Məhkəmə qərarları › İş №2-1(103)-906/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-906/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-906/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müddət üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7109/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin 16 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 1975-ci ildə Zaqatala rayonu keçmiş “İliç” adına kolxozda və 1977-2001-ci illərdə "xxxx" ATSC-də işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, ona pensiya almaq hüququ yarandığı gündən məhkəmə qərarı icra olunan günədək nəzərdə tutulmuş pensiyanın hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Belə ki, ərizəyə əlavə etdiyi arxiv arayışlarından və əmək kitabçasının surətindən görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmişdir. Lakin cavabdeh təşkilat ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Səbəbi isə kolxozda işlədiyi 1975-ci ilin əmək kitabçasında qeyd olunmaması və 30.11.1978-ci ildən 24.12.2001-ci ilə qədər işləmiş olduğu "xxxx" ATSC-nin əmək haqqı cədvəllərində əmək haqqı alınması barədə məlumatın olmamasıdır. Əmək stajını yerində yoxlayarkən məlum olmuşdur ki, "xxxx" ATSC-də işləmiş və 2001-ci ilin iyun ayınadək əmək haqqı almış, yəni axırıncı əmək haqqı 2001-ci ilin iyunda olmuşdur. Qeyd olunan səbəbdən işlədiyi həmin illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Lakin bu faktlar onun hüquqlarını pozur. Kolxozlar və təşkilat hazırda fəaliyyət göstərmədiyindən həmin illəri əmək kitabçasına qeyd etdirmək mümkün deyildir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cəlb edilməsini və ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müdət üzrə pensiya məbləğinin ödənilməsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı 1977-2001-ci illərdə "xxxx" ASC-də və 1975-ci ildə Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozda olan əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Arxivdə olan əmək fəaliyyət dövrünün əmək kitabçasında qeyd edilməməsi və müəssisəsinin əmək haqqı cədvəllərinin yoxlanılması zamanı aşkar olunan ziddiyyətli hallar imtina üçün əsas olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7109/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilmiş, İddiaçı 11.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək bildirmişdir ki, "xxxx" ASC tərəfindən təqdim olunan və qarşılıqlı yoxlama aktında qeyd olunan əmək haqqı alınması barədə qeydlər arasında ziddiyyət mövcuddur. İmtina məktubunda qeyd olunan və məhkəmə qərarı ilə təmin edilən digər dövr, yəni Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozda işlədiyi dövr Zaqatala rayon Dövlət Arxivi tərəfindən təqdim olunan arxiv arayışında qeyd edilmişdir. Lakin həmin dövr əmək kitabçasında öz əksini tapmadığı üçün sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, - xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ona pensiya təyin edilməsi üçün 19.01.2021-ci il tarixdə Fondun 16 saylı regional ərazi filialına müraciət etmişdir. Ərizəçi müraciət zamanı mövcud olan sosial sığorta stajını təsdiq edən sənəd kimi əmək kitabçası və arxiv arayışı əlavə etmişdir. - Müraciətə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılmış və 16.03.2021-ci il tarixli **********1 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. - İmtina məktubunda bildirilmişdir ki, təqdim olunan 05.07.1977-ci il tarixli əmək kitabçasına əsasən ərizəçinin 01.01.2006-ci il tarixədək ümumi sosial sığorta stajı 24 il 3 ay təşkil etməklə tələb olunan 25 il sosial sığorta stajından azdır. Həmçinin, 01.01.2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının Zaqatala rayon Əliabad kənd “İliç adına kolxoz”da işlədiyi dövr əmək kitabçasında öz təsdiqini tapmadığına və Fondun 16 saylı regional ərazi fililalı tərəfindən tərtib olunan 18.02.2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən 30.11.1978-ci il tarixdən 24.12.2001-ci il tarixə qədər işlədiyi "xxxx" ATSC-nin əmək haqqı cədvəllərində əmək haqqı alınması barədə heç bir məlumat öz əksini tapmadığına görə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. - Zaqatala Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 5459 nömrəli, 18.10.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Zaqatala rayon Əliabad kənd «İliç» adına kolxozun şəxsi hesab kitabları yoxlanıldıqda müəyyən olunmuşdur ki, İddiaçı 1975-ci ildə 180 adam minimum adam günü üzrə 188 əmək günü işləyərək 595-98 rubl və 1976-cı ildə minimum adam günü üzrə 117 əmək günü işləyərək 313-10 rubl məbləğində əmək haqqı almışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 16 saylı Regional ərazi Filialının mütəxəssisləri və Zaqatala Tütün ASC-nini mühasibi tərəfindən tərtib edilmiş aktlardan görünür ki, İddiaçı 23.09.1977-24.12.2001-ci illərdə Zaqatala Tütün fermentləmə zavodunda işləyərək, əmək haqqı almışdır. - Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti X3 İdarəsi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli 67 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qız 11 noyabr 1976-cı il tarixdə X3 İdarəsində nizamlayıcı vəzifəsinə işə qəbul edilmiş (əmr № 105. 11.11.1976-cı il), 24.01.1977-ci il tarixdən mühasib vəzifəsinə keçirilmiş (əmr № 06 24.01.1977-ci il) 04.07.1977-ci il tarixdən işdən azad edilmişdir (əmr № 52, 04.07.1977-ci il). - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 9 nömrəli 22.07.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 23.09.1977-ci il tarixində "xxxx" ASC (keçmiş X4 zavodu) müvəqqəti mühasib təyin edilmiş (əmr № 198, 29.09.1977) 15.09.1978-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir (əmr № 159, 24.10.1978). 20.11.1978-ci il tarixindən "xxxx" ASC-yə, keçmiş X4 zavoduna mühasib təyin edilmiş, 01.07.1991-ci il tarixindən mövsümün başa çatması ilə əlaqədar ixtisar edilmiş, 01.10.1991-ci il tarixindən mövsüm dövrünə hesabdar təyin edilmiş, 01.08.2001-ci il tarixindən müvəqqəti olaraq öz hesabına məzuniyyətə buraxılmış və 24.12.2001-ci il tarixdən işin azalması ilə əlaqədar ixtisar edilmişdir. - Zaqatala Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 01.10.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1976-cı ilin sənədləri araşdırılarkən onun 1976-cı ildə 4№-li tütün briqadasında kolxozda işləməsi aşkar olunmuş və həmin əmək haqqı cədvəlinin çıxarışının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir. Məhkəmə kollegiyası ilk növbədə cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozdakı fəaliyyəti ilə bağlı qeyd edir ki, iddiaçının 1975-1976-cı illərdə kolxozda işlədiyi dövr ona məxsus əmək kitabçasında öz əksini tapmasa da, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 5459 nömrəli, 18.10.2021-ci il tarixli arxiv arayışında öz təsdiqini tapmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günü qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1975-1976-ci illər üzrə minimum əmək günü norması 180 gün olmuşdur. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli 507 nömrəli arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, tələb olunan minimum əmək iştirakı norması 1975-1976-cı illərdə 180 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1975-cı ildə - 188 gün; 1976-cı ildə - 117 gün işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1975-cı ildə ödənilmiş, 1976-cı ildə isə, o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il ona tam əmək stajı kimi hesablanmamış yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilmişdir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmışdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilmişdir (117 x 12=1404/180≈ 7 ay). Beləliklə, iddiaçının 1975-1976-cı illərdə işlədiyi dövr ona 1 il 7 ay sığorta stajı kimi hesablanmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası iddiaçının Zaqatala rayon Əliabad kənd “İliç” adına kolxozdakı əmək fəaliyyəti ilə əlaqədar arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, AR Milli Arxiv İdarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, -2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili olan 30.11.1978-24.12.2001-ci illərə münasibətdə mübahisələndirilməsinə münasibətdə qeyd edir ki, cavabdeh orqan əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə, həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə araşdırmalari zamanı iddiaçının 23.09.1977-24.12.2001-ci illərdə "xxxx" ASC-də zavodunda işləyərək, əmək haqqı alması arxiv arayışları ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı 61 yaş 06 ay yaşının tamam olduğu vaxtdan 25 ildən artıq ümumi iş stajına malik olduğundan məhkəmə haqlı olaraq iddianı təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7109/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar