Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-907/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının, onun vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «müvəqqəti yaşamaq üçün icazənin uzadılması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2189/2021 saylı 27.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun barəsində qəbul etdiyi Azərbaycan Respublikasının ərazisində müvəqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında 02 oktyabr 2020-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı cavabdehə müraciət edərək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılmasını xahiş etmiş, lakin sonuncu onun ərizəsini təmin etməməsi barədə və Azərbaycan Respublikasının ərazisində müvəqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında 02 oktybar 2020-ci il tarixli, ******* saylı qərar qəbul etmişdir. Həmin Qərarda imtina verilməsi üçün əsas olan halın mövcudluğu müəyyən edilməsi göstərilmiş, lakin imtina üçün əsas olan halın nədən ibarət olmasını qeyd edilməmişdir. O, Suriya vətəndaşıdır. 1997-ci il tarixdən etibarən 23 il qanuni əsaslarla Azərbaycan Respublikasında yaşayır. 21 iyun 2000-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Həmidova (İbrahim) Pərvanə Sabir qızı ilə rəsmi nikaha daxil olmuş və ailə qurmuşdur. 07.12.2002-ci il tarixdə bir övladları - X5 doğulmuşdur. Ümumi birgə mülkiyyətdə əmlakları var. Ailə üzvləri Azərbaycan Respublikasında yaşayır. İddiaçı hesab edir ki, imtina barədə qərar əsassızdır və müvəqqəti yaşamaq üçün onun icazə müddəti cavabdeh tərəfindən uzadılmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianı qəbul etməmişvə bunu onunla əsaslandırmışdır ki, iddiaçı ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı 03.09.2020-ci il tarixdə Xidmətə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 48.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2189/2021 saylı 27.10.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə razılaşmır. Çünki, imtina üçün qanunda nəzərdə tutulan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsində nəzərdə tutulan hallar ona münasibətdə mövcud deyil. Məcəllənin 45.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətində olduqda əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Onun ailəsi Azərbaycan Respublikasında yaşadığı halda o, hansı ölkəyə gedə bilər və nə üçün ailədən ayrılıb getməlidir. Ona qarşı hər cür qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili Ü.Salehzadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi C.Məmmədli isə iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərdi ki, müvəqqəti yaşama müddətinin uzadılmasından imtina Miqrasiya Məcəlləsinin 50.1.1-ci maddəsinədə nəzərdə tutulan əsasdan irəli gəlmişdir. Belə ki, təhlükəsizlik orqanlarından (DTX) daxil olmuş mənfi rəy nəzərə alınmaqla, iddiaçıya imtina qərarı verilmişdir. Məxfi olduğu üçün həmin məlumatı yalnız məhkəmə kollegiyasının üzvlərinə baxış keçirilməsi üçün təqdim etməkdə səlahiyyətlidir (Məxfi sənədi məhkəməyə təqdim edir və məhkəmə kollegiyası tərəfindən ona baxış keçirilir). ΙΙ. Məhkəmə işdə iştirak edən şəxsləri dinəyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin iddia ərizəsindən göründüyü kimi, cavabdehin onun Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılmasından imtina barədə 02 oktyabr 2020-ci il tarixli, ******* saylı qərarı qanunvericiliyin tələblərinə zidd olduğunu mübahisələndirərək hesab edir ki, həmin qərar ləğv edilməlidir. (İPM m.32.1.) Birinci instansiya məhkəmsinin qərarında iddianı rədd edərkən, Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsinin tələblərinə qeyd edərək iş materiallarına əsasən müəyyən etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Suriya Ərəb Respublikasının vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı müraciəti üzrə icraat zamanı şəxsə imtina verilməsi üçün hal mövcud olmuş, cavabdehin imtina qərarı əsaslıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi əsaslara görə iddiaçı, 21 iyun 2000-ci il tarixində Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğunu və birgə nikahdan bir övladları doğulduğunu, ailə üzvülərinin Azərbaycan Respublikasında yaşamasına əsaslanaraq Miqrasiya Məcəlləsinin 45.1-ci maddəsinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır. Lakin Miqrasiya Məcəlləsinin 45.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: «45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda…» Eyni zamanda, həmin Məcəllənin 48.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Məcəllənin qeyd olunan normalarının tələblərindən göründüyüü kimi, əgnəbilərə və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərindədirsə o halda onlara Respublika ərazisində müvəqqəti yaşama icazəsi verilir və həmin icazə müddəti uzadılır ki, Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmasın. Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsi isə nəzərdə tutur ki, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: «50.1.1.Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda …» Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə milli təhlükəsizliyə zərər vurula biləcəyi halda, müvəqqəti yaşama icazəsi nə verilmir, nə də ki uzadılmır. Cavabdehin işə əlavə olunmuş 02.10.2020-ci il tarixli qərarından və onun iddia ərizəsinə etirazından da görünür ki, iddiaçının müvəqqəti yaşamaq icazəsinin uzadılması barədə ərizəsi Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsində nəzərdə tutulan halın mövcud olması əsas gətirilərk iddiaçının ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş iddiaçının şəxsi ininə dair sənədlərə, cümlədən, iş materiallarının 61-ci vərəqində olan rəy sorğuları üzrə Dövlət Təhlükəsizlik Xidmətindən alınmış rəydən görünür ki, iddiaçının müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması məsələsinə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 04.11.2020-ci il tarixdə baxılmış və 24.11.2020-ci il tarixində verilmiş rəydə müvəqqəti yaşa icazəsinin müddətinin uzadılmasına ediraz edilmişdir. Həmin məxfiliyi qanunla qorunan həmin məlumat baxış keçirilməsi üçün məhkəməyə təqdim edilmiş və məhkəmə kollegiyası tərəfindən rəyin həqiqliyi müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinin tələbindən görünür ki, inzibati akt o halda qanunsuz sayılır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş olsun. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi, cavabdehin 02 oktybar 2020-ci il tarixli, ******* saylı qərarı ilə iddiaçının müvəqqəti yaşama müddətinin uzadılmasından imtina olunması və əvvəl verilmiş müvəqqəti yaşama icazəsinin ləğv edilməsi işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin 02 oktybar 2020-ci il tarixli, ******* saylı qərarı ilə iddiaçının müvəqqəti yaşama müddətinin uzadılmasından imtina olunması və əvvəl verilmiş müvəqqəti yaşama icazənin ləğv edilməsi işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olmuşdur. Belə olan halda isə həmin qərarın ləğv edilməsi üçün əsas da mövcud olmur. Başqa sözlə, qanunvericiliyin tələblərinə uyğun qəbul olunmuşdur. İPM-in 70.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir ki, inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanlar baxımından, inzibati icraat zamanı iddiaçı cavabdehdən onun müvəqqəti yaşama icazəsinin uzadlımasını tələb etməkdə haqlı hesab oluna bilməz. İPM-in 70.3-cü maddəsinin tələbindən görünür ki, məhkəmə o halda, inzibati aktın ləğv edilməsi ilə yanaşı, həmin inzibati icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə dair məcburetmə haqqında qərar qəbul edə bilər ki, iddiaçı hər hansı öhdəliyin yerinə yetirilməsini təəb etməkdə haqlı olsun. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2189/2021 saylı 27.10.2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunvvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : İddiaçı X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2189/2021 saylı 27.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Hazırkı Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-907/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-907/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver