Məhkəmə qərarları › İş №2-1(103)-900/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-900/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-900/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədirlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimova katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9608/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək təyin olunmuş pensiyanın yenidən hesablanılaraq kəsr məbləği və əlavələrin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına öhdəliyi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9608/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq hazırda heç bir şikayətinin qalmadığını, mübahisənin həll olunduğunu bildirərək, İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin nüamayəndəsi tərəfindən verilmiş ərizəni və pensiya təyin olunması barədə sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin olunsun. İş üzrə icraatına xitam verilsin. İzah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflərin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia vermə imkanını istisna edir. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar