Məhkəmə qərarları › İş №2-1(103)-905/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-905/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-905/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10799/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı ərizə ilə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və İQ-05/1 saylı xx.xx.2022-ci il tarixli qərarla ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Xidmət tərəfindən qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: ********), hazırda ünvan 3 ünvanında müvəqqəti yaşayan, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı 02 fevral 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 03-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstanın Kabil şəhərində anadan olduğunu, milliyyətcə həzarə, dini etiqadına görə müsəlman (şiə) olduğunu, məktəb təhsili almadığını, taliblərin hakimiyyəti zamanı Pakistana getdiyini, 5-6 il orada yaşadığını, 15-16 yaşlarından etibarən fəhlə və aşpaz olaraq işlədiyini, Əfqanıstanda olarkən Tağı Xəlili adlı şəxslə tanış olduğunu, X5 Azərbaycanda səlahiyyətli səfiri təyin olunarkən onunla birlikdə xx.xx.2017-ci ildə Azərbaycana gəldiyini, 2017-2021-ci illərdə səfirlikdə aşpaz işlədiyini, yeni səfir təyin olunduqdan sonra işdən azad edildiyini, Əfqanıstana qayıtdığını, taliblər hakimiyyətə gəldikdən sonra təqib olunacağından ehtiyat etdiyini, eyni zamanda bir illik vizası olduğu üçün ölkəsini tərk edərək xx.xx.2022-ci ildə yenidən Azərbaycana gəldiyini demişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi Zeynəb Fəqiri ilə evli olduğunu, bu nikahdan 3 övladının dünyaya gəldiyini, 4 bacısının, 2 qardaşının olduğunu və ailə üzvlərinin hazırda Kabil şəhərində yaşadıqlarını qeyd etmişdir. Ərizəanketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ölkəsini sonuncu dəfə taliblərdən ehtiyat etdiyi üçün tərk etdiyini desə də, onun taliblər hakimiyyətə gəldikdən sonra təxminən 5 ay müddətində öz ölkəsində yaşadığı və həmin müddət ərzində heç bir təhdid və ya təqibə məruz qalmadığı və sonradan ölkəsini heç bir təhlükə ilə rastlaşmadan tərk etdiyi məlum olmuşdur. Bununla da ərizəçinin öz ölkəsində əsaslı təqib qorxusunun olmadığı qənaətinə gəlinmişdir. İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, işin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi şi "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” İ 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissə- İ sinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (‘'Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 01 iyul 2020-ci il tarixli, 12 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə "“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qaçqın statusunun verilməsindən imtina edilmiş, qərar ərizəçiyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın qərarından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, Əfqanıstan vətəndaşı və həzaradır. Dini etiqadına görə müsəlmandır, (şiə) O, Əfqanıstanın Kabil şəhərində anadan olmuş, məktəb təhsili almış, taliblərin hakimiyyəti zamanı Pakistana getmişdir. Alti il orada yaşamış, 10-15 yaşlarından etibarən fəhlə və aşbaz olaraq işləmişdir. Əfqanıstanda olarkən Tağı Xəlili adlı şəxslə tanış olmuş, X9 Azərbaycanda səlahiyyətli səfiri təyin olunarkən, onunla birlikdə xx.xx.2017-ci ildə Azərbaycana gəlmiş, 2017-2021-ci illərdə səfirlikdə aşpaz işləmiş, yeni səfir təyin olduqdan sonra işdən azad edilmişdir. Bundan sonra o, Əfqanıstana qayıtmışdır. Əfqanistanda taliblər hakimiyyətə gədikdən sonra, təqib olunacağından ehtiyat etdiyindən, eyni zamanda bir illik vizası olduğundan, ölkəsini tərk etmək məcburiyyətində qalmışdır.O, Zeynəb Fəqiri ilə evlidir, bu nikahdan 3 övladı dünyaya gəlmişdir, 4 bacısı, 2 qardaşı vardır və ailə üzvləri hazırda Kabil şəhərində yaşayırlar. xx.xx.2022-ci ildə yenidən Azərbayana gəlmişdir. 02 fevral 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 03-2022 saylı iş nömrəsi ilə qeydiyyata alınmış və onunla müsahibə aparılmışdr. O, bildirmişdi ki, Əfqanıstanda əsaslı təqib qorxusunun olduğundan geri qayıtmaq istəmir. 01 iyul 2022-ci ildə DMX İQ-05/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ htiquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir (Konstitusiya, 12.11, 148.11, 151-ci maddələr). Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra 1951-ci il Konvensiyası/1967-ci il Protokolu). AR Ali Sovetinin (Milli Məclisinin) 8 dekabr 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası/1967-ci il Protokoluna qoşulub (12 fevral 1993-cü ildən qüvvədədir). 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən bu Konvensiyada “qaçqın” dedikdə 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. Cavabdehin qərarında aşağıdakı iki fundamental səhvə yol verilib; -DMX işin mühüm faktlarım müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə görə (şiə həzara olması) təqib edilməsi riskidir. -DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərlmişdir ki, iddia əsassızdir və təmin edilməməlidir. Belə ki, Əfqanıstan İslam Respublikası vətəndaşı X14 02 fevral 2022- ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 03-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Əfqanıstanın Kabil şəhərində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görəmüsəlman (şiə) olduğunu, məktəb təhsili almadığını, taliblərin hakimiyyəti zamanı Pakistana getdiyini, 5-6 il orada yaşadığını, 15-16 yaşlarından etibarən fəhlə və aşpaz oaraq işlədiyini, Əfqanıstanda olarkən Tağı Xəlili adlı şəxslə tanış olduğunu, X5 Azərbaycanda səlahiyyətli səfiri təyin olunarkən onunla birlikdə xx.xx.2017-ci ildə azərbaycana gəldiyini, 2017-2021-ci illərdə səfirlikdə aşpaz işlədiyini, yeni səfir təyin olunduqdan sonra işdən azad edildiyini, Əfqanıstana qayıtdığını, taliblər hakimiyyətə gəldikdən sonra təqib olunacağından ehtiyat etdiyini, eyni zamanda bir illik vizası olduğu üçün ölkəsini tərk edərək xx.xx.2022-ci ildə yenidən ölkə ərazisinə gəldiyini qeyd etmişdir (ailəlidir, 3 övladı var, 4 bacısının, 2 qardaşının və ailə üzvlərinin Kabil şəhərində yaşadığını qeyd etmişdir). icraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi müsahibə zamanı bildirmişdir ki, o, mənşə ölkəsini sonuncu dəfə taliblərdən ehtiyat etdiyi üçün tərk etdiyini desə də, onun taliblər hakimiyyətə gəldikdən sonra təxminən 5 ay müddətində öz ölkəsində yaşadığı və nəmin müddət ərzində heç vaxt təhdid olunmadığı, təqibə məruz qalmadığı, sonradan ölkəsini heç bir təhlükə ilə üzləşmədən tərk etməsi məlum olmuşdur. X12 müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra X12 şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəricələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10799/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırmamışdır. Sığınacaq verilməsindən imtina edilməklə iddiaçıya aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Konstitusiya, maddə 70); inzibati icraat hüququ (Konstitusiya, maddə 60); pis rəftara məruz qalmamaq hüququ (AİHK. maddə 3); şəxsi həyata hörmət hüququ (AİHK, maddə 8); səmərəli vasitələr hüququ (AİHK, maddə 13). Nəticə etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formalhüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır (iş materialları əsasında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. İPM-in 73.1-ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoymalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qərarının tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, xx.xx.1985-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşı X15 Mohammadla xx.xx.2022-ci il tarixdə müsahibə aparılmış və müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə ölkəsini qanuni yolla tərk etdiyini, ilk dəfə xx.xx.2017-ci ildə, axırıncı dəfə xx.xx.2022-ci ildə xx.xx.2018-ci il tarixdə təyyarə ilə qanuni yolla Azərbaycan Respublikasına gəldiyini, ünvan 4 ünvanda yaşadığını və həmin ünvanda qeydiyyata alındığını, başqa ölkədə heç vact olmadığını, qaçqın almaq məqsədilə beynəlxalq təşkilata və ya səfirliyə müraciət etmədiyini, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “Vəziyyət pis idi, yaşamaq olmur, Əfqanıstanda vəziyyət çox pisdir”, “Əfqanıstanı iki dəfə tərk etmisiniz, birinci dəfə tərk etməyinizin səbəbləri nə idi?” sualına “İlk dəfə tərk etməyimin səbəbi odur ki, puştunlar bizi inkişaf etməyə imkan vermir, məktəbə getməyə, thsil almağa şərait yoxdur. Həzarələr şiə olduğundan digər qövmlər sıxışdırırılır”, “Hansı qövmlər Sizə maneəçilik yaradırlar?” sualına “Puştunlar”,“Bəs Azərbaycana necə gəlmək fikrinə düşdünür?” sualına “Ərimin dostu Rəşid bizə bunu məsləhət gördü”, “Şəxsən Sizi nə vaxtsa təhdid ediblərmir?” sualına “Bəli”, “Sizi kim təhdid edirdi?” sualına “Taliblər təhdid edirdilər”, “Talib deyərkən Siz puştunları nəzərdə tutursunuz?” sualına “Talib və puştun mənim fikrimcə eynidir”, “Taliblər Sizi hansı formada təhdid edirdilər?” sualına “ Mən AZərbaycanda Əfqanıstan səfirliyində işləyəndə ətrafım puştunlardan ibarət idi, 2 nəfər həzara vardı mən və başqa bir oğlan, onlar bizə dedilər ki Siz bizim işçilərimiz deyilsiziniz, bizi azad etdilər işdən”, “X8 hansı tarixlərdə işləmisiniz?” sualına “2017-2021-ci illərdə işləmirşəm”, “Siz səfirlikdə hansı vəzifəni daşıyırdız?” sualına “Aşpaz işləyirdim”, “Bəs nə baş verdi ki, Sizi azad etdilər işdən?” sualına “Əvvəlki səfir dəyişdi, yeni səfir gəldi və bütün işçiləri dəyişdi, ona görə mən də işsiz qaldım”, “Sizin səfirlik kartınız varmı?” sualına “Var idi, axırıncı dəfə Əfqanıstana gedəndə orada qoydum, qorxdum ki, taliblər üzərimdə tutar və mənə xətər yetirərlər”, “Ailə üzvlərinizdən kimsə, nə vaxtsa təhdid edilibmi?” sualına, “Xeyr”, “Bəs 2-c dəfə niyə tərk etdiniz Əfqanıstanı?” sualına, “Əfqanıstanda vəziyyətin necə ağır olacağını bilirəm, yaşamaq çətin olduğu üçün tərk etmişəm”, “Əgər vəziyyət pisdirsə ailə üzvləriniz orada necə yaşayır?” sualına, “Məcburi yaşayırlar”, “Ailə üzvlərinizlə əlaqə saxlayırsınızmı?” sualına, “Bəli, vəziyyətin çətin olduğunu, oğurluğun geniş yayıldığını, dövlət orqanlarının işləmədiyini deyirlər”, “Siz taliblərin hakimiyyət dövründə 5 ay yaşamısınız Əfqanıstanda, bu müddətdə təhdid edilmisinizmi?” sualına, “Xeyr”, “Əgər təhdid edilməmisinizsə nə üçün tərk etdiniz ölkənizi?” sualına, “Qorxdum onun üçün, həm də mənim vizam vardı, ölkədən çıxa bildim, ailə üzvlərimin vizası yoxdur, vermirlər, onların da vizası olsa tərk edəcəklər”, “Əfqanıstanı tərk etməyinizin hər hansı başqa səbəbi də varmı?” sualına, “Xeyr, başqa səbəb yoxdur”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına, “Ölkədə vəziyyət yaxşılaşarsa qayıdaram”, “Əgər Əfqanıstana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilrər?” sualına, “Mən həzarə olduğum üçün qorxuram ki, talblər mənə xələl yetirər”, “Taliblər haradan əldə edə bilər dövlət şçilərinin siyahısını?” sualına, “Onlar bütün dövlət qurumlarını ələ keçiriblər, siyahılar hamısının əlndədir”, “Talib rejimini hansısa dövlət tanıyırmı?” sualına, “Tanıdığını bilmirə, amma Pakistan, Çin, İran və BƏƏ səfirlikləri işləyir orada”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına, “Mənə Azərbaycanda yaşamağa icazə verilməsini istəyirəm”, “farsdilində verilən sualları başa düşdünüzmü?” sualına “Bəli, cavabını verərək və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Əfqanıstan İslam Respublikasına qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X6rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10799/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10799/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar