Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-903/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək iddiaçıya verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarına əsasən ona ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Məhkəmə işin hallarını araşdırmayaraq və proses iştirakçılarına yardım göstərməyərək, habelə müvafiq maddi hüquq normalarını tətbiq etməyərək mübahisənin qanuni və ədalətli həll edilməsi üçün lazımi tədbirləri görməyərək, prosessual və maddi hüquq normalarını kobud şəkildə pozaraq düzgün nəticəyə gəlməmişdir. Belə ki, Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarı ilə fərdi yaşayış evi inşa etmək üçün iddiaçıya Bakı şəhəri keçmiş Kirov qəsəbəsində (hazırki Yeni Suraxanı) 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçıya yerində təhvil verilmiş, lakin həmin torpaq sahəsinin təhvil verilməsi barədə ayrıc aktı və yerləşmə sxemi təqdim edilməmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsini 30 ildir hasara aldıraraq ondan istifadə etsə də, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestr xidmətində qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, ehtimala əsaslanmaqla və mübahisəli torpaq sahəsinin iddiaçıya 30 il əvvəl ayrılaraq verildiyindən, cavabdehin hazırda həmin torpaq sahəsinin yerləşmə cizgisini tərtib etmək səlahiyyəti olmadığını və Rayon İcra Hakimiyyətinin sənədləri İcra Hakimiyyəti tərəfindən Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyi qənaətinə gələrək tam əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia təmin edilməlidir. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir: Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, RİH-in sənədləri 2016-cı il daxil olmaqla Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikaası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 18 saylı qərarına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi” tələbinə dair icraatınızda olan inzibati işlə bağlı bildiririk ki, Suraxanı rayon Yeni Suraxanı qəsəbəsində 1200 kv.m torpaq sahəsinə dair sxem (plan-sxem) həmin dövrdə Suraxanı rayonu, XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı qərarı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Eyni zamanda bildirir ki, rayon İcra Hakimiyyətinin ötən illərə dair sənədləri, o cümlədən 1991-ci il də daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli BA-04516-2022 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Suraxanı rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Kirov qəsəbəsində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Əsas: Fond-22, siy.1, iş-1732, vər.35. Qeyd: Qərara heç bir sənəd əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işin faktiki hallarına görə iddiaçıya Bakı şəhəri Suraxanı rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı qərarına əsasən, Bakı şəhəri Kirov qəsəbəsində (hazırki Yeni Suraxanı) 1200 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsində iddiaçı fərdi yaşayış evi tikmiş və orada yaşamışdır. 30 ildən artıq müddət keçdikdən sonra iddiaçı torpaq sahəsinin yerləşmə sxeminin ona verilməsini tələb edir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cü maddəsinə əsasən, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliyə əsasən torpaq sahəsinin yerləşmə sxemi (cizgisi) ilkin torpaq ayırma zamanı, məhz həmin vaxt mövcud olan istinad nöqtələrinə əsasən tərtib edilir. Torpaq sahəsi iddiaçıya 30 il əvvəl ayrılaraq verildiyindən, cavabdehin hazırda həmin torpaq sahəsinin yerləşmə cizgisini tərtib etmək səlahiyyəti yoxdur. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına RİH-in sənədləri İcra Hakimiyyəti tərəfindən təhvil verilmişdir. Dövlət Arxivinin Bakı Filialının cavabından görünür ki, sözügedən qərardan əlavə sənəd yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır. İşin faktiki hallarına görə iddiaçıya Bakı şəhəri Suraxanı rayonu X1 İcrayyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 18 saylı qərarı ilə fərdi vaşavış evi inşa etmək üçün Bakı şəhəri keçmiş Kirov qəsəbəsində (hazırkı Yeni Suraxanı) 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi yerində təhvil verilmiş, lakin həmin torpaq sahəsinin yerləşmə sxemi (planı və ölçü sxemi) təqdim edilməmişdir. Hazırda iddiaçı torpaq sahəsinin yerləşmə sxeminin ona verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (28 oktyabr 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun: 2.0.6-cı bəndinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci bəndinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü bəndinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24.1-ci bəndinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci bəndinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü bəndinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü bəndinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2-ci bəndinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qərar ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə (plan və ölçü) sxeminin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçününün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh qeyd olunan torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-sxem) həmin dövrdə müvafiq qərarla birlikdə vətəndaşa təqdim edildiyini, ötən illərə dair, o cümlədən 1991-ci il də daxil olmaqla Rayon İcra Hakimiyyətinin sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyini bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış məktubla isə Bakı şəhər Suraxanı rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 18 saylı qərarı məhkəməyə təqdim edilsə də, qərara heç bir sənədin əlavə edilmədiyi bildirilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, torpaq ayrılan dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında plan və ölçü sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qormaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı rayonu X1 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli 18 saylı qərarına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) tərtib edilərək İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-903/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-903/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver