Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-904/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7625/2021 saylı 24.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 18.06.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, sonradan isə 24.09.2021-ci il tarixində isə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 56 yaş 6 ay yaşının tamam olduğu 10.06.2020-ci il tarixindən çoxuşaqlı qadın kimi ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1963-cü il təvəllüdlü iddiaçı, xx.xx.1963-cü il tarixdə Ağsu rayon Bozavand kəndində anadan olmuşdur. 5 uşağı səkkiz yaşınadək tərbiyə etmişdir. 1977-1978, 1980-1995-ci illərdə Ağsu rayon Bozavand kəndi “Bakı” adına kolxozda işləsə də, ona əmək kitabçası açılmamışdır. Lakin həmin dövr üçün tərəfindən sosial sığorta haqqları ödənilmiş, bunu təsdiq edən arxiv arayışı vardır. O, çoxuşaqlı ana kimi pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 26.02.2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək iş stajı yoxdur. Onun 01.01.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 4597,47 manat olmaqla, tələb olunan 28800 manatdan az olduğundan əmək pensiyasının minimum (200 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Ağsu rayon Dövlət Arxivinin arayışında qeyd olunan 1977-1995-ci illər əmək kitabçasında qeyd olunmadığı üçün sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının “Bakı” kolxozunda işlədiyinə dair əmək kitabçasının olmaması səbəbindən ona pensiya təyin edilməsi mümkün olmamışdır. Onun ******* nömrəli əmək kitabçası 2009-cu il tarixdə tərtib edilməsinə baxmayaraq, məcburi dövlət sosial sığorta haqları 01.01.2011-ci il tarixdə ödənilmişdir. 2009-2010-cu il üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. İş materiallarında əmək kitabçasından başqa iddiaçının əmək fəaliyyətini təsdiq edən sənəd yoxdur. Belə ki, iddiaçının hüququ yarandığı tarixdə yəni, 10.12.2020-ci il tarixdə 10 il sosial sığorta stajı və 4568 manat pensiya kapitalı müəyyən olunmuşdur. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 10 il sosial sığorta stajına uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7625/2021 saylı 24.09.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və İddiaçı 56,5 yaşının tamam olduğu 10.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində səhvə yol verdiyindən hazırkı iş üzrə düzgün qərar qəbul etməmiş, qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı 1977-1978, 1980-1995-ci illərdə Ağsu rayon Bozavand kəndi “Bakı” adına kolxozda işləsə də, əmək kitabçasında qeyd olunan dövrlərə dair qeyd olmadığından ona pensiya təyin edilməsi mümkün olmamışdır. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Arxiv arayışı o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əmək haqqı cədvəlləri, işə daxil olma, işdən azad edilmə və s.) qeyd olunsun. Lakin təqdim olunan əmək kitabçasında və sadalanan sənədlərdə iddiaçının qeyd olunan dövrlərdə «Bakı kolxozu»nda işləməsinə dair qeydlər mövcud deyil. Belə olan halda «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən bu maddədə göstərilən 25 il sığorta stajı olmadığından iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Quluzadə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə, onun iştirakı olmadan işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncunun imtinsını aldıqdan sonra məhkəmədə məcburetmə haqqında hazırkı iddianı qəldırmışdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Cavabdehin apellyasiya şikayətinin, iddiaçıya ünvanladığı imtina məktubu və məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazının üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçının beş uşaqlı ana olduğu və onları səkkiz yaşına kimi tərbiyə etdiyi mübahisələndirilmir. “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsi isə nəzərədə tutur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəninin qeydinə görə kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.4-cü yarımbəndinə əsasən 1 iyul 2019 – 30 iyun 2020-ci il üzrə qadınlar üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 61 il 6 ay, çoxuşaqlı qadınlara münasibətdə isə ən azı 56 il 6 aydır (61 il 6 ay -1×5=56 il 6 ay). “Əmək pensiyaları haqqında” Qanunun 8.1 və 7-ci maddələri və Qaydaların 4.1.4cü bəndinin qeyd olunan tələblərindən göründüyü kimi, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınının, 30 iyun 2020-ci il tarixinə qədər 56 il 6 ay yaşına çatdıqda və onun azı 25 il sığorta stajı olduqda əmək pensiyası hüququ yaranır. İddiaçının iş materiallarında olan 15300478 N-li (Ağsu RPŞ 24.10.2014) şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1963-cü il tarixində doğulmuşdur. Belə olan halda, onun 10.06.2020-ci il tarixində yaşının 56 il 6 ayı tamam olur, başqa sözlə qanunvericiliyin yaşla bağlı şərti iddiaçıya münasibətdə mövcuddur ki, bu da işin mübahisələndirilməyən halıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində tələb olunan 25 il sığortav stajı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, iddiaçının 1977-1978, 1980- 1995-ci illərdə Ağsu rayon Bozavand kəndi “Bakı” adına kolxozda işlədiyi müddəti, əmək kitabçasında bu barədə qeyd olmadığına görə sığorta stajına daxil edilməsi mümkün hesab edilmədiyindən, onun 25 il sığorta stajı yaranmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının kolxoz stajının nəzərə alınmaması tamamilə əsassızdır. Belə ki, birincisi, iddiaçının həmin kolxozda işlədiyi vaxt qüvvədə olmüş, an SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaların” 117-ci maddəsinin “q” bəndinin tələbinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sənəd hesab edilirdi. İkinci bir tərəfdən, 26.09.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: - əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); - iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir(b.3). Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının arxiv arayışına əsasən onun Ağsu rayon Bozavand kəndi “Bakı” adına kolxozda işlədiyi dövrlərin sığorta stajı kimi nəzərə alınmaması tamamilə əsassızdır. İşə əlavə olunmuş Ağsu rayon Dövlət Arxivinin 20 may 2020-ci il tarixli 49 nömrəli və 12 avqust 2020-ci il tarixli, 76 nömrəli arayışları, habelə, 14.07.2021-ci il tarixli 30 nömrəli məktubuna əsasən isə müəyyən olunur ki, “Bakı” kolxozunda qadınlar üçün iş günü 180 minimum adam günü olmaqla, iddiaçı həmin kolzozda 16 il 3 ay işləmişdir. İddiaçının işə əlavə olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən isə müəyyən olunur ki, iddiaçı 01.12.2009-cu il tarixdən Ağarx kənd orta məktəbinə süpürgəçi vəzifəsinə götürülmüş və hazırda həmin müəssisədə eyni vəzifədə əmək fəaliyyətini davam etdirir ki, belə olan halda da onun məktəbdə işlədiyi müddətdə, 56 yaş 6 ayının tamam olduğu 10.06.2020-ci il tarixinə olan iş stajı 10 il 6 ay 9 gün təşkil edir. Cavabdehin iddia ərizəsinə etirazından da göründüyü kimi, iddiaçının əmək kitabçası üzrə məktəbdə işlədiyi dövrün 10 ilin sığorta stajını qəbul edərək həmin dövr üzrə 4568 manat pensiya kapitalı müəyyən edildiyini bildirir. Beləliklə də iddiaçının arxiv arayışı və əmək kitabçasının qeydlərinə əsasən müəyyən edilən sığorta stajı 26 il 8 ay ( 16 il 3 ay+10 il ) təşkil edir. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin iddia ərizəsinə etirazında mübahisələndirmədiyi haldan göründüyü kimi, habelə, iş materiallarına əlavə olunmuş “Sığortaolunanın fərdi hesabı”na əsasən müəyyən olunur ki, iddiaçı məktəbdə işlədiyi vaxt onun tərəfindən ödənilən məcburi sığorta haqları hesabına fərdi hesabının sığorta hissəsində 4568,36 manat məbləğində pensiya kapitalı yığılmışdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qanunvericiliyyin qeyd olunan tələbindən göründüyü kimi, 01.01.2019-cu ildən sonra şəxsin pensiya hüququ yarandığı halda, 01.07.2018-ci il tarixinə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud olduqda, məbləğindən asılı olmayaraq, ona əmək pensiyası təyin olunarkən, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sığorta stajı 25 il qəbul edilir. Belə olan halda, yəni, cavabdehin dövlət arxivinin arayışına əsasən müəyyən olunan iddiaçının kolxoz stajını qəbul etməsə belə, “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.2-ci maddəsinin tələbi əsas götürülməklə, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı m.vcud olduğunu nəzərə alaraq, 01.01.2006-cı il tarixədək olan sığorta stajını 25 il qəbul etməyə borclu idi. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Əmək pensiyaları haqqında Qanunun 8.1-ci maddəsinin tələbləri qaydasında, iddiaıya 64 il 6 ay yaşından pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Həmin Qanunun 32.1-ci maddəsindən isə görünür ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlinmişdir. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsnin hüququn tətbiqində səhvə yol verdiyini və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7625/2021 saylı 24.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənləri və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94, 99-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7625/2021 saylı 24.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-904/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-904/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver