Məhkəmə qərarları › İş №2-1(103)-905/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-905/2021

04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-905/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı, vəkili X3, cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(112)-6763/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(112)-6763/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar işsiz kimi iddiaçıya ödənilməli olan dördaylıq müavinət olan 760 manatın İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 3 saylı Ərazi Məşğulluq Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Koronavirusla əlaqədar (Covid-19) pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi iddiaçıya düşən 4 aylıq birdəfəlik ödənişin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, koronavirusla əlaqədar (Covid-19) pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar dövlət tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxslərə birdəfəlik ödəniş verilməsinə dair sərəncam vermişdi. İddiaçı da bu səbəbdən 25.04.2020-ci ildən işsiz kimi qeydiyyatan keçmişdir. Buna baxmayaraq ona imtina verilmişdir. Bu səbəbdən cavabdeh idarəyə məktubla müraciət etmişdir. Cavabdeh İdarə məktuba cavab olaraq iddiaçıya 18.05.2020ci il tarixdə cavab vermişdir. Həmin məktubda “Sizin həyat yoldaşınızın mülkiyyətində avtomobil olduğu səbəbindən 190 manat birdəfəlik ödənişdən imtina edildi” sözləri yazılmışdır. Bundan sonra Ədliyyə Nazirliyi Vətəndaşlıq Aktlarının Reyesrti Xidmətinə müraciət etdir. Sözügedən idarədən ona 26.08.2020-ci il tarixli cavab məktubu gəlmişdir. Həmin məktubda “22.03.1991-ci ildə Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsində X1 ilə nikaha daxil olduğunuz və nikahınızın pozulmasının 05.09.1996-ci ildə həmin qeydiyyat şöbəsində qeydiyyata alındığı müəyyən olunub” göstərilmişdi. Sözügedən məktubu da cavabdeh idarəyə təqdim etməsinə baxmayaraq birdəfəlik ödəniş təmin edilmədi. 15.09.2020-ci il tarixli məktubla iddiaçıya yenidən imtina edildi. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının ərizəsi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 3 saylı Ərazi Məşğulluq Mərkəzi İdarəsi əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Həmçinin, iddiaçının “xüsusi karantin rejiminin tətbiq edilməsi əlaqədar işsiz kimi iddiaçıya ödənilməli olan dördaylıq müavinət olan 760 manatın ona ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X11 izahatında göstərmişdir ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Odur ki, qərarın ləğv edilməsini, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı və vəkili X5 izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Dmanisi rayonunda doğulmuşdur. Ailə vəziyyəti – subay göstərilmişdir. İş materiallarında olan Nikahın pozulması haqqında İİ-ЖГ seriyalı 320206 nömrəli 05.09.1996-cı il tarixli Şəhadətnamənin surətindən görünür ki, X2 və İddiaçı ilə olan nikah ləğv edilmişdir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyəti Aktlarının Reyestri Xidmətinin 16.08.2020-ci il tarixli 05/2-Q-37/15 nömrəli məktubda göstərilmişdir: “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müraciətdə nikahınızın pozulmasına baxmayaraq aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmənin alınması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyiniz zaman informasiya sistemində keçmiş ərinizin ailə üzvünüz kimi qeyd olunduğunu bildirirsiniz. Araşdırma zamanı Sizin 22.03.1991-ci ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində X1 ilə nikaha daxil olduğunuz və nikahınızın pozulmasının 05.09.1996-cı ildə həmin qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, “Əhalinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən nikahınızın pozulmasına dair məlumatların həmin informasiya sistemində mövcud olduğu və ailə vəziyyətinizin “subay” kimi qeyd edildiyi müəyyən edilmişdir.” İş materiallarından görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin 18.05.2020-ci il tarixli məktubda göstərilmişdir: “Adınızda qeydiyyatda olan və etibarnamə əsasında istifadənizə verilmiş nəqliyyat vasitələri barədə məlumat verilməsi barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə ünvanladığınız müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan idarəsinin kompyuter uçot bazasına görə ünvan 1 ünvanında yaşayan 01,09.1969-cu il təvəllüdlü İddiaçı adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir.” İş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 3 saylı Ərazi Məşğulluq Mərkəzinin 29.05.2020- ci il tarixli məktubunda göstərilmişdir: “Sizin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası’nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 3 saylı Bakı Ərazi Məşğulluq Mərkəzində aidiyyəti üzrə baxılmşdır. Bildiririk ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. Siz 25.04.2020-ci il tarixində işsiz kimi qeydiyyata alınmısınız və əlavə araşdırmalar nəticəsində Sizin həyat yoldaşınızın mülkiyyətində avtomobil olduğu səbəbindən 190 manat birdəfəlik ödəmədən imtina edilmiş və müvafiq hüququnuz araşdırılarkən məlumatlarınız müxtəlif informasiya bazalarından əldə edilmişdir.” Göründüyü kimi, iddiaçı subay olduğu halda ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu bəndinə əsasən 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara;2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara;2.3.14. yaşı 18-dən aşağı olanlara;2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmin Qaydaya əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir (3.1-ci bənd). İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur(3.2-ci bənd). İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır (3.3-cü bənd). MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir(3.4-cü bənd). Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur (3.5-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının nikahının ləğv edilməsi və onun mülkiyyətində və ya istifadəsində minik avtomobilinin, habelə digər nəqliyyat vasitəsinin olmaması iş materialları ilə öz təsdiqi tapdığından, həmçinin iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün qeydiyyatdan keçdiyindən, həmçinin 190 manat birdəfəlik ödəmə aprel, may, iyun və avqust ayları üçün ödənildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətinin dəlillərini qəbul etmir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(112)-6763/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar