Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-902/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil ("Vəkil və partnyorları" Vəkil Bürosu), üçüncü şəxslər X3, X2 iştirakları ilə, İddiaçı (xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəh., Gen. Şıxlinski küç., 42-Yat. Qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X7, X8,X4) “mənzillə təmin olunma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5469/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 05.04.2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə və sahiblik hüququ olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının sökülməsi əvəzinə onun iki otaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı X7 ilə 1986-cı ildə nikaha daxil olmuş, birgə nikahdan 27 iyul 1987-ci il təvəllüdlü X8 və 19 avqust 1988-ci il təvəllüdlü X4 doğulmuşdur. 2012-ci ildə İ.Əkbərovla nikahları məhkəmə qaydasında pozulmuşdur. O və İ.Əkbərov Bakı Məişət Kondisionerləri Zavodunda işlədikləri üçün həmin zavodun 30 oktyabr 1989-cu il tarixli 173 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən yataqxananın 315-ci otağı onların istifadəsinə verilmişdir. Daha sonra ailə vəziyyəti nəzərə alınaraq “Bakı kondisioneri” X6 07 oktyabr 1992- ci il tarixli 473 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən yataqxananın 314-cü otağı da onların istifadəsinə verilmişdir. X7 ilə nikahı pozulduqdan sonra 315-ci otaq iddiaçının, 314-cü otaq isə İ.Əkbərovun istifadəsində qalmışdır. Lakin İ.Əkbərov son zamanlar iddiaçının 315- ci otaqda yaşamağına müxtəlif maneələr yaratmağa çalışmış və bu məqsədlə ondan otağı boşaltmasını tələb etmişdir. Bununla əlaqədar 315-ci otağa köçürülməsi barədə qətnamə çıxarılması barədə cavabdeh X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(011)-7148/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qərara alınmışdır. Hazırda həmin yataqxananın Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi prosesi başladılsa da, yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçı ayrıca mənzillə təmin edilməmişdir. Məhkəmənin 30.06.2021-ci il tarixli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5469/2021 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin olunmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir.Əlavə olaraq, qeyd edilmişdir ki, iddiaçı ilə eyni yataqxanada yaşayan İmanova Mehbarə adlı şəxsə analoji qaydada iki ədəd iki otaqlı mənzil verilmişdir. Bundan başqa iddiaçı ilə eyni yataqxanada ikinci blokdan giriş olan 1-ci mərtəbədə yaşayan Səadət adlı qonşusuna və onun bacısına, sökülmüş bir yaşayış sahəsinin əvəzinə 2 ədəd 2 otaqlı mənzil və 1 ədəd 1 otaqlı mənzil verilmişdir. Həmin şəxslərə aid yalnız bir order olmuşdur. Eyni zamanda həmin yataqxanada 3-cü blok 5-ci mərtəbədə bir yaşayış sahəsində məskunlaşmış ailəyə 2 otaqlı mənzil verilmişdir. Sonradan həmin mənzildə digər şəxsin qeydiyyatı olduğu müəyyən edildikdə, əlavə olaraq həmin şəxsə 1 otaqlı ayrıca mənzil verilmişdir. Həmin şəxslərə mənzilin verilib iddiaçıya mənzil verilməməsi onun İnzibati İcraat Haqqunda Qanunun 13-cü maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxslər apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh və üçüncü şəxs X7 məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3.-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5469/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı Məişət Kondisionerləri Zavodunun 30.10.1989-cu il tarixli və 08.05.1996-cı il tarixli 473 nömrəli orderlərindən görünür ki, 28.10.1989-cu il tarixli 173 nömrəli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 315 nömrəli otağı, 07.10.1992ci il tarixli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 314 nömrəli otağı zavodda işlədiyi müddətdə X5 verilmiş, orderlərdə yaşayış sahəsinə hüququ olan şəxslər sırasında İddiaçı, Lalə Qurbanovanın, Rəfi Əkbərovun və Səbinə Əkbərovanın adları da qeyd edilmişdir. - İddiaçı ilə üçüncü şəxsin arasındakı nikah ləğv edilmiş, bu barədə Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində 07.02.2013-cü il tarixdə akt qeydləri kitabında 51 nömrə ilə qeyd aparılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli 2(011)- 7148/2019 saylı qətnaməsi ilə (hakim P.Zamanlı) iddiaçının üçüncü şəxsə qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi təmin edilmiş, iddaçının ünvan 3 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qət olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.05.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon icra hakimiyyətinin müvafiq komissiyasının yaradılıb, nəticəsi barədə 08 may 2019-cu il tarixindən gec olmayaraq Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilməsi tapşırılmışdır. - 11.06.2021-ci il tarixli razılaşma aktından görünür ki, mülkiyyətçi X1 işində iştirak edərək, təklif olunan 30 000 (otuz min) manat birdəfəlik maddi yardımın məbləği ilə razılaşaraq və alacağı təzminatın məbləğini bankda şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağını öhdəsinə götürmüşdür. - 11.06.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Xətai rayon İcra Hakimiyyəti (sifarişçi) "xxxx" MMC (podratçı) və ünvan 6 ünvanında yerləşən 314-315 saylı mənzilin sahibi X7 (payçı) aşağıdakılar barədə razılığa gəlmişlər: müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin sifarişi əsasında qəzalı vəziyyətdə hesab edilmiş ünvan 6 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sökülərək həmin binanın yerində sakinlərə ayrılmış vəsait hesabına yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi və inşa ediləcək binada payçının təmirli mənzillə təmin edilməsi; Payçıya Bina 2, 11-ci mərtəbə, 2 otaqlı, 54,5 kv.metr 82 saylı mənzil təqdim ediləcəkdir. qəzalı yaşayış binasının sökülməsi və yerində yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün ayrılmış dövlət vəsaitindən 30500 (otuz min beş yüz) manat kompensasiya vəsaiti sifarişçi tərəfindən Рауçının bank hesabına köçürülür. podratçı qəzalı yaşayış binasının sakinlərinə müqavilə imzalandığı gündən payçıya mənzil təqdim edilənədək hər ay 300 manat məbləğində kirayə haqqını həmin sakinin bank hesabına ödəyir. payçı sifarişçi tərəfindən onun bank hesabına köçürülmüş 30 000 manat vəsaiti müqavilə imzalandığı gün podratçıya ödəyir. - "xxxx" MMC tərəfindən verilmiş 11.06.2021-ci il tarixli 171 nömrəli maliyyə arayışından görünür ki, ünvan 7 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur, 2-ci binanın 1-ci girişi, yerdən 11-ci mərtəbəsində ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı, 82 saylı təmirli mənzilin pay dəyəri X7 tərəfindən tam ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, müvafiq orderlərin verildiyi vaxt qüvvədə olmuş və 01.10.2009-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-nin digər qanunvericiliyi ilə müəyyən edilir Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir.. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Hazırkı işin hallarından görünür ki, mübahisəli 315 nömrəli otağa dair order, habelə digər 314 nömrəli otağa dair order üçüncü şəxs İ.Əkbərovun adına olmuş, yataqxananın sökülməsi ilə bağlı 30 kv.metr və daha az olan mənzildə yaşayan ailələrin hər birinə 30 000 manat olmaqla birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuş, İ.Əkbərov həmin məbləğlə razılaşmış və cavabdeh orqan da əsas icarədar kimi İ.Əkbərova müvafiq ödəniş həyata keçirmişdir. Daha sonra İ.Əkbərov həmin vəsaitə əsasən yeni tikilən binadan icarədarı olduğu 314 və 315 saylı otaqlar (iş materiallarına əsasən 28.8 kv.metr) müqabilində ona iki otaqlı yeni mənzil (iş materiallarına əsasən 54.5 kv.metr) verilməsi ilə razılaşaraq sökülən binadakı otaqların əsas icarədarı kimi müvafiq müqavilə imzalamışdır. İddiaçı hazırda üçüncü şəxslə nikah münasibətlərinə xitam verildiyinə və 315 nömrəli otaqda yaşamasına, ayrı ailə olmasına istinad edərək ayrıca mənzil tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 315 nömrəli otaqda yaşasa da, onun bu hüququ üçüncü şəxs İ.Əkbərovun ailə üzvü olduğu üçün yaranmış və onun hüququ İ.Əkbərova məxsus hüquqdan törəmə olmuşdur. Belə ki, o, İ.Əkbərovla ailə münasibətlərinə xitam versə də, ayrıca kirayəyə (icarə) müqaviləsi bağlamamış, otaqların şəxsi hesab vərəqələri İ.Əkbərovun adına olmuşdur. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər (maddə 68.1). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar (maddə 68.2.). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər (maddə 68.3.). Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır (maddə 68.4.). Göründüyü kimi qüvvədə olan Mənzil Məcəlləsi yaşayış sahəsi söküldükə orada yaşayan şəxslərin hər birinə ayrıca yaşayış sahəsi verilməsini nəzərdə tutmur. Bu zaman tələb olunan əsas meyar verilən yeni yaşayış sahəsinin ümumi sahəsinin əvvəl yaşanılan yaşayış sahəsinin ümumi sahəsindən az olmamasıdır Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən həmin Məcəllənin 85-87-ci maddələrində nəzərdə tutulmuş əsaslarla yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə verilən digər yaşayış sahəsi müvafiq yaşayış məntəqəsinin mövcud olan şəraitinə uyğun olaraq abadlaşdırılmış olmalı, ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmamalı, müəyyən edilmiş tələblərə cavab verməli və həmin yaşayış məntəqəsinin hüdudlarında yerləşməlidir. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən əgər kirayəçi və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxarılmazdan əvvəl təcrid olunmuş mənzildə və ya kommunal mənzilin azı iki otağında yaşayırdılarsa, kirayəçinin müvafiq olaraq mənzil və ya kommunal mənzildə həmin sayda olan otaq almaq hüququ vardır. Göründüyü kimi sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi bina sökülməli olduqda, binanın sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqaviləsi ilə ümumi sahəsi əvvəl yaşadıqları yaşayış sahəsinin ümumi sahəsindən az olmayan yaşayış sahələri verilir. Yataqxananın sökülməsi ilə əsas icarədar kimi İ.Əkbərova, bununla həm də onun ailə üzvlərinə yaşamaları üçün yeni iki otaqlı mənzil (28.8 kv.metr müqabilində 54.5 kv.metr) verilmişdir. İddiaçının üçüncü şəxs İ.Əkbərovla ailə münasibətlərinə xitam verilsə də, o həmin mənzildə yaşadığından ailə üzvü statusunu saxlamış, belə olan halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən artıq üçüncü şəxsə verilmiş mənzilə də ailə üzvünün malik olduğu hüquqları əldə etmişdir Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, əgər üçüncü şəxs İ.Əkbərov iddiaçının binanın sökülməsinə görə verilmiş yeni mənzildə də yaşamasına manelər yaradarsa, iddiaçı bununla bağlı yenə də mülki qaydada iddia qaldırmaqla hüquqlarının müdafiəsini təmin edə bilər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan eyni yataqxanada digər şəxslərə də analoji olaraq sökülmüş bir yaşayış sahəsinə uyğun olaraq, iki mənzilin verilməsinə münasibətdə qeyd edir ki, iddiaçı göstərilən halları apellyasiya şikayətinin dəlili kimi qeyd etsə , dəlilini əsaslandıran hər hansı sənədsübut təqdim etməmiş, eyni zamanda müvafiq halların hazırkı işin halları ilə eynilik təşkil etməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda iddiaçı tərəfindən iddia tələbinin əsası kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli 2(011)-7148/2019 saylı qətnaməsinə istinad etməsi ilə bağlı qeyd edir ki, həmin qətnamədən göründüyü kimi həmin iş üzrə iddiaçının üçüncü şəxsə qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi təmin edilmiş, iddaçının ünvan 3 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qət olunmuş, yəni hazırkı iş üzrə cavabdeh qismində çıxış edən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qətnamə ilə hər hansı öhdəlik qoyulmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5469/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5469/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-902/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-902/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver