Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-900/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, 3-cü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8013/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Şəxsi hesabın dəyişdirilməsi haqqında” 33 saylı 19 iyun 1998-ci il tarixli qərarın məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən sahəsi 30.0 kv.m olan 24 saylı evin sahibi X4r və evin şəxsi hesabının onun oğlu X3 adına keçirilməsi qərara alınmışdır. AZ-İİ seriyalı 071836 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçı mərhum atasının icarəsində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 24 saylı mənzilə pasport qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 087-2400D-3222 saylı 29 yanvar 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun yuxarıda göstərilən ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericilikdə nəzərdə tutulmuş sənədinin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, orderin, icarə və kirayə müqaviləsinin, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) və ya mülkiyyət sahibinin razılıq ərizəsinin RPİ-nin X1 təqdim olunması vacibdir. Lakin, yuxarıda göstərilən sənədlər X1 təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınması imkan xaricindədir. Qeyd olunan faktla əlaqədar olaraq aidiyyəti məhkəməyə müraciət etməyi məqsədəmüvafıq hesab edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 24 saylı mənzilə onun pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda həmin ünvanda yaşayır. Buna baxmayaraq yaşadığı evin icarədarı, yəni onun qardaşı olan 3-cü şəxs onu həmin ünvana qeydiyyata almaqdan imtina edir. O, yaşayış yeri üzrə qeydiyyata alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8013/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının qeydiyyata alınmaq istədiyi yaşayış sahəsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev olduğunu nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 6.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qətnamənin əsaslandırım hissəsinə xüsusi diqqət yetirməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, bu və ya digər sübutları rədd edən və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırım hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilib-edilməməsi səbəbləri orada aydın izah edilməsi nəzərdə tutulmuşdur. Analogiyaya əsasən göstərilən tələblər inzibati işlərə baxılması zamanı da nəzərə alınmalıdır. Lakin göstərildiyi kimi, işə baxan məhkəmə işin hallarını tam araşdırmadan qərar qəbul etmişdir. Forma № 2 üzrə arayışın surətindən görünür ki, İddiaçı 05 aprel 1985-ci il tarixdən mübahisəli evdə qeydiyyatda olmuşdur. Məhkəmə qərarında göstərilir ki, İddiaçı mübahisəli evi tərk etdikdən sonra evin kirayə müqaviləsi üçüncü şəxs - iddiaçının qardaşı ilə bağlanmışdır. Lakin qərarda iddiaçının mübahisəli yaşayış sahəsini nə zaman tərk etməsi, tərk etmənin səbəbi, iddiaçı yaşayış sahəsini tərk edərkən qeydiyyatdan çıxarılıb-çıxarılmaması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli yaşayış sahəsinə heç bir hüququnun olmaması barədə nəticəsi qanunsuz və yanlışdır. Tərəflərin izahatları: 3-cü şəxsin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh inzibati orqan bu barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı tərəfindən məhkəməyə daxil olmuş teleqramın məzmunundan görünür ki, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. 3-cü şəxsin vəkili hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 24 saylı mənzilə onun pasport qeydiyyatına alınması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun göstərilən ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericilikdə nəzərdə tutulmuş sənədinin (mülkiyyət hüquqnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, oderin, icarə və kirayə müqaviləsinin yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) və ya mülkiyyət sahibinin razılıq ərizəsinin X1 təqdim olunmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisə predmetini təşkil edən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı hər hansı bir hüququnun, yəni mülkiyyət, icarə və ya istifadə hüququnun əmələ gəlməməsinə, iddiaçının sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçının həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğunun müəyyən edilməməsinə, bundan başqa iddiaçının həmin yaşayış sahəsinə dair istifadə hüququnun olmamasının mülki məhkəmə qətnaması ilə təsdiq olunmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. İş materiallarında olan Nizami rayon Məhkəməsinin 2(007)-262/2021 saylı 13 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən “yaşayış sahəsinə dair istifadə hüququnun tanınması” barədə iddiası təmin edilməmişdir. Sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7997/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və 10 iyun 2022-ci il tarixdə icraya yönəldilmişdir. Həmin qətnamələrdən görünür ki, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi İddiaçı mübahisəli yaşayış sahəsini tərk etdikdən sonra həmin yaşayış sahəsinin “Azərneftyağ” İB-nin qərarı əsasında X3 adına keçməsini, hazırda onunla kirayə müqaviləsinin bağlanılmasını və hazırda üçüncü şəxsin istifadəsində olmasını təsdiq etmişdir. Bunun əsasında da məhkəmələr İddiaçı ünvan 4 ünvanında yerləşən yaşayış sahəsini zəbt etməsi əsası ilə çıxarılmasına qərar vermişdir. Göründüyü kimi, mübahisəli yaşayış sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmasa da, onun həmin əmlaka dair “legitim gözləntisi”nin olması istisna olunmur. Belə olan halda, iddiaçının yaşayış sahəsinə qeydiyyata alınması yalnız üçüncü şəxsin razılığı ilə mümkündür. Hazırki işdə 3-cü şəxs olan iddiaçının qardaşı Qorxmaz Dadaşov isə iddiaçının yaşayış sahəsinə qeydiyyata alınmasına etiraz etmişdir ki, bu da iddiaçının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” əsasında qeydiyyata alınması şərtini aradan qaldırır. Həmçinin nəzərə alınmalıdır ki, hazırki iş materiallarında iddiaçının qeydiyyata alınmasını tələb etdiyi ünvana istifadə hüququnun tanınması ilə bağlı iddiasının rədd edilməsi barədə qüvvədə olan məhkəmə qətnaməsi movcuddur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8013/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8013/2022 saylı 12 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-900/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-900/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver