Məhkəmə qərarları › İş №2-1(103)-908/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-908/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-908/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: cizgi sxemin tərtib edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cizgi sxemin tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2- 1(112)-3256/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1200 m2 torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lenin Rayon XDS İK-nin (indiki Sabunçu RİH) xx.xx.1990-cı il tarixli, 20/31 saylı qərarına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, sahə 110 ünvanında fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir və mişar daşı ilə hasarlanmışdır. Lenin Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 20/31 saylı qərarında onun adı "Əkbər" kimi qeyd edildiyindən, Sabunçu RİH-nin xx.xx.2023-cü il tarixli, 238 № li Sərəncamına əsasən düzəliş edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 21 fevral 2023-cü il tarixli, 3-48-2F/2- P01149/2023 saylı arxiv arayışında da Lenin Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 20/31 saylı qərarının İddiaçı adına olması, lakin qərara cizgi və aktın əlavə edilməməsi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə o, torpaq sahəsinə cizgi sxeminin çəkilməsi və təsdiq edilərək ona təqdim olunması üçün cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin cavabdeh sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsini məqsədəuyğun saymadığı üçün imtina etmişdir. Cavabdeh, iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin hallarını nəzərə almamış, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

3. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya 1200 kv.m torpaq sahəsi ayrılarkən torpaq sahəsini ayıran qurum tərəfindən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi barədə Cavabdehndə məlumat yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və koordinatlar olmadığından imtina əsaslı olmuşdur. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin həqiqətən onun iddia etdiyi yerdə yerləşməsi barədə heç bir sübut yoxdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir.

4. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3256/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Cavabdeh (əvvəlki Lenin rayon X2 İcraiyyə Komitəsi) xx.xx.1990-cı il tarixli, 20/31 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış ünvan 1 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı yazılı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Lenin rayon XDS İK-nin 20/31 saylı xx.xx.1990-cı il tarixli qərarından görünür ki, X1 Maştağa qəsəbəsi, Xanlar küçəsi, 110 nömrəli sahə ünvanında fərdi yaşayış sahəsinin tikintisi üçün 1200 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır.

10. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 238 nömrəli sərəncamından görünür ki, Lenin (indiki Sabunçu) rayon XDS İK-nin 20/31 saylı xx.xx.1990-cı il tarixli qərarında düzəliş edilərək oxunuşunun “İddiaçı” kimi qəbul edilməsi qərara alınmışdır.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********08 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi keçmiş Maştağa Tərəvəzçilik- Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

14. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. 15.İddiaçı hazırda cavabdeh tərəfindən ona ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir. Cavabdeh isə məlumat olmamasına istinad edərək iddiaçının ərizəsini təmin etməkdən imtina edir.

16. Məhkəmə qeyd edir ki, mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. 17.İşdən görünür ki, cavabdeh tərəfindən 1990-cı ildə iddiaçıya fərdi yaşayış sahəsinin tikintisi üçün 1200 kv.metr torpaq sahəsi ayrılmış, mərzlənməklə iddiaçıya təqim edilmişdir. Həmin sahə hazırda iddiaçının istifadəsində olsa da, onun yerləşmə cizgisi tərtib edilməmişdir. 18.İddiaçı hazırda həmin cizginin, yaxud artıq tərtib edilmiş cizginin “dublikat”ının verilməsini xahiş edir. 19.Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nın (surətinin) təqdim edilməsi vəzifəsi daşımışdır, deməli, iddiaçı hazırkı tələbində haqlıdır. Həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması isə onu bu vəzifəsinin icrasından azad etmir.

20. İddiaya etirazdan görünür ki, cavabdeh yerləşmə sxeminin torpaq sahəsi ayrılarkən, torpaq sahəsini ayıran qurum tərəfindən verilməli olduğunu qəbul etmiş, lakin bu zaman torpaq ayıran qurumun özü olmasını nəzərə almamışdır. Bundan əlavə, cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinin həqiqətən onun iddia etdiyi yerdə yerləşməsi barədə heç bir sübut olmadığını bildirmişdir. Halbuki torpaq sahəsini ayıran qurum kimi, həmin ərazinin yerinin müəyyən edilməsi onun səlahiyyətindədir və əgər iddiaçının göstərdiyi torpaq sahəsinin onun tərəfindən ayrılmış torpaq olmadığını iddia edirsə, bu halı sübut etmək də onun üzərinə düşür. 21.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 23.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 24.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3256/2024 saylı saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar