Məhkəmə qərarları › İş №2-1(103)-907/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-907/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-907/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti aparatının X6 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən 0,12 ha sahəsi olan 1209 “v” saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın Axundova (Həsənova) Samirə Ağaverdi qızına verilməsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti aparatının X6 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində ayrılmış, faktiki ölçüsü 1174 kv. metr olan 1209 “v” saylı bağ torpaq sahəsinə dair Axundova (Həsənova) Samirə Ağaverdi qızının xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, plan ölçünün tərtib edilməsi və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-256/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti aparatının X6 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində ayrılmış, faktiki ölçüsü 1174 kv. metr olan 1209 “v” saylı bağ torpaq sahəsinə dair iddiaçı X3 xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, plan ölçünün tərtib edilməsi və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı X1 100 (bir yüz) manat məbləğində pulun alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-25/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-256/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1700/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-25/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-25/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli məktubu ilə məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-256/2022 nömrəli qərarı icra olunması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, icraatın təzələnməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-256/2022 nömrəli qərarının ləğv edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxaraq X3 iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim N.Abıyev) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin “yeni açılmış hallarla bağlı” ərizəsi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1430/2018 saylı, 25 iyun 2023-cü il tarixli qərardadından narazı qalan ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və 1 saylı Abşeron Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin mümkün sayılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarəyə daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-256/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icra edilib məlumat verilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-256/2022 nömrəli məktubu ilə bağlı aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, X8 tərəfindən 1209v saylı bağ sahəsi kimi kənardan şərti olaraq göstərilən ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən “İctimai Zona” statusunda olan ərazi daxilində, dövlət mülkiyyətində yerləşir. Göründüyü kimi, yuxarıda qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmamışdır. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək mülkiyyətçilərin borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab eirlər ki, İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, “yeni açılmış hallarla bağlı” ərizənin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız və birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 3) müraciət edən şəxslərin dairəsi. Hazırkı işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ilə əlaqədar mübahisəli məqam yoxdur. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək hüququ olan şəxslərlə bağlıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100- cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2015ci il tarixli T-27-112 saylı arxiv arayışı ilə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 378 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 Nardaran bağlar massivində 205 saylı bağ tikinti kooperativinin nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və İstismar Birliyinin (Nardaran bağlar sahəsindəki 205 saylı kooperativ) 128 saylı orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1209v saylı bağ ayrılmışdır. İş materiallarında olan Sabunçu rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci ildə verilmiş İİİJQ seriyalı 431107 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Axundov X2 ilə X9 xx.xx.1985-ci ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Axundov, arvada Axundova soyadı verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 378 nömrəli xx.xx.1992ci il tarixli sərəncamının idarənin arxivində saxlanılan nüsxəsində X4 adı göstərilmişdir (Nardaran BTK-205). Həmin məktubla 205 nömrəli BTK-ya aid bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən (rəyə yerquruluşu planı da əlavə edilmişdir) görünür ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının X6 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızına ayrılmış sahəsi 0.12 ha olan 1209v saylı bağ sahəsinə dair texniki sənədin (planölçü, ayrıc aktı, sxem, cizgi və s.) təqdim edilməməsi səbəbindən sözügedən bağ sahəsinin naturada yerinin müəyyən edilməsini sənəd üzrə müəyyən etməyin mümkün olmadığı üçün faktiki ölçüləri nə qədər olmasını da üəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür, faktiki ölçüsü 1174 kv. m-dir. Bakı şəhər İcra Hakimiyyəti aparatının X6 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızına ayrılmış sahəsi 0.12 ha olan 1209v saylı bağ sahəsinə dair texniki sənədin (plan-ölçü, ayrıc aktı, sxem, cizgi və s.) təqdim edilməməsi səbəbindən sözügedən bağ sahəsinin naturada yerinin müəyyən edilməsini sənəd üzrə müəyyən etməyin mümkün olmadığı üçün faktiki ölçülərinin Xəzər dənizinin (gölünün) mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) 0- 50 metr mühafizə zolağından kənarda yerləşir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1145 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********41 №li mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti aparatının X6 və istismarı birliyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızına ayrılmış sahəsi 0,12 ha olan 1209 v saylı bağ sahəsinə dair texniki sənədin (plan-ölçü, ayrıc aktı, sxem, cizgi və s.) təqdim edilməməsi səbəbindən sözügedən bağ sahəsinin naturada yerinin sənəd üzrə müəyyən edilməsi mümkün olmamışdır. Lakin iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş və faktiki ölçüsünün 1174 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən, torpaq sahəsinin eni 24,5 metr, uzunluğu 48 metr olmaqla koordinatları aşağıdakı kimi müəyyən edilmişdir: X - 415153.4078, 415184.4498, 415166.4411, 415135.4261; Y - 4493283.6661, 4493247.0547, 4493230.4434, 4493267.0776. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********41 №li mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən, iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yeləşdiyi müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3806 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X6 və istismarı biriyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Nardaran bağlar sahəsində 205 saylı VTK nəzdində X5 ayrılmış faktiki ölçüsü 1174 kv.metr olan 1209 “V” saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi Nardaran bağlar massivinin hüdudları daxilində yerləşməklə, yaşayış məntəqələrinin torpaqların aid olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X - 415153.4078, 415184.4498, 415166.4411, 415135.4261; Y - 4493283.6661, 4493247.0547, 4493230.4434, 4493267.0776. Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********41 №- li mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən, iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X6 və istismarı biriyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Nardaran bağlar sahəsində 205 saylı VTK nəzdində X5 ayrılmış və iddiaçı tərəfindən təqdim olunmuş, faktiki ölçüsü 1174 kv.metr olan torpaq sahəsinin boş torpaq sahəsi olduğunu və faktiki olaraq iddiaçının istifadəsində olduğunu nəzərə alaraq, digər şəxslərə məxsus torpaq sahələri ilə və Xalq çimərliyinə ayrılmış sahə ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az) sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla, dövlət mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazinin səthi (relyefi) qumsallıqdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının iddia etdiyi 1209v saylı bağ sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazidə hasar yoxdur, qumsallıqdır. İddia olunan yerin şimal-şərq istiqaməti dənizdir, cənub-qərb istiqamətindən isə Bilgəh-Kürdəxanı yolu keçir. İddia olunan yerin kənarından kanalizasiya xətti keçir. Mütəxəssis tərəfindən isə bağ sahəsinin yerləşdiyi ərazidə cihazlarla ölçü işləri aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş ərizədən də göründüyü kimi, ərizədə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq heç bir yeni sübutların və ya halların aşkar olunduğu qeyd olunmamış və qanuni qüvvəyə minmiş məhkəmə qərarının qeyd olunan əsaslarla ləğv olunması xahiş edilməmişdir. Belə ki, ərizəçi ərizədə yeni açılmış hal kimi X8 tərəfindən 1209v saylı bağ sahəsi kimi göstərilən ərazinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən “İctimai Zona” statusunda olan ərazi daxilində, dövlət mülkiyyətində yerləşdiyini göstərsə də, qeyd olunan halla bağlı nə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında (xx.xx.2024-cü il tarixədək), nə də ki Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında (xx.xx.2024-cü il tarixədək) işə baxılarkən bununla bağlı heç bir dəlil irəli süməmiş və qeyd olunan halı təsdiqləyəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. İPM-nin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvinə əsas vermir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 100-107, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar