tarif dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunan gömrük bəyannamələrindəki malların kodunun dəqiqləşdirilməsi məqsədilə ekspertizası idarəsinə müraciət olunmuşdur. Dövlət Gömrük Komitəsinin ekspertiza idarəsi tərəfindən aparılmış tədqiqatlar nəticəsində malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** alt yarımmövqeyində sinifləşdirilməli olduğu müəyyən edilərək müvafiq rəy tərtib edilmişdir. Qeyd olunan rəylə razılaşan iddiaçı 24.05.2019-cu il tarixli **********8462 və 25.05.2019-cu il tarixli **********9602 sorğu nömrəli gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünü öz sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etmişdir. Bakı İnzibati Məhkəməsi 11.09.2020-ci il tarixli qərardadı ilə Dövlət Gömrük Komitəsinin X4 idarəsinin rəyinin mübahisənin obyektiv araşdırılması üçün yetərli olmadığını qeyd edərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi və ekspert qarşısında “İddiaçı" MMC-nin İran İslam Respublikasından idxal etdiyi 6,5 mm polad çubuqların tərkibindəki karbonun miqdarı müəyyən edilməklə həmin malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə alt yarımmövqeyinin müəyyən edilməsinə dair sualının qoyulması qənaətinə gəlmişdir.Məhkəmə Ekspertizası Mərkəzinin 01.10.2020-ci il tarixli rəyinə münasibətdə isə nümayəndə bildirmişdir ki, ekspert hər-hansı tədqiqat aparmamış və hər-hansı bir metodikadan istifadə etməmişdir. Rəyin məzmunundan da göründüyü kimi ekspert Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarını rəyə köçürmüş və rəyin nəticə hissəsində Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika institutunun Analitik Mərkəzi tərəfindən tərtib edilmiş 07.11.2018-ci il və 03.06.2019-cu il tarixli məlumatlarına istinad etmişdir ki, bu məlumat iş materiallarında mövcud olmuşdur. Digər tərəfdən isə gömrük rəsmiləşdirilməsi zamanı aparılmış və iddiaçının təqdim etdiyi 07.11.2018-ci il və 03.06.2019-cu il tarixli məlumatları təkzib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor inşaat Materialları İnstitutunun yoxlama-sınaq nəticələrinin və Dövlət Gömrük Komitəsinin X4 idarəsinin rəyinin olması da nəzərə alınmamışdır. Göründüyü kimi məhkəmə mövcud sübutları müqayisəli şəkildə yoxlayıb onlara qiymət verməmişdir. Qeyd edilənlərdən də göründüyü kimi məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad edərək əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulan sualın ekspert zəruri biliyindən kənara çıxmış, yəni polad çubuqların tərkibindəki karbonun miqdarı müəyyən edilməsi məhkəməəmtəəşünaslıq ekspertizasının deyil, materialların və maddələrin məhkəmə ekspertizasının predmetinə aid olsa da, ekspert onun qarşısına qoyulmuş sualın cavablandırılmasının qeyri-mümkünlüyünü nəzərə almadan 01.10.2020-ci il tarixdə rəy tərtib etmişdir. Bu fakt da 01.10.2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin əsassız olmasını bir daha təsdiq etmişdir və bu səbəbdən də həmin rəyi sübut qismində nəzərə alına bilməz. Eyni zamanda, iddiaçı iddia tələbinin artırılaraq ilkin tələblə yanaşı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli 500 nömrəli qərarının əksinə olaraq onlardan dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış buxtalara sərbəst sarınmış çubuqlar: 7213 91 490 XİF MN üzrə kodu ilə, tərkibində karbonun miqdarı 0,06 kütlə % və ya daha az olan, 7213 91 490 XİF MN üzrə kodu ilə, tərkibində karbonun miqdarı 0,06 %-dən çox, lakin 0,2Ş kütlə %-dən az olan 6,5 mm dəmir məftil üçün 15 % gömrük rüsumu ödənilməsindən gələcəkdə də çəkinməyə və cavabdehdən qanunsuz hərəkətlərinin dayandırılması”nı xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizənin məzmunundan da göründüyü kimi ərizə qeyri-müəyyən olmaqla yanaşı gələcəkdə gömrük orqanının səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmişdir. Qeyd olunan qərardadın real faktlara deyil, ehtimal oluna biləcək hallarla əlaqəlidir ki, bu da konkret öhdəçilik yarada bilməz. Bakı İnzibati Məhkəməsi iddiaçının 24.05.2019-cu İl tarixli **********8462 və 25.05.2019-cu il tarixli **********9602 sorğu nömrəli gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünü öz sərbəst iradəsi ilə təsdiqləyərək idxal etdiyi malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** mal kodu ilə təsnifləşdirməklə gömrük orqanına təqdim etməsini nəzərə almadan 11.09.2020-ci il tarixli qərardadı qəbul etmişdir. Məhkəmə iddiaçının ərizəsini və qanunvericilik normalarını sadalamaqla kifayətlənərək iddiaçının ərizəsinin əsaslı hesab edilməsi barədə heç bir əsaslandırma aparmadan təmin etməsi həmin qərardadın ləğvi üçün əsasdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Məhkəmənin 11 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 1 oktyabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə qurumun ekspertinin həmin tarixli 9/3651 nömrəli rəyi ilə - İş materiallarında olan AMEA Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəzi” tərəfindən tərtib edilmiş 7 noyabr 2018-ci il tarixli və 3 iyun 2019-cu il tarixli məlumatlar nəzərə alındığı təqdirdə, aparılmış tədqiqat nəticəsində, təqdim edilmiş 5,5 və 6,5 mm diametrli metal (dəmir əsaslı) məftil nümunələrinin tərkibində karbonun miqdarı 0,06 % və daha az (“7213 91 410 0”) və tərkibində karbonun miqdarı 0,06 kütlə %-dən çox, lakin 0,25 kütlə %- dən az olan (“7213 91 490 0) olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən təqdim edilmiş nümunələrin “7213 91 410 0” və “7213 91 490 0” nömrəli kodlara uyğunluğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli 17 noyabr 2017-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»ndə aşağıdakı mallar üzrə müvafiq kodlar müəyyən edilmişdir: - “Dəmirdən və ya aşqarlanmamış poladdan isti yayılmış, buxtalara sərbəst sarılmış çubuqlar – tərkibində karbonun miqdarı 0,06 kütlə %-dən çox, lakin 0,25 kütlə %-dən az olan” mal 7213 91 490 0 kodla 5% ilə idxal gömrük rüsumuna cəlb olunurlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə tədqiq edilmiş “ekspertiza rəyi”nin əsassızlığı ilə bağlı məhkəmə icraatında xüsusatlar müəyyən edilmədiyindən həmin rəy mötəbər qiymətləndirilir. Həmçinin, inzibati icraat çərçivəsində də ekspertiza rəyi və digər sübutlar toplanmaqla iş üzrə daha ərtaflı və obyektiv araşadırma aparıla bilərdi. Hansı ki, əldə olunmuş ekspert rəyi ilə idxal olunmuş malın XİF MN üzrə kodu müəyyən edilərək, idxal əməliyyatı üzrə az məblığdə (5%) gömrük rüsumu və digər ödənişlərin aparılmalı olduğu təsdiqlənir. Həmin mal kodu ilə artıq ödənilmiş gömrük ödənişlərinin məbləğinin 17.426,22 manat təşkil etməsi işin mübahisə olunmayan hallarına aiddir. Lakin cavabdeh inzibati orqan tərəfindən ətraflı araşdırma aparmadan inzibati icraat üzrə qəbul etdiyi qərarı ilə iddiaçını artıq gömrük ödənişlərinə cəlb etmiş və bununla qanunvericiliyin tələbləri pozulmuşdur. Belə hərəkətlərin gələcəkdə davam etməsi isə, iddiaçını idxalatçı və vergi ödəyicisi kimi əlverişsiz vəziyyətə sala bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən görünür ki, iddiaçının tələbləri - 22.07.2019-cu il tarixli 160/160-24/015987 saylı imtina məktubunun qanunsuz hesab edilməsi; - gömrük ödənişlərinin qaytarılması barədə qərarın qəbul edilməsi; - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə rəyin tərtib edilməsi; - saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; - cavabdeh AR Dövlət Gömrük Komitəsi İddiaçı MMC tərəfindən gələcəkdə eyni malların idxalı zamanı müvafiq (həmin malın kodunun düzgün göstərilməməsi) hərəkətlərdən çəkinməsi barədə olmuşdur. Birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticəyə görə iddia tələbləri tam təmin edilməlidir: - cavabdeh AR Dövlət Gömrük Komitəsinin imtinası qanunsuz sayılmalı; - artıq ödənilmiş 17.426,22 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəy tərtib olunması öhdəliyi cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmalı; - cavabdeh AR Dövlət Gömrük Komitəsi İddiaçı MMC tərəfindən gələcəkdə eyni malların idxalı zamanı müvafiq (həmin malın kodunun düzgün göstərilməməsi) hərəkətlərdən çəkinməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü 5 tələbərdən yalnız 3 tələb üzrə nəticə çıxarmışdır, digər 2 tələb üzrə - gömrük ödənişlərinin qaytarılması barədə qərar qəbul edilməsi; - saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbləri üzrə heç bir araşdırma aparmamışdır. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddia tələbləri təmin edilmiş hissələrini əsaslı hesab etsə də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qərarında iş materiallarında olan gömrük rəsmiləşdirilməsi zamanı aparılmış Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəzi”nin malın tərkibi haqqında 07.11.2018-ci il tarixli 03.06.2019-cu il tarixli analizinin nəticəsinə, Azərbaycan Respublikisı Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor inşaat Materialları İnstitutunun tərtib edilmiş yoxlama-sınaq nəticələrinə əsaslanan Dövlət Gömrük Komitəsinin X4 idarəsinin rəyini sübüt kimi qəbul etməmişdir və həmin rəyin əsassız hesab edilməsi üçün əsas olan halları göstərməmişdir. Birinci instansiya məhkəməsi yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2020-ci il tarixli 9/3651 nömrəli rəyini nəzərə alaraq iddianı yuxarıda göstərilən hissələrdə təmin etmişdir. Lakin birinci instansiya sübüt kimi qəbul etdiyi ekspert rəyi ilə hər hansı tədqiqatın aparılması və hər hansı metodikadan istifadə edilməsi müəyyən edilmir. Ekspert 01 oktyabr 2020-ci il tarixli rəyində AMEA Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəzi” tərəfindən tərtib edilmiş 07.11.2018-ci il tarixli və 03.06.2019-cu il tarixli məlumatlarını nəzərə almış və AR Nazirlər Kabinetinin 17.11.2017-ci il tarixli,500 nömrəıli Qərarına istinad edərək malların kodların uyğunluğun müəyyən edilməsi nəticəsinə gəlmişdir. X6 Komitəsinin X4 idarəsinin rəyində də AMEA Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəzi” tərəfindən tərtib edilmiş 07.11.2018-ci il tarixli və 03.06.2019-cu il tarixli məlumatlar nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki ekspert rəyləri müqayisəli şəkildə yoxlanılıb onlara qiymət verilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə inzibati məhkəmə icraatı zamanı yol verilmiş prosessual pozuntuları ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş iddia tələbi cavabdeh AR Dövlət Gömrük Komitəsinin imtinasının qanunsuz sayılması, gömrük ödənişlərinin qaytarılması barədə qərarın qəbul edilməsi, ödənilmiş 17.426,22 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəyin tərtib olunması öhdəliyi, saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması hissələrində yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının 02.03.2021-ci il tarixli qərardadı ilə iddia tələbi cavabdeh AR Dövlət Gömrük Komitəsi İddiaçı MMC tərəfindən gələcəkdə eyni malların idxalı zamanı müvafiq (həmin malın kodunun düzgün göstərilməməsi) hərəkətlərdən çəkinməsi hissəsində mümkün sayılmamışdır. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 12.2-ci madddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-nin 12.3-ci madddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2-1(112)-4310/2020 saylı qərarı ləğv edilsin və iş iddia tələbi - cavabdeh AR Dövlət Gömrük Komitəsinin imtinasının qanunsuz sayılması, gömrük ödənişlərinin qaytarılması barədə qərar qəbul edilməsi, artıq ödənilmiş 17426,22 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəyin tərtib olunması öhdəliyi, saxlancda saxlatdırılaraq əlavə xərclərlə birlikdə cəmi – 17426,22 manatın iddiaçıya geri ödənilməsi vəzifəsinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması hissələriində yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-900/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-900/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver