Məhkəmə qərarları › İş №2-1(103)-900/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-900/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-900/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və şahid X3 iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6427/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İddiaçı 4.01.1968-ci ildə Şuşa şəhəri, Malıbəyli kəndində doğulmuşdur.

2. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon Şöbəsinə müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “…Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında edilmiş dəyişiklərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 438 nömrəli qərarından sonra mövcud qanunvericiliyin tələblərində şahid ifadələri əsasında vətəndaşlar tərəfindən imzalanmış aktlar və ya ərazi icra nümayəndəlikləri tərəfindən verilmiş arayışlar “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi üçün əsas hesab edilməmişdir. Bu səbəbdən qeyd edilən kateqoriyadan olan vətəndaşlardan “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi üçün müvafiq məhkəmə orqanına müraciət etməsi tələb olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, o, 14 iyul 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixə kimi könüllü özünümüdafiə dəstəsinin tərkbində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş və erməni millətçi dəstələrinə qarşı Şuşa rayonu ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İddia ərizəsinə əlavə etdiyi Şuşa Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli 22/734 nömrəli arayışında göstərilmişdir ki, həqiqətən də 1968-ci il təvəllüdlü İddiaçı 1988-ci ilin iyul ayının 14dən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir.

5. Cavabdeh orqan iddiaya etiraz edərək iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilmədiyini bildirmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6427/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə yalnız icra hakimiyyətinə sorğu verməklə kifayətlənmiş, iddiaçının fəal hərbi əməliyyatlarda iştirakını, könüllü özünümüdafiə dəstəsinin iştirakçısı kimi ona müvafiq silahın təhkim edilməsini, o cümlədən döyüşlərdə iştirakını sübut edən sənədləri araşdırmamışdır. Halbuki, şəxsə müharibə veteranı statusu verilməsi üçün yalnız yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar deyil, siyahı ilə yanaşı döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

10. Məhkəmədə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadə verərək, bildirmişdir ki, Şuşa rayonunun Malıbəyli kəndindəndir və İddiaçı iştirak etdiyi könüllü batalyonun üzvü olması, kənd əhalisinin qorunması istiqamətdə gördüyü işlərə görə ona Şuşa rayon Hərbi Komissarlığı tərəfindən 2008-ci ildə müharibə veteranının adı və statusu verilmişdir. Belə ki, Malıbəyli kəndi Xankəndi şəhəri ilə üzbəüz mövqedə yerləşmiş və erməni hərbi qulluqçuları tərəfindən mühasirəyə alınmış həmin ərəfələrdə Müdafiə Nazirliyinin hərbi hissələri yaxın ərazilərdə mövcud deyil idi. 48 ədəd avtomat könüllü batalyonun üzvlərinə verilmiş, amma batalyonun üzvləri 100 nəfərə yaxı idi. Ona görə də növbə ilə postda 4 nəfər olmaqla xidmət aparıdılar, digər üzvlər isə meşələrdə nəzarəti həyata keçirirdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. 3.2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarınıntəsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteran adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

20. Belə ki, iddiaçı Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 22/734 saylı, xx.xx.2019-cu il tarixli arayışa istinad edərək özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etdiyini iddia edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb edir.

21. Cavabdeh orqan isə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənədin təqdim edilməməsini bildirərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.

22. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla apellyasiya şikayətinin qeyd olunan dəliləri ilə razılaşmır.

23. Belə ki, iş materiallarına əlavə edilmiş Şuşa Rayon İcra Hakimiyyəti Başçısının 22/734 saylı, xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı 1988-ci ilin iyul ayının 14-dən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Arayışın verilməsinə əsas kimi Şuşa RİH tərəfindən xx.xx.1999-cu il tarixli 245 nömrəli Şuşa rayon Hərbi Komissarlığına göndərilən məktuba (səh 24, sıra № 476) istinad edilmişdir.

24. Həmçinin, işdə olan Şuşa Rayon İcra Hakimiyyətinə verilmiş sorğuya 28 iyul 2024cü il tarixli 5-77/2-209/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 1968-ci il təvəllüdlü, Şuşa rayon sakini İddiaçı həqiqətən 1988-ci ilin iyul ayının 14-dən 1991ci ilin oktyabr ayının 9-na kimi Malıbəyli kənd könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas Şuşa RİH başçısının Malıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi siyahı.

25. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Malıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi həmin siyahının surətinin təqdim edilməsi məqsədilə Şuşa rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir.

26. Şuşa rayon İcra Hakimiyyəti tərəfindən 27 yanvar 2025-ci il tarixdə verilmiş sorğuya cavab məktubuna əsasən İddiaçı adının mövcud olduğu Şuşa rayon İcra Hakimiyyətində olan siyahıdan çıxarışın surəti təqdim olunmuşdur. Həmin Siyahıdan görünür ki, İddiaçı adı siyahıda qeyd olunmuşdur.

27. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən, yəni könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etməsi Şuşa Rayon İcra Hakimiyyəti Başçısının 22/734 saylı, xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiq olunur.

28. Apellyasiya şikayətində adlı siyahıdan başqa iddiaçının döyüşlərdə iştrak etməsi ilə bağlı dəlillərin olmaması ilə əlaqədar cavabdeh təşkilatın gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut növlərindən biri hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə istinad edən məhkəmə şahid Sərvər Mürsəlovun ifadəsini sübut kimi qəbul edir.

29. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1765/2023 saylı xx.xx.2023-cü il tarixli üç ulduzlu qərarından görünür ki, özünümüdafiə batalyonunun üzvü olmuş Xaliq Pənahovun döyüşlərdə iştirak etməsinə sübut kimi onun həkim arayışı əsasında hərbi travma almasına istinad olunmuşdur. Bundan başqa həmin qərarın 30-cu bəndində qeyd edilmişdir ki, özünümüdafiə batalyonunda iştirak etmiş şəxsə müharibə veteranı adının verilməsi üçün tələb edilən şərtlər iddiaçıya münasibətdə ödənilmişdir. 30.Cavabdeh təşkilat tərəfindən özünümüdafiə batalyonunun üzvü olmuş şəxsin döyüşdə iştrak etməsi ilə bağlı sübut anlayışının nədən ibarət olması ilə bağlı açıqlaması məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsinin İddiaçı barəsində özünümüdafiə batalyon və ya hərbi hissə tərəfindən hər hansı bir arayışın verilməməsi, o cümlədən yuxarıda göstərilən Ali Məhkəmə qərarında şəxsin yaralanması ilə bağlı tibbi sənədlər kimi dəlillərin olmaması ilə bağlı gətirdiyi arqumentləri məhkəmə kollegiyası əsaslı hesab etmir.

30. Belə ki, özünümüdafiə batalyonu adından da göründüyü kimi kənd sakinlərinin könüllük prinsipi əsasında yaşadıqları ərazilərin düşmən hücumlarından qorumaq məqsədi müvəqqəti yaradılmış birləşmələr olması və həmin birləşmələrin hər hansı bir sənədləşmə işlərinin aparılmaması səbəbindən arayış vermək iqtidarında olmamasını müəyyən etmək olur.

31. Cavabdeh təşkilatın digər arqumentə münasibətdə, yəni iddiaçının Silahlı Qüvvələrinin hərbi hissələri tərəfindən özünümüdafiə batalyonun üzvlərinin qeydiyyata alınmasına gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, özünümüdafiə batalyonunun üzvlərin hərbi hissələrdə qeydə alınması onların hərbi qulluqçu stasunun əldə edilməsi ilə nəticələnməsinə əsas hesab edilir və özünümüdafiə batalyonun üzvlərinin hərbi hissələrdə qeydə alınması üçün hər hansı bir qaydaların mövcud olmaması səbəbindən həmin arayışın təqdim edilməsi mümkün deyil.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması onun hüquqlarını pozur.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6427/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6427/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar