Məhkəmə qərarları › İş №2-1(103)-905/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-905/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-905/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (xx.xx.1957-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-3990/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 29 yanvar 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin 13 noyabr 2020-ci il **********0 saylı məktubunu əsassız sayaraq, ona 23 sentyabr 1992-ci il 305 saylı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun maddə 13 bənd b) əsasən güzəştli şərtlərlə yaşa görə (may 2014-cü il) əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, əmək pensiyası təyin edildiyi gündən keçmiş müddət (bu günə qədər) üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi üçün sənədlərini 21 sentyabr 2020-ci il tarixində 2 saylı Bakı “Asan xidmət” mərkəzinə vermişdir. 25 noyabr 2020-ci ildə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 noyabr 2020-ci il **********0 saylı “Güzəştli şərtlərlə pensiya təminatından imtina haqqında” məktubu iddiaçıya təqdim edildi. Daha sonra iddiaçı “xx.xx.2015-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizə təqdim etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-3990/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı xx.xx.2015-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçının Mərkəzi Filiala təqdim edilən 10 avqust 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Quraşdırma İdarəsi”ndə işlədiyi qeyd edilmişdir. Adıçəkilən idarədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrləri onun ümumi iş stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az (3 il 8 ay 23 gün) təşkil edir.. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2005-ci il tarixədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. - notarial qaydada təsdiq edilmiş VS 064495 nömrəli Hərbi Biletə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - notarial qaydada təsdiq edilmiş EV 265881 nömrəli Diploma əsasən İddiaçı 1974- 1979-cu ildə Azərbaycan mühəndis inşaat institutunda istilik-qaz təchizatı və ventilyasiya ixtisası üzrə tam kursu bitirmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür Məhkəmə kollegiyası cavabdehin imtinasının və hazırkı iş üzrə apellyasiya şikayətinin dəlili olan iddiaçıya məxsus 10 avqust 1979-cu il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Quraşdırma İdarəsi”ndə işlədiyi dövrün həmin İdarənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsi səbəbindən onun ümumi iş stajına daxil edilməməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, dövlət əmlakının Registrində qeydiyyata alınmış 2 saylı Bakı Quraşdırma İdarəsi keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na uyğun olaraq özəlləşdirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində Tam Ortaqlı "xxxx" Firmasının (VÖEN **********) xx.xx.2000-ci il tarixdə Ş-943 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi, rəhbərinin X1, hüquqi ünvanının ünvan 2lumat mövcuddur. Göründüyü kimi “Bakı Quraşdırma İdarəsi”nin 1995-ci il tarixli, 1120 nömrəli Fərmana uyğun olaraq özəlləşdirilməsi, həmin müəssisənin 1995-ci il tarixdən əvvəl fəaliyyət göstərməsinin sübutu kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Quraşdırma İdarəsi”ndə işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilərək, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1ci maddəsinə əsasən 57 yaşından pensiya təyin edilib ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-3990/2021 nömrəli qərarı dəyişdirilsin. İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1- 1-ci maddəsinə əsasən 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilib ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin . Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar