Məhkəmə qərarları › İş №2-1(103)-908/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-908/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-908/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdeh Bakı Şəhəri Cavabdeh nümayəndələri X2 və X1 iştirakı ilə İddiaçı əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4148/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs “xxxx” MMC) məhkəməyə müraciət edərək, cavabdehdən ünvan 1 saylı ünvanda yerləşən dövlət ehtiyacları üçün satınalınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 7.200 manat məbləğdə vəsaitin tutulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, “... iddianın mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının, hazırkı tələbində artıq özgəninkiləşirdiyi əmlakına görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığından, hazırkı iddia mümkün sayılmamalıdır.” Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı MTK üzvü olaraq inşa edilmiş və sökülməyə məruz qalmış əmlakın vəsaitlərini almışdır. Lakin yaşayış binasının digər sahələrinə (ümumi istifadədə və faktiki mülkiyyətdə olmuş, dövlət tərəfindən ayrılmış meydança sahəsi, su anbarı, transformator otağı, binanın dəhliz və digər sahələri) kompensasiya ödənilmədiyi sübuta yetirilir. Mübahisə predmetinə çevrilmiş və iddia tələbində göstərilən sahələrin bundan öncə ödənilmiş kompensasiya məbləğinə heç bir aidiyyəti yoxdur. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə araşdırma aparılmadan iddianın mümkün sayılmaması qərara alınmışdır. Belə ki, iddiaçıya əmlak kompensasiyası olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20%-nin ödənilməsinə və çətinliyə görə kompensasiya məbləğlərinin ödənilməsinə dair məlumat mövcud deyildir. İddia tələbinin dəlillərini təkzib edən heç bir sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia tələbi ödənilməyən hissələrin ödənilməsinə yönəldilən hüquqi addımlardan ibarətdir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verildiyi halda mümkündür. Lakin məhkəmə tərəfindən iddia tələbində göstərilmiş dəlillər araşdırılmadan əsassız qərar qəbul edilən zaman iddiaçının mülkiyyət, ədalətli kompensasiya almaq, ədalətli mühakimə olunmaq hüquqları pozulmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi iddiasının mümkün sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Bu qəbildən işlər üzrə iddia tələbinin əsaslı sayılması üçün isə sadalanan dörd şərtə əlavə olaraq, beşinci şərt də yerinə yetirilməli, yəni maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın vəzifənin pozması nəticəsində pisləşmiş olmalı idi (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin, inzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair hazırkı iddianın mümkün sayılması üçün hüququ pozulan (maraqlı) şəxsin bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olması şərtinə iş üzrə əməl olunmur. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli notarial qaydada bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehdən 36.000 manat məbləğdə kompensasiya almaqla öz daşınmaz əmlakından sonuncunun xeyrinə imtina etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, hazırkı tələbində artıq özgəninkiləşirdiyi əmlaka görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyü, müqavilə ilə tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, bununla da iddiaçının cavabdehə qarşı sözügedən əmlakla bağlı hər hansı kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı nəzərə alınaraq, iddia mümkün sayılmamalıdır. Digər tərəfdən, iddiaçı cavabdehlə aralarında bağladığı müqavilənin qanuniliyini mübahisə etmir. Bu da o deməkdir ki, həmin müqavilə qüvvədə olduğu müddətdə iddiaçı cavabdehin mübahisəli əmlakla bağlı hərəkətlərindən irəli gələn nəticələri yenidən mübahisə edə və bu əsasla iddia mümkün sayıla bilməz. Müqavilə ilə iddiaçı ona məxsus qeyri-yaşayış sahəsi üzərində bütün əmlak hüquqlarından cavabdehin xeyrinə əvəzli olaraq imtina etdiyindən və müqavilədə heç bir istisna qeydi olmadığından, bu imtina onun yaşayış binasının ümumi istifadədə digər sahələri üzərində olan hüquqlarını da əhatə edir. Bütün bunlar isə ümumilikdə o deməkdir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddianı qaldıra bilmək üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin qərarda izah edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4148/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar