Məhkəmə qərarları › İş №2-1(103)-901/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-901/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-901/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7053/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7-ci mərtəbə, 5 №li, üç otaqlı olan mənzilə görə mən, İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və xx.xx.2024-cü il tarixində qəbul edilmiş, **********041800 saylı imtina qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə İddiaçı arasında 0515 saylı Payçı müqaviləsi bağlanmışdır. Həmin Payçı müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7-ci mərtəbə, 5 №li, üç otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 175 000 (bir yüz yetmiş beş min) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. Daha sonra "xxxx" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra “Cavabdeh”) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair elektron ərizə ilə xx.xx.2024-cü il tarixində cavabdehə müraciət etdim. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********041800 saylı qərarı ilə yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra”Qayda”) 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda Cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. İddiaçı hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki iddiaçı tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanaraq MTK-ya ödəniş edilmiş, MTK da ƏDV məbləğini ödəmiş, vergiyə orqanına hesabat təqdim etmişdir. İddiaçı bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə ərizə ilə cavablandırılmışdır. Bununla da tam təsdiq olunur ki, iddiaçı tərəfindən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Qanunvericiliklə tətbiq olunan güzəştə əsasən ƏDV-nin 30%-i güzəşt olaraq geri qaytarılır, yəni 26 694,91 (iyirmi altı min altı yüz doxsan dörd) manat 91 qəpik məbləğin 30%-i 8 008,77 (səkkiz min səkkiz) manat 77 qəpik iddiaçıya geri qaytarılmalı olduğu halda hal-hazıradək Cavabdeh tərəfindən ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsindən imtina edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin, alğı-satqı müqaviləsi iddiaçının adına olsa da, bank mədaxil qəbzlərində isə X3 adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydalarının 5.1 -ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-İ və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Qeyd olunan müddəalardan da görüldüyü kimi, iddiaçının qeyd etdiyi ödəniş forması qaydalarda nəzərdə tutulmamışdır. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7053/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və ünvan 3 ünvanında “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9cu blok, 7-ci mərtəbə yerləşən 5 saylı mənzilinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı ASC) ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Əgər istənilən fiziki şəxs aldığı mənzilin tam dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödəyib, daha sonra da ƏDV-nin qaytarılmağını tələb edəcəksə, onda belə bir sual yaranır: xx.xx.2022-ci il tarixli Fərmanla təsdiq edilmiş Qaydalar fiziki şəxs olan istehlakçılar tərəfindən AR ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasını müəyyən edirsə, bu qaydalara əməl olunmamasına baxmayaraq, ƏDV-nin qaytarılması qanun pozuntusu deyilmi? Bundan başqa Məhkəmə qərarında bildirir ki, "xxxx" MTK tərəfindən mənzilin satışı həyata keçən dövrdə iddiaçıya e-qaimə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, e-qaimənin iddiaçıya təqdim edib-edilməməsindən asılı olmayaraq, "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabatın təqdim edilməsi və depozit hesabına köçürülmüş olması hər hansı şübhə və mübahisə yoxdur. Əlavə olaraq, sözügedən qaydalar isə şəxsən fiziki şəxs tərəfindən ödənişin hansı formada həyata keçirilməli olduğunu göstərir. Yəni ödəniş "xxxx" MTK- tərəfindən deyil, fiziki şəxs tərəfindən yaşayış sahəsinə görə “ƏDV məbləği” depozit hesaba ödənilməlidir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. İşin faktiki hallarından məlum olur ki, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal (https://new.etaxes. qov.az/eportal/az/loqin/) xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən ttps://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. Göründüyü kimi, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 25 may 2022-ci il tarixdə qüvvəyə minsədə, alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı xx.xx.2022-ci il tarixdən yaranmış və bu barədə ictimaiyyətə xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. Belə ki, Vergi Məcəlləsi 85.4-cü bəndinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddənin təfsirindən belə anlaşılır ki, "xxxx" MTK tərəfindən ƏDV- bəyannamələri verilsə də, vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin dəqiqləşdirmə ərizəsi verərək, məlumatlara düzəliş etmək imkanı var. Belə olan halda vergi orqanı ƏDV-nin məhz həmin “ ƏDV” ödənişi olduğunu müəyyən etməsi çətinlik altına düşür. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər tərəfindən alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişlər həyata keçirilməlidir. Əlavə olaraq, qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəməyə stimullaşdırmaqdır. Ümumiyyətlə, Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklərdən biri də məhz nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan “Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması” layihəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən eqaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb. Ölkədə tətbiq olunan “ƏDV geri al" layihəsi uğurla tətbiq edilməsində əsas məqsəd iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atmaq olub. Lakin təəssüflər olsun ki, belə uğurlu bir layihənin həyata keçirilməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”nın tələbləri pozularaq, onlara edilmiş güzəştdən sui-istifadə edirlər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********041800 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş tapşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. - 30 sentyabr 2022-ci il tarixli, 0515 №-li Payçı Müqaviləsinə əsasən: 1.1. “MTK” ("xxxx" Mənzil Tikinti Kooperativi) pay qismində çıxış edən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7-ci mərtəbə, 5 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”-nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2. “Payçı” (İddiaçın)bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7-ci mərtəbə, 5 №-li, 3 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ("xxxx" Mənzil Tikinti Kooperativinə) ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. - "xxxx" MTK tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasıma dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq, Kooperativə ödənilən ƏDV daxil 175 000 (bir yüz yetmiş beş min) manat məbləğin 26.694,91 (iyirmi altı min altı yüz doxsan dörd) manat 91 qəpik 18% ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. - AZ-İ 223775 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X5 və X1 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Ələsgərova” soyadı verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, “yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir.” Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 165.6-cı maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyriyaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:

1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; ... 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaiməfaktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. ... 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDVnin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Hazırkı işin hallarından görünür ki, İddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyriyaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. İddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş və tələb olunan müddətdə əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək, bildirmişdir ki, yaşayış sahəsinə görə ödəniş müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülmüşdür.. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşır. Belə ki, yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaiməfakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yəni, yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTKnın) bank hesabına, ƏDV məbləğini isə satıcının ("xxxx" MTKnın) ƏDV depozit hesabına ödəməli olduğu halda, İddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Beləliklə, yaşayış sahələrinə görə İddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Belə halda iddiaçının tələbinin təmin olunması üçün istinad olunan qanunvericiliyin dispozisiya şərtləri də ödənilmiş olmur. Həmçinin Kollegiya qeyd edir ki, “Qayda”ya əsasən ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməli olduğu tələb olunduğundan, məbləğin başqa hesaba ödənilməsi formal xəta hesab oluna bilməz. Belə ki, formal xəta müvafiq hərəkətin müəyyən edilmiş formal qaydalara uyğun olmaması deməkdir. Hazırkı halda isə, “Qayda”nın məzmunundan da göründüyü kimi, onun qəbul edilməsində əsas məqsəd şəffaflıq və vergi nəzarətinin gücləndirilməsidir ki, bu hal da vergi pozuntularının qarşısını almağa xidmət edir. Belə ki, satıcı ƏDV-nin satıcının ayrıca hesaba ödənilməsinin təmin edilməsi ƏDV hesaba ödənilnən məbləğin vergi ödəmələrindən yayındırılmasının qaşısını almaqla yanaşı, buna dair riskləri azaldır. Həmçinin, ƏDV ayrıca hesaba ödənilmə vergi orqanı üçün həmin məbləğin izlənməsi və büdcəyə yönəlməsini asanlaşdırmaqla yanaşı elektron faktura, elektron vergi hesab-fakturası və ƏDV depozit hesabları ilə birlikdə sistemi daha da şəffaflaşdırır. Belə olan halda da, satıcı ƏDV məbləğini alıcıdan alsa da, həmin vəsaitə birbaşa sahib ola bilmir, yəni ƏDV məbləği “əl dəyişdirmir” – satıcıdan birbaşa dövlətə keçir. Nəticə etibarı ilə, ƏDV-nin başqa hesab ödənilməsi, ƏDV-nin düzgün ödənilməsinə və qeyri-şəffaf dövriyyəni azaldılmasına, bununla da vergidən yayınmanı minumum səviyyəyə salmağa xidmət edən haldır. Göründüyü kimi, müvafiq qanunvericilikdə ƏDV-nin şüurlu surətdən ayrıca depozit hesaba ödənilməsi heç də forma xəta hesab edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” ilə fiziki şəxslərin yaşayış və qeyri-yaşayış sahəsi almasına görə əlavə dəyər vergisinin qaytarılmasının proseduru müəyyən edilmişdir. Həmin Qaydaların 2.0.8-ci bəndində Portalın hansı mənaya gəldiyi və gördüyü funksiya qeyd olunmuşdur. Həmin bəndə əsasən portal bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. Portal isə yalnız ƏDV-nin geri qaytarılmasını istəyən fiziki şəxslərin müraciətlərinin qeydə alınmasını təmin edən informasiya sistemidir. Bu sistemin vətəndaşların yaşayış və qeyri-yaşayış sahəsinin alınmasına görə edəcəyi ödənişin müvafiq olaraq satıcının bank və depozit hesabına ödəməsini təmin etmək kimi funksiyası yoxdur. Ödənişin müvafiq hesablara ödənilməsini təmin etməli olan şəxs bilavasitə fiziki şəxs və müvəkkil banklardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ödənişlərin həyata keçirildiyi dövrdə Qaydaların qüvvəyə minməsinə baxmayaraq, qeyd olunan əməliyyatın həyata keçirilməsi üçün portaldan istifadə edilməsinə ehtiyac yox idi. Portal yalnız vətəndaşın müraciətinin elektron qaydada qeydiyyata alınması, yəni bu sahədə asanlaşdırılmanın təmin edilməsi üçün yaradılmış informasiya sistemidir. Həmçinin, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış payçı müqavilələrində həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün "xxxx" MTK-nın ƏDV depozit hesabı qeyd edilmədiyi müəyyən olunur. Odur ki, göstərilən səbəblərdən, yəni MTK-nın alıcıya (hazırkı iddiaçıya) verginin depozitə ödənilməsi üçün depozit hesabı verməməsi, ƏDV məbləğinin ayrıca depozit hesaba ödənilməli olması izah edilməməsi ilə əlaqədar iddiaçı ona zərər dəydiyini hesab edirsə, bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldıra bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanından sonra ödənişlərin həyata keçirilməsi qaydaları dəyişməsinə baxmayaraq, məhkəmə bu hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin tələblərinin pozulmasına formal xəta kimi yanaşmışdır. Həmçinin, birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən istinad etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatışmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur. Məhkəmə kollegiyası nəhkəmənin bu mövqeyinə və iddiaçının eyni dəlilinə münasibətdə bildirir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. ......... Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən, operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, Qaydaların 5.4-cü bəndində çatışmazlıqlar dedikdə, 5.1-ci bənddə qeyd edilən sənədlərlə bağlı aradan qaldırılması mümkün olan çatışmazlıqlar nəzərdə tutulur. Məsələn, ödəniş sənədlərinin və ya alqı-satqı müqaviləsinin əlavə edilməməsi, sənədlərin natamam əlavə edilməsi, ərizə üzrə zəruri məlumatların düzgün göstərilməməsi və s. Lakin fiziki şəxs tərəfindən ödəniş həmin Qaydaların tələblərinə uyğun şəkildə, yəni yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) satıcının bank hesabına və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi, sənədlərlə bağlı hər hansı aradan qaldırılması mümkün olan çatışmazlıq mövcud olmamışdır. Beləliklə, ƏDV-nin qaytarılmasından imtina barədə bildiriş göndərilməsində vergi orqanı haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahələrinə görə İddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7053/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7053/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 7-ci mərtəbə, 5 №li, üç otaqlı olan mənzilə görə mən, İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və xx.xx.2024-cü il tarixində qəbul edilmiş, **********041800 saylı imtina qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar