Məhkəmə qərarları › İş №2-1(103)-906/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-906/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-906/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(112)- 1497/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 01 yanvar 1987-ci il tarixdən 15 sentyabr 2001-ci il tarixlərdəki iş stajının ümumi iş stajına daxil edilərək, 18 iyun 2021-ci ildən, yəni 62 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 62 yaş 6 ayının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1959-cu ildə anadan olmuşdur. 1976-1978-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Əliyev P.K adına Bakı Əczaçılıq Məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 16 avqust 1978-ci ildə Baş Apteklər İdarəsinin 322 nömrəli aptekində başlamış və 15 sentyabr 2001-ci ilədək həmin aptekdə işləmişdir. Göründüyü kimi iddiaçının 2 il təhsil və 23 il 1 ay aptekdə işlədiyi dövr nəzərə alınmaqla, 18 iyun 2021-ci ilədək, yəni 62 yaşı tamam olan vaxta 25 il 1 ay sığorta stajı olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 14 iyun 2022-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilərək, sığorta stajının 25 ildən az olması əsas gətirilmişdir. Hesab edir ki, cavabdeh imtinası əsassızdır. Qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan, eləcə də iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi ilə bağlı hər hansı əks hal müəyyən olunmadığından əmək kitabçasında göstərilmiş iş illəri pensiya hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi məqsədilə Mərkəzi filiala ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla bildirilmişdir ki, Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Baş Apteklər idarəsi 322 nömrəli aptekində işlədiyi illərə dair əməkhaqqı cədvəlləri yə əmr kitabları arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2021-ci il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1976cı il tarixindən xx.xx.1978-ci il tarixinədək (1 il 10 ay 5 gün) təhsil illəri, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Arxiv arayışına əsasən əməkhaqqı ödənilən xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək (5 il 2 ay 15 gün), xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək (11 ay 29 gün), xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək (1 il 5 ay 30 gün) Baş Apteklər idarəsi 322 nömrəli aptekində əmək fəaliyyəti dövrləri üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 9 il 6 ay 19 gün sığorta stajı müəyyən edilmişdir. İddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasının surətinə əsasən əmək fəaliyyət dövrləri nəzərə alınmaqla mübahisəsiz sığorta stajı xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9 il 6 ay sığorta stajına uyğun olaraq 7724,74 manat, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 247,94 manat olmaqla, ümumilikdə 7972,68 təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2022- ci il tarixli DA-02031-2022 nömrəli məktubunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Əczaçılıq və X9 arxiv fondunda mühafizə edilən 1978-1986-cı illərə dair əmək haqqı cədvəllərində İddiaçı ata adı qeyd edilməmişdir. Məktubda 1987-2001-ci illərə dair arxiv sənədlərinin mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubuna əsasən Baş Apteklər idarəsi 322 nömrəli aptekinin özəlləşdirilməsi barədə 20 fevral 2002- ci il tarixində qərar qəbul edilmiş və 16 mart 2002ci il tarixində ******* nömrəli şəhadətnamə verilmişdir. Müraciətdə qeyd edilən İddiaçı adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur. Qeyd etmək lazımdır ki, Baş Apteklər idarəsi 322 nömrəli aptekinin qeydiyyatda olması İddiaçı həmin işləməsi faktını təsdiq etmir. Həmin faktın təsdiq olunması üçün vətəndaşın işə daxiloma, işdən azad edilmə barədə əmrlərinin, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərinin (ad, ata adı və soyad dəqiq göstərilməklə) olması zəruridir. İddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən bildirir ki, iddiaçının xx.xx.1987-ci il tarixdən - xx.xx.2001-ci il tarixədək Baş Apteklər idarəsi 322 nömrəli aptekində işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(112)-1497/2023 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2021-ci il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Bildirirlər ki, İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (1 il 10 ay 5 gün) təhsil illəri, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Arxiv arayışına əsasən əməkhaqqı ödənilən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (5 il 2 ay 15 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (11 ay 29 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək (1 il 5 ay 30 gün) Baş Apteklər İdarəsi 322 nömrəli aptekində əmək fəaliyyəti dövrləri üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 9 il 6 ay 19 gün sığorta stajı müəyyən edilmişdir. İddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasının surətinə əsasən əmək fəaliyyət dövrləri nəzərə alınmaqla mübahisəsiz sığorta stajı xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9 il 6 ay sığorta stajına uyğun olaraq 7724,74 manat, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 247,94 manat olmaqla, ümumilikdə 7972,68 təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2022- ci il tarixli DA- 02031-2022 nömrəli məktubunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Əczaçılıq və X9 arxiv fondunda mühafizə edilən 1978-1986-cı illərə dair əmək haqqı cədvəllərində İddiaçı ata adı qeyd edilməmişdir. Məktubda 1987-2001-ci illərə dair arxiv sənədlərinin mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir, -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubuna əsasən Baş Apteklər İdarəsi 322 nömrəli aptekinin özəlləşdirilməsi barədə 20 fevral 2002-ci il tarixində qərar qəbul edilmiş və 16 mart 2002-ci il tarixində ******* nömrəli şəhadətnamə verilmişdir. Müraciətinizdə qeyd edilən İddiaçı adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur. Qeyd etmək lazımdır ki, Baş Apteklər İdarəsi 322 nömrəli aptekinin qeydiyyatda olması İddiaçı həmin işləməsi faktını təsdiq etmir. Həmin faktın təsdiq olunması üçün vətəndaşın işə daxiloma, işdən azad edilmə barədə əmrlərinin, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərinin (ad, ata adı və soyad dəqiq göstərilməklə) olması zəruridir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 1497/2023 nömrəli qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. İddiaçı münasibətdə xx.xx.1987-ci il tarixdən-xx.xx.2001-ci il tarixədək Baş Apteklər İdarəsi 322 nömrəli aptekində işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Beləliklə, Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına (62 yaş 6 ay) çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İddiaçının 62 yaş 6 ayı xx.xx.2021-ci ildə tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. İddiaçının cavabdeh tərəfindən hazırda mübahisə edilən staj dövrü xx.xx.1987xx.xx.2001-cı illəri əhatə edir. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarət olmuşdur ki, AR Milli Arxiv İdarəsinin arayışına əsasən əmək kitabçasında qeyd olunmuş Baş Apteklər İdarəsi 322 nömrəli aptekin 1987-2001-ci illərə dair əməkhaqqı cədvəlləri və əmr kitabları arxivə mühafizə üçün təhvil verilmədiyindən xx.xx.1987-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Kollegiya cavabdehin qeyd edilən imtina dəlilini əsassız hesab edir. İş materiallarında sənədlərə əsasən iddiaçının iş stajı aşağıdakı dövrlərdən ibarətdir: xx.xx.1976 – xx.xx.1978-ci illərdə Bakı Əczaçılıq məktəbində təhsil dövrü – 1 il 10 ay 5 gün, xx.xx.1978-xx.xx.1980-ci illərdə Baş Apteklər İdarəsinin 322 nömrəli aptekində köməkçi – 1 il 11 ay 16 gün, xx.xx.1980-xx.xx.2001-ci illərdə resept yoxlayıcı – 21 il 1 ay 14 gün, 2021-ci ilin iyun ayında fərdi sahibkar X4 tərəfindən – 1 ay muzdlu əməyə cəlb olunmuş, 2021-ci ilin iyun - oktyabr aylarında X6 tərəfindən – 4 ay muzdlu əməyə cəlb olunmuşdur. Beləliklə də iddiaçı 25 il 3 ay 5 gün işləməklə 62 yaş 6 ayının tamam olduğu xx.xx.2021-ci il tarixə tələb olunan 25 ildən də artıq ümumi iş stajını toplamışdır. İddiaçıya məxsus əmək kitabçasının əsli məhkəməyə təqdim edilmişdir, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat zamanı əmək kitabçasındakı yazıların tədqiqi ilə bağlı məhkəmə texniki və xəttşunaslıq eskpertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/612 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, MT seriyalı ******* nömrəli əmək kitabçasında 1-2-3 saylı qeydlərdəki yazıların və imzaların - eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, Tədqiq olunan yazıları və imzaları öz aralarında bir-biri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan 1-2-ci və 3-cü qeydlərdə yazıların ferqli əlifbalarla icra olunması, 1- ci və 2-ci qeydlərdə yazılarda həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması, 1-ci və 3-cü qeydlərdə imzalarda qrafik materialın azlığı, imzalarda həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması, müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların eyni şəxs tərəfindən icra olunub - olunmamasını müəyyən etmək mümkün olmadı. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023 tarixli 5/520 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı adına İT-İ ******* nömrəli əmək kitabçasının ikinci səhifəsində olan 1-ci və 3-cü qeydlərin üzərindəki möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş İddiaçı adına İT-İ ******* nömrəli əmək kitabçasının ikinci səhifəsində olan 3-cü qeydlərin üzərindəki möhür əksində azərbaycan dilində latın əlifbası ilə “Azərbaycan....liyi Baş Aptek.....əsi”, “ .22...” yazılar vardır (nöqtələrlə görünməyən yazılar işarə edildi). 3. Tədqiqata təqdim edilmiş İddiaçı adına İT-İ ******* nömrəli əmək kitabçasının ikinci səhifəsində olan 1-ci və 3-cü qeydlərin üzərindəki möhür əksləri öz aralarında eynilik təşkil etmir. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə isə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlərə dair şübhələr öz təsqini tapmamışdır. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 62 yaş 6 ayının tamam olduğu tarixə 25 ildən çox ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, iddiaçıya pensiya təyin edilməsindən imtina edərkən iddiaçının xx.xx.1987-xx.xx.2001-ci illərdəki stajını faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından qəbul etməmişdir. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Məhkəmə araşdırması zamanı Baş Apteklər İdarəsi 322 nömrəli aptekin mövcud olması öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan da aptekin mövcud olmamasını mübahisələndirməmiş, hətta iddiaçının həmin İdarədə işlədiyi əvvəlki dövrlər (xx.xx.1978-xx.xx.1987-ci illər) staj kimi nəzərə alınmışdır. Müəssisənin arxiv sənədlərinin mövcud olmaması isə iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalarının 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X12) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006- cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2-1(112)-1497/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar