Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-906/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6349/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 05.01.1992-ci il tarixdən 12.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 776, N və N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 05.01.1992-ci il tarixdən 12.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər Müdafiə Nazirliyinin tabeliyində olan 776, N və N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iddiaçının iştirak etməsi barədə aktdan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iş materiallarında olan İşlər İdarəsi Mərkəzi Arxivinin 03 oktyabr 2019-cu il tarixli məktubunda arxivə təqdim edilən sorğuda iddiaçının 776, 709, N nömrəli hərbi hissələrdə xidməti dəqiq göstərilmədiyi üçün iddiaçının xidməti barədə araşdırma aparılmasının mümkün olmadığını bildirmişdir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, iddiaçı xidmət etdiyi hərbi hissələrdə xidmət dövrünü dəqiq göstərməklə Mərkəzi Arxivə müraciət etməli, bundan sonra Mərkəzi arxiv tərəfindən araşdırma aparılaraq iddiaçının xidmətinə dair müvafiq arayış təqdim ediləcəkdir. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6349/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, 10 gün müddətin bərpa edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası SHXÇDX-nin Yevlax rayon şöbəsi tərəfindən qeydiyyatdan keçərək 05.01.1992-ci il tarixindən 12.05.1994-cü il tarixədək döyüşən ordunun tərkibində 776, N və N saylı hərbi hissələrdə könüllü olaraq hərbi xidmətə getmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 05.01.1992-ci il tarixində Ağdərə, Ağdam, Abdal, Gülablı, Şuşa, Tərtər, Murovdağ, N saylı hərbi hissənin tərkibində Ağdərə rayonu, 709 saylı batolyonda, N saylı hərbi hissənin tərkibində Gədəbəy rayonunun Şınız bölgəsində, Başkənd əməliyyatlarında və 08 avqust 1992-ci il tarixdə Mutudərə Əyri yolun alınmasında fədakarcasına iştirak etmişdir. 12 may 1994-cü il tarixədək (yəni atəşkəs elan edilənədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 03.10.2019-cu il tarixli 9/2-14680№-li arxiv arayışında da qeyd edilir ki, onun 776, N və N saylı hərbi hissələrdə xidmət müddəti ayrı-ayrılıqda dəqiq göstərmədiyi üçün xidmətim barədə araşdırma apara bilmirlər, Məhkəmənin yeri və vaxtı barədə məlumat vermirlər və hakimlərin hərbi savadı olmadığı üçün prosessual qanun pozuntusuna yol verirlər. Beləliklə bu qəbildən olan insanların 40 minə yaxın müharibə iştirakçıları Veteran adını ala bilmirlər. Halbuki, ərizəyə əlavə olunan hərbi biletimin səhifəsində göstərilmişdir ki, o Azərbaycan Respublikası SHXÇDX-nin Yevlax rayon şöbəsi tərəfindən 05.01.1992-ci il tarixindən 12.05.1994-cü il tarixədək döyüşən ordunun tərkibində 776, N və N saylı hərbi hissənin tərkibində təkrar hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may 1994-cü il tarixində atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. X2 Arxivindən göndərilən arxiv arayışında göstərilənlərlə də təsdiq olunur ki, onun hərbi xidməti barəsində Arxivdə məlumatın olmaması onun təqsiri ucbatında olmamışdır. Əgər hərbi hissə həmin vaxtı əhatə edən sənədləri Arxivə göndərməyibsə onun təqsiri nədir? Dəhşətlisi də odur ki, arxiv arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirlər. Bəs bunları kim araşdırmalıdır? Halbuki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Bakı İnzibati Məhkəməsi iddianın mümkün sayılmaması barəsində qərardad vermişdir ki, guya iddiçı tələbini düzgün qoymamışdır. Halbuki, məhkəmənin hüquqi yardımı əsasında iddia tələbimdə dəqiqləşdirmə apararaq Müdafiə Nazirliyi ilə birlikdə Arxiv İdarəsini də cavabdeh kimi qoymuşdur. Bütün bunlardan sonra məkəmə tərəfindən belə bir əsasla iddianın mümkün sayılmaması absurddur. Belə ki, əlində olan hərbi biletində bütün xidmətlərim qanuna müvafiq surətdə göstərilməsi və həmin qeydlərə əsasən ona Müharibə Veteranı statusunun verilməsi qanunidirsə arxivdə hərbi hissənin sənədlərinin olmaması nə üçün maneə yaratmalıdır? Hərbi hissə tərəfindən sənədlərin arxivə verilməməsi onun günahıdırmı? Bütün bunlar bir daha təsdiq edir ki, bu iş barəsində verilən iddia tələbinin mümkün sayılmaması barəsində qərardad qanunsuzdur, işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçının tələbi arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. “Azərbaycan Respublikasının dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının mərkəzi arxivləri haqqında” Əsasnamənin 3.2.7-ci bəndinə əsasən Mərkəzi arxiv ona həvalə olunmuş vəzifələrə müvafiq olaraq Sənədlərdən istifadə işini təşkil edir: - təşkilatların sorğularını və vətəndaşların sosial-hüquq xarakterli ərizələrini icra edir, müəyyən olunmuş qaydada sənədlərin surətini və arxiv arayışlarını verir, arxivdə mühafizə olunmayan sənədlərlə bağlı daxil olan sorğuları aidiyyəti üzrə yönəldir; arxivdə mühafizə olunan sənədlərdən istifadə işinin uçotunu aparır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım haqqında məktub təqdim edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin, iddiaçı qanunvericiliyə uyğun olaraq iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6349/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-906/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-906/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver