Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-900/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun vəkili X3 (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi (Məktəb rəisinin hüquq işləri üzrə köməkçisi ədliyyə polkovnik-leytenantı) X1 iştirakları ilə, İddiaçı cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “əmrin ləğv edilməsi və məktəbə bərpa olunma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-6481/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 07.05.2021-ci il tarixdə cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən xaric olunmasına dair əmrin ləğv edilməsi və onun həmin məktəbə bərpa olunması öhdəliyinin H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hərbə olan istəyinə və Vətənə xidmət sevgisinə görə bu peşəyə yiyələnmək məqsədi ilə Naxçıvanda yerləşən H.Əliyev adına Hərbi Liseyə qəbul olmuş və orada 3 il müddətində təhsil almışdır. Həmin Liseyi bitirdikdən sonra iddiaçı təhsilini davam etdirmək və ali hərbi təhsil almaq məqsədi ilə Bakı şəhərində H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. İddiaçı təhsilinin birinci kursunu müvəffəqiyyətlə bitirərək ikinci kursa keçmişdir. Bu müddət ərzində istər Naxçıvanda Liseydə oxuyarkən, istərsə də Bakı şəhərində Ali Hərbi Məktəbdə oxuyarkən daxili nizam-intizam qaydalarına əməl etməyə səy göstərmişdir. Bununla əlaqədar olaraq iddiaçıya və ailəsinə dəfələrlə təşəkkür məktubları göndərilmişdir. Lakin iddiaçı Ali Hərbi Məktəbin ikinci kursunda oxuyarkən 04 sentyabr 2020-ci il tarixdə təsadüfən telefondan istifadə etdiyi üçün bu fakta görə onu 20 sentyabr 2020-ci il tarixdə Ali Hərbi Məktəbdən xaric edərək hərbi xidmətə göndərmişlər. İddiaçı hərbi xidmətə getdiyi vaxt İİ Qarabağ müharibəsi başladı və o, döyüş bölgəsində xidmətini davam etdirdi. Həmin vaxt iddiaçı işğal edilmiş ərazilərdə uğurla döyüşlərdə iştirak etmiş və Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının və Şuşanın işğalçılardan azad edilməsində fəal iştirak etmişdir. İddiaçı döyüş zamanı ağır yaralanmış və Hərbi Hospitalda müalicə aldıqdan sonra yenidən xidmətə qayıtmışdır. Hazırda iddiaçı Şuşa rayonu ərazisində xidmətini davam etdirir. İddiaçının Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etməsi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iddiaçı “Cəsur döyüşçü” adına layiq görülmüşdür. X2 digər Sərəncamları ilə iddiaçı Füzuli və Qubadlının azad olunmasına görə medalları ilə təltif olunmuşdur. İddiaçı Ali Hərbi Məktəbdən qərəzli olaraq xaric edilmiş və onun barəsində qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Əvvala, onun telefondan istifadə etməsi ilə bağlı düzgün araşdırma aparılmamışdır. Çünki iddiaçının telefonu olmamışdır və o, həmin telefonu təsadüfən aşkar etmiş və ad günü olduğu üçün evlə qısa müddətli telefonla danışmışdır. Sonra iddiaçı çalışmışdır ki, onu sahibinə qaytarsın. Lakin telefonun kimə məxsus olması araşdırılmadan iddiaçının xaric olunması barədə əmr verilmişdir. Həmin əmrin surəti bu günə kimi iddiaçıya verilməmişdir. Bununla əlaqədar olaraq onlar dəfələrlə Ali Hərbi Məktəbin rəhbərliyinə və digər qurumlara müraciət etmələrinə baxmayaraq, əmrin surəti onlara verilməyərək gizlədilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisinin tədris işləri üzrə müavini-şöbə rəisinin 22.04.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı “şəxsi intizamsızlığına görə” məktəbdən xaric olunması barədə əmrdən çıxarış və şəxsi işi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinə göndərilmişdir. Lakin onlar tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, həmin idarədə heç bir sənədin olmadığı müəyyən olunmuşdur. Keçən müddət ərzində pozulmuş hüquqlarının bərpası ilə əlaqədar olaraq çoxlu sayda ərizələrlə müxtəlif dövlət orqanlarına müraciətlər etmələrinə baxmayaraq, Hərbi Məktəb tərəfindən xaric olunma barədə əmrin surəti bilərəkdən qəsdən verilməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən xaric olunmasına dair 03.10.2020-ci il tarixli 236 nömrəli əmrin ləğv edilməsi və onun həmin məktəbə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-6481/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-6481/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən iddiaçı Nümayəndə ünvanlanmış 12.04.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız ərizənizə aidiyyəti üzrə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Hərbi Təhsil İdarəsində baxılmışdır. Ərizənizdə göstərilən məsələ ilə əlaqədar bildirirəm ki, qüvvədə olan rəhbər sənədlərin tələblərinə əsasən xüsusi təyinatlı ali təhsil müəssisəsindən səbəbindən asılı olmayaraq xaric edilmiş kursantlar yenidən həmin təhsil müəssisəsinə qəbul və ya bərpa olunmurlar. Əlavə olaraq bildirirəm ki, övladınız İddiaçı Azərbaycan Ordusu sıralarında hərbi qulluqçu qismində xidmət etməsi üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na müraciət edə bilər. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən iddiaçı Nümayəndə ünvanlanmış 22.04.2021-ci il tarixli məktubda qeyd olunur: İddiaçı “şəxsi intizamsızlığa görə" məktəbdən xaric olunması barədə əmrdən çıxarışı və şəxsi işi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinə göndərilmişdir. Sorğunuzla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinə müraciət etməyiniz məqsədə uyğundur. - n N saylı hərbi hissənin xidməti xasiyyətnaməsindən görünür ki, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, 05.09.2020-ci il tarixdə Xətai SHXÇDX-dan çağırılmış, halhazırda N nömrəli hərbi hissənin, 2-ci tabor, 5-ci bölük, 1-ci taqım, 2-ci manqasında baş atıcı vəzifəsində xidmət edən əsgər İddiaçı, N nömrəli hərbi hissənin, 2-ci tabor, 5-ci bölük, 1-ci taqım, 2-ci manqasında baş atıcı vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü nizamintizamlı, hərb işini yaxşı bilən bir hərbi qulluqçu kimi göstərib. Vəzifə borcunu yaxşı bilir və gündəlik xidmətini təşkil etməkdə çətilik çəkmir. Nizamnamələrin tələblərini bilir. Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı fəallıq göstərmişdir. Hərbi qulluqçu kimi tutduğu vəzifənin məsuliyyətini dərk edir. Komandirləri tərəfindən verilən əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirir. Xidmət etdiyi kollektivdə hörmətə malikdir. Əsgər yoldaşlarına nümunə olur. Fiziki cəhətdən sağlamdır. Dövlət sirrini qorumağı bacarır. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin X9 05.09.2020-ci il tarixli 10 saylı protokolundan çıxarışdan görünür ki, X9 iclası Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilmiş, iclasda 8 nəfər iştirak etmişdir. Gündəlikdə duran məsələ - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursant tabor komandirinin 05 sentyabr 2020-ci il tarixli 8323 nömrəli raportuna əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin 05 sentyabr 2020-ci il tarixli göstərişi ilə 3-cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı İddiaçı, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin “16” yanvar 2018-ci il tarixli 7 nömrəli əmrinin 6.6. yarımbəndinə əsasən (“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin intizam Şurası haqqında Təlimat”ın təsdiq edilməsi barədə) şəxsi intizamsızlığına görə X12 cəlb olunmuşdur. X9 sədri Şura üzvlərinin səsvermə yolu ilə 3- cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı İddiaçı, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin “16" yanvar 2018-ci il tarixli 7 nömrəli əmrinin 6.6. yarımbəndinə əsasən (“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin İntizam Şurası haqqında Təlimat"ın təsdiq edilməsi barədə) intizam balı nəzərə alınmadan şəxsi intizamsızlığına görə məktəbdən xaric edilməsinə dair münasibət bildirmələrini təklif etmişdir - Lehinə - 7 nəfər, əleyhinə - 0 nəfər - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin X5 04.09.2020-ci il tarixli 11 saylı protokolundan görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursant tabor komandirinin əmrinə əsasən 3- cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı İddiaçı şəxsi intizamsızlığına görə X7 cəlb olunmuşdur. X5 sədri 3-cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı İddiaçı X12 çıxarılması barədə qərar qəbul edilmişdir - Lehinə - 7 nəfər, əleyhinə - yoxdur. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin X5 04.09.2020-ci il tarixli 4 saylı qərarından görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursant taborunun 9-cu kursant bölüyünün komandirinin 04.09.2020-ci il tarixli məruzəsinə əsasən 3-cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı İddiaçı şəxsi intizamsızlığına görə X7 cəlb olunmuşdur. 3-cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı İddiaçı barəsində təqdim olunmuş sənədlər və çıxışlar dinlənilərək müəyyən olunmuşdur ki, kursant İddiaçı taqım komandiri, bölük komandiri, tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini tərəfindən dəfələrlə fərdi söhbətlər aparılmış, lakin görülən tədbirlər nəticə verməmişdir. Qalan intizam balı - 116 (yüz on altı). X8 Şurası müəyyən olunmuş halları nəzərə alaraq, 3-cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı İddiaçı X12 çıxarılması barədə qərar qəbul edilmişdir. Leyinə - 7 nəfər, əleyhinə - yoxdur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı İddiaçı X12 çıxarılması barədə qərar qəbul edilmişdir. - Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbi rəisinin 03.10.2020-ci il tarixli 236 nömrəli (nizami hissə üzrə) əmrindən çıxarışdan görünür ki, 3- cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı İddiaçı Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nə əsasən 2-ci kursdan xaric edilmiş, Məktəbin dəyişən heyətinin siyahısından çıxarılmış və müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yeri təyin olunanadək Maddi-texniki təminat taborunda saxlanılmışdır (9.16.4-cü yarımbəndi (şəxsi intizamsızlığına görə). Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsi rəisinin 27.09.2020- ci il tarixli 26/2716 nömrəli məktubu (d/o-9098) və leytenant R.Seyidbəylinin raportu (d/o9169). - Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbi rəisinin 14.10.2020-ci il tarixli 245 nömrəli (nizami hissə üzrə) əmrindən çıxarışdan görünür ki, 2-ci kursdan xaric edilmiş və müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yeri təyin olunanadək Maddi-texniki təminat taborunda saxlanılan hərbi qulluqçu İddiaçı 14 oktyabr 2020-ci il tarixdən Məktəbdən xaric edilmiş, şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan (14 oktyabr 2020-ci il tarixdən nahar yeməyindən qazan təminatından) çıxarılmış və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmət keçmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Əsas: Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 12.10.2020-ci il tarixli 049 nömrəli sərəncamı (d/o-6221). - İddiaçı tətbiq edilmiş intizam cəzalarına görə intizam balının çıxılması və uçotu vərəqindən görünür ki, İddiaçı mobil telefon işlətməyə görə 25.09.2019-cu ildə buraxılışdan məhrumetmə, yeməkxanada danışmağa görə 27.09.2019-cu ildə töhmət, sıra intizamını pozduğuna görə 23.10.2019-cu ildə töhmət, geyim formasını pozduğuna görə 11.11.2019- cu ildə töhmət, sərbəst hazırlıq zamanı intizamı pozduğuna görə 11.11.2019cu ildə töhmət, geyim formasını pozduğuna görə 12.01.2020-ci ildə töhmət, sıra intizamını pozduğuna görə 14.01.2020-ci ildə töhmət, dərsə gecikməsinə görə 16.01.2020-ci ildə töhmət, müstəqil hazırlıqdan yayınmasına görə 28.01.2020-ci ildə töhmət, yeməkxananı özbaşına tərk etdiyinə görə 30.01.2020-ci ildə töhmət, şəxsi gigiyena qaydasını pozduğuna görə 30.01.2020-ci ildə töhmət, şəxsi gigiyena qaydalarına fikir vermədiyinə görə 13.03.2020-ci ildə töhmət, geyim formasını pozduğuna görə 17.03.2020-ci ildə töhmət, sıra intizamını pozduğuna görə 06.08.2020-ci ildə töhmət intizam cəzaları tətbiq edilmiş, intizam balı aşağı düşdüyü üçün komandanlıq tərəfindən xəbərdarlıq edilmiş, mobil telefon işlətdiyinə görə 06.09.2020-ci ildə X6 dinlənilmişdir. Tətbiq edilmiş intizam cəzalarına görə intizam balı - tədris ili üçün verilmiş 160 intizam balından 116 intizam balına düşmüşdür. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, halhazırda 9-cu kursant bölüyünün 3-cü kursant tağımında xidmət edən İddiaçı verilmiş xidməti xasiyyətnamədən görünür ki, İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuduğu dövrdə özünü nizam-intizamsız bir kursant kimi göstərməyə çalışmışdır. Xidməti vəzifələrinin yerinə yetirilməsində çətinlik çəkir. Təşkilatçılıq qabiliyyəti zəifdir. Ona həvalə olunmuş silahı zəif bilir və düzgün istismar etməyə çalışır, özünə və yoldaşlarına qarşı tələbkar deyil. Komandirlərin əmr və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirməyə səy göstərmir. Azərbaycan Respublikasi Silahlı Qüvvələrinin Nizamnamələrini zəif bilir və gündəlik həyatda onların tələblərinə uyğun hərəkət etməyə çətinlik çəkir. Tədrisdə dərs müvəffəqiyyəti zəifdir. Fiziki hazırlıqda dərs müvəffəqiyyəti zəifdir. Öz yoldaşları ilə münasibət qurmağı bacarmır. Müstəqil işə və qarşıda qoyulmuş məqsədlərə nail olmağa çalışmır. Fiziki cəhətdən zəifdir, iradə cəhətdən zəifdir, xasiyyətcə təmkinli deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin 1.1-ci bəndinə əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (bundan sonra – Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir; Həmin Nizamnamənin 4.16-cı bəndinə əsasən təhsilalanlarda Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə əməletmə vərdişi yaratmaq və Məktəbdə nizam-intizamı təmin etmək məqsədilə intizam orqanları – X14 və X13 yaradılır. İntizam orqanlarının quruluşu, vəzifələri və hüquqları Məktəbin tabe olduğu rəis tərəfindən təsdiq edilən “İntizam Təlimatı” ilə tənzimlənir. Həmin Nizamnamənin 9.1-ci bəndinə əsasən Məktəbin dəyişən heyəti Məktəbdə təhsil alan kursantlar, dinləyicilər, həmçinin tədris prosesini təmin edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. Həmin Nizamnamənin 9.2-ci bəndinə əsasən kursantlar – Məktəbdə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və əyani formada təhsil alan, həqiqi hərbi xidmət keçən vətəndaşlardır. Həmin Nizamnamənin 9.16-cı bəndinə əsasən təhsilalanlar Məktəbdən aşağıdakı hallarda xaric edilirlər: - 9.16.4. şəxsi intizamsızlığına görə; Həmin Nizamnamənin 10.4-cü bəndinə əsasən Məktəbin dəyişən heyətinin vəzifələri aşağıdakılardır: - 10.4.1. dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək; - 10.4.4. qanunlara, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, müdafiə nazirinin əmr, təlimat, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Məktəbin daxili nizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək. Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 7 №-li 16.01.2018-ci il tarixli əmri ilə təsdiq olunmuş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin X14 haqqında Təlimat”ın 6.6-cı maddəsinə əsasən informasiya təhlükəsizliyinin təmin olunması və məlumatların sızmasının qarşısının alınması barədə müəyyən edilmiş tələblərin pozulmasına yol vermiş kursantın intizam balı nəzərə alınmadan X9 qərarı ilə şəxsi intizamsızlığına görə məktəbdən xaric edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursant taborunun 9-cu kursant bölüyünün kursantı olmuşdur. İddiaçı mobil telefonun istifadə edilməsinin yolverilməzliyi barədə xəbərdar edilməsinə baxmayaraq, o, qeyd olunan qaydanı pozaraq mobil telefon istifadə etmiş, 04.09.2020-ci il tarixdə baxış keçirilərkən onun üzərindən mobil telefon aşkar olunmuşdur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin X5 04.09.2020-ci il tarixli 11 saylı protokoluna və 04.09.2020-ci il tarixli 4 saylı qərarına əsasən iddiaçı şəxsi intizamsızlığına görə X7 cəlb olunmuşdur. X13 iddiaçının X12 çıxarılması barədə qərar qəbul etmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin X9 05.09.2020-ci il tarixli 10 saylı protokoluna əsasən iddiaçı şəxsi intizamsızlığına görə X12 cəlb olunmuşdur. Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 16 yanvar 2018-ci il tarixli 7 nömrəli əmrinin 6.6. yarımbəndinə əsasən intizam balı nəzərə alınmadan iddiaçının şəxsi intizamsızlığına görə məktəbdən xaric edilməsinə dair X9 üzvləri lehinə - 7 nəfər, əleyhinə - 0 nəfər olmaqla münasibət bildirmişlər. Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbi rəisinin 03.10.2020-ci il tarixli 236 nömrəli (nizami hissə üzrə) əmrinə əsasən iddiaçı, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.4-cü yarımbəndinə (şəxsi intizamsızlığına görə) əsasən 2-ci kursdan xaric edilmiş, Məktəbin dəyişən heyətinin siyahısından çıxarılmış və müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yeri təyin olunanadək Madditexniki təminat taborunda saxlanılmışdır. Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbin rəisinin 14.10.2020-ci il tarixli 245 nömrəli (nizami hissə üzrə) əmrinə əsasən isə 2-ci kursdan xaric edilmiş və müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yeri təyin olunanadək Maddi-texniki təminat taborunda saxlanılan hərbi qulluqçu İddiaçı 14 oktyabr 2020-ci il tarixdən Məktəbdən xaric edilmiş, şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan (14 oktyabr 2020-ci il tarixdən nahar yeməyindən qazan təminatından) çıxarılmış və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq, müddətli həqiqi hərbi xidmət keçmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.4-cü yarımbəndinə əsasən şəxsi intizamsızlığına görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilmişdir. AR İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə nəzər yetirdikdə, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan diskresion səlahiyyətlər daxilində hər hansı qanunazidd hərəkətə yol verməmiş və iddiaçının müvafiq hərbi məktəbdən kənarlaşdırılmasında haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-6481/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-6481/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-900/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-900/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver