Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-907/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı şəhid adı verilməsi tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4002/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4002/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim Ş.Süleymanova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xx xxxxx 1994-cü il tarixdə döyüş bölgəsində yerləşən hərbi hissədə xidməti vəzifəsini yerinə yetirən zaman İİ dərəcəli yanıq xəsarətləri almış və bunun nəticəsi olaraq “ürək qan-damar” xəstəliyinə tutulması nəticəsində xx xxxxxx 1995-ci il tarixdə kardioloji xəstəxanada vəfat etmiş oğlu X2 şəhid hesab edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1974-cü il təvəllüdlü mərhum oğlu X5 xx xxxxx 1994-cü il tarixdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirən zaman İİ dərəcəli yanıq xəsarətləri almış, bunun nəticəsi olaraq “ürək qan-damar xəstəliyinə tutulmuş və xx xxxxxx 1995-ci il tarixdə kardioloji xəstəxanada rəhmətə getmişdir. Həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Ona Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə müvafiq olaraq şəhid adının verilməsindən ötrü ərizə ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Lakin adı çəkilən xidmət tərəfindən oğlu X3 şəhid adının verilməsindən imtina edilmişdir. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü mərhum X5 xx.xx.1994-cü il tarixdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət vəzifəsini yerinə yetirən zaman İİ dərəcəli yanıq xəsarətləri almış, bunun nəticəsi olaraq ürək qan-damar xəstəliyinə tutulmuş və xx.xx.1995-ci il tarixdə kardioloji xəstəxanada rəhmətə getmişdir. Həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı Ə.Əhmədova “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə müvafiq olaraq şəhid adının verilməsindən ötrü ərizə ilə cavabdeh - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Lakin Xidmət tərəfindən X3 şəhid adının verilməsindən imtina barədə xx xxxxx 2019-cu il tarixli, Ə/1453 nömrəli yazılı cavab verilmişdir. Cavabda qeyd edilmişdir ki, “...Xidmətin Cəbrayıl rayon bölməsinin uçot sənədlərinə və N saylı hərbi hissənin xx.xx.1995-ci il tarixli 596 nömrəli məktubuna əsasən, mərhum X5 xx.xx.1994-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən İİ dərəcəli yanıq xəsarətləri almış, “Ürək qan-damar” xəstəliyinə tutulması nəticəsində xx.xx.1995-ci il (qeyd: ölüm tarixi xx xxxxxx 1995-ci il omuşdur) tarixdə kardioloji xəstəxanada vəfat etmişdir. Bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər” şəhid hesab edilirlər. Mövcud qanunvericilikdə müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların “şəhid” hesab edilməsi nəzərdə tutulmadığı üçün mərhum X3 “şəhid” statusunun verilməsi mümkün deyil”. Bununla əlaqədar, iddiaçı xx xxxxx 1994-cü il tarixdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirən zaman İİ dərəcəli yanıq xəsarətləri almış və bunun nəticəsi olaraq olaraq “ürək qan-damar” xəstəliyinə tutulması nəticəsində xx xxxxxx 1995-ci il tarixdə kardioloji xəstəxanada vəfat etmiş X2 şəhid hesab edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə məhkəməyə müraciət etmiş və məhkəmə iddia tələbini rədd etmişdir. Nümayəndə qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, nümayəndə ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan İİ ЖГ449712 saylı, xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1995-ci il tarixdə döyüş bölgəsində aldığı xəsarətlərdən kəsgin ürək qan-damar çatışmamazlığından vəfat etmişdir. xx.xx.1995-ci il tarixdə 01№ ilə ölüm haqqında akt qeydləri kitabında qeyd edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəxsin qanunla müəyyən olunmuş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adının alması imkanı aydın ifadə edilməli və əlçatan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.5-ci və 1.2.6-cı maddələrinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir. Göründüyü kimi, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular və atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilirlər. İddiaçı oğlu xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissədə yanıq xəsarətləri almış və xx xxxxxx 1995-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum oğlu şəhid hesab olunmur və cavabdeh orqanın imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, işdə olan X3 məxsus NZ seriyalı ******* saylı hərbi biletində xidməti vəzifəni yerinə yetirərkən 20.01.95-ci il tarixdə kəsgin ürək qan-damar çatışmamazlığından vəfat etməsi barədə qeyd edilmişdir. İşdə olan N saylı hərbi hissənin komandirinin Cəbrayıl Rayon Hərbi Komissarlığına ünvanlanmış xx.xx.1995-ci il tarixli, 596 saylı arayışında bildirilmişdir ki, N saylı hərbi hissənin çavuşu X6 xx.xx.1994-cü il tarixində öz xidməti borcunu yerinə yetirərkən gecə onların çadırına od düşmüş və yanğın nəticəsində çavuş Əhmədov İİ dərəcəli yanıq almışdır. Həmin vaxt çavuş Əhmədov bərk qorxu keçirmiş, bu isə onun “ürək qan damar” xəstəliyinə tutulmasına səbəb olmuşdur. Çavuş Əhmədov hərbi hissəsinin hospitalından Gəncə şəhər hospitalına göndərilmiş və 3 ay müalicə olunmuşdur. Çavuş Əhmədov müalicə olunduğdan sonra hərbi xidmətini davam etdirmişdir. Lakin xəstəliyin tam müalicə olunması və onun ağır şəkildə olması onu xidmətdən ayırmış və xəstəliyi ilə əlaqədar olaraq məzuniyyətə göndərilmişdir. Çavuş Əhmədov hərbi komissarlığın göstərişi ilə xx.xx.1994-cü ildə kardioloji xəstəxanada müalicə olunmağa başlayır. Lakin xəstəliyin ağırlaşması və onun müalicəsinin qeyri-mümkünsüz edilmişdir. Nəticədə çavuş X5 xx.xx.1995-ci ildə rəhmətə getmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin arayışda göstərilən səbəbdən vəfat etmiş məhrum X2 “şəhid” hesab edilməsi AR Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şahid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı yarımbəndində nəzərdə tutulmadığından inzibati orqan haqlı olaraq həmin statusun verilməsindən imtina etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4002/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-907/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-907/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver