Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-903/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının üzərinə əlavənin təyin olunması və həmin əlavənin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2317/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqinda” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 19.1.7.3 bəndinə əsasən “yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (X3 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİİ dərəcə əlilliyi olan şəxslərə əmək pensiyasının sığorta hissəsinə hər ay 55 manat məbləğində” əlavənin xx.xx.2020-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmışdır. İstefada olan polkovnikdir. xx.xx.2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlillik” diaqnozu ilə xx.xx.2025-ci il tarixinədək İİİ qrup təyin olunmuşdur. 2006- cı ildən 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyalar haqqinda” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 19.1.7.3-cü bəndinə əsasən “yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (X3 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİİ dərəcə əlilliyi olan şəxslərə əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində” əlavə hesablanır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə əsasən ona 55 manat əlavənin təyin edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq tıqdim olunmuş məktubda “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.3-cü maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə 55 manat əlavə edildiyi barədə məlumat verilmişdir. İddiaçı cavabdehin cavabının əsassız, hesablamaları qanunsuz hesab edir. Belə ki, ona hər ay DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən bank kartına -2837,0 manat pensiya kimi pul köçürülür. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının pensiya işində olan məlumat vərəqəsinə əsasən, pensiyasının tərkibi aşağıdakı kimi göstərir: vəzifə maaşı 1370 manat, hərbi rütbə 159,0 manat, xidmət illərinə görə əlavə 50% - 764,5 manat, məharət dərəcəsi “usta” 35% - 479,5 manat, ərzaq payı əvəzinə verilən pul -64 manat təşkil edir ki, cəmi 2837 manat edir ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1 yanvar 2021 il tarixinədək qüvvədə olmuş 19.1.7.3-cü maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə 55 manat “əlavə edildiyi” barədə cavabının doğru olmadığı deməkdir. Bu da xx.xx.2020-ci il tarixindən 1705 manat vəsait deməkdir. Yuxarıda göstərilənlərə, “Əmək pensiyaları haqqında” Qanunun 17.1.3-cü maddəsinə istinad edərək iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ona xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Mərkəzi filiala ərizə ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.3-cü maddəsinə əsasən 55 manat məbləğində əlavənin ona verilmədiyini bildirmişdir. İddiaçının ərizəsinə aidiyyəti üzrə baxılaraq iddiaçının pensiya tərkibi barədə məlumat verilmiş, həmçinin sözügedən əlavənin hesablanaraq ödənildiyi bildirilmişdir. Cavabdeh bildiririr ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavə iki kateqoriyaya bölünür: əmək pensiyasının sığorta hissəsinə əlavələr; qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya amaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməkiə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 10 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. İddiaçıya sözügedən maddələrin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. İddiaçının əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 2837,00 manat məbləğində müəyyən edilmişdir: əmək pensiyasının sığorta hissəsi - 379,17 manat; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.3-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə - 55,00 manat, qulluq stajına görə əmək pensiyasına əlavə - 2402,83 manat. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi 283,70 manat maddi yardım ödənilir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2317/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik altsistemindən çıxarışdan görünür ki, xx.xx.1961-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. - AR Müdafiə Nazilriyi tərəfindən verilmiş əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqindən görünür ki, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsinin rəisi işləmiş, hərbi rütbəsi polkovnik olan İddiaçı 38 il 10 ay 25 gün təqvim üzrə xidmət ili olmaqla, cəmi iş stajı və xidmət illəri 58 il 03 ay 28 gün, cəmi pul təminatı 2148,75 (iki min yüz qırx səkkiz manat 75 qəpik) təşkil etmişdir. xx.xx.2017-ci il tarixdə "Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə uyğun olaraq tərxis olunmuşdur. - AR DSMF-in HQXRŞİİ-nin 17/8820 saylı 20 iyun 2017-ci il tarixli qərarından müəyyən edilir ki, xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı 01 iyul 2017- ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. - Cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçıya 1 iyul 2017-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalı 22916,50 manat təşkil edir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı 1 iyul 2017-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilib. İlkin təyinat tarixinə onun fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı 51749,02 manat təşkil edib. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin əmək pensiyasının sığorta hissəsi 1 iyul 2017- ci il tarixindən 394,44 manat məbləğində müəyyən edilib. İddiaçı əmək pensiyası təyin olunduğu xx.xx.2017-ci il tarixinədək onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı, habelə xx.xx.2006-cı il tarixinədək mövcud olmuş iş stajına uyğun şərti çevrilmiş kapital ona pensiya təyin edilərkən istifadə olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. 4.1-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası sığorta hissəsindən və yığım hissəsindən ibarətdir: 01 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun sığorta hissəsinə əlavələr adlanan 19-cu maddəsində göstərilirdi ki, yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (X3 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından İİİ dərəcə əlilliyi olan şəxslərə 55 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr ödənilir (19.1.7, 19.1.7.3-cü maddələr). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli, 240-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 19-cu maddə ləğv edilmişdir (1.4-cü bənd). Həmin Qanunun 3-cü bəndində qeyd olunur ki, bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il, №627-VİQD tarixli qanunla ləğv edilmişdir) bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırılmaqla, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 2017-ci ilin iyul ayından yaşa görə ehtiyata ehtiyata buraxılmış hərbi qulluqçudur. Təqvim üzrə xidmət illəri 38 il, 10 ay, 25 gün gün təşkil edir. İddiaçıya 01 iyul 2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyası təyin edildikdən sonra iddiaçıya xx.xx.2020-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə İİİ dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar iddiaçı, xx.xx.2020- ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 19.1.7.3-cü maddəsinə uyğun olaraq onun əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2020-ci il tarixdən hesablanaraq ona ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinə verilmiş cavabdan narazı qaldığından hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalara əsasən yaşa görə əmək pensiyası alan İİİ dərəcə müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 55 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanmalı olduğundan iddiaçıya münasibətdə istinad olunmuş Qanunun 19.1.7-ci maddəsinin tətbiqini zəruri edən bütün şərtlər mövcuddur. Buna baxmayaraq məhkəmənin iş materiallarında olan sənədlərlə iddiaçının pensiyasının sığorta hissəsinə əlavələrin nəzərə alındığı müəyyən olunmur. Belə ki, cavabdeh inzibati orqan qeyd olunan ödənişlərin iddiaçıya ödənilməsini bildirsə də, bununla bağlı hər hansı tutarlı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ona İİİ dərəcə əlillik təyin edildiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.3-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 55 manat məbləğində əlavənin hesablanıb ödənilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onun əmək pensiyasının sığorta hissəsinə əlavənin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2317/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2317/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-903/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-903/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver