Məhkəmə qərarları › İş №2-1(103)-901/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-901/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-901/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair qeydin aparılması öhdəliyinin qoyulması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1559/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1559/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllədə “xxxxxxxxxxxx” MMC-nin inşa etdiyi binanın 216 saylı mənzilinə dair mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllədə “xxxxxxxxxxxx” MMC-nin inşa etdiyi binanın 216 saylı mənzilinə dair mülkiyyət hüququnun təminat qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxxxxxxx” MMC ilə x xxxx 2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllədə yerləşən MMC-nin tikdiyi binanın 286 saylı mənzilinin tikintisi haqqında müqavilə bağlamışdır. Həmin müqavilə əsasında o, mənzilin dəyərini MMC-yə tam ödəmişdir. Halhazırda mənzil onun istifadəsindədir. O, həmin mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı ilə əlaqədar cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ermişdir. Lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. cavabdeh öz imtinasını “xxxxxxxxxxxx” MMC-nin mənzil tikinti kooperativinə çevrilməsi haqda sənədin təqdim edilməməsi və binanın balansa götürülməməsi ilə əsaslandırmışdır. İmtina məktubunda Azərbaycan Resopublikası Mənzil Məcəlləsinin bir neçə normasına istinad edilmişdir ki, onların da qaldırılan məsələ ilə birbaşa əlaqəsi yoxdur. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qərarının əsaslandırıcı hissəsində iddiaçının bu binanı inşa edən “xxxxxxxxxxxx” MMC-nin mənzil-tikinti kooperativinə çevirilməsi haqqında sənədi, eləcədə mənzilin mübahisəli olmasına dair sübutu və mənzilə pay haqqının tam ödənilməsinə dair sənədin əslini cavabdehə təqdim etmədiyi üçün cavabdeh tərəfindən onun ərizəsinin təmin olunmasından düzgün imtina edilməsi qənaətinə gəlmişdir. Bununla bağlı iddiaçı şikayətində bildirmişdir ki, onun bu mənzilə mülkiyyət hüquqlarının ilkin qeydiyyatı üçün həmin sənədlərin təqdim edilməsi tələb olunmur.iddiaçı qanunvericiliyin tələb etdiyi qaydada həmin mənzilin onun adına rəsmiləşdirilməsi barədə “xxxxxxxxxxxx” MMC ilə aralarında bağlanmış müqaviləni, mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışını, həmin binanın tikintisinə dair icazə sənədlərini və plan-cizgi sxemini cavabdehə təqdim etmişdir. lakin cavabdeh əsassız olaraq iddiaçıdan başqa sənədlər də tələb etmişdir. İddiaçı şikayətində həmçinin qeyd etmişdir ki, “xxxxxxxxxxxx” MMC-nin mənzil-tikinti kooperativinə çevirilib və ya çevirilməməsinin onun həmin mənzilə dair hüquqlarının ilkin qeydiyyatına heç bir aidiyyatı yoxdur. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatlarını Qanunun dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (maddə 8.0.9.2) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair – çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - (maddə 8.0.10.1) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair – tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllədə yerləşən binanı inşa edən “xxxxxxxxxxxx” MMC-nin mənzil tikinti kooperativinə çevrilməsi haqda sənədi, eləcə də mənzilin mübahisəli olmamasına dair sübutu, mənzilə pay haqqının tam ödənilməsinə dair sənədin əslini təqdim etmədiyindən, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən tələb olunan dövlət əmlakın üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas sənəd sayılan - inşa edilmiş çoxmərtəbəli binanın istismara qəbul aktını da təqdim etməmişdir və inzibati orqan haqlı olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1559/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar